İki türk dövləti regional sabitliyə və tərəqqiyə xidmət edən tarixi addım atdı
Qlobal dəyişikliklər fonunda türk dünyasının birliyi istiqamətində yeni və misilsiz dinamika qazanılması diqqət çəkir. Bu tarixi prosesdə xüsusi yer tutan iki köklü dövlət - Azərbaycan və Qırğızıstan öz aralarındakı dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərini ən uca pilləyə daşıyır. İyulun sonunda Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfəri, Çolpon-Ata şəhərində keçirilən Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası, eləcə də baş tutan yüksəksəviyyəli görüşlər ikitərəfli əlaqələr salnaməsində keyfiyyətcə yeni bir eranın başlanğıcı oldu. İki ölkə arasında illərdir formalaşan qarşılıqlı etimad, siyasi iradə və mənəvi yaxınlıq bu zirvə görüşündə rəsmi olaraq müttəfiqlik səviyyəsinə yüksəldildi. İki qardaş xalqın gələcəyinə işıq salan bu dönüş nöqtəsinin təkcə diplomatik protokol deyil, eyni zamanda böyük bir coğrafiyada sabitliyin və tərəqqinin yeni dayaq sütunu olacağı da şübhə doğurmur.
Qarşılıqlı fəaliyyətin ən yüksək səviyyəsi
İyulun 31-də Çolpon-Atada baş tutan görüşlərin hər bir məqamı həm diplomatik, həm də mənəvi baxımdan dərin mənalarla zəngin idi. Dövlətlərarası Şuranın iclasında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev atılan bu tarixi addımın strateji mahiyyətini belə ifadə etdi:
"... münasibətlərimizi müttəfiqlik səviyyəsinə yüksəldirik. Bu, qarşılıqlı fəaliyyətin ən yüksək səviyyəsidir. Bu, həm münasibətlərimizin xarakterini, həm də ruhunu əks etdirir".
Mətbuata bəyanatında dövlətimizin başçısı müttəfiqlik münasibətlərinin üzərlərinə böyük məsuliyyət qoyduğunu və hər iki ölkənin bu məsuliyyətə hazır olduğunu xüsusi vurğuladı. Azərbaycan və Qırğızıstan beynəlxalq platformalardan tutmuş iqtisadi-ticari əlaqələrə və təhlükəsizlik məsələlərinədək bütün sahələrdə bir-birinə çiyin vermək əzmindədir.
Öz növbəsində Sadır Japarov bəyanatında vurğuladı ki, Qırğızıstan ilə Azərbaycan bir-birini daim dəstəkləyir və qarşılıqlı maraq doğuran məsələlər üzrə mövqelərini uğurla əlaqələndirir: "Məmnunluqla qeyd edirəm ki, Qırğızıstanla Azərbaycan arasında siyasi dialoq bu gün ən yüksək səviyyədədir. Müntəzəm təmaslar və qarşılıqlı etimad bu gün qurulan müttəfiqlik münasibətləri üçün möhkəm zəmin yaradır".
Bu bəyanatlar iki ölkənin artıq, sadəcə, xoşməramlı tərəfdaş deyil, çətinlikdə və uğurda bir-birinə arxalanan həqiqi müttəfiqlər olduğunu bütün dünyaya nümayiş etdirdi.
Çolpon-Atada qardaşlıq, qarşılıqlı hörmət və ehtiramın parlaq rəmzi olaraq keçirilən təltifolunma mərasimi isə görüşlərə xüsusi təsir bağışladı. Qırğızıstan lideri dövlətimizin başçısına ölkəsinin ali mükafatı olan 1-ci dərəcəli "Manas" ordenini, Prezident İlham Əliyev isə Qırğız Respublikasının Prezidentinə Azərbaycanın ən ali təltifi olan "Heydər Əliyev" ordenini təqdim etdi.
Təltifolunma mərasimində çıxış edən Prezident Sadır Japarov Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında körpülərin salınmasında, regional inteqrasiyanın sürətlənməsində Azərbaycan Liderinin müstəsna rolunu vurğuladı: "Siz həmçinin öz nüfuzunuzu ardıcıl olaraq regionda möhkəm sülhün bərqərar olmasına, sabitliyin möhkəmlənməsinə və yeni əməkdaşlıq mühitinin yaranmasına yönəldirsiniz. Ölkələrimiz arasında dostluğun möhkəmləndirilməsinə Sizin sadiqliyiniz Qırğız xalqında dərin hörmət hissləri doğurur. Məhz bu səbəbə görə əziz dostum və qardaşım, Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlu Əliyevin Qırğız Respublikasının ali dövlət mükafatı - "Manas" ordeni ilə təltif olunması qərarını qəbul etdim".
Bu ali mükafatlar təkcə dövlət başçılarının xidmətlərinə verilən yüksək qiymət deyil, həm də iki xalqın bir-birinə bəslədiyi ehtiramın əyani təsdiqi oldu.
Ortaq məqsədlərə xidmət
31 iyulda Çolpon-Atada imzalanan və mübadilə edilən genişmiqyaslı sənədlər zərfi iki ölkənin gələcək inkişaf xəritəsini müəyyənləşdirir. Liderlərin iştirakı ilə imzalanan "Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının üçüncü iclasının Qərarı" və "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə" ikitərəfli əlaqələrin hüquqi və siyasi təməlini ən yüksək səviyyəyə qaldırdı.
Bu sənədlər tərəflərin yalnız siyasi müstəvidə deyil, həm də iqtisadiyyat, nəqliyyat-logistika, energetika, investisiya və təhlükəsizlik sahələrində uzunmüddətli, sistemli və dərin inteqrasiyaya əsaslanan əməkdaşlıq modelini həyata keçirmək əzmində olduğunu göstərir.
Xüsusilə praktiki iqtisadi əməkdaşlığın əsas hərəkətverici qüvvəsi sayılan Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında sazişə dəyişikliklərin edilməsi böyük əhəmiyyət kəsb edir. Fondun fəaliyyətini yüksək qiymətləndirən Prezident İlham Əliyev bəyanatında deyib: "Bu gün biz birgə Azərbaycan-Qırğız İnvestisiya Fondunun maliyyə vəsaitinin iki dəfə - 200 milyon dollara qədər artırılması barədə razılıq əldə etdik. Əminəm ki, bu da son hədd deyil, çünki fondun fəaliyyəti üzrə bizə nümayiş etdirilən təqdimat konkret məzmunla zənginləşir. Qırğızıstanda həyata keçirilən çoxlu layihə var və onlar birgə istehsal, yeni iş yerləri yaradır, qarşılıqlı fəaliyyətimizin iqtisadi potensialını möhkəmləndirir".
Azərbaycan-Qırğızıstan müttəfiqliyi mənəvi və mədəni layihələrlə daha da zənginləşir. İki qardaş xalqın birliyini ifadə edən əzəmətli rəmzlərdən biri də işğaldan azad edilmiş Qarabağ torpağında - Ağdamda ucalır. Qırğızıstan dövlətinin, xalqının töhfəsi kimi inşa edilən və dahi qırğız eposunun adını daşıyan Manas adına məktəb artıq öz qapılarını şagirdlərin üzünə açıb. Bu təhsil ocağı Qarabağın bərpasında qardaş dəstəyinin və iki xalqın sarsılmaz birliyinin əbədi abidəsidir.
Eyni zamanda İssık-Kul gölünün füsunkar sahilində Azərbaycanın sərmayəsi və dəstəyi ilə ərsəyə gələn beşulduzlu "Baku Resort & Spa" mehmanxanasının açılışı turizm və infrastruktur sahəsindəki real tərəfdaşlığın bariz nümunəsidir.
Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri zamanı xalqlarımız arasında mədəni-mənəvi bağları daha da dərinləşdirmək məqsədilə iki ölkənin tarixi və mədəniyyət mərkəzləri arasında birbaşa qardaşlaşma körpüləri salındı. Şuşa - Çolpon-Ata, Qəbələ - Karakol, Gəncə - Oş şəhərlərinin qardaşlaşması xalqlarımızın bir-birinin zəngin irsinə daha yaxından bələd olmasına və birbaşa humanitar əlaqələrin daha da inkişafına təkan verəcək.
Göründüyü kimi, Azərbaycan-Qırğızıstan münasibətləri tarixindəki ən yüksək zirvəyə ucalıb. Tərəflər arasında imzalanan Müttəfiqlik Münasibətləri haqqında Müqavilə iki ölkənin geostrateji mövqeyini daha da möhkəmləndirir, Cənubi Qafqaz ilə Mərkəzi Asiya arasında iqtisadi əlaqələrin artmasına, nəqliyyat, enerji dəhlizlərinin daha səmərəli işləməsinə zəmin yaradır. Bu tarixi müttəfiqlik təkcə Bakı və Bişkekin milli maraqlarına deyil, bütövlükdə türk dünyasının birliyinə, regionda dayanıqlı sülhün, sabitliyin və iqtisadi tərəqqinin təmin olunmasına xidmət edən möhtəşəm nailiyyətdir.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"