Müasir Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin dövlətçilik siyasətinin əsas istiqamətlərindən biri də təbiətin qorunub saxlanılması və onun sərvətlərindən gələcək nəsillərin rifahı naminə səmərəli istifadə edilməsindən ibarət olmuşdur. Böyük dövlət xadiminin uzaqgörən ideyaları bu gün həyatın digər istiqamətləri ilə yanaşı, şəhər ekosistemlərinin "yaşıl transformasiya"sı, antropogen təzyiq altında olan biomüxtəlifliyin qorunub saxlanılması və dayanıqlı inkişaf prinsiplərinin tətbiqində öz əksini tapır. Şəhər landşaftlarında "yaşıl gələcəy"ə aparan yol məhz bu strateji baxışların davamı və inkişafı kimi formalaşır.
Müasir şəhər ekologiyası nədən soraq verir
XXI əsr urbanizasiya prosesinin qlobal inkişafın əsas göstəricilərindən birinə çevrilməsi ilə xarakterizə olunur. Hazırda Yer kürəsi əhalisinin 56-57 faizi şəhərlərdə yaşayır. Birləşmiş Millətlər Təşkilatı tərəfindən yayımlanan "Dünya üzrə urbanizasiyanın perspektivləri" hesabatına əsasən, 2050-ci ilə qədər həmin rəqəm 68-70 faiz təşkil edəcək. Bu isə o deməkdir ki, şəhərlər planetin ekoloji balansına real təsir etmək gücünə malik bir sistem rolunu oynayır.
BMT-nin planlaşdırmada ekosistem yanaşmanın tətbiqini, inklüziv və yaşıl şəhər modellərinin qurulmasını önə çəkən "Yeni Şəhər Gündəliyi"ndəki (2016) qeydlərə görə, qlobal ümumi daxili məhsulun təxminən 80 faizi şəhərlərin payına düşür, enerjinin 75 faizi şəhərlərdə istehlak olunur, karbon emissiyalarının 70 faizindən çoxunun mənbəyi də məhz iri aqlomerasiyalar və meqapolislərdir. Bu baxımdan şəhərlərin dayanıqlı inkişaf modelinə keçidinin strateji prioritet olması tamamilə normaldır.
Müasir şəhər ekologiyası anlayışı təbiətin qorunması məsələləri ilə məhdudlaşmır. Bu yanaşma şəhərlərin kompleks sosial-ekoloji sistemlər kimi qiymətləndirilməsinə əsaslanır. IPBES (Biomüxtəliflik və Ekosistem Xidmətləri üzrə Hökumətlərarası Elm-Siyasət Platforması) tərəfindən təqdim edilən ekosistem xidmətləri konsepsiyasına əsasən, şəhərlərdə təbiətin rolu dörd əsas istiqamətdə təzahür edir: təminedici xidmətlər (qida, su, xammal), tənzimləyici xidmətlər (iqlim, su dövranı, havanın keyfiyyəti), mədəni xidmətlər (rekreasiya, estetik dəyər), dəstəkləyici xidmətlər (torpaq formalaşması, fotosintez).
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə görə, şəhər ərazilərində hər nəfərə ən azı 9 m2 yaşıl sahə düşməsi sağlamlıq üçün minimum standart hesab olunur. Lakin bir çox şəhərdə bu göstərici 1-5 m2 təşkil edir ki, bu da müvafiq ekosistemlərdə insan sağlamlığı üçün potensial təhlükəyə yol açır.
Milli siyasət və institusional təşəbbüslər
Son illər Azərbaycanda ekoloji siyasət dövlət idarəetməsinin sistemli və strateji istiqamətlərindən birinə çevrilmişdir. Prezident İlham Əliyev tərəfindən irəli sürülən "yaşıl enerji" zonaları konsepsiyası, xüsusilə Qarabağın "yaşıl enerji" regionu kimi inkişaf etdirilməsi təşəbbüsü ölkənin bərpaolunan enerji növlərinə keçidini və iqlim gündəliyinə inteqrasiyasını təmin edən əsas siyasi alətlərdəndir. Müvafiq dövlət proqramları əsasında genişmiqyaslı meşəsalma və yaşıllaşdırma təşəbbüsləri, o cümlədən milyonlarla ağacın əkilməsi proqramları həyata keçirilir, günəş və külək enerjisi üzrə generasiya gücləri mərhələli şəkildə artırılır, şəhər mühitində elektrik nəqliyyatının tətbiqi və müvafiq infrastrukturun qurulması prioritetləşdirilir.
Dövlət siyasəti ilə paralel olaraq, qeyri-hökumət və ictimai institutlar da ekoloji fəaliyyətlərin genişləndirilməsində mühüm rol oynayırlar. Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr şəhər mühitində yaşıllıq örtüyünün artırılması, yeni park və rekreasiya zonalarının yaradılması, həmçinin ekoloji maarifləndirmənin gücləndirilməsi baxımından əhəmiyyətli nəticələr vermişdir. Eyni zamanda IDEA İctimai Birliyinin biomüxtəlifliyin qorunması sahəsində beynəlxalq təcrübəyə əsaslanan layihələri də qeyd edilməlidir. Bu fəaliyyətlər çərçivəsində nadir və nəsli kəsilmək təhlükəsi altında olan flora və fauna növlərinin reintroduksiyası proqramları icra olunur, Xəzər suitisi kimi endemik növlərin mühafizəsinə yönəldilmiş uzunmüddətli layihələr həyata keçirilir, ekoloji təhsil və ictimai məlumatlandırma kampaniyaları təşkil edilir.
Azərbaycan şəhərləri ekoloji transformasiya mərhələsində
Mürəkkəb relyef və torpaq-iqlim xüsusiyyətləri ilə seçilən Azərbaycan ərazisi dünyanın ən zəngin biomüxtəliflik məkanlarından biri hesab edilən Qafqaz ekoregionunun ayrılmaz hissəsidir və bu status onun qlobal miqyasda ekoloji əhəmiyyətini müəyyənləşdirir. Ölkənin şəhərlərində, məsələn, Bakı, Gəncə, Şəki, Ordubad və s. kimi yaşayış məntəqələrində təbii landşaft elementləri ilə şəhər mühiti arasında qarşılıqlı əlaqə aydın şəkildə müşahidə olunur. Bu xüsusiyyət Azərbaycan şəhərlərini klassik sənayeləşmiş urban məkanlardan fərqləndirərək, onları təbii-ekoloji sistemlərlə sıx inteqrasiya olunmuş yaşayış mühitinə çevirir.
Bakı tarixən quru yarımsəhra iqlim şəraiti, güclü küləklər və yüksək buxarlanma ilə səciyyələnən, yaşıllaşdırma baxımından problemli şəhər olmuşdur. Burada bir ağac əkib ərsəyə gətirmək üçün uzun illərin zəhməti və elmi əsaslı qulluq, müvafiq resurslar tələb olunur. 100-150 il əvvəl buraları ziyarət etmiş səyyahların xatirə yazılarında Bakı boz rəngdə, bitkisiz bir səhraya bənzər şəkildə təsvir edilmişdir.
Şübhəsiz ki, memarlıqla yanaşı, yaşıllıqlar, təmiz hava və gələcəyə hesablanmış ekoloji düşüncənin mövcudluğu hər hansı şəhəri fərqləndirən və gözəlləşdirən əsas amillərdəndir. Azərbaycan reallığında bu yanaşmanın dövlət səviyyəsində sistemli məzmun qazanması məhz Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövrünə təsadüf edir. Böyük azərbaycanlının başçılığı ilə 1969-1982-ci illərdə ölkədə ilk dəfə ümumxalq miqyaslı yaşıllaşdırma siyasəti həyata keçirilmiş, paytaxtın ekoloji taleyi dəyişdirilmişdir. Rəsmi və elmi mənbələrdə göstərilir ki, 1970-ci ildə Bakıda adambaşına cəmi 6,5 m2 yaşıllıq sahəsi düşürdüsə, 1971-ci il 7 sentyabr tarixli müvafiq qərarın icrası nəticəsində bu göstərici 1975-ci ildə 17,5 m2 təşkil etmişdir. Həmçinin eyni dövrdə respublikanın dövlət meşə fondu torpaqlarında 51 min hektar sahədə yeni meşəliklər salınmış, eroziyaya məruz qalmış və kənd təsərrüfatı dövriyyəsindən çıxarılmış ərazilərdə, o cümlədən Xəzərsahili qumluqlarda 68,1 min hektar qoruyucu meşə zolaqları yaradılmışdır.
Ulu Öndərin şəhərsalma məsələlərinə baxışında yaşıllaşdırma sosial rifah, sağlamlıq və ekoloji sabitlik aləti kimi dəyərləndirilmişdir. Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə Bakıda yeni parklar, xiyabanlar və yaşıllıq zolaqları salınmış, paytaxtın su təchizatı və abadlaşdırılması ilə bağlı görülən işlər yaşıl örtüyün genişləndirilməsi üçün real zəmin yaratmışdır. Mənbələrdə ayrıca vurğulanır ki, Bakı və ətraf ərazilərdə su infrastrukturunun yaxşılaşdırılması, mərkəzi su anbarlarının tikilməsi, yeni supaylayıcı şəbəkələrin qurulması, habelə "Bakını yaşıllıqlar diyarına çevirək" şüarı ilə aparılan tədbirlər paytaxtın ekoloji simasını köklü şəkildə dəyişmişdir. Bu prosesin ən parlaq nümunələrindən biri Dənizkənarı bulvarın inkişaf tarixidir: 1970-ci illərdə dövlət səviyyəsində geniş yaşıllaşdırma və abadlaşdırma işləri nəticəsində bulvarın yenidən qurulması həyata keçirilmiş, şərq və qərb istiqamətlərində genişləndirilməklə uzunluğu 3,7 kilometrə çatdırılan bulvar şəhərin mikroiqlimini tənzimləyən, rekreasiya ehtiyacını ödəyən mühüm yaşıl infrastruktur obyektinə çevrilmişdir.
Qeyd olunan işlərin dəyəri sonradan hüquqi və institusional müstəvidə də öz əksini tapmışdır. Azərbaycan Prezidentinin 1998-ci il 29 dekabr tarixli fərmanı ilə Bakı şəhərindəki Dənizkənarı bulvara Milli Park statusu verilmiş, 2019-cu il tarixli Əsasnamədə isə bu zonanın respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aid olduğu bir daha rəsmiləşdirilmişdir. Sənəddə parkın yaradılma məqsədləri arasında ətraf mühitin mühafizəsi, Bakı şəhərinin estetik gözəlliyinin və tarixi simasının qorunması, şəhər sakinləri və turistlər üçün əlverişli istirahətin təşkili, nadir bitki növlərinin mühafizəsi məsələləri xüsusi yer tutur. Bütün bunlar Heydər Əliyev dövründə başlanılmış xəttin dövlətçilik məntiqi çərçivəsində reallaşdırılan ekoloji siyasət olduğunu göstərir. Bulvarın təkcə şəhər məkanı kimi deyil, milli mədəniyyətin bir parçası kimi dəyərləndirilməsi də həmin baxışın davamıdır.
Heydər Əliyevin formalaşdırdığı "yaşıl inkişaf" xətti müstəqillik dövründə ölkənin şəhərsalma və ekoloji siyasətində mühüm istiqamətlərdən biridir. Son illərin rəsmi məlumatlarında Bakıda və regionlarda yeni parkların salınması, mövcud yaşıllıq sahələrinin yenidən qurulması, bulvarın daha da genişləndirilməsi, hibrid yaşıl dəhlizlərin və ictimai rekreasiya məkanlarının təşkili bu tarixi xəttin yeni mərhələyə keçdiyini göstərir. Hazırda Bakının "yaşıl şəhər" kimi təqdim olunması, ekoloji tarazlığın bərpasına yönəldilən layihələr, əslində, təməli Heydər Əliyev tərəfindən qoyulan strateji istiqamətin müasir inkişaf modelinə çevrilməsinin nəticəsidir. Ulu Öndər bu fəaliyyəti ilə Azərbaycanın ekoloji mədəniyyətini, şəhərsalma fəlsəfəsini və təbiətə münasibətini müəyyənləşdirən dövlətçilik məktəbi yaratmışdır.
Bakı şəhərinin yaşıllıq sistemində xüsusi yer tutan obyektlərdən biri də Ulu Öndərin hər zaman diqqət mərkəzində olmuş Mərkəzi Nəbatat Bağıdır. 1930-cu illərdə yaradılan bu bağ elmi-tədqiqat məqsədləri ilə yanaşı, şəhərin ekoloji sabitliyinə xidmət edən mühüm yaşıl infrastruktur elementi kimi formalaşmışdır. Mərkəzi Nəbatat Bağı faktiki olaraq "iri bir yaşıl ada", "Bakının yaşıllıq xəzinəsi" funksiyasını yerinə yetirir. Burada müxtəlif iqlim zonalarına aid bitkilər toplanmış, introduksiya edilmiş və iqlimləşdirilmişdir ki, bu da həm biomüxtəlifliyin qorunması, həm də yeni dekorativ və davamlı bitki növlərinin şəhər yaşıllaşdırılmasında tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır. Son illər dövlət başçısının məqsədyönlü dəstəyi ilə Nəbatat Bağında aparılan yenidənqurma və modernləşdirmə işləri bağın rekreasiya potensialını artırmış, Bakı şəhərinin ekoloji karkasında bu unikal yaşıl məkanın mövqeyini gücləndirmişdir.
Bakıda şəhərsalmada yaşıllıq infra-strukturunun genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər sırasında həmçinin Qış parkının salınması, uzun illər plansız və qəzalı tikililərlə yüklənmiş "Sovetski" ərazisinin yenidən qurularaq geniş park məkanına çevrilməsi xüsusilə diqqətəlayiqdir. Son illərdə paytaxtda bir sıra digər yaşıllıq layihələri də reallaşdırılmışdır. Bunlardan Dədə Qorqud parkı, Zabitlər parkı, Nərimanov rayonu ərazisində və "Ağ şəhər" kompleksi çərçivəsində salınan yeni parklar, "yaşıl dəhlizlər", həmçinin Heydər Əliyev Mərkəzinin ətrafındakı geniş yaşıllıq zonası xüsusi qeyd olunmalıdır.
Şəhərsalma forumu və yeni urban gündəm
Prezident İlham Əliyev tərəfindən 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsi ölkədə urbanizasiya prosesinin yeni mərhələyə keçidini ifadə edən strateji qərar kimi dəyərləndirilə bilər. Bu qərar şəhərsalmada institusional yanaşmaların gücləndirilməsini, müasir prinsiplərin tətbiqini və memarlıq fəaliyyətində innovativ həllərin təşviqini məqsəd kimi qarşıya qoyur.
Məhz bu baxımdan Bakının 17-22 may 2026-cı il tarixlərdə on minlərlə nümayəndənin, dövlət və hökumət başçıları, memar, urbanist, ekoloq və digər ekspertlərin, geniş ictimaiyyətin iştirak edəcəyi möhtəşəm bir tədbirə - BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) evsahibliyi etməsi xüsusi əhəmiyyətə malikdir. Öz sahəsində ən nüfuzlu qlobal platformalardan biri olan bu tədbirin əsas mövzusu "Dünyanı mənzillə təmin etmək: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar" kimi müəyyən edilmişdir ki, bu da qlobal miqyasda normal həyat şəraitinin əlçatanlığı, qeyri-formal məskunlaşma və urban bərabərsizliyi problemlərinin aktuallığını əks etdirir.
Forum çərçivəsində müzakirə olunacaq dayanıqlı və inklüziv şəhər planlaşdırılması və yaşıllaşdırılması, ekosistem əsaslı yanaşmalar, iqlim dəyişmələrinə adaptasiya, şəhər dayanıqlılığı, "ağıllı şəhər" texnologiyalarının tətbiqi və rəqəmsal transformasiya kimi prioritet istiqamətlər müasir şəhərsalma elminin əsas çağırışlarını əhatə edir. Bakı şəhəri forum vasitəsilə qlobal təcrübənin, innovativ yanaşmaların müzakirə olunduğu, beynəlxalq əməkdaşlığın gücləndirildiyi platformaya çevrilməklə yanaşı, son illərdə ölkədə həyata keçirilən kompleks abadlıq və yaşıllaşdırma layihələri, nəqliyyat infrastrukturunun modernləşdirilməsi və ictimai məkanların genişləndirilməsi urban transformasiyasının praktiki nümunələri kimi təqdim olunacaq.
Bakı üçün strateji seçim
Beynəlxalq sənədlər, statistik göstəricilər və qlobal təcrübə təsdiq edir ki, şəhərlərin gələcək inkişafı birbaşa onların ekoloji sabitliyindən asılıdır. Bakı bu kontekstdə həm ciddi çağırışlar, həm də perspektivli imkanlar qarşısındadır. COP29-un təklif etdiyi çərçivələr, dövlət strategiyaları və vətəndaş cəmiyyəti təşəbbüsləri Bakının və digər şəhərlərimizin transformasiyası üçün möhkəm institusional baza yaradır.
Mövcud nailiyyətlərlə yanaşı, Bakı şəhərinin ekoloji sistemində bir sıra struktur problemləri hələ də qalmaqdadır. Bunlara nəqliyyat vasitələrinin sayının və tıxacların artması ilə əlaqədar atmosfer havasının çirklilik dərəcəsinin yüksəlməsi, yaşıllıq sahələrinin qeyri-bərabər paylanması və bəzi ərazilərdə onların çoxmərtəbəli tikililər və sərt örtüklərlə əvəz olunması, kollektor-kanalizasiya sistemindəki çatışmazlıqlar və s. daxildir. Eyni zamanda su resurslarının, xüsusilə yağış sularının qeyri-səmərəli idarə edilməsi (halbuki bu sular düzgün yanaşma ilə alternativ təmiz su mənbəyinə çevrilə bilər), drenaj sistemlərinin yetərli dayanıqlılığa malik olmaması, biomüxtəlifliyin azalması və yaşayış mühitlərinin fraqmentasiyası, eləcə də torpaq deqradasiyası və şoranlaşma kimi problemlər də aktual olaraq qalır.
Qeyd edilən problemlərin səmərəli həlli üçün yaşıllaşdırmada istifadə olunan bitkilərin introduksiyası elmi əsaslarla həyata keçirilməli, yerli və adaptiv növlərə üstünlük verilməlidir. Allergik və digər patoloji təsir potensialı olan bitkilərin istifadəsi məhdudlaşdırılmalı, bitki yetişdirilməsi, müasir qulluq və inteqrir mühafizə texnologiyalarının tətbiqi genişləndirilməlidir. Landşaft dizaynında "istilik adası" effektini azaldan material və örtüklərin seçimi, kölgələndirmə sistemlərinin və su elementlərinin inteqrasiyası əsas prinsiplərdən olmalıdır.
Ətraf mühitə düşən yükün azaldılması məqsədilə elektrik nəqliyyatından istifadənin genişləndirilməsi, velosiped və piyada infrastrukturunun inkişafı istiqamətində işlər daha fəal şəkildə həyata keçirilməlidir. Eyni zamanda son dövrlərdə müşahidə olunan intensiv yağıntılar göstərir ki, su resurslarının elmi əsaslı idarə olunması şəhər təsərrüfatının prioritet məsələlərindən olmalıdır. Bu baxımdan yağış sularının toplanması və təkrar istifadəsi texnologiyalarının tətbiqi, keçirici örtüklərdən istifadə və drenaj sistemlərinin dayanıqlı şəkildə modernləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Şəhər miqyasında daimi fəaliyyət göstərən ekoloji monitorinq sistemlərinin qurulması da vacib istiqamətlərdəndir. Bunun üçün sensor şəbəkələrinin yaradılması, şəhər idarəçiliyində rəqəmsallaşdırma, "big data" və GIS əsaslı texnologiyaların tətbiqi qərarqəbuletmə prosesinin elmi əsaslara söykənməsini təmin edə bilər. Qeyd olunanlarla yanaşı, vətəndaş cəmiyyəti institutlarının bu proseslərə cəlb olunması, bütün səviyyələrdə ekoloji maarifləndirmənin gücləndirilməsi, şəhər bağçılığı və icma əsaslı yaşıllaşdırma təşəbbüslərinin dəstəklənməsi dayanıqlı və inklüziv urban inkişafın mühüm tərkib hissəsi kimi çıxış edir.
Bakı qarşıdakı onillikdə öz inkişafında yeni mərhələyə qədəm qoyacaq. Qlobal platformalar və milli səviyyədə həyata keçirilən ekoloji siyasət şəhərin dayanıqlı, inklüziv və iqlimədavamlı modelə transformasiyası üçün əlverişli zəmin yaradır. Elmi əsaslara söykənən, inteqrativ və uzunmüddətli yanaşma tətbiq edildiyi halda Bakı yalnız regionda deyil, daha geniş coğrafiyada "yaşıl şəhər" modelinin uğurlu nümunələrindən birinə çevrilə bilər.
İradə HÜSEYNOVA,
AMEA-nın vitse-prezidenti, akademik