01 May 2026 08:10
160
SİYASƏT
A- A+
Heydər Əliyev siyasətinin təntənəsi

Heydər Əliyev siyasətinin təntənəsi


Tarixi təcrübə göstərir ki, hər bir xalqın taleyində mühüm dönüş nöqtələri - həlledici anlar və məqamlar var. Çoxəsrlik dövlətçilik tarixinə, zəngin milli-mənəvi dəyərlərə, ləyaqətli inkişaf yoluna malik olan Azərbaycan xalqı da bu baxımdan istisna deyil. Azərbaycan xalqının taleyində həlledici dönüş məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, qətiyyətli siyasi iradəsi və uzaqgörənliyi Azərbaycan xalqının və dövlətinin tarixində özünəməxsus yer tutan ölkəmizin gerçək müstəqilliyinin qorunub saxlanılmasını təmin etdi. İnkaredilməz reallıqdır ki, ictimai-siyasi sabitliyin yaranmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Heydər Əliyevin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır.

Dahi siyasətçi həm keçmiş SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılmasında, respublikamızın tərəqqisinin təmin olunmasında və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görüb. Keçmiş SSRİ-nin tabeliyində olan Azərbaycan 1969-cu ilədək ciddi tənəzzül meyilləri ilə qarşı-qarşıya idi. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçiləndən sonra bütün sahələrdə həyata keçirilən islahatlar, görülən tədbirlər respublikamızın inkişafını təmin edən strateji amil oldu. Milli şüurun inkişafı, müstəqilliyə gedən yolun başlanğıcı məhz bu dövrdən başlanır. 1971-ci ildə Ulu Öndərin təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması isə peşəkar milli hərbçilərimizin yetişməsində mühüm rol oynadı. Heydər Əliyevin bu uzaqgörən qərarı gələcəyə hesablanmışdı və müstəqil Azərbaycanın ordu quruculuğunda həmin lisey mühüm ciddi faktor oldu. Yeri gəlmişkən, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə vuruşan Azərbaycan zabitlərinin 70 faizdən çoxu həmin liseyin yetirmələridir. 1978-ci ildə isə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ittifaq respublikaları arasında ilk olaraq məhz Azərbaycan SSR-in Konstitusiyasına "Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir" maddəsi daxil edildi. Bundan başqa, "Müasir Azərbaycan dili" və "Azərbaycan dili" dərslikləri hazırlandı. Siyasi-ideoloji müstəvidə görülən bütün işlər milli inkişaf və həmrəyliyimizin təmin olunması baxımından tarixi əhəmiyyət daşıyırdı.

Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən bəhs edərkən onun fəaliyyətinin Naxçıvan dövrünə də nəzər salmaq lazımdır. Çünki həmin dövrün prosesləri və reallıqları Azərbaycanın siyasi tarixinin mühüm səhifələrindən birini təşkil edir. Bəllidir ki, 1990-cı ildə Azərbaycan mürəkkəb situasiya qarşısında olduğu zaman muxtar respublikanın blokada şəraitində olması, sosial-iqtisadi durumunun acınacaqlı hal alması, mərkəzi hakimiyyətin muxtar qurum üzərində oynamağa çalışdığı oyunlar Naxçıvanın vəziyyətini olduqca mürəkkəbləşdirmişdi. 1991-ci ilin sentyabr ayında Ulu Öndər Heydər Əliyevin Naxçıvan MSSR-in Ali Məclisinin sədri seçilməsindən sonra muxtar respublikada sabitlik təmin edildi, sosial və iqtisadi durum yaxşılaşdırıldı. Muxtar respublikanın ərazisinin düşmənin işğalı altına düşməsinin qarşısı alındı. Bundan başqa, milli dövlətçilik ənənələrinin bərpası istiqamətində ardıcıl və məqsədyönlü işlər görüldü. Muxtar respublikada dövlət rəmzləri bərpa edildi, milliləşdirmə siyasəti davam etdirildi. 17 noyabr 1990-cı ildə Naxçıvan Ali Məclisinin I sessiyasında ilk dəfə üçrəngli bayrağımız qaldırıldı. Milli bayraq məsələsi ilə əlaqədar 2 bəndlik qərar qəbul edildi. Bununla yanaşı, Naxçıvan MSSR adından "sovet" və "sosialist" sözləri çıxarıldı, Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti dayandırıldı və sovet ordusu Naxçıvan MR ərazisindən çıxarıldı. "1990-cı il yanvar ayının 20-də törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında" və 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi barədə qərarlar qəbul edildi. Ulu Öndər Naxçıvanda çalışarkən o zaman hakimiyyətdə olan AXC-Müsavat cütlüyü Heydər Əliyevi devirməyə cəhd etsə də, insanların ona olan sevgisi və inamı belə cəhdlərin qarşısını qətiyyətlə aldı.

1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu Öndər Heydər Əliyev partiyanın sədri seçildi. YAP-ın yaranması, Ümummilli Lider Heydər Əliyevin bu partiyaya sədr seçilməsi respublikanın ozamankı gərgin, təhlükəli ictimai-siyasi vəziyyətindən və getdikcə bu durumun daha da kəskinləşməsindən irəli gələn tarixi zərurət oldu. Yeni Azərbaycan Partiyasının yaradılması və milli inkişafa xidmət edən vəzifələrin yerinə yetirilməsinə layiqli töhfəsini verməsi Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindəndir. Yeni Azərbaycan Partiyası təşkilatlanaraq öz fəaliyyətini davam etdirdi və qısa zaman kəsiyində xalqın etimadını qazandı. 1993-cü ildə xalqın dəstəyi ilə Ulu Öndər hakimiyyətə gəldi. YAP hakim partiyaya cevrildi.

Bu proseslər kontekstində daha bir məqama nəzər salmaq vacibdir. Belə ki, 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinə sədr seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycanın mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması məhz bundan sonra mümkün oldu. Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi əsasında atdığı praqmatik addımlar sayəsində ölkədə hökm sürən dağıdıcı proseslər aradan qaldırıldı. Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi. Beləliklə, Dahi Lider Azərbaycanı vətəndaş müharibəsindən - qarşıdurmadan, tənəzzül və məhv olmaq təhlükəsindən xilas edərək dirçəliş yoluna çıxardı. Ulu Öndər illər sonra o günləri belə xatırlayırdı: "Eşidəndə ki, mənim doğma Vətənim, mənim doğma torpağım dağılır, uzun müddət bu vətənin, ölkənin inkişafına xidmət etmiş bir adam kimi mən bilirəm ki, burada nələr etmişik və bu, dağılır, şübhəsiz ki, özümü qurban verməli oldum və gəldim, məsuliyyəti öz üzərimə götürdüm". 1993-cü ildə keçirilmiş prezident seçkilərində 98,84 faiz səslə Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi.

Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtması Azərbaycanın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil oldu. Ən əsası, uğurlu dövlət quruculuğu prosesinin əsası qoyuldu. Təkmil siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin, siyasi mədəniyyətin əsasının qoyulması, davamlı siyasi-hüquqi islahatların həyata keçirilməsi, eyni zamanda milli həmrəylik və bütövlüyü təmin edən ideologiyanın yaradılması bu kontekstdə xüsusi əhəmiyyətə malikdir.

Dövlət quruculuğu prosesi fonunda müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsi, qarışıq seçki sistemi əsasında parlament seçkilərinin keçirilməsi dövlətin hüquqi əsaslarının gücləndirilməsi, başqa sözlə, müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaratdı. Kütləvi informasiya vasitələri üzərində senzura aradan qaldırıldı, insan və vətəndaş hüquq və azadlıqları təmin edildi. Bununla yanaşı, məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin və digər mühüm təsisatların yaradılması ölkədə demokratikləşmə prosesinin irəliyə aparılmasında mühüm rol oynadı. Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruldu, vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində ciddi addımlar atıldı. Ombudsman təsisatının yaradılması, ölüm hökmünün ləğv edilməsi kimi islahat xarakterli addımlar da xüsusi vurğulanmalıdır. Digər tərəfdən, ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası özündə ümumbəşəri səciyyə daşıyan və milli dəyərlərə cavab verən prinsipləri ehtiva etməklə milli həmrəyliyi təmin edən mühüm faktor oldu. Bir sözlə, Heydər Əliyev Azərbaycanı, sözün əsl mənasında, müstəqil ölkəyə çevirdi, müstəqilliyimizi daimi və dönməz etdi. Praqmatik xarici siyasət nəticəsində Azərbaycan nüfuzlu dövlətə çevrildi, ölkəmizin dostlarının və tərəfdaşlarının sayı artdı.

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsini, ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin formalaşmasını da təmin etdi. Ulu Öndərin həyata keçirdiyi praqmatik xarici siyasət kursunun mühüm istiqamətlərindən birini enerji resurslarından səmərəli istifadə olunması və bu kontekstdə Azərbaycanın etibarlı strateji tərəfdaşa çevrilməsi təşkil edirdi. İlk növbədə 1994-cü il sentyabrın 20-də Bakıda "Gülüstan" sarayında dünyanın 8 ölkəsindən 13 iri neft şirkəti ilə "Əsrin müqaviləsi" adlanan beynəlxalq saziş imzalandı. Bununla da Azərbaycanın iqtisadi müstəqilliyinin və dünya iqtisadi sisteminə inteqrasiyasının möhkəm təməli qoyuldu. Heydər Əliyevin uzaqgörənliyi və qətiyyəti sayəsində imzalanmış "Əsrin müqaviləsi"ndən başlanan enerji siyasəti Azərbaycanın regional və qlobal miqyasda enerji təhlükəsizliyinin təminatına müstəsna töhfələr bəxş etməsini şərtləndirməklə yanaşı, ölkəmizin gücünü və nüfuzunu artıran faktor kimi çıxış etdi. Bundan sonra milli maraqlarımıza müvafiq enerji layihələri gerçəkləşdirildi və bütün bunlar Azərbaycanın etibarlı strateji tərəfdaş kimi ikitərəfli və çoxtərəfli xarici əlaqələrinin səmərəlilik səviyyəsini artırdı. Ölkəmiz miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli strateji layihələrin mərkəzi oyunçusuna çevrildi. Eyni zamanda Heydər Əliyevin əsasını qoyduğu uğurlu xarici siyasət sayəsində Azərbaycan qısa zaman kəsiyində regionun güclü və nüfuzlu aktoruna çevrildi, qlobal miqyasda milli dövlətlərin etibarlı strateji tərəfdaşı kimi qəbul edildi. Bütün bu nailiyyətlər torpaqlarımızın beşdəbirinin işgal altında və bir milyondan çox vətəndaşımızın qaçqın və məcburi köçkün olduğu bir şəraitdə qazanıldı.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional xarici siyasət strategiyasının mühüm prioritetlərindən birini də Ermənistan-Azərbaycan Qarabağ probleminin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunması təşkil edirdi. Məhz Heydər Əliyevin əhəmiyyətli səyləri və gərgin əməyi sayəsində bu problemin həllinə yönəlik məqsədyönlü, sistemli və davamlı addımlar atılmağa başlandı. Problemin ATƏT çərçivəsində həll edilməsi üçün təşkil edilən Minsk qrupunda, həmçinin qurumun bir sıra zirvə toplantılarında məsələnin mahiyyətini dünya ictimaiyyətinin diqqətinə çatdıran Heydər Əliyev dünya dövlətlərini münaqişəyə yanaşmada diqqətli olmağa və məsələnin tezliklə beynəlxalq hüquq normalarına müvafiq surətdə həll edilməsi işində yaxından iştiraka dəvət etdi. Heydər Əliyevin əsasını qoyduğu praqmatik, çoxvektorlu və rasional xarici siyasət kursu ölkəmizin dostlarının və tərəfdaşlarının sayını artırdı, Azərbaycan nüfuzlu dövlətə çevrildi. Milli mənafelərin təmininə hesablanmış bu məqsədyönlü siyasət coğrafi ölçüləri baxımından kiçik Azərbaycanın dünyanın siyasi xəritəsində güclü dövlətlərlə müqayisəsinə şərait yaratdı.

Ulu Öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun Prezident İlham Əliyev tərəfindən yaradıcı surətdə uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və dinamik inkişafa nail oldu. Cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi həkk edilib. Dövlət başçısının rəhbərliyi ilə daxili və xarici siyasət sahəsində görülən işlər, əldə edilən nailiyyətlər Azərbaycan dövlətinin qüdrətinin artmasında ifadə olunub. Ötən müddət ərzində Azərbaycan iqtisadi inkişafına, ictimai-siyasi sabitliyinə, beynəlxalq müstəvidə nüfuzuna və mövqeyinə görə güclü, qüdrətli bir dövlətə çevrilib.

Hazırda Azərbaycan dünya miqyasında dayanıqlı inkişafa və möhkəm ictimai-siyasi sabitliyə malik olan ölkə kimi tanınır. Təbii ki, bu inkişafın və sabitliyin əsasında uğurla reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Milli inkişaf modelinin uğurla tətbiq edilməsi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların davamlı şəkildə həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin təmini və davamlı olması, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməsi və digər nailiyyətlər müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir. Digər tərəfdən, çoxşaxəli, tarazlaşdırılmış, milli maraqlara əsaslanan xarici siyasət kursuna malik olan Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara müvafiq surətdə reallaşdırılan xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb. Ən mühüm məqam isə budur ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti layiqincə həyata keçirən Prezident, Ali Baş Komandan İlham Əliyevin ötən illər ərzində bütün müstəvilərdə, o cümlədən iqtisadi inkişaf, ordu quruculuğu, diplomatiya və digər sahələrdə əldə etdiyi uğurlar onun rəhbərliyi ilə müzəffər ordumuzun yaratdıgı və yazdıgı qələbə salnaməsinin əsasını qoydu. 30 ilə yaxın işğal altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsində azad edildi və 24 saatlıq antiterror tədbirləri ilə ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olundu. Son 200 illik tariximizdə ilk dəfə torpaqlarımızı işgaldan azad edən Müzəffər Sərkərdə oldu. Bu, həm də cənab İlham Əliyevin ata vəsiyyətini yerinə yetirməsi demək idi. Artıq Ulu Öndərin ruhu şaddır, çünki onun ən böyük arzusu həyata keçib - Vətən torpaqlarımız erməni işğalından azad edilib, dövlət suverenliyimiz tam bərpa olunub. Hazırda azad olunan torpaqlarda əsl sahibləri tərəfindən sürətli quruculuq və bərpa işləri həyata keçirilir, məcburi köçkünlər öz yurd yerlərində məskunlaşırlar.

Əldə olunmuş qələbə təkcə Azərbaycanın deyil, bütün bölgənin inkişafi üçün yeni imkanlar açdı. Cənubi Qafqazda əsrlərdən sonra sülhün, əməkdaşlığın və təhlükəsizliyin bərqərar olunmasının bünövrəsi qoyuldu. Ulu Öndərin həyata keçirdiyi siyasətin ən mühüm istiqamətlərindən biri də məhz sülh və sabitliyin təmin olunması idi. O, daim vurğulayırdı ki, Azərbaycan sülhpərvər dövlətdir və regionda davamlı sülhün təmin edilməsi əsas prioritetlərdəndir. "Biz dünyada sülh istəyirik, Qafqazda sülh istəyirik, bölgəmizdə sülh istəyirik, ölkəmizdə sülh istəyirik və buna nail olmağa çalışırıq" fikri onun siyasi xəttinin əsas mahiyyətini ifadə edir.

Bu gün həmin siyasət uğurla davam etdirilir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən Azərbaycanın milli maraqları ən yüksək səviyyədə təmin edilir. Artıq qüdrətli Azərbaycan, Qalib xalqın Qalib Lideri, Zəfər salnaməsinin müəllifi ən yüksək kürsülərdən dünya ictimaiyyətinə tarixi ədaləti və beynəlxalq hüququ savaş meydanında bərpa edərək sülhun əldə olunması təcrübəsini bölüşür. Bu, Heydər Əliyev siyasətinin təntənəsidir.

 

Sevinc HÜSEYNOVA,

Milli Məclisin deputatı, YAP Təftiş Komissiyasının sədri 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ürək sağlamlığı hər yaşda qorunmalıdır

09:00
01 May

Beynəlxalq Xalça Festivalı sərgilərlə zəngin olacaq

08:55
01 May

Adı ədəbiyyat tariximizə əbədi həkk olunmuş şair

08:50
01 May

Xalqının fədakar övladı

08:45
01 May

BP-nin Azərbaycan təhsilinə növbəti dəstəyi 

08:40
01 May

Dövlətinə və özünə güvən - irəlilə

08:35
01 May

İKT cəmiyyətə nə verir

08:30
01 May

Təbiətin sınağı, dövlətin qayğısı

08:25
01 May

Din adı altında sülh təhdid olunur

08:23
01 May

Sülh müharibədən daha yaxşıdır 

08:20
01 May

Liderlik nümunəsi

08:15
01 May

Heydər Əliyev siyasətinin təntənəsi

08:10
01 May

Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolu güclənir

08:05
01 May

Azərbaycanın sülh strategiyasının alternativi yoxdur

08:00
01 May

Y.P.Kamayevin "Şöhrət" ordeni ilətəltif edilməsi haqqında

00:49
01 May

Lətif Kərimovun 120 illiyinin qeyd edilməsi haqqında  

00:48
01 May

"Dövlət orqanları (qurumları) tərəfindən tətbiq olunan rəqəmsal həllərin sahə üzrə effektivliyinin test rejimində qiymətləndirilməsi, habelə dövlət orqanları (qurumları) tərəfindən təşkil olunan elektron xidmətlərin ilkin mərhələdə məqsədəuyğunluğunun müəyyən edilməsi üçün tənzimləyici pilot layihələrin həyata keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında 

00:47
01 May

“Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 avqust tarixli 300 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:46
01 May

Dövlət orqanları (qurumları) tərəfindən tətbiq olunan rəqəmsal həllərin sahə üzrə effektivliyinin test rejimində qiymətləndirilməsi, habelə dövlət orqanları (qurumları) tərəfindən təşkil olunan elektron xidmətlərin ilkin mərhələdə məqsədəuyğunluğunun müəyyən edilməsi üçün tənzimləyici pilot layihələrin həyata keçirilməsi QAYDALARI

00:44
01 May

“Neftçi” 5 il sonra “Qarabağ”a qalib gəldi

22:51
30 Aprel

ABŞ-də 75 gündən sonra Daxili Təhlükəsizlik Departamentinin maliyyələşməsi bərpa edilir

22:46
30 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!