08 May 2026 08:20
142
SİYASƏT
A- A+
Heydər Əliyevin irsi milli sərvətimizdir

Heydər Əliyevin irsi milli sərvətimizdir


Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünü qeyd edirik. Dahi şəxsiyyətin şah əsəri olan müstəqil, güclü Azərbaycan onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə zəfərlərə imza ataraq regionda yaratdığı yeni reallıqlarla dünya ictimaiyyətinin diqqət mərkəzindədir.

Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı tarixi Zəfərimizin, ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpasının yaratdığı yeni reallıqlardan sonsuz qürur hissi keçirir. Fəxarət hissi ilə deyə bilərik ki, Ümummilli Lider Heydər Əliyevin ruhu şaddır. Çünki bugünkü Azərbaycan dahi şəxsiyyətin görmək istədiyi Azərbaycandır. Xalqımızın 30 il davam edən torpaq həsrətinə son qoyulmuşdur. Artıq keçmiş məcburi köçkünlər mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdırlar. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük qürur hissi ilə qeyd etdiyi kimi, biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik!

Azad Qarabağ və azad Şərqi Zəngəzur hazırda Azərbaycanın təkmil dirçəliş modelini, şəhərsalmanın müasir təcrübəsini dünyaya təqdim edir. Qalib Azərbaycan dünya hərb tarixində ilkə imza ataraq müharibədən dərhal sonra azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinə başladı. Tarixi Zəfərimizdən ötən beş ildən artıq dövrdə görülən işlərin miqyası hazırda sakinlərinə qovuşmuş azad şəhər, kənd və qəsəbələrin timsalında özünün aydın ifadəsini tapır. İndi Füzuli, Laçın, Cəbrayıl, Kəlbəcər, Ağdam, Şuşa, Xocalı, Xankəndi, Xocavənd şəhərlərinin sakinləri sevincli günlərini yaşayırlar. "Böyük qayıdış" proqramı uğurla icra edilir. 80 000-dən artıq insan öz həyatını yenidən qurmaq, doğma yurdlarına qovuşmaq, təhsil almaq və işləmək məqsədilə Qarabağ və Şərqi Zəngəzur bölgələrinə qayıtmışdır. Hədəf "Böyük qayıdış" proqramının birinci mərhələsinin başa çatacağı cari ilin sonunadək 140 min keçmiş məcburi köçkünün azad edilmiş torpaqlara qayıdışını təmin etməkdir. 

Bu yazıya uğurlarımızın zirvəsində dayanan tarixi Zəfərimizlə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası ilə başlamağımız səbəbsiz deyil. O səbəbdən ki, 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfərin təməlində düşünülmüş siyasət və Lider amili dayanır. Hər bir ölkənin inkişafında bu iki amilin rolu inkaredilməzdir. 1991-1993-cü illərin  reallıqları bunun əyani surətdə təsdiqidir. Azərbaycan həmin dövrün iqtidarının yarıtmaz siyasəti, idarəçilik qabiliyyətinin yoxluğu ucbatından müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı.  Belə bir son dərəcə çətin vəziyyətdə dövlətini, xalqını canından artıq sevən Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın xoşbəxt gələcəyinin təməli qoyuldu. Bugünkü uğurların təməli məhz 1993-2003-cü illərdə qoyulub. Xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxaran və ardıcıl mübarizə apararaq onu uzun illər həsrətində olduğu müstəqilliyinə qovuşduran qüdrətli şəxsiyyət Heydər Əliyevin hakimiyyətinin hər iki dövrü Vətənə, dövlətə, xalqa xidmət nümunəsidir. Ulu Öndər Heydər Əliyev bütün mənalı həyatı boyu azərbaycanlı olması ilə fəxr edərək hər kəsə Vətəni sevməyi öyrətdi. Onun artıq aforizmə çevrilmiş "Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" çağırışı bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının həyat amalıdır.  Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz dahi şəxsiyyət Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Bu gün Ümummilli Liderin layiqli davamçısı müdrik Prezident, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə davamlı yüksəliş yolunda inamla irəliləyən müasir müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin həyat amalının təntənəsidir.

Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərinin miqyası ölçüyəgəlməzdir. Onun fəaliyyətinin hər sahəsi, istiqaməti bir tədqiqat mövzusudur. Azərbaycanın dünyaya günəş kimi doğmasını qarşıya əsas hədəf kimi qoyan Ümummilli Lider Heydər Əliyev respublikamıza rəhbərliyinin  birinci dövründə  özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. 1969-cu il iyulun 14-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra  tariximizin gedişi və həyatımızın ahəngi köklü surətdə dəyişdi, azadlıq və müstəqillik duyğuları milli düşüncəmizdə üstünlük təşkil etməyə başladı.  Dahi Liderin respublikamıza rəhbərliyinin birinci dövrü, yəni 1969-1982-ci  illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu Öndərin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətində atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, xalqımızın özünüdərkini və soykökünə qayıdışını təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir. Ümummilli Lider  xalqımızın əsrlər boyu formalaşan milli dəyərləri, ictimai-siyasi şüuru və dövlətçilik təfəkkürü üzərində güclü dövlət modeli yaratmışdır. Onun zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlətçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur.

Ötən əsrin 90-cı illərində Azərbaycan Ermənistanın hərbi təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşdı.  Taleyimizin həll olunduğu belə bir ağır zamanda xalqın təkidli çağırışına  səs verərək yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu  Azərbaycan dövlətinin dayanıqlı inkişaf yolunu müəyyən etdi. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Ümummilli Lider Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri olmuşdur. O, Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin dünyada tanıdılmasında və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynadı.

Ümummilli Liderimizin hakimiyyətinin hər iki dövründə gənc nəslin milli-mənəvi dəyərlərimizə hörmət və sədaqət, vətənpərvərlik ruhunda formalaşması, ictimai-siyasi həyatda fəal iştirakının təmin edilməsi əsas hədəflər sırasında idi. Dahi şəxsiyyət Azərbaycanın gələcəyinin indiki və gələcək nəsillərə nəyi və necə öyrətməyimizdən asılı olduğunu önə çəkərək bu çağırışı da edirdi ki, gənclərimiz tariximizi, dilimizi, milli-mənəvi dəyərlərimizi, ədəbiyyatımızı yaxşı bilməli, inkişaf etdirməli və təbliğ etməlidirlər.  Dahi rəhbər gənclərin təhsilini xüsusilə diqqətdə saxlayırdı. Onun hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək atdığı mühüm addımlardan biri gənclərin keçmiş ittifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi oldu. Bu həm gənclərin elmin sirlərinə dərindən yiyələnmələrinə, həm də Azərbaycanın keçmiş SSRİ məkanında təbliğinə xidmət edirdi. Ümummilli Lider bildirirdi ki, bizim məqsədimiz gənc nəslə təhsil verib onları gələcəyə hazırlamaqdır. Amma bununla yanaşı, ən böyük məqsədimiz Azərbaycan vətəndaşını, müstəqil Azərbaycan cəmiyyətinin ləyaqətli üzvünü hazırlamaqdır. Hər bir insan gərək  dövlətinə, ənənələrinə, xalqına sadiq vətəndaş olsun. Ulu Öndər həmçinin bu çağırışı da edirdi ki, cəmiyyət təhsilsiz inkişaf edə bilməz. Keçmiş SSRİ dövründə Ulu Öndər Heydər Əliyev milli kimliyin qorunmasına, ana dilində təhsilin inkişafına böyük sərmayə yatırırdı. Onun təşəbbüsü ilə dünya klassiklərinin və elmi ədəbiyyatın Azərbaycan dilinə tərcüməsi, Azərbaycan dilində günün tələblərinə uyğun bədii və elmi əsərlərin nəşri, Konstitusiyada Azərbaycan dilinin dövlət dili statusu alması azərbaycançılıq ideologiyasının inkişafına və təbliğinə xidmət edən mühüm addımlar oldu. Ulu Öndər milli dilimizin xilaskarı kimi tarixdə silinməz imzasını qoydu.

Ümummilli Lider Heydər Əliyev gəncləri Azərbaycan cəmiyyətinin inkişafında mühüm rol oynayan əsas qüvvə kimi görür və buna görə də onlarla bağlı bir çox mühüm islahat həyata keçirirdi. Dahi şəxsiyyətin təşəbbüsü ilə gənclər forumlarının keçirilməsi onların ictimai-siyasi fəallıqlarının artırılmasında, milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə olunmalarında əhəmiyyətli rol oynadı. Gənclərə həmişə böyük ümidlə baxan, onlara qayğı göstərən Ulu Öndər Heydər Əliyevin fərmanı ilə 1997-ci ildən başlayaraq hər ilin 2 fevral tarixi ölkəmizdə Azərbaycan Gəncləri Günü kimi qeyd olunur.

Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik ruhuna, milli düşüncəyə malik, ölkənin ictimai-siyasi həyatında rolu artan gənclər ordusu formalaşıb. "Gənclər milli ruhda, vətənpərvərlik ruhunda, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. Bax, belə gənclər ölkəmizi gələcəyə inamla aparacaq. Hesab edirəm ki, bugünkü gənclərin mütləq əksəriyyəti bu meyarlara cavab verir - bilikli, savadlı, Vətənə bağlı, vətənpərvər və dünyaya açıq. Elə olmalıdır ki, Azərbaycanın dövlət müstəqilliyi güclənsin" sözləri ilə gənclərə böyük inamını ifadə edən Prezident İlham Əliyev bildirir ki, ən çıxılmaz vəziyyətdə belə gənclər qətiyyətli olmalıdırlar. Hazırda Prezident İlham Əliyevin müdrik tövsiyələrini əməli fəaliyyətləri ilə yerinə yetirən gənclərimiz zəngin mədəni irsimizin qorunub saxlanması və təbliğində mühüm addımlar atırlar. Onlar elmi nailiyyətləri, aparılan islahatlarda fəallıqları, özəl sahələrdə qazandıqları uğurları ilə güclü intellektual potensiala malik olduqlarını Vətənə xidmətlərində bildirir, dünyada mövcud olan ən müasir texnologiyalar əsasında yeniliklərə imza atmaqda fərqlənirlər. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsində Zəfər tarixini yazan gənclərimiz Ulu Öndər Heydər Əliyevin idarəçilik məktəbindən bəhrələnən, onun layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yetişdirdiyi gənclərdir. O gənclər ki illərdir torpaqlarımızı düşmən tapdağından azad etmək, Xankəndidə, Şuşada, Xocalıda, ümumilikdə işğal altında olan bütün torpaqlarımızda Azərbaycan bayrağını ucaltmaq üçün Müzəffər Ali Baş Komandandan hücum əmrini gözləyirdilər. Dövlət başçısı İlham Əliyevin əmrinə əsasən başlanan Vətən müharibəsinə qoşulan gənclərin sayı-hesabı yox idi. Silahlı Qüvvələrimizin müxtəlif təyinatlı hissələrində xidmət edən əsgər və zabitlərimizlə birgə düşməni məğlub edən könüllü gənclərimiz ana Vətənin çağırışına sədaqətli oğul kimi səs verərək Mübarizlərin, Poladların davamçıları oldular. Şəhidlik zirvəsinə ucalaraq sübut etdilər ki, torpaq əgər uğrunda ölən varsa, Vətəndir.

Bu bir danılmaz həqiqətdir ki, Ulu Öndər Heydər Əliyevin həyat yolu hər birimiz üçün vətənpərvərlik məktəbidir. "Xalqımız böyük xalqdır. Böyük tarixə, böyük mədəniyyətə malikdir. Bu mədəniyyətimizi, onun qədimliyini, dünya miqyasında böyük şöhrətə malik olduğunu hər kəsə nə qədər dərindən anlada bilsək, bir o qədər də xalqımızda vətənpərvərlik, vətəndaşlıq hissini, azərbaycançılığı yüksəldərik" söyləyən Ümummilli Lider Azərbaycanı hər zaman zirvələrdə görmək istəyirdi və buna nail oldu. Bu gün dünya ictimaiyyəti zəngin tarixə malik olan Azərbaycan xalqının timsalında yenilməzliyin, məğrurluğun nümunəsini görür. Müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzilliklər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, üzləşdiyi məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxladı, öz ideallarına həmişə sadiq qaldı və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etdi.

Azərbaycan müxtəlif mədəniyyətləri, dinləri bir araya gətirən, onlar arasında körpü rolunu oynayan ölkədir. Bu gün Azərbaycanın tolerantlığı, multikultural dəyərlərin inkişafına verdiyi töhfələr beynəlxalq səviyyədə təqdir edilir. Son 22 ildən artıq dövrdə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev çıxışlarında bu reallığı xüsusi qeyd edir ki, azərbaycançılıq ideologiyası, azərbaycançılıq prinsipləri Azərbaycanda çoxdan bərqərar olub. Ulu Öndər Heydər Əliyevin bizə qoyduğu dəyərli miraslardan biri də məhz azərbaycançılıq məfkurəsidir. Biz - onun davamçıları isə bu müsbət meyilləri öz tərəfimizdən daha da gücləndiririk. Azərbaycanda yaşayan bütün xalqlar vahid, mehriban ailə kimi yaşayır. Bizim birliyimizi pozmaq istəyənlər nə qədər cəhd göstərsələr də, buna nail ola bilməyiblər və heç vaxt nail ola bilməyəcəklər.

Bu gün xarici ölkələrdə yaşayan soydaşlarımızla mövcud əlaqələri gücləndirmək, onları ideoloji-siyasi məsələlərdə dəstəkləmək və ümummilli məqsəd üçün səfərbər etmək Azərbaycanın xarici siyasətində ən önəmli prioritet istiqamətlərdəndir.  Ümummilli Liderin təşəbbüsü ilə 2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi diaspor quruculuğu prosesində mühüm mərhələnin başlanğıcı oldu. Son 5 ildən artıq dövrün mühüm reallıqlarından biri məhz 30 ildən sonra dünya azərbaycanlılarının Şuşada bir araya gələrək VII Zəfər Qurultayını keçirmələri oldu. Azad Şuşadan birliyimizi, həmrəyliyimizi dünyaya bəyan etməkdən böyük xoşbəxtlik ola bilməzdi və dünya azərbaycanlıları bu müqəddəs arzularına çatdılar. Qarabağın incisi, Azərbaycanın mədəniyyət beşiyi azad Şuşadan bütün dünyaya sonsuz qürur hissi və fəxrlə bəyan edildi ki, bu torpaqların sahibi bizik və burada əbədi olacağıq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığımız tarixi Zəfər, 2023-cü ilin sentyabrında həyata keçirilən birgünlük lokal  antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpası, Azərbaycan bayrağının Şuşada, Xankəndidə, bütövlükdə azad Qarabağda və azad Şərqi Zəngəzurda  dalğalanması  birliyimizin, həmrəylimizin  nə qədər önəmli amil olduğunu bir daha təsdiqlədi.

Bu gün qalib Azərbaycan yeni dövrün hədəflərinin reallaşdırılması yolunda inamla addımlayır. Yeni dövrün reallıqları fonunda 2024-cü ilin fevralında keçirilən prezident seçkilərində inamlı qələbə qazanan cənab İlham Əliyev andiçmə mərasimində hədəfləri açıqlayarkən bu çağırışı xüsusi vurğuladı ki, biz elə bir gənc nəsil yetişdirməliyik ki, onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun. Kimsə onların beyinlərini zəhərləmək istəyəndə uğura nail olmasın və burada, əlbəttə ki, ilk növbədə ailə tərbiyəsi ön plana çıxır. Xoşbəxtlikdən Azərbaycan ailəsi sağlam ailədir, ənənələr, milli dəyərlər üzərində qurulan ailədir. Ailə tərbiyəsi hər bir gənc üçün, hər bir uşaq üçün əsas tərbiyədir. İkinci yerdə məktəb tərbiyəsidir və belə müzəffər gənclərimizin yetişdirilməsində Azərbaycan məktəbinin çox böyük rolu vardır. Məktəblərdə uşaqlara aşılanan dəyərlər, müstəqilliklə bağlı, milli ləyaqətlə bağlı, əsrlər boyu bizə qarşı edilən ədalətsizliklə, - təkcə son 30 il ərzində yox, - torpaqlarımızın müxtəlif dövrlərdə əlimizdən alınması ilə bağlı və bizim qəhrəmanlıq tariximizlə bağlı uşaqlara verilən tərbiyə və biliklər çox böyük önəm daşıyır. Bütövlükdə milli-mənəvi dəyərlərə gəldikdə, bu, bizim cəmiyyətimizin əsasıdır və bu, sarsılmaz varlıqdır, sarsılmaz dəyərdir və bunu sarsılmaz etmək bizim əlimizdədir. Çünki burada hər hansı bir kənar qüvvə öz çirkin niyyətlərinə çatsa, o zaman bizim ciddi problemlərimiz olacaq. "Ona görə gənclərimizin milli ruhda tərbiyə edilməsi, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsi, dırnaqarası mütərəqqi və yad dəyərlərin tamamilə cəmiyyətimizdən silinməsi - bu vəzifə bizim hamımızın qarşısında durur, hər bir ailə qarşısında durur və dövlət qarşısında durur. Burada, əlbəttə ki, dövlət siyasəti də aparılır və aparılacaq. Eyni zamanda dediyim kimi, bütün cəmiyyət burada həmrəy olmalıdır və biz bu həmrəyliyi görürük. Bu seçkilərdə göstərilən həmrəylik cəmiyyətimizi bir qaya kimi möhkəmləndirir və belə olan halda heç bir kənar qüvvə bizə qarşı heç bir məkrli plan həyata keçirə bilməz" deyən dövlət başçımız bu məsələyə xüsusi diqqət yetirir.

Göründüyü kimi, azərbaycançılıq ideologiyasının daha da möhkəmlənməsi, öz əhatə dairəsini genişləndirməsi, milli məfkurə kimi hər bir soydaşımızın baxışlarında özünə yer tutması bütün dövrlər üçün öz aktuallığını qoruyan əsas hədəflərdəndir. Azərbaycançılıq ideologiyasının təbliğində dahi şəxsiyyətin adını daşıyan Heydər Əliyev Fondunun xidmətləri misilsizdir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətində azərbaycançılıq ideologiyasının təbliğinə yönələn layihələr xüsusi yer tutur. Bu layihələr bütün dünyada mədəni sərvətlərimizin zənginliyini nümayiş etdirir, mədəniyyət diplomatiyasının gücü ilə ölkəmizin beynəlxalq nüfuzuna xidmət edir. Həyata keçirilən qlobal təşəbbüslər sayəsində Azərbaycan bu gün bütün dünyada mədəniyyətlərarası dialoqun mərkəzi, multikulturalizm məkanı kimi tanınır. Heydər Əliyev Fondu hazırkı dövrün əsas çağırışı olan "Böyük qayıdış" proqramının uğurlu icrasına töhfələri ilə də diqqətdədir. Belə ki, fond Qarabağ ərazisində ermənilər tərəfindən dağıdılan, Azərbaycan xalqının milli sərvəti olan dini abidələrin, məscidlərin bərpası üzrə layihəni uğurla həyata keçirir. Tarixi Zəfərimizdən sonra Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada, Cıdır düzündə "Xarıbülbül" Musiqi Festivalı ənənəsinin bərpası, "Qarabağın mədəni irsi" adlı nəşrlər toplusunun hazırlanması və sair kimi mühüm addımlar Azərbaycan xalqının mənəvi, tarixi, mədəni irsinin təşviqinə və qorunmasına dəyərli töhfələrdir. Fondun təşəbbüsü və təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərini özündə əks etdirən çoxsaylı kitablar dərc olunub və olunmaqdadır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən fəaliyyətə başlayan "Xocalıya ədalət!" beynəlxalq təbliğat-təşviqat kampaniyası XX əsrin ən dəhşətli faciəsinin soyqırımı kimi tanıdılmasında, həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli rol oynayır.

Təbii ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı misilsiz xidmətlərini, azərbaycançılıq məfkurəsinin təşəkkül tapması və ümummilli ideologiyaya çevrilməsi istiqamətində titanik fəaliyyətlərini bir yazıda tam əhatə etmək mümkün deyil. Müasir müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir. Sonda Ümummilli Lider Heydər Əliyevin qeyd etdiyi bu fikri bir daha xatırlatmağı özümüzə borc bilirik: "Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!"

 

Aynur SOFİYEVA,

YAP İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Vətən sevgisi - insan ləyaqətinin göstəricisidir

09:30
08 May

Bakıda aqrar və qida sənayesinin ən böyük sərgiləri yekunlaşır

09:25
08 May

Azərbaycan-İİB: etibarlı və davamlı maliyyə tərəfdaşlığı

09:20
08 May

Xarici ekspertlər Avropanın enerji təchizatında Azərbaycanın artan rolunu etiraf və təqdir edirlər

09:15
08 May

Halal ömür

09:10
08 May

Azərbaycanla əlaqələrin inkişafı Avropa üçün strateji zərurətdir

09:05
08 May

Fransanın "dəstəy"i Ermənistana uğur vəd edə bilməz 

09:00
08 May

Fransa yanlış siyasətindən əl çəkmir 

08:55
08 May

Hayların halına ağlayan gərək

08:50
08 May

Fransanın ermənipərəst ritorikası sülh prosesi ilə ziddiyyət təşkil edir

08:45
08 May

Roberta Metsolanın açıqlaması Avropa Parlamentinin qərəzli simasını nümayiş etdirir

08:40
08 May

Bakıda klassik musiqi konserti keçirilib

08:35
08 May

Ulu Öndər Heydər Əliyevin şəhərsalma strategiyası və Bakının WUF13-ə uzanan inkişaf yolu

08:30
08 May

Müstəqil Azərbaycan böyük Heydər Əliyev ideyalarının təntənəsidir

08:25
08 May

Heydər Əliyevin irsi milli sərvətimizdir

08:20
08 May

Ulu Öndərin ideyaları işığında şəhər ekosistemlərinin dayanıqlı inkişafı və "yaşıl transformasiya" paradiqması

08:15
08 May

Güclü və qalib Azərbaycanın reallığı

08:10
08 May

Heydər Əliyev ədəbiyyatın, mədəniyyətin hamisi idi

08:05
08 May

Zəfərin əbədi ünvanı

08:00
08 May

Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:01
08 May

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında

02:01
08 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!