Uzun illər Ulu Öndərin rəhbərliyi altında işləmiş Eldar Nuriyev Azərbaycanda gedən tikinti bumunun şahidi və iştirakçısı olub
Azərbaycanda tikintiyə maraq XIX əsrin ortalarından başlansa da, bu sahənin intensiv inkişafı, böyük tikinti potensialının yaradılması, yeni inşaatçı kadrlarının hazırlanması işi Ulu Öndər Heydər Əliyevin respublika rəhbərliyinə gəldiyi 1969-cu ildən yeni mərhələyə qədəm qoymuşdur. Bu istiqamətdə 1971-ci ilin iyul ayında keçirilmiş Azərbaycan KP MK-nın tikintiyə həsr olunmuş xüsusi plenumu mühüm əhəmiyyət kəsb edir.
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə bu və sonrakı dövrdə Azərbaycanın tikinti kompleksinin keçdiyi şərəfli yola ötəri bir nəzər saldıq. Bələdçimiz Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun Şəhərsalma, bina və qurğular üzrə tikinti normaları şöbəsinin müdiri Eldar Nuriyevdir.
Qeyd edək ki, ixtisasca peşəkar inşaatçı-mühəndis olan Eldar Nuriyev Ulu Öndərin respublikaya rəhbərlik etdiyi dövrdə yaşanan tikinti bumunun şahidi və iştirakçısı olub. Belə ki, o, ali təhsil aldıqdan sonra tikinti kombinatında usta kimi fəaliyyətə başlayaraq, müəssisədə rəhbər vəzifəyə doğru pillə-pillə irəliləyib. 1967-1972-ci illərdə Azərbaycan KP MK-da məsul işdə çalışıb. Daha sonra isə ona Dövlət Plan Komitəsində, Tikinti Materialları Sənayesi Nazirliyində, "Azərsənayetikintimaterialları" Dövlət Konsernində, Satınalmalar üzrə Dövlət Agentliyində məsul vəzifələr etibar edilib.
Onu da əlavə edək ki, müsahibimiz bir neçə ay əvvəl, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 20 illiyi ərəfəsində Prezident İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif olunub.
Eldar müəllim söhbətimizə maraqlı bir hadisəni xatırlamaqla başladı:
- 1969-cu ilin mart ayı idi. O zaman Mərkəzi Komitədə çalışırdım. Aparatın məsul işçiləri bir qayda olaraq tərtib edilmiş qrafik üzrə I katibin qəbul otağında hər gün axşam saat 18-dən səhər 9-a kimi növbətçilik çəkirdilər. Bir gün mənim növbəmdə gecə saat 2-3 radələrində "VÇ" deyilən birbaşa telefonla Moskvadan zəng gəldi. SSRİ Müdafiə Nazirliyindən general İvanov idi. Xəbər verirdi ki, Tbilisiyə xüsusi reyslə uçan təyyarə hava şəraiti pis olduğundan oraya enə bilmədiyi üçün Bakıya uçması qərara alınıb. Xahiş edirdi ki, təyyarənin Bakı aeroportuna təhlükəsiz enməsini təmin etmək məqsədilə lazımi ölçü götürmək üçün rəhbərliyə təcili məlumat verilsin. Həyatımda birinci dəfə idi ki, belə vəziyyətə düşürdüm. Nazirlər Sovetinin sədrinə zəng vurmağı qərara aldım. O isə dedi ki, Heydər Əliyevə zəng vur. Mən məcburiyyət qarşısında qalıb gecənin bir vaxtında hökumət telefonu ilə Dövlət Təhlükəsizlik Komitəsinin sədri, general Heydər Əliyevin evinə zəng etdim. Zərifə xanım cavab verdi, mülayim səslə: "Heydər Əliyev işdədir" dedi. Bu dəfə "üç nömrəli" hökumət telefonu ilə Heydər Əliyevin özünə zəng vurmalı oldum. Əhvalatı ona çatdırdım. Əminliklə dedi: "Hər şeydən xəbərdaram. Təyyarə 20-25 dəqiqədən sonra qəbul olunacaq". Sağollaşıb dəstəyi yerinə qoydum və dərindən nəfəs alaraq özümü rahat hiss etdim... Bundan bir neçə ay sonra Heydər Əliyev respublikanın rəhbəri seçildi və mənə, necə deyərlər, onun komandasında işləmək xoşbəxtliyi nəsib oldu. Biz Heydər Əliyevdən hər gün öyrənirdik, bu, əvəzi olmayan bir həyat universiteti idi.
1969-1982-ci illərdə Azərbaycanda geniş vüsət alan tikinti-quruculuq işləri barədə söhbətə isə Eldar Nuriyev yuxarıda adıçəkilən plenum haqqında məlumatdan başlayır. Belə ki, bu tədbirdə tikintinin mövcud vəziyyəti ətraflı təhlil olunmuş, nöqsanlar göstərilmiş və onların aradan qaldırılması üçün konkret tədbirlər planı təsdiq edilmişdir. Plenum respublikanın tikinti kompleksində, sözün əsl mənasında, köklü dəyişikliklərə səbəb olmuşdur.
Müsahibim deyir ki, o zaman tikintinin ən böyük bəlalarından biri planlaşdırmada buraxılan səhvlərə görə kapital qoyuluşunun çoxsaylı obyektlər üzrə bölüşdürülməsi nəticəsində onların istifadəyə verilmə müddətlərinin artması, keyfiyyətin aşağı düşməsi idi. Maddi-texniki təchizatda ciddi nöqsanlara yol verilirdi. Bununla əlaqədar ilk növbədə tikintinin idarə olunmasının təkmilləşdirilməsinə dair təşkilati tədbirlər görülməli idi. Bu məqsədlə Ulu Öndər Tikinti Nazirliyinin bazasında Sənaye Tikinti Nazirliyi yaradılmasına qərar verdi. Bakı Baş Tikinti İdarəsi müstəqil təşkilat kimi fəaliyyət göstərməyə başladı. Sənaye və Kənd Tikinti nazirliklərinin, aparıcı podrat təşkilatlarının rəhbərləri bacarıqlı kadrlarla əvəz edildi.
- O illər Bakı Baş Tikinti İdarəsinin yüksəliş dövrü idi, - deyə Eldar müəllim söhbətinə davam edir. - Ulu Öndər ildə ümumi sahəsi 1 milyon kvadratmetr yaşayış evlərinin istifadəyə verilməsini paytaxtda sosial və mədəni obyektlərin inşası ilə məşğul olan təşkilatların qarşısında bir vəzifə kimi qoymuşdu. Tikinti-quraşdırma işləri iki, bəzən isə üç növbədə aparılırdı. İnşaatçılar arasında böyük ruh yüksəkliyi hökm sürürdü. Neftayırma və neft emalı zavodlarında, kimya və metallurgiya sənayesində, eləcə də digər sahələrdə böyük həcmdə tikinti-yenidənqurma işləri gedirdi.
Bu sözləri o dövrün tikinti bumunu əks etdirən rəqəmlər də təsdiqləyir. Belə ki, həmin illərdə dövlət, kolxoz və əhalinin vəsaiti hesabına respublikada ümumi sahəsi 14 milyon kvadratmetr olan yaşayış evləri istifadəyə verilib. Bu isə 1920-1968-ci illərdə (1941-1945-ci illəri çıxmaq şərti ilə) istifadəyə verilmiş yaşayış evlərinin 40 faizini təşkil edirdi. Əgər 1920-1968-ci illərdə (yenə də müharibə illərini çıxmaq şərti ilə) Azərbaycanda ildə orta hesabla 447 min kvadratmetr yaşayış evləri istifadəyə verilmişdisə, 1969-1982-ci illərdə bu rəqəm 1,6 milyon kvadratmetr təşkil etmişdi. Bu dövrdə müvafiq olaraq 16 min və 31 min şagird yerlik məktəb, iki dəfə çox çarpayı yeri olan xəstəxanalar istifadəyə verilmişdir. Bir sözlə, iqtisadiyyatın ən vacib sahələrindən olan tikinti kompleksi diqqət mərkəzində idi.
1976-cı ilin iyun ayında Heydər Əliyev MK-nın Plenumunu keçirdi. Burada tikinti, tikinti materialları sənayesi, onların maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni kadrların hazırlanması və s. məsələlər müzakirə olunur.
Ulu Öndərin tikinti işləri planlaşdırılarkən ekoloji məsələni diqqətdə saxlanmasını da Eldar müəllim yaxşı xatırlayır:
- Məlum olduğu kimi, 1960-cı illərdə Azərbaycanda ətraf mühiti çirkləndirən bir sıra müəssisələr fəaliyyət göstərməyə başlamışdı. Sumqayıtda çoxsaylı kimyəvi maddə istehsal edən zavodlar, Gəncədə Alüminium zavodu həmin şəhərlərin havasını çirkləndirirdi və bu, sakinləri çox narahat edirdi. Ümummilli Liderimiz bu məsələyə çox həssaslıqla yanaşırdı. Yadımdadır ki, Dövlət Plan Komitəsi Mərkəzi Komitəyə yaxın illərdə inşa olunacaq mühüm obyektlərin siyahısını təqdim etmişdi. Siyahıda Ağdam rayonu ərazisində 1 milyon ton istehsal gücü olan sement zavodunun tikiləcəyi də göstərilirdi. Heydər Əliyev Dövlət Plan Komitəsinin sədrinə irad tutdu. Həmin müəssisənin adının üstündən xətt çəkdi və qoyduğu dərkənarla Qarabağ ərazisində bu yönümlü müəssisələrin tikintisinə etirazını bildirdi. Doqquzmərtəbəli yaşayış binalarının tikintisini təmin etmək üçün Sumqayıt, Gəncə, Naxçıvanda istehsalat gücü 70-150 min kvadratmetr olan evtikmə kombinatlarının istifadəyə verilməsi isə bilavasitə Ulu Öndərin təşəbbüsü idi. 1970-ci ildə Ələt qəsəbəsində istifadəyə verilən ağac emalı kombinatı da bu qəbildən olan müəssisələr sırasındadır. Bu müəssisənin buraxdığı pəncərə, qapı və parket lövhələrlə il ərzində 1,7 milyon kvadratmetr yaşayış sahəsini təmin etmək mümkün idi.
Həmsöhbətim bir məqamı da xüsusi vurğulayır. Ümummilli Liderimizin daim Azərbaycanın gələcəyini düşündüyünü deyir. Təsadüfi deyil ki, bu dahi insanın hakimiyyəti dövründə tikinti sahəsində də böyük kadr potensialı yarandı. Peşəkar, məsuliyyətli, tələbkar, səriştəli inşaatçı kadrları yetişdirildi.
Digər bir mühüm cəhət isə Ulu Öndərin inşaatçı əməyini dəyərləndirməsi, o cümlədən onların gərgin zəhmətinin dövlət tərəfindən mükafatlandırılmasının təmin edilməsi idi. Məsələn, Şərq və Qərb memarlıq məktəbinin sintezindən yararlanan görkəmli memar Mikayıl Hüseynov bir çox əzəmətli yaşayış evlərinin və ictimai binaların müəllifi olmuşdur. Yalnız Heydər Əliyev Azərbaycanın rəhbərliyinə gələndən sonra o, SSRİ Xalq memarı adına layiq görülmüşdür. Həmin dövrdə sahənin onlarla nümayəndəsi Sosialist Əməyi Qəhrəmanı, Əməkdar mühəndis, Əməkdar inşaatçı, Əməkdar memar fəxri adları, orden və medallarla mükafatlandırılmışdır.
Eldar Nuriyev Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələndən sonra da Azərbaycanda qlobal miqyasda inşaat işlərinin həyata keçirildiyini qeyd edir. (Əslində, bunlar möhkəm təməli hələ ötən əsrin 70-80-ci illərində qoyulmuş işlər idi). Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunu misal gətirir. Bir daha xatırladır ki, bu zavodun məhz Bakıda tikilməsinə Heydər Əliyev nail olmuşdu. Müstəqillik dövründə müəssisə daha da genişləndirilərək və müasirləşdirilərək Azərbaycanın yeni neft-qaz strategiyası çərçivəsində reallaşdırılan layihələr üçün misilsiz tikinti işləri icra etdi. Burada ən müasir neft-qaz platformaları tikildi. Zavod bu gün də Azərbaycan iqtisadiyyatının xidmətindədir.
Üçüncü minilliyin nəhəng mühəndis qurğusu - Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərinin müəllifi də Heydər Əliyevdir. 2002-ci il sentyabrın 18-də Ulu Öndər Səngəçal terminalında bu möhtəşəm kəmərin təməlini qoydu. Prezident İlham Əliyev bu layihəni sona çatdıraraq yeni meqalayihələrə imza atdı. Azərbaycandan çəkilən yeni yollar, kəmərlər, dəhlizlər dünyaya istiqamət aldı.
Söhbət müsahibimin hazırda çalışdığı şəhərsalma sahəsindən düşür. Yaxın günlərdə Bakı 13-cü Ümumdünya Şəhərsalma Forumuna WUF-13 evsahibliyi edəcəyini yada salırıq.
- Ümummilli Liderin bu sahə də həmişə diqqətində idi, - deyə E.Nuriyev sözünə davam edir. Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Naxçıvan, digər şəhər və rayonların inkişafına daim nəzarət edirdi. Təsadüfi deyil ki, həmin dövrlərdə onlar şəhərsalma norma və qaydalarına uyğun inkişaf etmiş, ölkədə meşə və parklar salınmış, ağacəkmə kampaniyaları ənənəyə çevrilmişdir. Təəssüf ki, 1980-ci illərin sonu - 1990-cı illərin əvvəllərində bu istiqamətdə işlərin görülməsində boşluq yarandı.
Lakin 1995-1998-ci illərdə bazar iqtisadiyyatına keçidlə əlaqədar hazırlanmış özəlləşdirmə proqramlarında paytaxtda yerləşən, ətraf mühiti korlayan müəssisələrin mərkəzdən çıxarılması nəzərdə tutulmuşdur. Belə ki, Heydər Əliyevin səyi nəticəsində keçmiş Moskva prospektində (indiki Heydər Əliyev prospekti) yerləşən sifer kombinatı, L.Şmidt adına və Keşlə maşınqayırma zavodları, Vorovski adına Mexaniki Tökmə Zavodu və ətraf mühiti çirkləndirən digər müəssisələr prospektdən çıxarılmış və kollektivlərə yeni müasir istehsal yaratmaq üçün Qaradağ rayonunda ərazi ayrılmışdır.
Ümummilli Lider Heydər Əliyevin tikinti sahəsində yaratdığı ənənələr bu gün də yaşayır, yarımçıq qalmış planlar reallaşır, arzular gerçəyə çevrilir. Nə xoş ki, Ulu Öndərin quruculuq missiyası Prezident İlham Əliyev və xalqımızın yeni nəsilləri tərəfindən davam etdirilir.
Flora SADIQLI,
"Azərbaycan"