05 Avqust 2026 08:10
1458
SİYASƏT
A- A+
57 il əvvəl Azərbaycanın tarixində yeni dövr başladı

57 il əvvəl Azərbaycanın tarixində yeni dövr başladı


1969-cu ilin avqust plenumundakı məruzəsi ilə Heydər Əliyev respublikanın gələcək inkişaf yolunu müəyyən etdi


Azərbaycanın çoxəsrlik dövlətçilik və siyasi tarixində elə dönüş məqamları var ki, onlar bütöv bir xalqın taleyini, gələcək inkişaf yollarını kökündən dəyişir. XX əsr tariximizə nəzər saldıqda belə həlledici nöqtələrdən birinin, bəlkə də ən birincisinin məhz 1969-cu ilin yayına təsadüf etdiyini görürük. 

Həmin il iyulun 14-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə respublikamızın ictimai-siyasi, iqtisadi və mədəni həyatında tamamilə yeni bir dövr başladı. O dövrün Azərbaycanı sovet imperiyasının tərkibində dərin sistem böhranı keçirən, iqtisadiyyatı durğunluğa uğramış, rüşvətxorluq və idarəetmə pozuntularının girdabında boğulan geridə qalmış aqrar respublika idi. Xalqın mənəvi ruhunda bir süstlük, gələcəyə inamsızlıq hökm sürürdü. Belə bir ağır şəraitdə respublika rəhbərliyinə gələn gənc və uzaqgörən liderin ilk böyük addımı sovet cəmiyyətinin mövcud stereotiplərini dağıtmaq oldu. Heydər Əliyev hakimiyyətə gəlişindən cəmi bir neçə həftə sonra - 1969-cu il avqustun 5-də keçirilən Azərbaycan KP MK-nın plenumunda etdiyi tarixi məruzə ilə respublikanı bürümüş ətalət buzunu qırdı. Bu çıxış, sadəcə, növbəti bir partiya iclasının hesabatı deyildi, Azərbaycanın tənəzzüldən tərəqqiyə doğru irəliləyişinin rəsmi proqramı idi.


Cəsarətli tənqid və real mənzərə


Müdriklərin söylədiyi kimi, ən böyük məsafələr bir addımdan başlanır. Bu, tarixdə də belədir. Xalqların həyatını dəyişmiş böyük proseslər bəzən öz başlanğıcını bir yenilikdən, təqvimdəki hansısa gündən götürür və o tarix sonralar həmin xalqların taleyinə çevrilir. 

1969-cu il avqustun 5-də Bakıda Azərbaycan KP MK-nin növbəti plenumu keçirilir. Bu plenum respublikanın yeni rəhbərinin rəsmi dövlət siyasəti səviyyəsində ortaya çıxması, yeni strateji dövrdə Azərbaycanın qarşısında duran əsas hədəflərin müəyyənləşdirilməsi, onlara çatmaq üçün yerinə yetirilən vəzifələrin konkretləşdirilərək təqdim edilməsi idi. Tarixin ən qüdrətli Azərbaycanına doğru yol öz başlanğıcını o günlərdən götürür. Həmin siyasətin başlıca məramı güclü dövlət, güclü iqtisadiyyat yaratmaq, sağlam milli kadrlar yetişdirmək idi.

Ulu Öndər çıxışında çox açıq və sərt şəkildə kadrların seçilməsində ciddi qüsurlara yol verildiyini qeyd etdi, iqtisadiyyatda hərc-mərcliyin, özbaşınalığın hökm sürdüyünü bildirdi. Ümummilli Liderin plenumdakı nitqi  kadr seçiminə necə böyük məsuliyyətlə yanaşdığını bir daha təsdiqlədi. "Biz ayrı-ayrı vəzifəli şəxslərin davranışında özünü büruzə verən nalayiq hallara, pozğunluq təzahürlərinə göz yuma bilmərik. Mənəviyyat, əxlaq bütün işimizə nüfuz etməlidir. Kadrları açıq-aşkar, kütlələrin gözü qabağında seçmək, onlar haqqında kollektivin, adamların, iş yoldaşlarının rəyini nəzərə almaq lazımdır. Yalnız belə olduqda kadrların seçilməsi və yerləşdirilməsindəki bir çox səhvlərin qarşısını almaq, həmin sahədə işimizin səviyyəsini xeyli yüksəltmək olar" deyən Heydər Əliyev bütün sahələrdə mövcud olan nöqsanlar barədə fikrini bildirdi və bu, o vaxt çoxlarında təəccüb doğurdu. Belə bir münasibətin, yəni təəccübün əsas səbəbi Heydər Əliyevin nümayiş etdirdiyi görünməmiş siyasi cəsarət idi. O dövrün sovet idarəçilik ənənəsinə görə, rəsmi kürsülərdən yalnız "böyük uğurlar", "plana artıqlaması ilə əməl edilməsi" barədə pafoslu nitqlər söylənməli, nöqsanlar isə ört-basdır edilməli idi. Lakin Heydər Əliyev bu yazılmamış qanunları darmadağın etdi. Ulu Öndər çıxışında respublikadakı acınacaqlı vəziyyəti, iqtisadiyyatın müxtəlif sahələrindəki geriliyi rəqəmlərlə, faktlarla ortaya qoydu. O, dövlət əmlakının mənimsənilməsini, rüşvətxorluğu, vəzifəli şəxslərin özbaşınalığını və xalqa qarşı laqeydliyini açıq şəkildə ifşa etdi. Bu, Moskva rəhbərliyinin gözü qarşısında sovet sisteminin daxili pozuntularının bir lider tərəfindən bu dərəcədə dəqiq və qorxmadan dilə gətirildiyi ilk və unikal hadisə idi.

Respublika rəhbəri kadr məsələsinə xüsusi diqqət yetirdi. Ona görə ki, həmin dövrdə Azərbaycanda mövcud olan problemlərin mühüm bir qismi insan amilindən irəli gəlirdi. Digər tərəfdən isə Heydər Əliyev Azərbaycanı qısa müddətdə irəli aparmaq üçün qarşısına çox böyük vəzifələr qoymuşdu və bu vəzifələri lazımi şəkildə yerinə yetirmək üçün fərqli templə çalışmağa qabil, yüksək əzmkarlığa, peşəkar, mənəvi keyfiyyətlərə malik kadrlara ehtiyac vardı.

Onu da qeyd edək ki, respublikanın rəhbəri kimi vəzifəsinin icrasına yeni başlamış Heydər Əliyevin hər bir sahədə mövcud nöqsanlarla bağlı fikirlərini açıq bildirməsi o dövrdə rejimin mahiyyəti ilə bilavasitə bağlı olduğundan ehtiyatsız addım sayılırdı. Digər tərəfdən, bu çatışmazlıqları, nöqsanları məhz Heydər Əliyevin dilə gətirməsi isə xüsusilə riskli görünürdü. Çünki bu çıxışı uzun illər xüsusi xidmət orqanlarında çalışmış ali rütbəli məmur - ölkədə və ümumən idarəetmə sistemindəki vəziyyət haqqında ən dolğun məlumatlara malik şəxs edirdi. Əsas məsələlərdən biri isə Azərbaycana rəhbərliyə yenicə başlamış dövlət xadiminin bu cəsarətli nitqinin ölkə hüdudlarından kənarda da böyük ictimai diqqət, reaksiyalar doğuracağı əvvəlcədən bəlli idi. 

Gözlənildiyi kimi də oldu. Yeni rəhbərin o vaxta qədər misli görünməyən cəsarətli, kəskin mövqeyindən, bəzi sovet gerçəkliyinə ciddi, tənqidi, realist münasibətindən nəinki Azərbaycanda və keçmiş ittifaq respublikalarında, hətta xarici radiostansiyalarda, dünyanın mötəbər qəzet və jurnallarında da söhbət açıldı. Hətta SSRİ-nin ali rəhbəri, Sov.İKP MK-nın Baş katibi L.İ.Brejnev də bununla bağlı narahatlığını Heydər Əliyevin diqqətinə çatdırmışdı. Amma Ümummilli Lider dediyi sözlərin, tutduğu mövqenin, ən əsası isə Azərbaycanın taleyi ilə bağlı onun üzərinə düşən tarixi missiyanın fərqində idi və bilirdi ki, problemlərin tam həlli hər bir reallığı çəkinmədən öz adı ilə çağırmaqdan başlanır.


Zamanı qabaqlayan islahatlar


Ümummilli Lider 5 avqust plenumundan sonrakı illərdə də, təbii ki, dövrün müəyyən qaydaları çərçivəsindən kənara çıxmayaraq öz siyasi xəttini yeridir, çəkinmədən sözünü deyir, fikirlərini sərbəst açıqlayır, mövcud problemlərin aradan qaldırılması, zəruri vəzifələrin yerinə yetirilməsi üçün qətiyyətli addımlar atırdı. Ulu Öndər 1981-ci il noyabrın 18-də "Literaturnaya qazeta"ya məşhur "Qoy ədalət zəfər çalsın!" başlıqlı müsahibəsini verdi. O dövrdə bu müsahibə güclü bir rezonans doğurdu. Azərbaycanın rəhbəri orada respublikanın həyatı ilə bağlı ən müxtəlif məsələlərə toxunaraq demişdi: "Kommunist Partiyası MK-sının avqust plenumundan, respublikanın həyatındakı ciddi nöqsanları Azərbaycan zəhmətkeşlərinə düzgün və açıq bildirən bu plenumdan düz on gün sonra burjua mətbuatı hay-küy qaldırmış və cinayət xarakterli sensasiyaların sorağında dayanmışdı. Qeyd etmək istəyirəm ki, biz "qanunçuluq" deyəndə Cinayət Məcəlləsindən çox cəmiyyətimizin əxlaq kodeksini nəzərdə tuturuq. Özü də bu baxımdan hüquq pozuntuları, onların profilaktikası bizim üçün təkcə hüquqa aid məsələ deyildir. Bu, sosial və mənəvi məsələdir, çünki söhbət ən əvvəl insan uğrunda mübarizədən, sovet adamının hüquqlarına hörmətdən, ləyaqət və şərəfinin qorunmasından, onda ən yaxşı vətəndaşlıq keyfiyyətləri, yüksək əxlaqi prinsiplərin tərbiyə edilməsindən gedir. Azərbaycan partiya təşkilatının işi məhz belə bir mövqeyə əsaslanır və məhz bu mövqe böyük əksəriyyət, həyatda, əməkdə yüksək əxlaq prinsiplərini rəhbər tutan zəhmətkeşlər tərəfindən qızğın surətdə bəyənilmişdir... Biz xalqa kömək edib onda haqqa-ədalətə inam oyatmalı idik... Ağır, çətin proses idi. Mən "idi" sözünü heç də ona görə demirəm ki, indi vəziyyət idealdır, ona görə deyirəm ki, bu prosesin pozulmazlığı real həqiqətə çevrilmişdir".

Məhz belə prinsipial, qətiyyətli mövqe sayəsində Heydər Əliyev çox qısa zaman ərzində Azərbaycanın ictimai-siyasi həyatında ciddi dönüş yaratmağa nail oldu. Avqust plenumundakı çıxış, sadəcə, mövcud neqativ halların tənqidi ilə məhdudlaşmırdı. Bu məruzə həm də Azərbaycanı düşdüyü ağır vəziyyətdən çıxarmaq üçün hazırlanmış mükəmməl bir strateji inkişaf planı idi. Çıxışda respublikanın gələcək onilliklərini əhatə edəcək əsas hədəflər bəyan olundu. İlk növbədə iqtisadiyyatın modernləşdirilməsi irəli sürüldü: Azərbaycanı birtərəfli aqrar asılılıqdan qurtararaq, güclü sənaye, maşınqayırma və yüksək texnologiyalar mərkəzinə çevirmək xətti götürüldü. Eyni zamanda sağlam kadr siyasətinə ciddi diqqət yetirildi. Vəzifələrə, idarəetməyə savadlı, təmiz, milli ruhlu və gənc mütəxəssislərin gətirilməsi tələbi qoyuldu. Bununla kadrların düzgün seçimi, onlara qarşı tələbkarlığın artırılması işin effektivliyini yüksəltdi. 

Ümummilli Liderin gərgin zəhməti, fədakarlığı, eyni zamanda şəxsi nüfuzu sayəsində bir-birinin ardınca qəbul edilən inkişaf proqramları sayəsində Azərbaycan böyük bir quruculuq meydanına çevrildi. Respublikada iri müasir maşınqayırma, kimya, neft kimyası və elektron sənayesi, əlvan və qara metallurgiya, yüngül, yeyinti və emal sənayesi müəssisələri tikildi, habelə elektroenergetika, nəqliyyat kompleksi inkişaf etməyə başladı. 1980-ci ilin göstəricilərinə görə, sənayenin əsas istehsal fondlarının dəyəri 1969-cu illə müqayisədə iki dəfə artdı. Bu illər ərzində 15 yeni iri maşınqayırma müəssisəsi istifadəyə verildi, 12 müəssisədə istehsal gücü nəzərəçarpacaq dərəcədə yüksək səviyyəyə çatdı, neft maşınqayırması zavodları modernləşdirildi. Azərbaycanda sənaye istehsalı yuksəldi. 1976-cı ildən etibarən respublika sənaye istehsalının artım sürətinə görə ittifaq üzrə ön sıralara çıxdı. Beləliklə, Azərbaycan geri qalmış aqrar respublikadan qabaqcıl sənaye ölkəsi mövqeyində qərarlaşdı.

Milli özünüdərkin gücləndirilməsinə gəldikdə iqtisadi yüksəliş platforması üzərində Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin, dilinin və mədəniyyətinin dirçəldilməsi strategiyasının əsası qoyuldu.


1969-1982-ci illər - milli inkişaf dövrü 


Ötən əsrin 70-80-ci illəri sovet Azərbaycanının intibah dövrüdür. Həmin illər Heydər Əliyev respublikada haqq-ədaləti təmin etdi, xalqın milli-mənəvi dəyərlərinə sahib çıxdı, rəsmi tədbirlərdə çıxışlarını Azərbaycan dilində etməyə başladı. Bu, xalqın milli ruhunun ali hakimiyyət kürsüsündə öz ifadəsini tapması idi. Heydər Əliyev ana dilimizə bu münasibəti ilə xalqın tarixi köklərinə qayıdışını, milli-mənəvi dəyərlərimizə bağlılığını bəyan edirdi. 

Uzun illər nəzər-diqqətdən kənarda qalmış milli ruhlu ziyalılar məhz Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə qayğını ən yüksək səviyyədə hiss etməyə başladılar. Azərbaycanın bir çox görkəmli alimi, şair və yazıçısı, mədəniyyət xadimi o dövrün ali dövlət mükafatları ilə təltif edildilər. Azərbaycan mütəxəssislərinin yeni ixtira və kəşfləri nəinki keçmiş SSRİ-də, eləcə də dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən elmi mərkəzlərdə öz layiqli qiymətini almağa başladı. Faktlar da göstərir ki, Azərbaycanda dünyaya səs salan ən mühüm elmi kəşflər daha çox ötən əsrin 70-ci illərində edilmişdir. Bu, Heydər Əliyevin o illərdə yaratdığı inkişaf mühitinin nəticəsi idi.

Ulu Öndər təhsilin səviyyəsinin yüksəldilməsini xalqın gələcəyi üçün taleyüklü məsələlərdən biri kimi qiymətləndirirdi. Onun rəhbərliyi dövründə Azərbaycanda yeni ali və orta ixtisas təhsili müəssisələri açıldı. Cəmiyyət həyatında təhsilin önəmi artdı. Ulu Öndər xalqımızın istedadlı övladlarının arzularını reallaşdırdı. Məhz Heydər Əliyevin təşəbbüsü ilə hər il minlərlə gənc keçmiş ittifaqın ən nüfuzlu ali məktəblərinə Azərbaycan üçün xüsusilə gərəkli ixtisaslar üzrə təhsil almağa göndərildi.

O illər Heydər Əliyev Azərbaycanı sözün bütün mənalarında yeni inkişaf dövrünə çıxardı. Xalqın milli özünüdərkinin stimullaşdırılmasının əsasını qoydu. Azərbaycanı bütün dünyada tanıtdı. Heydər Əliyevin Azərbaycan qarşısındakı xidmətlərinin tarixi və siyasi əhəmiyyətini araşdırarkən, heç şübhəsiz ki, onun sovet Azərbaycanına rəhbərlik etdiyi illəri xüsusi dövr kimi qiymətləndirmək lazımdır. Respublikanın həmin illərdə qazandığı nailiyyətlər məhz Ümummılli Liderin həyata keçirdiyi yeni strateji inkişaf konsepsiyasının real nəticəsi idi.

 Heydər Əliyevin 70-80-ci illərdə formalaşdırdığı milli inkişaf konsepsiyası o qədər güclü idi ki, xalq tarixin ağır sınaqları qarşısına təşkilatlanmış şəkildə çıxmağı bacardı. Bu konsepsiya ötən əsrin 80-ci illərinin sonlarına doğru Azərbaycanın müstəqilliyi uğrunda siyasi dalğanın başlanmasında çox böyük rol oynadı. Heydər Əliyevin 70-ci illərdə yetişdirdiyi gənclik Azərbaycanın müstəqilliyi uğrunda ayağa qalxdı.

* * *

Məsafələr uzaqlaşdıqca, illər keçdikcə 1969-cu ilin 5 avqust plenumunun Azərbaycan tarixindəki nəhəng rolu daha dərindən dərk olunur. Zaman qətiyyətlə sübut etdi ki, Ulu Öndər Heydər Əliyevin o tarixi gündə nümayiş etdirdiyi siyasi cəsarət və sarsılmaz iradə, sadəcə, bir dövrün böhranını həll etmədi, həm də xalqımızın onilliklər sonrakı azadlıq və müstəqillik fəlsəfəsinin təməlini qoydu.

Bu gün regional liderə çevrilən, iqtisadi cəhətdən tam müstəqil və öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan dövləti məhz həmin tarixi gündə atılmış strateji addımların, formalaşdırılmış nəhəng milli kadr və sənaye potensialının məntiqi bəhrəsidir. 5 avqust plenumu xalqına arxalanan və onun taleyini hər şeydən uca tutan dahi rəhbərin zamana vurduğu silinməz möhürdür. Bu tarixi dönüş nöqtəsi müstəqil və qüdrətli Azərbaycanın gələcək inkişaf yoluna işıq salan əbədi bir məşəl olaraq qalacaq.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Amerikalı professor Yeni Klinikada yerli mütəxəssislərlə birgə mürəkkəb klinik halları müzakirə edib  

20:17
05 Avqust

AAYDA: Bakının bütün inzibati rayonlarında küçə və prospektlər təmir olunur  

20:10
05 Avqust

Azərbaycanda iki futbol klubunun adı dəyişdirilib  

20:03
05 Avqust

Azərbaycan Avrasiyanın mühüm logistik və geoiqtisadi mərkəzlərindən birinə çevrilir ŞƏRH  

19:56
05 Avqust

“Heydər Əliyev məktəbi” layihəsinin üçüncü mərhələsinə yekun vurulub  

19:49
05 Avqust

“4Sİ Akademiyası - Milli Proqram”a 4 mindən çox yeni istifadəçi qoşulub  

19:42
05 Avqust

Roma Papası Uruqvay, Argentina və Peruya səfər edəcək  

19:35
05 Avqust

İcra olunan layihələr sübut edir ki, Azərbaycan öhdəliklərə məsuliyyətlə yanaşır

19:28
05 Avqust

Professor: Yaxın gələcəkdə Zəngəzur dəhlizinin formalaşaraq fəaliyyətə başlamasının şahidi olacağıq

19:21
05 Avqust

Trans-Xəzər fiber-optik rabitə xəttinin tikintisinin əsas mərhələsi başa çatıb

19:14
05 Avqust

Mütəxəssis: İqlim dəyişikliyi bəzi həşəratların və xəstəlik daşıyıcılarının yayılma arealını genişləndirə bilər

19:07
05 Avqust

Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsi Xəzər vasitəsilə davam edə bilər 

19:00
05 Avqust

Sumqayıt Sənaye Parkında xüsusi növ faneraların istehsalı layihəsi həyata keçiriləcək

18:43
05 Avqust

Şirvan kanalının sızma baş verən hissəsi bərpa edilib

18:36
05 Avqust

Uşaqların rəqəmsal mühitdə təhlükəsizliyi gücləndirilir - Dəyişikliklər nəyi ehtiva edir?

18:29
05 Avqust

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

18:22
05 Avqust

Politoloq: Azərbaycan Orta Dəhlizin inkişafına çox ciddi töhfələr verir

18:15
05 Avqust

Kiyev vilayətində matəm elan edilib

18:08
05 Avqust

Şəhidlərin xatirəsinə ithaf olunan kitab: “Bəyaz durnalar”

18:01
05 Avqust

Elvin Yunuszadə: Türkiyədə özümüzü yaxşı tərəfdən göstərməklə futbolçularımız üçün yol aça bilərik

17:54
05 Avqust

Azərbaycan və Özbəkistan QHT-ləri üçün birgə qrant müsabiqəsi üzrə layihələrin ekspertizasına başlanılıb

17:47
05 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!