30 Aprel 2026 08:00
240
SİYASƏT
A- A+
Bakı qlobal geosiyasətin ehtiramla qəbul olunan aktorudur 

Bakı qlobal geosiyasətin ehtiramla qəbul olunan aktorudur 


Avropa İttifaqı üzvü olan dövlətlərin rəhbərlərinin Azərbaycana intensivləşən səfərləri bunu təsdiqləyir


Yeni regional və qlobal nizamda Azərbaycanın həlledici rolu artır. Qütblərarası rəqabətin dərinləşdiyi bir dövrdə Bakının heç bir siyasi-hərbi blokdan asılı olmayaraq yürütdüyü müstəqil siyasət xüsusi əhəmiyyət kəsb edir. Son dövrlərdə xarici ölkələrin dövlət və hökumət rəhbərlərinin Azərbaycana ardıcıl səfərləri rəsmi Bakının geosiyasi statusunun və iqtisadi potensialının yüksəlməsinin bariz göstəricisidir. Litvanın Baş naziri İnqa Ruqinienenin, Latviya Prezidenti Edqars Rinkeviçsin, Çexiya Respublikasının Baş naziri Andrey Babişin, o cümlədən Ukrayna lideri Volodimir Zelenskinin ölkəmizə ardıcıl səfərləri Azərbaycanın dialoq mühiti və çoxvektorlu tərəfdaşlıq statusunun yüksəlməsindən xəbər verir.

Ötən ay Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın ölkəmizə reallaşan rəsmi səfəri də mühüm hadisə kimi yadda qaldı. Prezident İlham Əliyevin Koşta ilə apardığı danışıqlarda enerji dialoqu, regional təhlükəsizlik arxitekturası və iqtisadi diversifikasiya məsələləri diqqət mərkəzində oldu. Verilən rəsmi bəyanatlar tərəflərin iqtisadiyyatdan təhlükəsizliyə qədər bütün sahələrdə işbirliyini dərinləşdirmək əzmində olduğunu bir daha sübut etdi. 

Avropa siyasilərinin ölkəmizə reallaşan səfərləri, yüksəksəviyyəli müzakirələr və verilən birgə bəyanatlar Azərbaycanın müstəqil, çoxşaxəli xarici siyasət kursunun növbəti təzahürüdür. Diplomatik fəallıq rəsmi Bakının balanslı yanaşmasının beynəlxalq səviyyədəki legitimliyini və aktual çəkisini bir daha təsdiqləyir. Rəsmi Bakı beynəlxalq miqyasda təhlükəsizliyin, konstruktiv əməkdaşlığın və sivilizasiyalararası dialoqun təşviqində unikal bir missiya daşıyıcısı kimi tanınır. Məhz bu etibarlılıq faktoru müxtəlif güc mərkəzlərinin Azərbaycanı strateji tərəfdaş, neytral və effektiv dialoq platforması kimi tanımasını təmin edir.

Avropa İttifaqı ölkələri üçün Azərbaycan uzunmüddətli və etibarlı enerji tərəfdaşı statusunu qoruyur. Bu gün Azərbaycanın Avropa İttifaqının 10 üzvünə mavi yanacaq ixrac etməsi mövcud reallıqdır və bu fakt "qoca qitə"nin siyasi dairələrində yüksək qiymətləndirilir. Avropa İttifaqının (Aİ) xarici siyasət rəhbəri Kaya Kallas Lüksemburqda Aİ ölkələrinin xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbuat konfransında bildirmişdi ki, Azərbaycanın enerji sahəsində etibarlı tərəfdaş kimi qiymətləndirilməsi təsadüfi deyil. Avropa özünün resurs ehtiyaclarını qarşılamaq üçün rəsmi Bakını ən etibarlı strateji müttəfiq qismində qəbul edir. Xüsusən qitənin enerji təhlükəsizliyi məsələsinin kəskinləşdiyi dövrdə Bakı ilə əməkdaşlıq həm də zəruri seçimdir. 

Prezident İlham Əliyev aprelin 27-də Qəbələdə Çexiyanın Baş naziri ilə görüşündə bu məqamı vurğulamış, Azərbaycanın dünya bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkələr sırasında olduğunu demişdi: "Bunu o cümlədən Avropa İttifaqı da qeyd edir və Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir. Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onlardan 10 ölkə Avropa İttifaqının üzvüdür". 

Perspektivdə Azərbaycan Avropa istiqamətində qaz ixracının həcmini də genişləndirməyi planlaşdırır. Bu, bir çox ölkənin sözügedən layihələrdən bəhrələnmək marağını artırır. "Cənub qaz dəhlizi" layihəsi xüsusi çəkisi ilə fərqlənir və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Statistik göstəricilər də bu dinamikanı təsdiqləyir. 2025-ci ildə Azərbaycanın ixrac etdiyi 25 milyard kubmetr qazın 13 milyard kubmetri Aİ ölkələrinə yönəlib. Bu da 2021-ci illə müqayisədə təxminən 60 faizlik artım deməkdir. 

Qərb ölkələri ilə dinamik şəkildə genişlənən əməkdaşlıq Bakının bütövlükdə Avropa İttifaqı ilə olan münasibətlərinə müsbət impuls verir. Avropa dövlətləri ilə enerji müstəvisində qurulan sıx dialoq siyasi əlaqələrin canlanmasına və tərəflər arasında strateji tərəfdaşlıq bağlarının daha da möhkəmlənməsinə münbit şərait yaradır. 

Tərəflər arasında münasibətlər yalnız enerji resurslarının ixracı ilə məhdudlaşmır. Logistika, nəqliyyat dəhlizləri və regional inteqrasiya layihələri də gündəmdədir. Azərbaycanın geoiqtisadi mövqeyi, Şərqlə Qərbi birləşdirən əsas qovşaq funksiyası Aİ üçün xüsusi əhəmiyyət daşıyır. Bu isə Bakı-Brüssel xəttində əməkdaşlığı daha çoxşaxəli və dayanıqlı edir. Xüsusilə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta dəhliz) Azərbaycanın qitə üçün logistik əhəmiyyətini daha da artırır. 

Ölkəmizin qovşaq statusuna bu il aprelin 27-də Qəbələdə keçirilən Azərbaycan-Çexiya biznes-forumunda dövlətimizin başçısı tərəfindən diqqət yönəldildi. Prezident 

İlham Əliyev Azərbaycanın qlobal bağlantı rolunun əhəmiyyətindən danışdı: "Bu gün biz "Şərq-Qərb" nəqliyyat dəhlizinə geniş sərmayə yatırırıq və bu gün ənənəvi təchizat zəncirinin kəsilməsinə, logistika və tranzitlə bağlı problemlərə görə bu dəhlizə heç vaxt olmadığı kimi ehtiyac var. Beləliklə, Azərbaycan Şərqdən Qərbə və əks istiqamətdə, hətta Şimaldan Cənuba və Cənubdan Şimala təhlükəsiz və etibarlı tranziti təmin edir. Biz hər iki dəhlizin kəsişməsində yerləşirik və son illərdə infrastruktura geniş investisiyalar ilə biz bir çox ölkələrə lazım olan bu böyük aktivi artıq yaratmışıq". 

Yaxın Şərqdə hökm sürən qeyri-sabitlik, Rusiya-Ukrayna müharibəsi və digər münaqişələr qlobal ticarət yollarının konfiqurasiyasına ciddi təsir edərək, ölkəmizin tranzit potensialının aktuallığını artırıb. Şərqlə Qərbin qovşağında yerləşən ölkəmizin əlverişli coğrafi mövqeyi və yürüdülən balanslaşdırılmış siyasət Azərbaycanı Avropa İttifaqı üçün həyati əhəmiyyət kəsb edən tərəfdaş statusuna daşıyıb. Xüsusilə Çinlə Aİ arasında nəqliyyat-logistika zəncirinin qurulmasında ölkəmizin payı günbəgün yüksəlməkdədir. Hazırda Çindən Avropaya yük axını müxtəlif istiqamətlər üzrə şaxələndirilib və bu proses orta hesabla 15-20 günlük zaman çərçivəsində reallaşır. Orta dəhlizin tam gücü ilə işləməsi və perspektivdə Zəngəzur dəhlizinin (TRIPP) istifadəyə verilməsi bu marşrutun rəqabətqabiliyyətliliyini əhəmiyyətli dərəcədə artıracaq. Nəticədə Çin, Qazaxıstan, Azərbaycan, Türkiyə və Şərqi Avropa istiqamətini birləşdirən daha çevik və səmərəli logistik şəbəkə yaranacaq. 

Nəticə etibarilə son günlərdə diplomatik təmasların intensivləşməsi dövlətimizin beynəlxalq müstəvidə mövqeyini sarsılmaz edir. Əlbəttə, bütün bu diplomatik və iqtisadi nailiyyətlərin təməlində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş və uzaqgörən xarici siyasi kurs dayanır. Dövlətimizin başçısının milli maraqlara söykənən prinsipial mövqeyi Azərbaycanı qlobal siyasi arenada mühüm qərarların qəbulunda söz sahibi olan strateji mərkəzə çevirib. Azərbaycanın Avropanın enerji xəritəsini yenidən cızması məhz dövlətimizin başçısının illər öncədən hədəflədiyi strateji uzaqgörənliyin nəticəsidir. Prezident İlham Əliyevin regionda yaratdığı yeni geosiyasi reallıqlar Azərbaycanı Şərqlə Qərb arasında ən etibarlı logistik qovşağa çevirərək, ölkəmizin gələcək onilliklər üçün iqtisadi qüdrətini təminat altına alıb. 


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Niyə istifadə etmədiyimiz bəzi əşyaları ata bilmirik

09:25
30 Aprel

Sərhəd tanımayan musiqi janrı

09:20
30 Aprel

Sənətin möcüzəsi 

09:15
30 Aprel

Yağmurlu hava Tovuzda kartof əkininə mane olmur

09:10
30 Aprel

Masallının Xırmandalı kəndində Yaradıcılıq Evi fəaliyyət göstərir

09:07
30 Aprel

Təcrübə sözünü deyir

09:05
30 Aprel

Sumqayıtda qaz infrastrukturu müasir standartlara uyğunlaşdırılır

09:03
30 Aprel

Bu mövsüm pambıqçılar su sarıdan korluq çəkməyəcəklər

09:00
30 Aprel

Masallıda əmək yarmarkası: 200 işaxtaran, 104 vakant

08:55
30 Aprel

Astarada növbəti tibbi aksiyadan 200 nəfər yararlanıb

08:50
30 Aprel

Şəmkirdə elektrik təsərrüfatı yenilənir

08:45
30 Aprel

Bakı WUF13 ərəfəsində

08:40
30 Aprel

Milli məfkurə və vətənsevərlik ruhunda yazılan "XX əsr Azərbaycan ədəbiyyatı tarixi"

08:35
30 Aprel

Polad iradəli qəhrəmanlar

08:30
30 Aprel

Aprel: neysandan leysana, bərəkətdən fəlakətə

08:25
30 Aprel

Maliyyə icarəsi fəaliyyətinin təkmil hüquqi əsasları yaradılır

08:20
30 Aprel

Beynəlxalq birliyin Azərbaycana yeni baxışı

08:15
30 Aprel

Azərbaycan-Çexiya əlaqələri çoxvektorlu səciyyə daşıyır

08:10
30 Aprel

Qəbələ bu dəfə yüksəksəviyyəli görüşlərin ünvanı kimi dünya gündəmində oldu

08:05
30 Aprel

Bakı qlobal geosiyasətin ehtiramla qəbul olunan aktorudur 

08:00
30 Aprel

Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:28
30 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!