02 Avqust 2026 14:15
440
SİYASƏT
A- A+
Mərkəzi Asiya və Azərbaycan vahid geosiyasi və geoiqtisadi məkana çevrilib

Mərkəzi Asiya və Azərbaycan vahid geosiyasi və geoiqtisadi məkana çevrilib



Bu gün Avrasiya məkanında yeni və sarsılmaz bir geostrateji qütb formalaşır. Uzun illər boyunca əsasən etnik mənşə, dil və zəngin mədəni irs müstəvisində inkişaf edən Türk dünyası inteqrasiyası, artıq hərbi-siyasi, geoiqtisadi və nəqliyyat-logistika zərurətinə çevrilib. Bu tarixi transformasiyanın ön cərgəsində isə Cənubi Qafqazın lider dövləti olan Azərbaycan ilə Mərkəzi Asiya respublikaları dayanır.

Azərbaycanın yürütdüyü fəal xarici siyasət nəticəsində Cənubi Qafqaz ilə Mərkəzi Asiya arasındakı coğrafi məsafələr öz strateji maneə xarakterini itirib. Bu iki regionun qovuşması təkcə ikitərəfli əlaqələri dərinləşdirmir, həm də Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən qlobal tranzit dəhlizlərinin təhlükəsizliyini təmin edən, Avrasiyanın nəqliyyat və təhlükəsizlik arxitekturasını köklü şəkildə yenidən şəkilləndirən nəhəng bir ittifaqın doğuluşudur. 

Bu günlərdə Azərbaycan və Qırğızıstan arasında imzalanan müttəfiqlik münasibətləri haqqında Müqavilə həm də Türk Dövlətləri Təşkilatının (TDT) institusional dayaqlarını daha da möhkəmləndirir, region ölkələrinin qlobal geosiyasi təzyiqlərə qarşı vahid güc mərkəzi kimi çıxış etməsinə imkan yaradır.

Mətbuata bəyanatında dövlətimizin başçısı müttəfiqlik münasibətlərinin üzərlərinə böyük məsuliyyət qoyduğunu və hər iki ölkənin bu məsuliyyətə hazır olduğunu xüsusi qeyd etdi. 

Son illərdə Azərbaycanın Mərkəzi Asiya istiqamətində yürütdüyü xarici siyasət sadəcə ikitərəfli görüşlərlə məhdudlaşmayıb, regional siyasətin sistemli və təsisatlaşmış əsasını qoyub. Dövlət başçıları səviyyəsində saxlanılan intensiv diplomatiya bu prosesin əsas mühərrikidir. Təkcə 2023-cü ildən etibarən Prezident İlham Əliyevin Mərkəzi Asiyanın qardaş ölkələrinə 16 dəfə səfər etməsi, region liderlərinin isə Azərbaycana 26 dəfə gəlməsi bu təmasların nə dərəcədə yüksək dinamikaya malik olduğunu nümayiş etdirir. Bu göstərici sadəcə quru statistika deyil, Cənubi Qafqaz və Mərkəzi Asiyanın artıq vahid geosiyasi və geoiqtisadi arena kimi hərəkət etdiyinin aydın sübutudur.

Bu strategiyanın mühüm dönüş nöqtəsi 2025-ci ilin noyabrında Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü oldu. Azərbaycanın bu platformaya tamhüquqlu üzv kimi qoşulması regionun siyasi xəritəsində yeni bir eranın başlanğıcı oldu. Artıq Azərbaycan Cənubi Qafqazda yerləşməsinə baxmayaraq, Mərkəzi Asiya ailəsinin ayrılmaz parçası və strateji tərəfdaşı kimi qəbul edilir.

“Bu qərar münasibətlərimizin dostluq və qardaşlıq xarakterini bir daha təsdiqləyir, həmçinin geniş coğrafi məkanda əməkdaşlığın və qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə xidmət edəcəkdir”, - deyə Prezident İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü zamanı bu qərarın mühüm əhəmiyyətinə vurğu etmişdi. 

Mərkəzi Asiya ölkələri ilə ikitərəfli müstəvidə də əlaqələr dinamik inkişaf edir. O cümlədən Azərbaycan-Qırğızıstan əlaqələri keyfiyyətcə yeni zirvəyə yüksəlib. 

Çolpon-Atada imzalanan və mübadilə edilən genişmiqyaslı sənədlər zərfi iki ölkə arasında əlaqələrin gələcək inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Liderlərin iştirakı ilə imzalanan “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının üçüncü iclasının Qərarı” və “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” ikitərəfli əlaqələrin hüquqi və siyasi təməlini ən yüksək səviyyəyə qaldırdı. 

Bu sənədlər tərəflərin həm siyasi, həm də iqtisadiyyat, nəqliyyat-logistika, energetika, investisiya və təhlükəsizlik sahələrində uzunmüddətli, sistemli və dərin inteqrasiyaya əsaslanan əməkdaşlıq modelini həyata keçirməyi nəzərdə tutur. İyulun sonunda Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri, Çolpon-Ata şəhərində keçirilən Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası, eləcə də baş tutan yüksəksəviyyəli görüşlər ikitərəfli əlaqələr salnaməsində keyfiyyətcə yeni bir başlanğıc oldu.

Çolpon-Ata şəhərində Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşündə ölkəmizin rəhbəri imzalanan sənədlər arasında müttəfiqlik münasibətləri haqqında Müqaviləni xüsusi qeyd etdi: “Bu, iki qardaş ölkə arasında münasibətləri müttəfiqlik səviyyəsinə qaldıran qarşılıqlı fəaliyyətin ən yüksək dərəcəsidir”.

İkitərəfli formatda qurulan bu möhkəm hüquqi baza tərəflərə beynəlxalq platformalarda ortaq mövqedən çıxış etmək və vahid geostrateji iradə nümayiş etdirmək imkanı yaradır. Siyasi səviyyədəki bu yüksək etimad real həyatda özünü iqtisadi göstəricilərin artmasında, qarşılıqlı investisiyalarda və azad olunmuş Qarabağın bərpasına verilən mənəvi-əməli dəstəkdə büruzə verir.

Bu praktiki tərəfdaşlığın ən uğurlu nümunələrindən biri kimi Azərbaycan-Qırğız İnkişaf Fondu çıxış edir. Azərbaycan Respublikası və Qırğız Respublikası Dövlətlərarası Şuranın iclasında Fondun nizamnamə kapitalının 100 milyon dollardan 200 milyon dollara qaldırılması iqtisadi münasibətlərə güclü təkan verən strateji addım oldu. Qarşılıqlı kapital axınının digər mühüm istiqamətini isə turizm sektoruna yatırılan sərmayələr təşkil edir. İssık-Kul gölü sahilində Azərbaycan kapitalı hesabına inşa edilən ilk beşulduzlu “Bakı” hotelinin qapılarını qonaqların üzünə açması Azərbaycan investorlarının Qırğızıstanın turizm imkanlarına verdiyi böyük dəyərin və regional infrastruktura töhfəsinin bariz göstəricisidir.

Mərkəzi Asiya ölkələri dövlət başçılarının işğaldan azad olunmuş Qarabağa və Şərqi Zəngəzura ardıcıl səfərləri regional həmrəyliyin ən yüksək siyasi nümayişinə çevrilib. Bu səfərlər təkcə rəmzi xarakter daşımır, eyni zamanda işğaldan zərər çəkmiş ərazilərin dirçəldilməsinə verilən real töhfələrlə tamamlanır. Qırğızıstanın işğaldan azad edilmiş ərazilərə töhfəsi olan Ağdam rayonunda inşa edilən və mənəvi dəyəri böyük olan Manas adını daşıyan məktəb binasının açılışı, eləcə də digər qardaş dövlətlərin Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi infrastruktur və sosial layihələr bu dəstəyin aydın təzahürüdür. Bu addımlar Mərkəzi Asiya liderlərinin Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə verdiyi sarsılmaz siyasi mövqenin, eləcə də xalqlarımız arasındaki dərin mənəvi bağlılığın bariz sübutudur.

Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında birbaşa coğrafi sərhədlərin olmamasına rəğmən, tərəfləri strateji cəhətdən bir-birinə bağlayan ən mühüm amil nəqliyyat, logistika və tranzit dəhlizləridir. 

Bu gün Orta Dəhliz  geostrateji baxımdan qlobal diqqət mərkəzindədir. Müasir geostrateji reallıqlar şəraitində ənənəvi şimal və cənub marşrutlarının riskləri artdıqca, Orta Dəhlizin təhlükəsizliyi və səmərəliliyi ön plana çıxır və  Azərbaycan bu sistemdə Mərkəzi Asiya ölkələrini Avropa və qlobal bazarlarla əlaqələndirən mərkəzi geoiqtisadi qovşaq rolunu oynayır. 

Əməkdaşlığın imkanları yalnız ənənəvi nəqliyyat və tranzitlə məhdudlaşmır. Müasir dövrün çağırışları fonunda Azərbaycan və Mərkəzi Asiya dövlətləri rəqəmsallaşma və “yaşıl enerji” marşrutlarının çəkilişində də qüvvələrini birləşdirirlər. Xəzər dənizinin dibi ilə elektrik kabelinin və fiber-optik kommunikasiya xətlərinin çəkilməsi üzrə həyata keçirilən layihələr regionu Avropanın enerji və informasiya təhlükəsizliyinin əsas təminatçılarından birinə çevirir. Eyni zamanda, təhsil, mədəniyyət və gənclər siyasəti sahəsindəki fəal təmaslar, Bişkekdə və Bakıda açılan dostluq parkları, görkəmli şəxsiyyətlərin xatirəsinə ucaldılan abidələr göstərir ki, bu geostrateji bina təkcə iqtisadi maraqlar üzərində deyil, sarsılmaz mənəvi və insani köklər üzərində ucalır.

İyulun 31-də Çolpon-Ata şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi Məşvərət Görüşü zamanı qəbul edilmiş Çolpon-Ata Bəyannaməsi Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında hərtərəfli əməkdaşlığın hüquqi yol xəritəsi oldu. 

Prezident İlham Əliyevin “…Bu gün Mərkəzi Asiya və Azərbaycan artıq vahid geosiyasi və geoiqtisadi məkana çevrilib” bəyanatı bu tarixi yaxınlaşmanın dərin strateji mahiyyətini tam şəkildə özündə ehtiva edir. 

Çolpon-Atada atılan imzalar, Daşkənddə qəbul edilən qərarlar və Azərbaycanın Mərkəzi Asiya sammitlərinin tamhüquqlu tərəfdaşına çevrilməsi də təsdiqləyir ki, Bakı və Mərkəzi Asiya paytaxtları gələcək onilliklərin qlobal risklərinə qarşı artıq təkbaşına deyil, çiyin-çiyinə müqavimət göstərəcəklər. Bu isə nəinki regional sabitliyin, həm də türk coğrafiyasının qlobal siyasətdə şərt diktə edən müstəqil güc mərkəzinə çevrilməsinin əsas zəmanətidir. 


Yasəmən MUSAYEVA, 

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ermənistan Prezidenti Paşinyanı Baş nazir təyin edib  

17:10
02 Avqust

Təhsil Tələbə Krediti Fondu yeni müraciət dövrünü açıq elan edir  

17:00
02 Avqust

Komitə sədri: Builki Yay Düşərgəsinə Avropada yaşayan gənclərimiz böyük maraq göstəriblər  

16:50
02 Avqust

Nazir müavini: İşğal dövründə 700-dən çox tarixi və mədəniyyət abidəmiz dağıdılıb  

16:40
02 Avqust

Avropa İttifaqında süni intellektdən şəffaf istifadəyə dair yeni qaydalar qüvvəyə minib  

16:30
02 Avqust

Prezidentin Qırğızıstana səfəri Azərbaycanın xarici siyasətində Mərkəzi Asiyanın artan əhəmiyyətini bir daha göstərdi 

16:20
02 Avqust

Azərbaycanda həftənin ilk gününə gözlənilən hava proqnozu açıqlanıb  

16:10
02 Avqust

FHN: Kəlbəcərdə dağlıq ərazidə köməksiz vəziyyətdə qalan şəxs xilas edilib  

16:00
02 Avqust

Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqına üzv kurortların sayı artıb  

15:45
02 Avqust

Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi keçirilib 

15:40
02 Avqust

Fuad Muradov: Diaspor gəncləri Azərbaycan həqiqətlərinin təbliğində mühüm rol oynayırlar  

15:35
02 Avqust

Media: Moskvada terror aktı nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb  

15:30
02 Avqust

Məsim Məmmədov: Yay Düşərgəsinin iştirakçılarının Azərbaycan həqiqətlərinin təbliğinə töhfə verəcəklərinə inanırıq  

15:25
02 Avqust

Vahid Hacıyev: Cəbrayıl, Qubadlı və Zəngilanda salınacaq bütün məntəqələr dayanıqlı inkişaf prinsipləri əsasında planlaşdırılıb  

15:20
02 Avqust

Ermənistanda hökumət istefa verib  

15:15
02 Avqust

Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə bağlı paylaşım edilib  

15:11
02 Avqust

Zəngilanda Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsinin açılışı olub  

15:10
02 Avqust

Azərbaycanın mina qurbanlarına həsr edilmiş sənədli film beynəlxalq festivalda nümayiş olunacaq  

15:05
02 Avqust

Deputat: Azərbaycan Avrasiya məkanının da aparıcı siyasi, iqtisadi və nəqliyyat mərkəzlərindən birinə çevrilir  

15:00
02 Avqust

Qəbələ Festivalında ilk dəfə Azərbaycan və dünya kinofimlərindən musiqilər səsləndirilib VİDEO  

14:55
02 Avqust

Bu gün dövlət qulluğuna qəbul üzrə test imtahanı olacaq  

14:50
02 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!