İrəvanda keçirilmiş "Avropa Siyasi Birliyi"nin sammitində Fransa Prezidenti Emmanuel Makronun Ermənistanın xarici siyasəti ilə bağlı səsləndirdiyi fikirlər zamanlama baxımından nəticəyə, məqsədə hesablanmış ifadədir. Məlum məsələdir ki, yaxın zamanda Ermənistanda seçki prosesi baş tutacaq və Nikol Paşinyan Qərbin dəstəyi ilə hakimiyyətə gələn fiqur olduğundan Qərb liderləri ona dəstək ifadə edirlər.
Milli Məclisin deputatı Azər Badamov qəzetimizə açıqlamasında bildirib ki, uzun illər ərzində Ermənistanın tutmuş olduğu yanlış yol onu bir dövlət kimi dalana dirəyib. Bu, həm də onu göstərir ki, Ermənistan regionda məqsədli və şüurlu şəkildə yaradılan bir dövlətdir və İrəvan heç vaxt müstəqil xarici siyasət kursu yürütməyib, böyük güclərin diktəsini və iradəsini həyata keçirib. Bu gün əməkdaşlıq üçün Ermənistan saxta tarixdən, yanlış yoldan çəkinməli və nəinki regional aktorlara qarşı ərazi iddialarına son qoymalı, həm də münasibətləri korlayacaq belə bir addım atmamalıdır".
Nikol Paşinyanın Ermənistanı Rusiya orbitindən uzaqlaşdırmaq yolunu tutduğunu qeyd edən deputat bildirib ki, Baş nazir bunun qısa zamanda və birdən-birə baş tutacaq bir məsələ olmadığına əmindir. Ona görə də qarşıdan gələn seçkiləri nəzərə alaraq hədəfinə addım-addım çatmağı planlayır. Ermənistan iqtisadiyyatının Rusiya ilə sıx bağlılığı, habelə Rusiyanın Ermənistanda hərbi bazasının mövcudluğu da buna əsasdır. "Makronun Ermənistana dəstək nümayişinə gəlincə isə bu, hər zaman müşahidə etdiyimiz ritorikadır. Fransa erməni diasporunun pulu hesabına hər zaman ermənidən çox ermənilik edib. Bunu Vətən müharibəsi dövründə daha aydın müşahidə etdik. Makronun vasitəçilik rolu ilə bağlı dedikləri də hazırkı vəziyyətə adekvat deyil. Azərbaycanla Ermənistan arasında proseslərin inkişafi nəinki uzaq Qərbdən, hətta yaxın Cənubdan və Şimaldan belə hər hansı vasitəçiyə ehtiyac yaratmır. Ermənistanla digər hər hansı region ölkəsi arasında vasitəçiliyə ehtiyac varsa, Nikol Paşinyan bunu zəruri bilirsə, təbii ki, Makrona müraciət olunması, vasitəçi axtarışı yolunun tutulması normal qəbul edilə bilər. Amma Azərbaycanla danışıqlarda heç bir vasitəçiyə ehtiyac yoxdur", - deyə o əlavə edib.
A.Badamov vurğulayıb ki, seçki yaxınlaşdıqca Rusiya ilə Qərb arasındakı rəqabət Ermənistan üzərindən daha da qızışır. Bu rəqabət özünü ideoloji sahədə də göstərir. Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitriy Medvedevin ingilis, ya rus dili istifadəsi ilə bağlı fikirləri də bunu açıqca göstərir. Belarusla Ermənistan arasında yaşanan gərginlik də bura daxildir.
Deputat bildirib ki, bütün bunlara əlavə olaraq Fransanın Avropa və xarici işlər naziri Æan Noel Baronun Fransa Senatında Azərbaycan əleyhinə səsləndirdiyi iddialar da son dərəcə yanlışdır: "Azərbaycanda "Dağlıq Qarabağ" deyə inzibati ərazi vahidi mövcud deyil. Son zamanlar baş verən proseslər göstərir ki, müəyyən dairələr ədalət müstəvisini ikili standartların meydanına çevirməyə çalışırlar. Bu da son dərəcə yanlış yol və sülhə zərbə vurmaq cəhdidir".
Ə.QARDAŞXANOVA,
"Azərbaycan"