01 May 2026 08:00
1954
SİYASƏT
A- A+
Azərbaycanın sülh strategiyasının alternativi yoxdur

Azərbaycanın sülh strategiyasının alternativi yoxdur


Prezident İlham Əliyevin iradəsi və prinsipiallığı sayəsində Ermənistan birbaşa dialoqa cəlb olundu 


Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi rəsmi dövlət strukturları səviyyəsində birbaşa dialoq müstəvisində də irəliləyir. Uzunmüddətli münaqişə və hərbi qarşıdurmanın tədricən institusional əməkdaşlıqla əvəzlənməsi regionda dayanıqlı sülhün və yeni təhlükəsizlik arxitekturasının təşəkkülü yolunda həlledici mərhələ hesab olunur.

Tərəflər arasında təmaslar vətəndaş cəmiyyəti nümayəndələrinin ilkin etimad quruculuğu tədbirləri ilə başlayıb. Azərbaycan və Ermənistan qeyri-hökumət təşkilatlarının nümayəndələrinin birbaşa dialoqunu təmin edən "Sülh körpüsü" təşəbbüsü çərçivəsində indiyədək 4 görüş keçirilib. 2025-ci ilin oktyabr ayında başlayan təmaslarda konkret layihələr və cəmiyyətlərin sülhə hazırlanması mexanizmləri müzakirə olunub. QHT nümayəndələri ilə yanaşı, media təmsilçiləri və ekspertlərin də iştirak etdiyi görüşlərdə ən mühüm məqam bu şəxslərin ilk dəfə sərhədin delimitasiya olunmuş sahəsindən qarşı tərəfə keçmələri idi.

Vətəndaş cəmiyyəti səviyyəsində həyata keçirilən humanitar təmasların ardından rəsmi qurumların birbaşa dialoqu da yeni mərhələyə qədəm qoyub. Aprelin 29-da Ermənistanda Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə tərəflər arasında dövlət sərhədinin delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyaların on üçüncü iclası keçirilib. Görüş zamanı tərəflər delimitasiya tədbirlərinin həyata keçirilməsi ilə bağlı təşkilati və texniki məsələlər üzrə ətraflı fikir mübadiləsi aparıblar. Tərəflər sərhədin delimitasiyası üzrə ekspertlərin iş qaydasını, xəritələrin hazırlanmasını və sənədlərin tərtibatını tənzimləyən təlimatlarını razılaşdıraraq öz hökumətlərinə müraciət etmək barədə razılığa gəliblər. İclasın yekunlarına dair müvafiq protokol imzalanıbdır. Eyni zamanda rəsmilər komissiyaların növbəti iclasının Azərbaycanda keçirilməsi barədə razılıq əldə ediblər. Həmçinin qeyd olunub ki, Azərbaycan ərazisi ilə Ermənistana yüklərin tranziti uğurla həyata keçirilir. O da vurğulanıb ki, Azərbaycanın Ermənistana neft məhsulları tədarük etməsi iki ölkə arasında iqtisadi-ticari əlaqələrin formalaşmasının göstəricisidir. 

Azərbaycan nümayəndə heyətinin Ermənistana səfəri tərəflər arasında işçi etimadın yarandığını göstərir. Bakı və İrəvanın münaqişə və qarşıdurma mərhələsini geridə qoyaraq birbaşa dialoqa üstünlük verməsi dayanıqlı sülh və regional inteqrasiya modelinə sadiqliyin nümunəsidir. İmzalanan protokollar da sülhün nəzəriyyədən reallığa çevrilməsidir. Ümumən, siyasi iradənin iqtisadi maraqlarla, ictimai diplomatiyanın rəsmi təmaslarla kəsişməsi Cənubi Qafqazda tamamilə yeni səhifənin açılması, normallaşma prosesinin dönməz xarakter almasıdır. 

Diqqətçəkən məqam Azərbaycan rəsmilərinin münaqişə dövründən sonra Ermənistana ilk dəfə səfər etməsidir. Xatırladaq ki, ötən il noyabrın 28-də Qəbələ şəhərində sərhəd komissiyalarının 12-ci görüşü keçirilmişdi. Adətən, bu tipli görüşlər sərhəd xəttində keçirilirdi. Nəvbəti 14-cü görüşün də yenidən Azərbaycanda keçirilməsi barədə razılıq bu formatın sabit ənənəyə çevriləcəyinə işarədir. 

Müzakirələrdə razılaşdırılan üç məsələ delimitasiya prosesinin təməlini təşkil edir. Bu sənədlərin razılaşdırılması o deməkdir ki, tərəflər artıq hansı xəritələrdən istifadə olunacağı, hansı miqyasın əsas götürüləcəyi və sərhəd xəttinin demarkasiyası barədə vahid metodologiyaya sahibdirlər. Ekspert qruplarının iş qaydasının müəyyənləşməsi siyasətçilərin ümumi çərçivəni cızaraq meydanı mütəxəssislərə verdiklərini, razılaşmaların rəsmi-hüquqi öhdəlik xarakteri daşıdığını təsdiqləyir. Qarşıdakı dönəmdə texniki sənədlərin daxili qanunvericilik səviyyəsində təsdiqlənəcəyi və icrasına başlanılacağı gözlənilir. Sərhəd xətti dəqiqləşdikcə, qoşunların təmas nöqtələrindən uzaqlaşması və sərhəd xidməti ilə əvəzlənməsi prosesi sürətlənəcək. 

Görüşdə tranzit daşımaları və neft məhsulları tədarükü kimi məsələlərin ön plana çıxması rəsmi səfərlərin iqtisadi inteqrasiya məqsədi güddüyünün təzahürüdür. Tərəflərin vurğuladığı kimi, Azərbaycanın Ermənistana neft məhsulları tədarük etməsi tarixi hadisədir. İrəvanın Azərbaycan yanacağına ehtiyac duyması Ermənistanın iqtisadi asılılığını təmin edir ki, bu da gələcəkdə hərbi gərginlik riskini azaldan ən güclü faktorlardan biridir. Ermənistan üçün Azərbaycan yanacağı logistik baxımdan daha ucuz və əlçatandır, Azərbaycan üçün isə yeni ixrac bazarıdır. İş adamlarının iqtisadi təmaslara cəlb olunması prosesin "biznes diplomatiyası" mərhələsinə keçdiyini ortaya qoyur. Bu, sülhün cəmiyyətlər tərəfindən qəbul edilməsini sürətləndirən effektiv vasitədir. Qısacası, vətəndaş cəmiyyətinin açdığı cığırla dövlət rəsmiləri irəliləyir və prosesi hüquqi-iqtisadi öhdəliklərə çevirirlər. 

Hazırkı prosesin bu nöqtəyə gəlib çıxması, Ermənistanın destruktiv ritorikadan uzaqlaşaraq konstruktiv masa arxasına əyləşməsi birbaşa Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi strateji kursun və qətiyyətli siyasi iradənin nəticəsidir. Dövlətimizin başçısının ən böyük uğurlarından biri hərbi zəfərimizi diplomatik müstəvidə qəbul və davam etdirməsidir. Azərbaycan lideri postmünaqişə dövründə yeni reallıqları, sadəcə, bəyan etmədi, həm də beynəlxalq birliyin və Ermənistanın bu reallıqlarla hesablaşmasını təmin edən bir yol xəritəsi cızdı. Prezident İlham Əliyev hər zaman sülhün kənar paytaxtlarda deyil, bilavasitə tərəflər arasında əldə olunmalı olduğunu vurğulayırdı. Məhz bu qətiyyətli və prinsipial mövqe nəticəsində İrəvan üçüncü tərəflərin vasitəçiliyindən imtina edərək Bakının cızdığı sülh yolu ilə getmək məcburiyyətində qaldı. 

İrəvanın prosesə sövq edilməsi Azərbaycanın məqsədyönlü təzyiq və konstruktiv təklif balansını mükəmməl şəkildə idarə etməsinin məntiqi yekunudur. Diplomatiyamızın ən böyük qələbələrindən biri budur. Bakının diplomatik zəfəri hərbi qələbənin siyasi və iqtisadi müstəvidəki məntiqi davamı kimi regionda yeni, sabit və təhlükəsiz bir dövrün rəsmən başladığını təsdiq edir. 

Prezident İlham Əliyevin sülh gündəliyinə verdiyi dəstək həm də iqtisadi praqmatizmə əsaslanır. Neft məhsullarının tədarükü və tranzit yollarının açılması kimi məsələlər "iqtisadiyyat sülhün ən güclü zəmanətidir" fəlsəfəsinin təzahürüdür. Bu, Ermənistan cəmiyyətinə və rəhbərliyinə sülhün gətirəcəyi real dividendləri göstərən ən təsirli vasitədir. 

Nəticə etibarı ilə Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində Azərbaycan bölgədə siyasi-iqtisadi, hərbi-diplomatik və mənəvi üstünlüyünü qoruyur. Bu üstünlük Cənubi Qafqazın gələcək sülh memarlığının təməlini təşkil edir və regionun uzunmüddətli tərəqqisinə yol açır.


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  

22:48
24 May

Azərbaycan Premyer Liqasında mövsümə yekun vurulub

18:58
24 May

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq edir  

18:37
24 May

Türkiyə XİN: Terrorla mübarizədə Pakistanla həmrəyik

18:04
24 May

Aşqabadda Azərbaycanın dayanıqlı şəhərsalma təcrübəsi təqdim olunub  

17:32
24 May

Sabah ölkə ərazisində intensiv yağış yağacaq

16:58
24 May

Leyla Əliyeva və Alona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər

15:03
24 May

WUF13-də daha dayanıqlı şəhərlərin qurulmasına töhfə verəcək istiqamətlər müəyyənləşdirildi

15:02
24 May

Qarabağ atları və Azərbaycan milli musiqisi Avropada böyük maraqla qarşılanıb  

15:01
24 May

DİM II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı təşkil edib

14:27
24 May

Nikol Paşinyan: Yaxın gələcəkdə Naxçıvan üzərindən Türkiyə və Azərbaycanla dəmir yolu açılacaq

13:09
24 May

Azərbaycan və İrlandiya arasında diaspor əlaqələri gücləndirilir

12:59
24 May

Polşa Silahlı Qüvvələri: Rusiyanın fəaliyyəti səbəbindən hərbi təyyarələr havaya qaldırılıb

11:34
24 May

Media: ABŞ və İran arasındakı potensial razılaşma zənginləşdirilmiş uran problemini həll edə bilməyib

11:32
24 May

WUF13 rekord sayda iştirakçı və tərəfdaşın iştirakı, həmçinin Bakı Fəaliyyətə Çağırışın qəbul edilməsi ilə yadda qalıb  

11:30
24 May

Kiyevə atılan raketlərin bəziləri Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilərə düşüb

11:12
24 May

Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı 200-ü keçib

10:26
24 May

WUF13 bir çox ilklərə imza atdı 

10:17
24 May

"Şamaxı" Ayxan Abbasovla yollarını ayırıb

09:27
24 May

Azərbaycanın Təbrizdəki konsulu yol qəzasında həlak olub

23:14
23 May

Ukrayna Prezidenti Rusiyanın “Oreşnik” ilə hücuma hazırlaşması haqqında danışıb

21:32
23 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!