Azərbaycanın müasir tarixində elə şəhərlər var ki, onların adı təkcə coğrafi məkan anlayışı deyil, həm də xalqın yaddaşını, mübarizə əzmini, milli iradəsini və gələcəyə inamını ifadə edir. Laçın məhz belə şəhərlərdən biridir. 30 illik həsrətdən sonra azadlığına qovuşan, bu gün isə sürətlə yenidən qurularaq Böyük Qayıdışın ən möhtəşəm ünvanlarından birinə çevrilən Laçın artıq yeni inkişaf mərhələsini yaşayır.
1923-cü ildə Abdallar yaşayış məntəqəsinin Laçın adlandırılaraq şəhər statusu alması, 1930-cu ildə isə Laçın rayonunun inzibati ərazi vahidi kimi təşkil olunması bu qədim diyarın tarixində mühüm mərhələ olmuşdur. Əzəmətli dağları, zəngin meşələri, geniş yaylaqları, füsunkar təbiəti ilə seçilən Laçın tarix boyu Azərbaycanın sosial-iqtisadi və mədəni həyatında özünəməxsus yer tutmuşdur.
Lakin 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələrinin Laçını işğal etməsi rayonun tarixində ağır faciə səhifəsi açdı. İşğal nəticəsində yüzlərlə insan həlak oldu və itkin düşdü, əhali doğma yurd-yuvasından didərgin salındı. Rayonun təhsil, səhiyyə, mədəniyyət və digər sosial infrastrukturu dağıdıldı, yüzlərlə tarixi və mədəniyyət abidəsi vandalizmə məruz qaldı. Laçının itirilməsi yalnız bir rayonun işğalı deyildi. Bu, Azərbaycanın ərazi bütövlüyünə qarşı həyata keçirilən təcavüzün ən ağır nəticələrindən biri, ölkəmizin təhlükəsizliyi və strateji maraqları baxımından ciddi itki idi.
Ancaq Azərbaycan xalqı heç vaxt bu reallıqla barışmadı. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi xətt və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində Azərbaycan öz tarixi ədalətini bərpa etdi. 2020-ci ildə Vətən müharibəsində əldə olunan möhtəşəm Zəfərdən sonra imzalanmış üçtərəfli Bəyanata əsasən Laçın rayonu dekabrın 1-də Azərbaycana qaytarıldı. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın tam nəzarətinə keçdi.
Bu gün 26 avqustun Laçın şəhəri günü kimi qeyd olunması da məhz həmin tarixi hadisənin əhəmiyyətini özündə ehtiva edir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi Azərbaycan dövlətinin tarixi yaddaşa, azad edilmiş torpaqların bərpasına və həmin ərazilərin yeni inkişaf mərhələsinə verdiyi böyük dəyərin ifadəsidir.
Laçının bugünkü mənzərəsi isə Azərbaycanın quruculuq iradəsinin və iqtisadi qüdrətinin əyani göstəricisidir. Qısa müddət ərzində şəhərdə və rayonun kəndlərində genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilib, müasir infrastruktur yaradılıb, enerji, nəqliyyat, sosial və turizm layihələri icra olunub.
Prezident İlham Əliyevin Laçınla bağlı fikirləri bu quruculuq fəlsəfəsinin mahiyyətini dəqiq ifadə edir: “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur.”
Laçın bu gün “yaşıl enerji” imkanlarından səmərəli istifadə edən bölgələrdən birinə çevrilir. Rayon ərazisində bir sıra su elektrik stansiyalarının yenidən qurulması və yenilərinin inşa edilməsi nəticəsində bölgənin elektrik enerjisinə olan tələbatının yaşıl enerji hesabına təmin olunması istiqamətində mühüm nəticələr əldə edilir. “Güləbird”, “Mişni”, “Alxaslı”, “Zabux”, “Qarıqışlaq”, “Aşağı Malıbəyli”, “Mirik” və digər su elektrik stansiyaları Laçının yeni enerji xəritəsinin əsas elementləridir. 2026-cı ildə yeni SES-lərin istifadəyə verilməsi isə rayonun enerji potensialını daha da artırmışdır.
Bölgənin inkişafında müasir nəqliyyat infrastrukturunun yaradılması da xüsusi əhəmiyyət daşıyır. Kəlbəcər-Laçın avtomobil yolunun inşası, tunellərin və körpülərin tikintisi regionun nəqliyyat imkanlarını genişləndirir. 2025-ci il mayın 28-də istifadəyə verilən Laçın Beynəlxalq Hava Limanı isə yalnız Laçının deyil, bütövlükdə Şərqi Zəngəzurun sosial-iqtisadi inkişafı üçün yeni perspektivlər açıb. Azərbaycanın dəniz səviyyəsindən ən yüksəkdə yerləşən aeroportu olan bu hava limanı bölgənin strateji, iqtisadi və turizm imkanlarını artıran mühüm infrastruktura çevrilib.
Laçının inkişafı planlı və uzunmüddətli yanaşma əsasında həyata keçirilir. “Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı” şəhərin gələcək simasının müasir şəhərsalma prinsiplərinə uyğun formalaşdırılmasını nəzərdə tutur. Təhsil və səhiyyə müəssisələrinin, mədəniyyət və turizm obyektlərinin, Memorial Parkın yaradılması, “15 dəqiqəlik şəhər” prinsipinin tətbiqi Laçının rahat, təhlükəsiz və müasir yaşayış məkanına çevrilməsinə xidmət edir.
Turizm potensialının inkişafı da bu strategiyanın mühüm istiqamətlərindən biridir. Zerti kəndində istifadəyə verilən “Laçın” İstirahət Kompleksi, Həkəri çayı boyunca yaradılan istirahət məkanları, bulvar, gələcək kanat yolu layihəsi və digər infrastruktur obyektləri Laçının təbii gözəlliklərinin iqtisadi inkişafa çevrilməsinə şərait yaradır.
Bütün bunların fonunda ən mühüm hadisə isə insanların öz doğma torpaqlarına qayıdışıdır. Laçınlıların 30 ildən sonra doğma şəhər və kəndlərinə qovuşması Böyük Qayıdışın gerçək mahiyyətini ifadə edir. 2026-cı ilin iyul ayınadək Laçın şəhərinə, Zabux, Sus və Bəylik kəndlərinə minlərlə insanın daimi məskunlaşması təmin olunub. Yeni yaşayış evləri, məktəblər, uşaq bağçaları, tibb və inzibati müəssisələr, yollar, kommunal və sosial infrastruktur sakinlərin rahat və firavan həyatı üçün yaradılır.
Laçının yeni həyatında mədəniyyət də mühüm yer tutur. MDB Humanitar Əməkdaşlıq Şurasının qərarı ilə şəhərin 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunması Laçının beynəlxalq humanitar və mədəni əhəmiyyətinin daha bir göstəricisidir. Bu çərçivədə şəhərdə keçirilən tədbirlər Laçının zəngin tarixi-mədəni irsinin dünyaya tanıdılmasına xidmət edib.
Bu gün Laçın keçmişin ağrılarını gələcəyin quruculuq enerjisinə çevirən şəhərdir. Burada salınan hər yol, tikilən hər ev, işə salınan hər müəssisə yalnız infrastruktur layihəsi deyil, həm də tarixi ədalətin bərpasının, dövlət-xalq birliyinin və milli qürurun təntənəsidir.
26 Avqust - Laçın şəhəri günü münasibətilə hər bir azərbaycanlının qəlbində xüsusi duyğular yaşayır. Bu gün həm azadlığa qovuşmuş şəhərin bayramı, həm də Azərbaycan xalqının iradəsinin, mübarizə əzminin və Zəfərinin təntənəsidir.
Laçın yenidən doğulur. Laçın qurulur. Laçın böyüyür.
Və bu gün əzəmətli dağların qoynunda yüksələn müasir Laçın Azərbaycanın yeni inkişaf salnaməsinin ən parlaq səhifələrindən birinə çevrilir.
26 Avqust - Laçın şəhəri günü mübarək!
Şamo Qasımov,
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini