Bu gün Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində “Sosial müdafiə, qayğı xidmətləri və qadınların səlahiyyətləndirilməsi vasitəsilə ədalətli keçidin təmin edilməsi” mövzusunda beynəlxalq tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi, BMT-nin Qadınlar Agentliyi (UN Women), BMT-nin Ətraf Mühit Proqramı (UNEP) və BMT-nin Rezident-Əlaqələndiricisinin Ofisinin tərəfdaşlığı ilə keçirilən tədbirdə Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxış edib.
Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaşın moderatorluğu ilə keçirilən birinci paneldə Bahar Muradova ilə yanaşı, Misir Qadınlar üzrə Milli Şurasının prezidenti Amal Ammar, Serbiyanın gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi məsələləri üzrə portfelsiz naziri Tatjana Macura, eləcə də Somalinin ailə və insan hüquqlarının inkişafı naziri Khadija Mohamed Al-Makhzoumi iştirak ediblər.
Çıxışında tədbirin təşkilatçılarına və tərəfdaşlara təşəkkürünü bildirən Bahar Muradova iqlim dəyişikliyi ilə mübarizədə ədalətli keçid anlayışının yalnız texnoloji və iqtisadi dəyişikliklərlə məhdudlaşmadığını, bu prosesdə insan, ailə və qayğı iqtisadiyyatının da xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
Komitə sədri bildirib ki, iqlim dəyişikliyinin və yaşıl keçidin təsirləri cəmiyyətin bütün qruplarına eyni şəkildə təsir göstərmir. Xüsusilə qadınların və uşaqların sosial-iqtisadi baxımdan daha həssas vəziyyətə düşməməsi üçün güclü sosial müdafiə mexanizmlərinin, əlçatan qayğı xidmətlərinin və qadınların qərarların qəbulunda fəal iştirakının təmin edilməsi vacibdir.
B.Muradova Azərbaycanın COP29-a sədrliyi dövründə əldə olunan nəticələrə toxunaraq, iqlim maliyyələşdirilməsi üzrə yeni kollektiv hədəfin qəbul edilməsini, eləcə də gender bərabərliyi, insan kapitalı, qadınların və gənclərin iqlim fəaliyyətində iştirakının prioritet istiqamətlər kimi müəyyənləşdirilməsini diqqətə çatdırıb. O, gender amilini nəzərə alan maliyyələşdirmə və etibarlı məlumat bazasının iqlim hədəflərinə nail olunmasında mühüm rol oynadığını vurğulayıb.
Çıxışda Azərbaycanın milli inkişaf prioritetləri çərçivəsində həyata keçirilən tədbirlər barədə də məlumat verilib.
Komitə sədri yaşıl iqtisadiyyata keçidin qadınların iqtisadi imkanlarının genişləndirilməsi və ailə institutunun dayanıqlığının möhkəmləndirilməsi baxımından yeni imkanlar yaratdığını bildirib. Bu istiqamətdə qadınların yaşıl sahibkarlığa və dayanıqlı kənd təsərrüfatına cəlb edilməsi, mikrosahibkarlıq fəaliyyətinə dəstək göstərilməsi, eləcə də işğaldan azad edilmiş ərazilərdə “Yaşıl enerji zonası”, “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrinin həyata keçirilməsi xüsusi qeyd olunub. B.Muradova, həmçinin qayğı iqtisadiyyatının və sosial müdafiə sistemlərinin təkmilləşdirilməsinin, gənc qızların elm, texnologiya, mühəndislik və riyaziyyat (STEM), bərpaolunan enerji və innovasiya sahələrinə cəlb edilməsinin əhəmiyyətini vurğulayıb.
Türkiyənin sosial dayanıqlıq, ailələrin gücləndirilməsi və yaşıl keçid sahəsində təcrübəsinə toxunan komitə sədri Azərbaycan və Türkiyə arasında bu istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirib. O, gender statistikası və monitorinq alətlərinin birgə təkmilləşdirilməsini, qayğı xidmətlərinin yaşıl və sosial infrastrukturun mühüm tərkib hissəsi kimi qəbul edilməsini, eləcə də qadınların rəhbərlik etdiyi yaşıl təşəbbüslər və kənd kooperativləri üzrə regional əməkdaşlıq şəbəkələrinin genişləndirilməsini təklif edib. B.Muradova çıxışının sonunda qeyd edib ki, iqlim dəyişikliyi ilə mübarizədə uğur yalnız texnoloji yeniliklərdən deyil, həm də ədalət və bərabərlik prinsiplərinə əsaslanan cəmiyyətin qurulmasından asılıdır. Qadınların imkanlarının genişləndirildiyi, ailələrin qorunduğu və qayğı əməyinə dəyər verildiyi şəraitdə yaşıl keçid daha dayanıqlı və uzunmüddətli xarakter ala bilər.
Tədbirdə qlobal iqlim keçidinin iqtisadiyyatlara, əmək bazarlarına və insanların yaşayış imkanlarına təsiri, bu prosesdə qadınların və ailələrin üzləşdiyi sosial-iqtisadi risklər, eləcə də sosial müdafiə və qayğı xidmətlərinin əhəmiyyəti müzakirə olunub.