Azərbaycanın növbəti bir il ərzində UNESCAP-a sədrliyi də bunun təsdiqidir
Azərbaycanın müasir xarici siyasət strategiyası Prezident İlham Əliyevin uzaqgörən və milli maraqlara söykənən rəhbərliyi sayəsində keyfiyyətcə yeni və daha mütərəqqi bir mərhələyə yüksəlib.
Bu gün Azərbaycan yalnız regionun aparıcı dövləti deyil, həm də qlobal miqyasda sülhün, multikulturalizmin və dayanıqlı inkişafın əsas strateji mərkəzlərindən biri kimi qəbul edilir. Rəsmi Bakı Cənubi Qafqazda başlatdığı sülh erası ilə həm də ədalətə və beynəlxalq hüquqa söykənən yeni dünya nizamının formalaşmasına əhəmiyyətli töhfələr verir.
Ölkəmiz müxtəlif coğrafiyaları, sivilizasiyaları və ideologiyaları ortaq bir məqsəd ətrafında birləşdirən diplomatik qovşaq statusunu beynəlxalq qurumlara rəhbərlik etdiyi dönəmlərdə daha da möhkəmləndirir. Təsadüfi deyil ki, Bakı bu gün beynəlxalq siyasətin formalaşdırıldığı və strateji qərarların qəbul olunduğu qlobal paytaxt rolunu oynayır.
Azərbaycanın növbəti bir il ərzində BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasına (UNESCAP) sədrliyi də ölkəmizə beynəlxalq etimadın göstəricisidir.
Dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə sadiqlik
Azərbaycan diplomatiyası cari il aprelin 20-də növbəti tarixi uğuruna imza atdı. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Banqkokda keçirilən BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının 82-ci sessiyasının sədri seçilməsi ölkəmizə olan ali qlobal etimadı özündə əks etdirdi. Növbəti bir il ərzində Azərbaycan bu mötəbər platformaya rəhbərlik edərək, regionun iqtisadi və sosial inkişaf strategiyasını istiqamətləndirəcək.
Prezident İlham Əliyev sessiyanın iştirakçılarına ünvanladığı müraciətdə vurğulayıb ki, BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası dayanıqlı inkişafın irəliləməsi, eləcə də regional bağlantıların, ticarətin və iqtisadi əməkdaşlığın asanlaşdırılmasında olduqca mühüm rol oynayan BMT-nin ən geniş və təsirli regional platformalarından biri olaraq qalır: "Biz xüsusən də multilateralizmin gücləndirilməsinə ehtiyac duyulduğu vaxtda bu mühüm işə töhfə verməkdən məmnunuq".
Dövlətimizin rəhbəri qeyd edib ki, bu görüş artan qlobal qeyri-müəyyənlik dövründə baş tutur: "Yüksələn geosiyasi gərginlik və genişlənən münaqişələr beynəlxalq sülh və təhlükəsizliyin həssaslığını, o cümlədən onilliklər ərzində əldə olunmuş inkişaf nailiyyətlərinin kövrəkliyini üzə çıxarır. Bu xüsusda Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə özünün sarsılmaz sadiqliyini bir daha vurğulayır".
BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasına sədrliyin Azərbaycana həvalə olunması ölkəmizə göstərilən yüksək etimadın, Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzunun qlobal və regional proseslərdə fəal iştirakının bariz təzahürüdür.
XİN başçısı Ceyhun Bayramov sessiyanın sədri qismində çıxış edərək Azərbaycanın inklüziv inkişaf, rəqəmsal transformasiya, "yaşıl enerji", regional əlaqəlilik və çoxtərəfli əməkdaşlıq sahələrində prioritetlərini təqdim edib.
Nəqliyyat, ticarət və logistika əlaqələri inklüziv inkişafın mühüm vasitəsi kimi qiymətləndirilib. Azərbaycanın Avropa və Asiyanın kəsişməsində yerləşən strateji mövqeyi vurğulanaraq Orta dəhlizin regional əməkdaşlıq və dayanıqlılıqda roluna diqqət çəkilib.
C.Bayramovun çıxışında bölgəmizdə sülh quruculuğu səylərinin, Cənub-Cənub əməkdaşlığı və çoxtərəfli diplomatiyanın önəmi qeyd olunub.
COP29-dan AQEM-ə
Ölkəmizin beynəlxalq platformalardakı fəallığı sistemli xarakter daşıyır. 2024-2026-cı illər üzrə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrlik, Türk Dövlətləri Təşkilatında aparıcı rol, Qoşulmama Hərəkatına rəhbərlik dövründə "peyvənd millətçiliyi"nə qarşı göstərilən qətiyyətli mövqe Azərbaycanın beynəlxalq aləmdəki çəkisini və nüfuzunu daha da artırıb. Həmçinin, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi terrorizmlə mübarizə və hüququn aliliyi sahəsindəki fəaliyyətimiz diplomatiya tariximizin şanlı səhifələridir. Ölkəmiz 2014-cü ildə Avropa Şurası Nazirlər Komitəsinə altıaylıq sədrlik dövründə də Avropanın hüquqi və humanitar məkanında mühüm gündəlik formalaşdırdı.
Azərbaycanın qlobal nüfuzunun ən parlaq səhifələrindən biri COP29-a evsahibliyi və orada əldə edilən tarixi nəticələrdir. Bakı razılaşmaları sayəsində iqlim maliyyəsi sahəsində inqilabi addımların atılması və ildə ən azı 300 milyard dollar vəsaitin səfərbər olunması öhdəliyi Azərbaycanın bəşəri problemlərin həllində əsas aktor olduğunu bir daha sübut etdi.
Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməsi təkcə ölkəmiz üçün deyil, bütün bölgə üçün yeni imkanlar açıb. Ermənistanla sülh gündəliyi və normallaşma prosesində əldə olunan irəliləyişlər, Orta dəhlizin strateji əhəmiyyətinin artması və Zəngəzur dəhlizinin (TRIPP) vəd etdiyi perspektivlər Cənubi Qafqazı qlobal ticarətin mərkəzinə çevirir. Eyni zamanda Azərbaycanın regional sülh gündəliyinin onun beynəlxalq diplomatiyadakı üfüqlərini də birbaşa genişləndirməsi danılmaz gerçəklikdir.
BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciətində Prezident İlham Əliyev bu mühüm məqamı belə vurğulayıb: "Münaqişənin başa çatması Azərbaycanın beynəlxalq səylərinin genişləndirilməsi üçün də yeni imkanları yaratmışdır. Azərbaycanın Türk Dövlətləri Təşkilatında və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə sədrliyi, onun D8 - İqtisadi Əməkdaşlıq üzrə Təşkilata, Mərkəzi Asiyada dövlət başçılarının məşvərətçi görüşlərinə qəbul olunması və COP29 tədbirinə uğurlu evsahibliyi etməsi beynəlxalq ictimaiyyətin Azərbaycanın xarici siyasətinə artan etimadının təzahürüdür".
Onu da diqqətə çatdıraq ki, ölkəmiz gələn ay Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) evsahibliyi edəcək. Azərbaycanın qlobal liderliyini daha da möhkəmləndirəcək bu forum məzmununa və əhatə dairəsinə görə BMT-nin İqlim Dəyişikliyi üzrə Tərəflər Konfransından (COP) sonra ikinci ən böyük və strateji əhəmiyyətli qlobal platforma hesab olunur.
Bütün bu nailiyyətlər təsadüfi deyil, Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən və hərtərəfli siyasətinin məntiqi bəhrəsidir. Bu gün Azərbaycan beynəlxalq müstəvidə təkcə öz maraqlarını qoruyan dövlət deyil, həm də sülh yaradan, dialoqa səsləyən və qlobal çağırışlara töhfə verən lider ölkə kimi tanınır. Bakının formalaşdırdığı bu yeni əməkdaşlıq fəlsəfəsi Cənubi Qafqazdan başlayaraq daha geniş bir coğrafiya üçün siyasi sabitlik, iqtisadi rifah və mədəni inteqrasiya vəd edir. Nüfuzlu beynəlxalq təşkilatlara sədrlik və mühüm qlobal tədbirlərə evsahibliyi Azərbaycanın diplomatik gücünün və dünya birliyinin ölkəmizə olan sarsılmaz etimadının ən böyük təsdiqidir. Azərbaycanın müəyyənləşdirdiyi bu tərəqqi yolu bəşəriyyətin daha təhlükəsiz və dayanıqlı gələcəyinə xidmət edir.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"