Ermənistanın yeni konstitusiya layihəsinin yaxın günlərdə ictimaiyyətə təqdim edilməsi ehtimalı kifayət qədər yüksəkdir. Bu artıq yalnız mediada yayılan məlumat deyil, Ermənistan rəsmilərinin də açıqlamaları ilə müəyyən mənada təsdiqini tapır. Belə ki, noyabrın 2-də Ermənistan baş naziri Nikol Paşinyan konstitusiya layihəsinin məhz noyabr ayında dərc olunacağını bildirmişdi. Ədliyyə naziri Srbuhi Qalyan sənədin 95 faizdən çoxunun konstitusiya islahatları şurasında müzakirə edildiyini açıqlamışdı. Nazir layihənin noyabr ayının ortalarında təqdim olunmasını istisna etməmişdi. Bu baxımdan sənədin gələcək həftədə təqdimatı real ehtimal kimi qiymətləndirilə bilər. Ancaq hələlik konkret gün rəsmi elan edilməyib və müəyyən gecikmələr də istisna olunmur.
Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin aparıcı məsləhətçisi Fuad ABDULLAYEV qəzetimizə açıqlamasında dedi ki, burada ən mühüm siyasi məsələ Müstəqillik Bəyannaməsinə istinadın yeni konstitusiyadan çıxarılmasıdır: “Paşinyan hələ mart ayında, daha sonra avqustun 24-də açıq şəkildə bəyan etmişdi ki, yeni konstitusiyada 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır. O bunu Qarabağ hərəkatının başa çatdırılması və Ermənistanın münaqişə məntiqindən uzaqlaşması zərurəti ilə əsaslandırmışdı. Bu baxımdan gözlənti ondan ibarətdir ki, təqdim olunacaq layihənin preambulasında Müstəqillik Bəyannaməsinə istinad yer almayacaq. Bununla belə həmin müddəanın sənəddən çıxarıldığını yalnız layihənin rəsmi mətni dərc edildikdən sonra qəti şəkildə təsdiqləmək mümkün olacaq”.
Siyasi şərhçi bildirdi ki, Azərbaycan üçün bu məsələ prinsipial əhəmiyyət daşıyır. Çünki Ermənistanın mövcud konstitusiyasının preambulasında istinad edilən Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları yer alır. Lakin nəzərə almaq lazımdır ki, layihənin dərc olunması hələ konstitusiyanın dəyişdirilməsi demək deyil. Ermənistanda bununla bağlı kifayət qədər mürəkkəb daxili siyasi və hüquqi proses müşahidə olunur. “Layihə əvvəlcə geniş ictimai müzakirəyə çıxarılacaq, daha sonra hökumətdə təsdiqlənərək parlamentə təqdim ediləcək. Ermənistanın ədliyyə naziri də bildirmişdi ki, bu müzakirələrin 2026-cı ilin sonuna qədər yekunlaşması real görünmür. Digər mühüm problem parlamentdə lazımi səs çoxluğunun təmin olunmasıdır”, – deyə o əlavə etdi.
F.Abdullayev vurğuladı ki, Ermənistanın mövcud konstitusiyasına əsasən yeni konstitusiyanı referenduma çıxarmaq üçün deputatların üçdə ikisinin dəstəyi tələb olunur. Hakim partiyanın isə hazırda bunun üçün əlavə altı səsə ehtiyacı var. Üstəlik, Ermənistanın 13 müxalifət qüvvəsi konstitusiya dəyişikliklərinə qarşı birgə mövqe nümayiş etdirib. Müxalifət bu prosesi Azərbaycanın tələbləri ilə əlaqələndirir və Paşinyana qarşı siyasi mübarizə vasitəsinə çevirməyə çalışır. Müxalifət artıq ictimaiyyət arasında bu istiqamətdə fəal təbliğat işi də aparır.
Ekspertin fikrincə, Paşinyan hökuməti yeni konstitusiya layihəsini təqdim etməklə iki məqsəd güdür: “Birincisi, Azərbaycanla sülh sazişi qarşısında duran əsas maneələrdən birinin aradan qaldırılması istiqamətində siyasi iradəsini nümayiş etdirməkdir. İkincisi isə bu məsələni Ermənistan daxilində sülhün davam etdirilməsi ilə münaqişə siyasətinə qayıdış arasında seçim kimi təqdim etməkdir. Noyabr ayında, böyük ehtimalla isə gələn həftə layihə təqdim olunacaq. Lakin bundan sonrakı mərhələ daha mürəkkəb olacaq. Əsas məsələ Müstəqillik Bəyannaməsinə istinadın layihədən çıxarılması deyil, həmin dəyişikliyin hüquqi qüvvə qazanmasıdır. Azərbaycan üçün də əsas nəticə məhz bu olacaq. Çünki sülh prosesində həlledici əhəmiyyət daşıyan məsələ siyasi vədlərdən daha çox ərazi iddialarına hüquqi əsas yaradan müddəaların Ermənistanın konstitusion sistemindən çıxarılmasıdır”.
Əsmər QARDAŞXANOVA,
“Azərbaycan”