Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri iki qardaş ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin həmçinin iqtisadi baxımdan daha da dərinləşdirilməsi ilə yadda qaldı. Səfərin nəticələrindən biri də 2030-cu ilədək iki ölkə arasında ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması üzrə proqramın qəbul edilməsi oldu. Bu sənəd Azərbaycan-Özbəkistan iqtisadi münasibətlərinin qarşıdakı illər üçün əsas istiqamətlərini müəyyənləşdirən mühüm yol xəritəsi kimi qiymətləndirilməlidir.
Əslində milyardlıq ticarətin müəyyənləşdirilməsi təsadüfi deyil. Son illər Azərbaycan və Özbəkistan arasında ticarət-iqtisadi əlaqələr sürətlə genişlənir. Prezident İlham Əliyev bir neçə gün əvvəl Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibədə qeyd edib ki, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon dollara çatıb: “Bu, əla göstəricidir. Bundan əlavə, 2026-cı ilin yanvar-may aylarında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 33 faiz artaraq 144 milyon dollara çatıb. Üç il əvvəl 500 milyon dollar məbləğində ümumi kapitalla təsis edilən Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti ölkələrimiz arasında investisiya əməkdaşlığının inkişafı üçün mühüm platformaya çevrilib. Şirkət həm Azərbaycanda, həm də Özbəkistanda iqtisadiyyatın müxtəlif sektorlarında perspektivli layihələrin maliyyələşdirilməsinə və həyata keçirilməsinə əhəmiyyətli töhfə verir”.
Bu dinamika göstərir ki, iki ölkənin qarşılıqlı ticarət potensialı hələ tam istifadə olunmayıb və 1 milyard dollarlıq hədəf real iqtisadi imkanlara əsaslanır.
Azərbaycan-Özbəkistan iqtisadi münasibətlərində əsas məsələ ticarət dövriyyəsinin strukturunun və məzmununun dəyişdirilməsidir. Ona görə də yeni məhsulların qarşılıqlı bazarlara çıxarılması və birgə istehsal imkanlarının artırılması vacibdir. Bu baxımdan sənaye kooperasiyasının genişləndirilməsi xüsusi önəm kəsb edir. Səfər çərçivəsində yeni sənaye əməkdaşlığı istiqamətləri müəyyənləşdirilib. Energetika, geologiya, kimya sənayesi, tikinti, maliyyə, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq layihələrinin genişləndirilməsi nəzərdə tutulub. Unutmaq olmaz ki, iki ölkənin biznes dairələri arasında əlaqələrin gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi iqtisadi münasibətlərin özəl sektor səviyyəsində də inkişafına imkan yaradır.
İki dövlətin iqtisadi əlaqələrinin mühüm istiqamətlərindən biri də qarşılıqlı investisiyaların artırılmasıdır. Bu sahədə Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti xüsusi əhəmiyyət daşıyır. Şirkət 2023-cü ildə yaradılıb və hər iki ölkədə, eləcə də gələcəkdə üçüncü ölkələrdə perspektivli layihələrin maliyyələşdirilməsi üçün mühüm platformaya çevrilib. İnvestisiya şirkətinin fəaliyyəti Azərbaycan-Özbəkistan iqtisadi münasibətlərinin sadəcə “alıcı-satıcı” modelindən çıxaraq, istehsal və kapital əməkdaşlığı mərhələsinə keçməsinə imkan verir. Bu, xüsusilə sənaye, kənd təsərrüfatı, energetika, tikinti, turizm, kimya və digər sahələrdə birgə layihələrin maliyyələşdirilməsi baxımından əhəmiyyətlidir.
Məsələn, son illər iki ölkə arasında sənaye kooperasiyasının müxtəlif istiqamətlərində layihələr həyata keçirilib. 2026-cı ilin avqustunda keçirilən tədbirlər çərçivəsində bank və maliyyə sektoru, tikinti materiallarının istehsalı, təhsil, yanacaqdoldurma infrastrukturu, turizm və yaşayış kompleksləri, mineral xammalın emalı və bağçılıq kimi sahələrdə yeni birgə layihələrə start verilib. Bu layihələr qarşılıqlı investisiyaların artırılması və biznes dairələri arasında əlaqələrin genişləndirilməsi baxımından mühüm potensiala malikdir.
Azərbaycan və Özbəkistan arasında iqtisadi əməkdaşlığın digər mühüm istiqaməti nəqliyyat və tranzit sahəsidir. Özbəkistanın Mərkəzi Asiyada, Azərbaycanın isə mühüm nəqliyyat marşrutları üzərində yerləşməsi iki ölkə arasında logistika sahəsində əməkdaşlığı çox əhəmiyyətli edir. Bu baxımdan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun, yəni Orta dəhlizin inkişafı xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Özbəkistan bu marşrutun imkanlarından daha səmərəli istifadə etməklə Mərkəzi Asiya ilə Qafqaz və Avropa arasında yükdaşımaların artırılmasına töhfə verə bilərlər. Dövlət başçıları da nəqliyyat və tranzit sahəsində əməkdaşlığın, logistika infrastrukturunun səmərəliliyinin artırılmasının və Transxəzər dəhlizinin birgə inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər.
Bütün bunlar ticarət dövriyyəsinin artırılması baxımından da mühüm əhəmiyyət daşıyır. Çünki ticarətin həcmi qədər məhsulların bazarlara sürətli, təhlükəsiz və rəqabətqabiliyyətli qiymətlərlə çatdırılması da vacibdir. Nəqliyyat bağlantılarının yaxşılaşdırılması Azərbaycan və Özbəkistan şirkətlərinin qarşılıqlı ticarətini asanlaşdırmaqla yanaşı, üçüncü ölkələrə çıxış imkanlarını da genişləndirə bilər. Qardaş dövlətlərin iqtisadi strukturları bir sıra istiqamətlərdə bir-birini tamamlayır. Özbəkistanın böyük daxili bazarı, sənaye və kənd təsərrüfatı potensialı Azərbaycan şirkətləri üçün yeni imkanlar yaradır. Azərbaycanın Xəzər dənizinə çıxışı, inkişaf etmiş nəqliyyat infrastrukturu, enerji imkanları və beynəlxalq tranzit mövqeyi isə Özbəkistan məhsullarının yeni bazarlara çıxarılması baxımından üstünlük yaradır. Ona görə də 1 milyard dollarlıq ticarət dövriyyəsi hədəfi sadəcə statistik göstərici olmamalıdır. Ticarət nomenklaturasının genişləndirilməsi, neftdənkənar sahədə əməkdaşlığın artırılması, birgə istehsal müəssisələrinin yaradılması, investisiya layihələrinin sürətləndirilməsi və logistika imkanlarının daha fəal istifadəsi əsas prioritetlər kimi gündəlikdə qalmalıdır.
Əhəmiyyətli məqamlardan biri də odur ki, iki ölkə bu hədəfə çatmaq üçün əməkdaşlığın əsas istiqamətlərini artıq müəyyənləşdirib. Yəni Hökumətlərarası Komissiya, Birgə İnvestisiya Şirkəti, biznes şuraları, biznes forumları və regionlararası əməkdaşlıq mexanizmləri iqtisadi əlaqələrin daha sistemli şəkildə inkişafına xidmət edir. 2030-cu ilədək ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması üzrə qəbul edilmiş proqram da bu mexanizmlərin fəaliyyətini konkret hədəf ətrafında birləşdirir.
Züleyxa ƏLİYEVA,
“Azərbaycan”