Abdulla Şaiqin "Tülkü həccə gedir" adlı təmsilini yəqin ki, Azərbaycanda bilməyən tapılmaz.
Hətta onun əsasında maraqlı bir cizgi filmi də çəkilib.
...Tülkü əlinə təsbeh götürüb avam toyuq-cücəni başına yığaraq onları inandırır ki, bəd əməllərindən tövbə edib, indi isə həccə gedir...
Sonrası hamıya məlumdur.
Ermənistanın tülkü xisləti də bizə yaxşı bəllidir.
Çünki özünü dünyaya "məzlum", "zavallı", "soyqırımına məruz qalmış millət" kimi təqdim edən hayların bizə qarşı hansı vəhşilikləri, soyqırımlarını törətdiklərinin canlı şahidləriyik.
Otuzillik işğal dövründə torpaqlarımızda hansı vandallıqlar törətdiklərini isə sübutlarla bütün dünyaya əyani şəkildə nümayiş etdirdik.
Ola bilər ki, BMT-nin rəhbərləri nə bu təmsili oxuyublar, nə də onun cizgi filmi variantını görüblər.
Amma ermənilərin Qarabağda törətdikləri murdar əməllərdən yaxşı xəbərdardırlar.
Bəs belə olan halda 19-30 oktyabr tarixlərində Bioloji Müxtəliflik üzrə Konvensiyanın COP17 toplantısının Ermənistanda keçirilməsi barədə qərar nə deməkdir?!
* Ermənilərin təbiət düşməni olduqlarından xəbərsizlik?
* Belə bir tədbiri keçirə biləcək başqa ölkənin olmaması?
* Yoxsa ermənipərəstlik, onun etdiklərinə açıq-aşkar göz yumulması?
Bütün hallarda Ermənistana belə bir "etimad"ın göstərilməsi yanlışlıq, üzgörənlik, ədalətsizlikdir!
Üstəlik, belə qərarı verən qurumun gözdən salınmasına xidmət edəcək addımdır!
Özləri bilsinlər.
Bizə gələndə isə beynəlxalq səviyyəli ədalətsizlikləri o qədər görmüşük ki, daha belə qərarların qəbuluna təəccüblənmirik...
Bu da onlardan biri olsun!
* Bunu bilməyən yoxdur ki, dünya erməniliyinin əli hər yana "çatır", maliyyəsindən çoxları bəhrələnir.
* Bir neçə il öncə ABŞ Senatının Xarici əlaqələr komitəsinin keçmiş sədri Menendes və onun erməniəsilli arvadı erməni rüşvətinin güdazına gedərək məhkum olundular.
* Avropa Parlamentində erməni pulları ilə uzun illər boyu Azərbaycan əleyhinə yalan və saxta məlumatlar əsasında qərəzli qərar və qətnamələrin qəbul edilməsi də kimsəyə sirr deyil.
* Fransa Prezidenti E.Makronun hayları fransızlardan çox istəməsi və erməni maraqlarını fransız maraqlarından daim üstün tutması da bəlli məsələdir.
* Rusiya Dövlət Dumasının ermənipərəst deputatları Sergey Mironovun və Konstantin Zatulinin qərəzli mövqelərinə və Azərbaycan sərhədlərini qanunsuz keçərək daim erməni maraqlarını əsassız müdafiə etdiklərinə görə ölkəmizə girişlərini qadağan etmişik.
O da bəllidir ki, sonda ermənilərin senator, konqresmen, deputat və parlamentarilərə xərclədikləri pulun heç bir faydası olmadı:
Azərbaycan 44 gündə "dəmir yumruq"la bütün ədalətsizliklərə və korrupsiya yolu ilə nail olunmuş "uğurlar"a son qoydu!
Amma Məşədi İbad demiş: adətkərdəlik də bir şey deyil!
Son nəticədə bütün dünya şahid oldu ki, hamını ələ alan dünya erməniliyi Azərbaycan qarşısında aciz duruma düşdü, özgələrə qoyduğu mayasını da batırdı.
Əlbəttə, biz Ermənistanın paxıllığını çəkmirik.
Azərbaycan öz imkanları hesabına:
* I Avropa Oyunlarını yüksək səviyyədə keçirib;
* IV İslam Həmrəyliyi Oyunlarını bacarıqla təşkil edib;
* Saysız-hesabsız beynəlxalq tədbirlərə, idman oyunlarına evsahibliyi edib;
* Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatına rəhbərliyi, orada gördüyü işlər, atdığı addımlar ilə dillər əzbərinə çevrilib.
Yenə də Məşədi İbaddan bir iqtibas:
"Adə, bu gəlini gətirəndə bir baxmazlar ki, bu kişidir, yoxsa arvad?"
Görəsən, Ermənistana tədbir salanda onun otuzillik işğal dövründə Azərbaycan təbiətinə vurduğu ağır zərbələrə, törətdiyi vandallıqlara niyə göz yumurlar?!
Ermənistanın ekoloji cinayətlərini bir daha xatırladırıq:
* Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında işğal dövründə ümumilikdə 60 min hektar sıx meşə ərazisi məhv edilib.
* Bunun 54 min hektardan artıq hissəsi sıx meşə sahələrinin, 6 min hektaradək hissəsi isə xüsusi mühafizə olunan təbiət ərazilərindəki meşə örtüyünün payına düşür.
* İşğal zamanı meşə fonduna aid olmayan yaşayış məntəqələrinin ərazilərində, avtomobil yolları və su mühafizə zolaqlarında və digər torpaq sahələrində ümumilikdə 1 milyonadək müxtəlifcinsli ağac və kollar məhv edilib.
* İşğaladək olan dövrdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 152 ədəd təbiət abidəsi statuslu qədim ağac qeydiyyata alınmışdır. Ərazilər işğaldan azad edildikdən sonra aparılmış monitorinqlər zamanı erməni işğalı dövründə 140-dək bu cür ağacın məhv edildiyi müəyyənləşdirilib.
* Zəngilan rayonu ərazisində isə təbiət abidəsi statuslu "Araz palıdı" qiymətli meşə sahəsinin 300 hektarı məhv edilib.
* İşğaldan azad edilmiş ərazilərdə işğal dövrünədək 6 xüsusi mühafizə olunan təbiət ərazisi fəaliyyət göstərib. Bu ərazilərə Bəsitçay və Qaragöl Dövlət Təbiət qoruqları, eləcə də Daşaltı, Laçın, Qubadlı və Arazboyu Dövlət Təbiət yasaqlıqları aiddir. Bəsitçay Dövlət Təbiət Qoruğu, eləcə də Laçın, Qubadlı, Daşaltı və Arazboyu Dövlət Təbiət yasaqlıqlarının ümümi sahəsi 42,757 hektardır ki, bu qorunan ərazilərdə əsasən Şərq çinarı, yunan qozu, ağyarpaq qovaq, yulğun, söyüd, saqqızağacı, çinar, qarağac, iydə, biyan, vələs, cökə, ağcaqayın və palıd cinsli ağaclar üstünlük təşkil edirdi. Peyk təsvirlərinə əsasən, adıçəkilən qoruq və yasaqlıqların sıx meşə örtüyünün işğal dövründə 6 min hektaradək hissəsinin məhv edildiyi aydın olub.
* Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında işğaladək qeydiyyata alınmış 160-dan artıq mineral xammal yatağının azı 50-sində istismar işləri aparılıb. Eyni zamanda bütün yeraltı su ehtiyatlarından (şirin, mineral, termal) qanunsuz istifadə olunub.
Bütün bunlardan sonra Ermənistana təbiətə, ətraf mühitə qayğı ilə bağlı beynəlxalq tədbirin keçirilməsini etibar edərdilərmi?
Edərlərsə səbəbi nədir?!
***
Sonda daha bir "şübhə"mizi dilə gətirmək istəyirik.
Otuz ildə beynəlxalq qurum və təşkilatlar işğala məruz qalanla işğalçını, başqa sözlə, Azərbaycanla Ermənistanı bərabərləşdirməyə çalışdılar.
Görünür, ermənipərəstlərin bu xəstəliyi hələ də davam edir!
Amma "dəmir yumruğ"u ilə 44 gündə düşmənini qarşısında diz çökdürən, ona kapitulyasiya aktını imzalatdıran Azərbaycanı Ermənistana tay tutmaq mümkün olan məsələ deyil!
Azərbaycan orta güc dövlətidir, Cənubi Qafqazda əsas söz sahibidir, beynəlxalq transmilli layihələrin icraçısıdır.
Ermənistan isə ərazisində özgə dövlətin hərbi bazası yerləşən vassal, qapazaltı ölkədir.
Azərbaycan COP29-u ən yüksək səviyyədə keçirdi!
Elə bilirsiniz Ermənistan da COP17-ni düz-əməlli keçirə biləcək?
Ay-hay!
Bəxtiyar Toğrul