08 May 2026 08:25
122
SİYASƏT
A- A+
Müstəqil Azərbaycan böyük Heydər Əliyev ideyalarının təntənəsidir

Müstəqil Azərbaycan böyük Heydər Əliyev ideyalarının təntənəsidir


Ulu Öndər Heydər Əliyev öz dərin zəkası ilə zamanı qabaqlamış, iradəsi ilə taleyin axınını dəyişmiş bir dünya lideridir. Ümummilli Liderin simasında biz yalnız qüdrətli dövlət xadimini yox, eyni zamanda öz xalqının ruhuna dərindən bələd olan, onun ağrılarını özününkü bilən və gələcəyini zərgər dəqiqliyi ilə inşa edən dahi bir strateqi görürük. Heydər Əliyev dühası ən çətin məqamlarda ümidsizliyə qapılan kütləni vahid millətə çevirməyi bacaran, milli mənlik şüurunu yenidən oyadan, onu formalaşdıran bir məşəldir desək, yanılmarıq.

Ümummilli Liderin hər addımı, hər sözü, kəlamı müstəqilliyimizin əbədi olması üçün atılmış fundamental təməllərdir. O baxımdan Ulu Öndər Heydər Əliyevin anadan olmasının bu günlərdə qeyd etdiyimiz 103-cü ildönümü, sadəcə, xatirə günü deyil, həm də onun xalqımıza qoyub getdiyi ən böyük mirasın - müstəqilliyimizin qələbə təntənəsidir. 103 il öncə başlayan bu şərəfli ömür yolu bu gün azad Şuşada, dirçələn Qarabağda, doğma Naxçıvanda və müasir Bakının simasında, bir sözlə, ölkəmizin hər guşəsində əbədiyaşarlıq qazanıb. Heydər Əliyev yolu tükənməz bir enerji və inkişaf mənbəyidir. Ulu Öndər elə bir dövlət binası qurub, inşa edib ki, bu gün həmin bina Zəfər tacı ilə bəzənmiş, ərazi bütövlüyünü bərpa etmiş qüdrətli bir Azərbaycanın simvoluna çevrilib.

Ötən hər il Ulu Öndərin zəkasının, irsinin nə dərəcədə uzaqgörən olduğunu bir daha təsdiqləyir. İlk dəfə deyil ki, qeyd edirik, Ümummilli Lider Heydər Əliyevin Sovetlər İttifaqı dönəmindəki fəaliyyəti Azərbaycanın gələcək müstəqilliyinə aparan mərhələ idi. Ötən əsrin 60-cı illərində Azərbaycan SSRİ-nin aqrar respublikalarından biri idi. 1969-cu ildə Heydər Əliyevin ölkəmizə siyasi rəhbərliyə başlamasından qısa müddət sonra Azərbaycanın iqtisadi xəritəsi tamamilə dəyişdi, ölkəmiz sənaye respublikasına çevrildi.

Ümummilli Liderin uzaqgörən addımlarından biri də azərbaycanlı gənclərin SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərilməsi idi. Hər il minlərlə azərbaycanlı gənc Moskva, Leninqrad və Kiyev şəhərlərinə ən nadir ixtisaslar üzrə təhsil almağa göndərilirdi. 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəbi yaratmaqla Heydər Əliyev azərbaycanlı zabit nəslinin yetişdirilməsinə rəhbərlik etdi. Ulu Öndərin bu istiqamətdə uzaqgörən addımları müstəqillik qazanılacağı təqdirdə ölkəmizi idarə edə biləcək milli kadr və mütəxəssis ordusunun yaradılmasına xidmət edirdi.

Sovet ideologiyasının hakim olduğu bir zamanda milli kimliyi qorumaq məsələsi də böyük cəsarət tələb edirdi. Ümummilli Lider Heydər Əliyevin ən böyük tarixi qələbələrindən biri də məhz Azərbaycan dilinin dövlət dili kimi o dövrdə Konstitusiyada təsbit edilməsinə nail olması idi. Bu, ittifaq respublikaları arasında nadir hadisə idi. Ulu Öndər sovet sisteminin daxilində Azərbaycan faktorunu diqqət mərkəzinə qoymağı bacaran yeganə lider idi. O, ittifaq büdcəsindən Azərbaycana ən böyük dotasiyaların ayrılmasını təmin edir, respublikanı ittifaqın donoruna çevirirdi. İqtisadi güc, milli kadrlar, dövlət dili və hərbi baza 1991-ci ildə müstəqilliyi bərpa olunan Azərbaycanın üzərində dayandığı fundamental sütunlar oldu. Bugünkü qüdrətli Azərbaycanın da memarlıq layihəsi məhz həmin illərdə cızıldı. Ulu Öndərin həyatı və siyasi fəaliyyəti hər bir azərbaycanlı üçün milli qürur mənbəyi, dövlətçilik məktəbi və vətənpərvərlik nümunəsidir.

1990-cı illərin əvvəllərində Azərbaycan tarixin ən ağır sınaqları ilə üz-üzə qalmışdı. Moskvaya satılmış xəyanətkar rəhbərlər və heç bir idarəçilik bacarığı olmayan siyasi qüvvələr səriştəsizlikləri ilə ölkəmizi dağılıb məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdular. Hakimiyyət çəkişmələri, xaos və Ermənistanın işğalçılıq siyasəti dövlətimizi yox olmaq, dağılmaq təhlükəsinə sürükləyirdi. Belə taleyüklü məqamda qədirbilən xalqımızın gözü öz böyük oğlunu, Vətənin ümid çırağını axtarırdı. 1990-cı il yanvarın 21-də həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib cəsarətli bəyanat verən siyasi xadim Heydər Əliyev xalqın qurtuluş mübarizəsinin önünə keçdi.

Böyük Heydər Əliyev 1990-cı ilin iyulunda Bakıya qayıtdıqdan sonra mövcud siyasi rəhbərliyin qısqanclığı ilə qarşılaşdı və doğulub boya-başa çatdığı doğma Naxçıvana üz tutdu, orada bütün Azərbaycanın qurtuluş mübarizəsini başlatdı. Bu dövrdə Naxçıvan olduqca acınacaqlı, çıxılmaz vəziyyətə düşmüşdü. Mürəkkəb tarixi şəraitdə uzaqgörən lider Heydər Əliyev misilsiz siyasi dühası və dövlət müdrikliyi sayəsində ermənilərin Naxçıvanı işğal planını boşa çıxardı. Blokada şəraitində olan muxtar respublikanı həm işğaldan qorudu, həm də bu qədim diyarda ilk dəfə üçrəngli bayrağımızı dövlət rəmzi kimi ucaltdı.

1993-cü ilin iyununda xalqın israrlı tələbi, dəvəti ilə yenidən hakimiyyətə qayıdan dahi rəhbər ölkəmizi vətəndaş müharibəsinin astanasından geri qaytardı, getdikcə alovlanmaqda olan separatçı meyillərin qarşısını aldı və Azərbaycanda uzunömürlü sabitliyin əsasını qoydu. Bu fəlakət anında Azərbaycan xalqının, Vətənin yeganə ümid yeri, qurtuluşu məhz böyük Heydər Əliyev idi. Ulu Öndərin xalqın təkidi ilə yenidən hakimiyyətə gəlməsi sayəsində xarici və daxili düşmənlərin oxu daşa dəydi, bədxahların arzuları gözlərində qaldı. Müdrik dövlət xadimi bir neçə siyasi gedişdən sonra vətəndaş müharibəsi təhlükəsini tamamilə aradan qaldırdı. Beləliklə, dövlətimizin, xalqımızın tarixi müqəddəratının idarəçilik sükanı xalqımızın təkidi ilə dahi liderin əlinə keçdi.

Ulu Öndərin 15 iyun 1993-cü ildə Milli Məclisin Sədri seçilməsi ilə başlayan Qurtuluş mərhələsində Azərbaycanda qardaş qırğınının qarşısı alındı, qanunsuz silahlı qruplaşmalar ləğv edildi və dövlətin hüquqi bazası formalaşmağa başladı. Ulu Öndər Heydər Əliyevin böyüklüyü həm də ondan ibarət idi ki, o, hərbi uğursuzluqların kökündə duran siyasi pərakəndəliyi aradan qaldırmadan qələbənin qeyri-mümkün olduğunu bilirdi. 1994-cü ildə Ermənistanla atəşkəs rejiminin əldə olunması Azərbaycana böyük islahatlara başlamaq üçün strateji zaman qazandırdı.

Ümummilli Lider çox yaxşı bilirdi ki, ölkəni böhrandan çıxarmaq üçün köklü iqtisadi islahatlara və beynəlxalq əməkdaşlığa ehtiyac var. 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" Azərbaycanın neft strategiyasının şah əsəri oldu. Bu müqavilə ilə Azərbaycan qlobal iqtisadiyyatın tamhüquqlu üzvünə çevrildi, ölkəyə nəhəng investisiya axını başlandı. Dünyanın aparıcı dövlətləri Azərbaycanın iqtisadi və siyasi sabitliyində maraqlı tərəf oldular. Böyük Heydər Əliyevin təşəbbüsü ilə bərpa edilən qədim İpək yolu layihəsi Azərbaycanı Şərqlə Qərb arasında mühüm tranzit qovşağına çevirərək müstəqilliyimizin iqtisadi təhlükəsizliyini təmin etdi.

2003-cü ildən etibarən Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev Heydər Əliyev kursunu yeni dövrün tələblərinə uyğun olaraq inkişaf etdirməyə başladı. Dövlətimizin başçısının müəyyənləşdirdiyi uzaqgörən siyasi kurs nəticəsində ilk onillikdə ölkə iqtisadiyyatının misli görünməmiş artımı təmin edildi. Azərbaycan neft və qaz ixracatçısından regionun enerji mərkəzinə və nəqliyyat qovşağına çevrildi. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, "Cənub qaz dəhlizi" kimi nəhəng layihələr ölkəni qlobal iqtisadiyyatın ayrılmaz hissəsi halına gətirdi.

Prezident İlham Əliyev iqtisadi güc və diplomatik üstünlüyün hərbi qüdrətlə tamamlanmalı olduğunu çox gözəl bilirdi. Ona görə də ölkənin hərbi büdcəsi artırıldı, ən müasir silahlar alındı və daxili müdafiə sənayesi quruldu. Ən əsası isə Prezident İlham Əliyevin səyi ilə cəmiyyətimizdə vətənpərvərlik ruhu daha da yüksəldildi və yeni vətənpərvər nəsil yetişdirildi.

Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyinin möhtəşəm yekunu 2020-ci ildə reallaşdı. 44 günlük Vətən müharibəsi Azərbaycanın hərbi və diplomatik qələbəsi ilə nəticələndi. Xalqımızın milli qeyrət simvoluna çevrilmiş Şuşanın azad edilməsindən sonra Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin xalqa müraciəti tarixə düşdü: "Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır!" Ulu Öndərin uzaqgörən siyasəti və Müzəffər Ali Baş Komandanın qətiyyəti birləşərək Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi.

Prezident İlham Əliyevin rəhbərliyi dövründə qazanılan uğurlar yalnız hərbi və enerji sahələri ilə məhdudlaşmır, bura dövlət idarəçiliyinin müasirləşdirilməsi, beynəlxalq nüfuzun artırılması və milli intibahın bütün sahələri daxildir. Diplomatik müstəvidə Azərbaycanın çoxsaylı uğurları, bir neçə mühüm beynəlxalq tədbirə evsahibliyi etməsi ölkə rəhbərinin xarici siyasətinin zirvə nöqtələrindən hesab olunur. Əldə edilən nailiyyətlər müstəqil Azərbaycanın qlobal miqyasda etibarlı tərəfdaş kimi qəbul edilməsinin və cənab İlham Əliyevin şəxsi nüfuzunun parlaq sübutudur. 

Dövlətimizin başçısı İlham Əliyevin humanitar diplomatiya kursu sayəsində Bakı dünyanın mədəniyyətlərarası dialoq mərkəzinə çevrilib. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Bakı Beynəlxalq Humanitar Forumu kimi tədbirlər vasitəsilə Azərbaycan sivilizasiyalar arasında körpü rolunu möhkəmləndirib. Eyni zamanda I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və "Formula-1" kimi möhtəşəm beynəlxalq idman tədbirlərinin yüksək səviyyədə təşkili ölkənin müasir infrastruktur imkanlarını və təhlükəsizlik səviyyəsini bütün dünyaya nümayiş etdirir. Daxili idarəçilikdə şəffaflığın təmin edilməsi istiqamətində atılan inqilabi addımlar da Prezident İlham Əliyevin mühüm nailiyyətləri sırasındadır. 

Ümummilli Lider Heydər Əliyev irsi təkcə siyasi strategiyalar toplusu deyil, həm də dərin humanizm prinsiplərinə söykənən bir məktəbdir. Bu məktəbin ən ali dəyərlərini yaşatmaq, Ulu Öndərin xalqa xidmət fəlsəfəsini real əməllərlə davam etdirmək missiyasını Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva öz üzərinə götürüb. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu yarandığı gündən etibarən Ümummilli Liderin zəngin irsinin öyrənilməsi, təbliği və bu ideyaların gələcək nəsillərə ötürülməsi istiqamətində misilsiz layihələrə imza atıb. Ulu Öndərin ideyalarının siyasi, insani, mədəni və xeyriyyəçilik aspektlərini canlandırıb.

Birmənalı vurğulamaq lazımdır ki, Heydər Əliyev Fondu dövlətin həyata keçirdiyi sosial siyasətə ən böyük mənəvi və praktiki dəstəyi verən qurumdur. Fondun fəaliyyəti cəmiyyətin ən həssas təbəqələrini - uşaq evlərini, kimsəsizləri, xəstəlikdən əziyyət çəkən insanları, xüsusilə şəhid və qazi ailələrini əhatə edir. "Yeniləşən Azərbaycana yeni məktəb", "Təhsilə dəstək" kimi proqramlar çərçivəsində ölkənin ən ucqar kəndlərində belə müasir təhsil ocaqlarının tikilməsi gənc nəslin böyük Heydər Əliyev ideallarına sadiq, bilikli və vətənpərvər yetişməsinə xidmət edir. Səhiyyə sahəsində həyata keçirilən çoxsaylı layihələr Mehriban xanım Əliyevanın Azərbaycan xalqına bağlılığının və genofondumuzun qorunmasının icrasıdır.

Ulu Öndər Azərbaycan mədəniyyətini millətin vizit kartı hesab edirdi. Mehriban xanım Əliyeva bu baxış bucağını beynəlxalq müstəviyə daşıdı. Heydər Əliyev Fondunun təşəbbüsü ilə muğam sənətinin, xalçaçılığın, aşıq sənətinin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi tarixi nailiyyətdir. Fondun xaricdə həyata keçirdiyi layihələr, dini və tarixi abidələrin bərpası Azərbaycanın tolerantlıq və multikulturalizm mərkəzi kimi imicini möhkəmləndirib. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən bu işlər Azərbaycanın dünyada sülhsevər, mədəni və sivil dövlət kimi imicini daha da möhkəmləndirib. Bu, əslində, Ulu Öndər Heydər Əliyevin "Azərbaycan dünyaya günəş kimi doğacaq" kəlamının mədəni müstəvidə reallaşmasıdır.

Vətən müharibəsindən sonra Heydər Əliyev Fondunun fəaliyyəti yeni və daha şərəfli bir mərhələyə qədəm qoydu. İşğaldan azad edilmiş torpaqlarda, xüsusilə də mədəniyyət paytaxtımız Şuşada tarixi-dini abidələrin bərpası xanım Mehriban Əliyevanın birbaşa nəzarəti altındadır. Vaqif Poeziya Günlərinin, "Xarıbülbül" festivalının yenidən bərpası və rəngarəngliyi ilə dünyaya səs salması Ulu Öndərin ruhunu şad edən ən böyük hadisələrdən biridir. Fondun Şuşadakı məscidləri, muzeyləri və mədəniyyət ocaqlarını bərpa etməsi Azərbaycanın mənəvi qələbəsinin təntənəsidir. Heydər Əliyev Fondu xalqımızın inam yerinə çevrilmiş mənəvi körpüdür. Ulu Öndərin əziz xatirəsi onun adını daşıyan fondun, şəxsən Mehriban xanım Əliyevanın xeyirxah əməllərində, hər bir Azərbaycan vətəndaşının üzündəki təbəssümdə və yenidən dirçələn Qarabağımızn hər bir daşında əbədi olaraq yaşayır və yaşayacaq!

Bu gün Azərbaycan xalqı ağı qaradan seçməyi bacarır və çox yaxşı görür ki, dövlətimizin sükanı etibarlı, möhkəm və əmin əllərdədir. Qalib Lider, Prezident İlham Əliyevin qətiyyətli siyasəti ilə ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın humanizm və mədəni quruculuq dolu misilsiz fəaliyyəti bir-birini tamamlayır. Bu gün Ulu Öndər Heydər Əliyevin əbədiyaşar ideyaları, Prezident İlham Əliyevin güclü dövlətçilik iradəsi və Mehriban xanım Əliyevanın mənəvi enerjisi müstəqil Azərbaycanı daha parlaq, işıqlı gələcəyə daşıyır. Əsası Ulu Öndər tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən zirvəyə daşınan müstəqillik yolu əbədi və dönməzdir. Xalqımızın dünyaya bəxş etdiyi və xalqımıza müstəqillik qədər dünyalar bəxş etmiş Ümummilli Lider Heydər Əliyev elə dünənimiz, bu günümüz və gələcəyimiz olan Azərbaycanımızın özüdür.


Bəxtiyar ƏSGƏROV, 

Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Vətən sevgisi - insan ləyaqətinin göstəricisidir

09:30
08 May

Bakıda aqrar və qida sənayesinin ən böyük sərgiləri yekunlaşır

09:25
08 May

Azərbaycan-İİB: etibarlı və davamlı maliyyə tərəfdaşlığı

09:20
08 May

Xarici ekspertlər Avropanın enerji təchizatında Azərbaycanın artan rolunu etiraf və təqdir edirlər

09:15
08 May

Halal ömür

09:10
08 May

Azərbaycanla əlaqələrin inkişafı Avropa üçün strateji zərurətdir

09:05
08 May

Fransanın "dəstəy"i Ermənistana uğur vəd edə bilməz 

09:00
08 May

Fransa yanlış siyasətindən əl çəkmir 

08:55
08 May

Hayların halına ağlayan gərək

08:50
08 May

Fransanın ermənipərəst ritorikası sülh prosesi ilə ziddiyyət təşkil edir

08:45
08 May

Roberta Metsolanın açıqlaması Avropa Parlamentinin qərəzli simasını nümayiş etdirir

08:40
08 May

Bakıda klassik musiqi konserti keçirilib

08:35
08 May

Ulu Öndər Heydər Əliyevin şəhərsalma strategiyası və Bakının WUF13-ə uzanan inkişaf yolu

08:30
08 May

Müstəqil Azərbaycan böyük Heydər Əliyev ideyalarının təntənəsidir

08:25
08 May

Heydər Əliyevin irsi milli sərvətimizdir

08:20
08 May

Ulu Öndərin ideyaları işığında şəhər ekosistemlərinin dayanıqlı inkişafı və "yaşıl transformasiya" paradiqması

08:15
08 May

Güclü və qalib Azərbaycanın reallığı

08:10
08 May

Heydər Əliyev ədəbiyyatın, mədəniyyətin hamisi idi

08:05
08 May

Zəfərin əbədi ünvanı

08:00
08 May

Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:01
08 May

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında

02:01
08 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!