Xatirə Fərəclinin yaradıcılığında bunlar yanaşı dayanır
Bəzən bir şair ömrün görünməyən ağrılarını sözə çevirir, bəzən də bir misra insana təsəvvür edə bilmədiyi duyğuları yaşadır. Şeir qəlbin sükutunu danışdıranda söz insanın mənəvi dünyasına açılan qapıya dönür. Xatirə Fərəclinin poeziyası da məhz belə bir qapıdır - arxasında sevinc və kədərin, məhəbbət və ayrılığın, həyat faniliyi və insan ruhunun əbədiyyət axtarışının yaşadığı bir dünya var.
Azərbaycan poeziyasının özünəməxsus zərif duyumuna və fəlsəfi düşüncə tərzinə malik nümayəndələrindən biri Xatirə Fərəcli (Fərəcova Xatirə Nəcəf qızı) Yardımlıda dünyaya göz açıb. Orta təhsilini doğma rayonunda alıb. Dağıstan Dövlət Pedaqoji Universitetinin Filologiya, Sumqayıt Tibb Texnikumunun Əczaçılıq fakültələrində təhsil alıb, Əli Kərim adına Sumqayıt Poeziya klubunun üzvü olub. Bu fərqli təhsil istiqamətləri Xatirənin dünyagörüşünün formalaşmasında, insana və həyata müxtəlif tərəflərdən yanaşmasında müəyyən izlər buraxıb. Şair, publisist və tərcüməçi kimi tanınan Xatirə Fərəcli 2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Onun yaradıcılığı yalnız şeir yazmaqla məhdudlaşmır, ədəbiyyatın təbliği, mədəni əlaqələrin genişləndirilməsi, qadınların maarifləndirilməsi və milli-mənəvi dəyərlərin qorunması da fəaliyyətinin mühüm istiqamətlərindəndir.
Xatirə Fərəclini fərqləndirən cəhətlərdən biri onun həyatın adi görünən hadisələrində belə dərin məna axtarmasıdır. Şeirlərində insanın özü ilə söhbəti, zaman qarşısında acizliyi, xatirələrin yükü, sevginin iztirabı və ömrün keçiciliyi bir-birinə qovuşur. Şair üçün həyat yalnız yaşanan günlərin ardıcıllığı deyil, həm də insanın daxilində davam edən mənəvi mübarizədir. "Həyat sevgisi də boş" şeiri bu baxımdan düşündürücüdür:
Həyat elə özü də
Sevinc donlu möhnətdir,
Ömür adlı bu nəsnə
Bapbalaca möhlətdir.
Bu misralarda həyatın ziddiyyətli mahiyyəti üzə çıxır. Sevincin içində gizlənən kədər, ümidin yanında dayanan məyusluq və ömrün qısalığı şairin düşüncə süzgəcindən keçir. Burada məqsəd həyata arxa çevirmək deyil, onun mürəkkəbliyini duymaq, insan taleyinin kövrəkliyini anlamaqdır.
Xatirə Fərəclinin fəlsəfi şeirlərində oxucu hazır cavablardan daha çox daxilində cavab axtarmağa sövq edən suallarla qarşılaşır. "İçində" şeirində isə mənəvi tənhalıq, itirilmiş inam və insanın qəlbində yığılıb qalan nisgil ifadə olunur:
Günlərim bombozdur duman içində.
Ürəyin deyəni dilin demədi,
Mən səni itirdim yalan içində.
Şairin poetik dünyasında duman təkcə təbiət mənzərəsi deyil, həm də insanın qarşısındakını görməsinə mane olan mənəvi qarışıqlığın rəmzidir. Deyilməmiş sözlər, gecikmiş etiraflar və puça çıxmış gümanlar insan taleyinin ağrılı səhifələrinə çevrilir. Bu səmimi ifadə tərzi oxucunun şəxsi yaşantıları ilə şeirin duyğuları arasında körpü yaradır.
Xatirə Fərəclinin lirikasında məhəbbət iki insanın bir-birinə bağlılığı deyil, həm də xatirələrin qoruduğu mənəvi dünyadır. "O görüş bambaşqa" şeirində sevginin yaddaşda yaşatdığı gözəllik təbiətin rəngləri, qoxuları və işığı ilə canlandırılır:
Biz bir qala qurduq bir eşqə o gün,
Xatirəsi gözəl, xəyalı gözəl,
Çiyələk qoxulu,
Çiçək qoxulu...
Buradakı "qala" obrazı sevginin qorunub saxlanılan dünyasını xatırladır. Şeh, yağış, bulud və günəş də sanki iki insanın yaşadığı duyğulara şərik olur. Şair keçmişə qayıtmağın mümkünsüzlüyünü gözəlliyi unutmaqla deyil, xatirədə yaşatmaqla aradan qaldırır. "Ağ çiçək" şeirində isə saflıq və mənəvi təmizlənmə arzusu diqqəti cəlb edir. Şairə görə ağ çiçək paklığın, yenilənmənin və ruhun yüngülləşməsi istəyinin poetik rəmzidir. Müəllifin duyğularında kövrəkliklə yanaşı, başqa cür yaşamaq, həyata daha təmiz niyyətlə qayıtmaq arzusu da var. Onun lirik qəhrəmanı ağrıdan qaçmaqdan çox həmin ağrının içindən mənəvi saflığa doğru yol axtarır.
Xatirə Fərəclinin poeziyasında fərdi duyğularla yanaşı, milli yaddaş və vətəndaşlıq mövqeyi də mühüm yer tutur. "Ay Türk oğlu" şeiri Şamaxı yaxınlığındakı tənha türk məzarına həsr olunub, əsərdə məzar qarşısında dayanmış insanın düşüncələri bir xalqın taleyi qəhrəmanlıq və mənsubiyyət duyğusu ilə birləşir.
Şairin yaradıcılığında diqqətəlayiq istiqamətlərdən biri də multikulturalizm mövzusudur. O, Azərbaycan Yazıçılar Birliyində multikultural məsələlər üzrə məsul şəxs kimi bu sahənin ədəbi və ictimai müstəvidə təbliğinə töhfə verir. Müəllifi olduğu "Multikulturalizm: nəzəriyyə, beynəlxalq təcrübə və Azərbaycan modeli" adlı elmi monoqrafiya Azərbaycan və ingilis dillərində nəşr olunub. Kitabın mövzusu müxtəlif mədəniyyətlərin qarşılıqlı münasibətlərini, beynəlxalq təcrübəni və Azərbaycan modelini araşdırmaq baxımından əhəmiyyət daşıyır. Əsər Xatirə Fərəclinin fəaliyyətində poetik duyğudan elmi təhlilə doğru uzanan bir xətti nümayiş etdirir. Şairin qəlbi insanın daxili aləmini sözlə ifadə edirsə, tədqiqatçı mövqeyi cəmiyyətdə fərqli mədəniyyətlərin anlaşılması və birgəyaşayış məsələlərinə diqqət yönəldir.
Xatirə Fərəclinin "Sənin səadətin mənəm", "Ağ çiçək", "Zimniye derev"ya və "Pain and joy of my soul" adlı kitabları nəşr olunub. Şeirləri və məqalələri Azərbaycanla yanaşı, Türkiyə, Almaniya, İran, Rusiya, Gürcüstan, Özbəkistan və digər ölkələrin mətbuatında dərc edilib. Əsərləri rus, özbək, türk və fars dillərinə tərcümə olunub. Özü də rus və türk dillərindən tərcümələr edir.
O, "Zərif" qadın ədəbi məclisinin sədri, "Mədəni İnkişafın Təbliği" İctimai Birliyinin rəhbəri və mitmedia.az saytının təsisçisidir. "Bölgələrdə ədəbiyyat", "Sözümüzü tanıdaq", "Dünyada biz" və digər layihələri ədəbiyyatın geniş oxucu auditoriyasına çatdırılmasına xidmət edir. Prezident mükafatçısı Xatirə Fərəclinin beynəlxalq müsabiqələrdə uğurları da az deyil.
Beləcə, şairin yaradıcılığını səciyyələndirən əsas cəhət fərdi hisslərlə ictimai məsuliyyətin yanaşı dayanmasıdır. Bir tərəfdə sevginin kövrəkliyi və ömrün faniliyi, digər tərəfdə vətənə bağlılıq, mədəniyyətə xidmət və müxtəlif xalqlar arasında anlaşma arzusu var. Bəlkə də şair olmağın ən böyük mənası elə budur - yaşananları sözə çevirmək, unudulanı xatırlatmaq, susan duyğulara səs vermək. Xatirə Fərəcli də poeziyası və çoxşaxəli fəaliyyəti ilə sözün bu məsuliyyətini daşımağa çalışır. Çünki həqiqi şeir oxunub bitəndən sonra da insanın daxilində yaşayır - bir xatirə, bir sual, bir nisgil, bəzən də yenidən başlamaq ümidi kimi.
Elşən QƏNİYEV,
"Azərbaycan"