İyunun 5-də Sahibə Qafarovanın sədrliyi ilə parlamentin 2026-cı ilin növbədənkənar sessiyasında ilk iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib.
Milli Məclisin sədri Sahibə Qafarova Serbiyaya işgüzar səfəri barədə məlumat verdikdən sonra iclasın gündəliyi təsdiqlənib və cari məsələlərlə bağlı müzakirələr keçirilib. Deputatlar gündəmdə olan bir sıra aktual məsələlərə münasibətlərini bildiriblər.
Sonra gündəlikdəki məsələlərə baxılıb. Milli Məclisin sədri 8 məsələnin müzakirə olunacağını söyləyib.
Gündəlikdəki birinci məsələ - “Diplomatik xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunda dəyişiklik edilməsi barədə” 2025-ci il 7 mart tarixli 150-VIIQD nömrəli Qanunun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə məlumat verib.
Müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul edilib.
Sonra Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəliyin növbəti 3 məsələsi birinci oxunuşda olan qanun layihələridir və “Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumat vermək üçün Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynliyə söz verib.
Komitə sədri deyib ki, qanun layihəsi ölkədə həyata keçirilən genişmiqyaslı struktur və idarəetmə islahatlarının tərkib hissəsi kimi Naxçıvan Muxtar Respublikasında idarəçilik modelinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi artıq 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq.
Qanun layihəsi müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.
Cinayət-Prosessual Məcəllədə, Cəzaların İcrası Məcəlləsində və “İcra haqqında” Qanunda dəyişiklik edilməsi, həmçinin Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələri də səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Sahibə Qafarova gündəliyin son 3 məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu söyləyib.
Gömrük Məcəlləsində dəyişiklik edilməsi, “Yaşıllıqların mühafizəsi haqqında” Qanunda dəyişiklik edilməsi və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələri də müzakirələrdən sonra ikinci oxunuşda qəbul edilib.
Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.
11:10
İyunun 5-də Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası keçirilir.
AZƏRTAC xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı 8 məsələ daxil edilib:
1. “Diplomatik xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş);
2. “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunda dəyişiklik edilməsi barədə” 2025-ci il 7 mart tarixli 150-VIIQD nömrəli Qanunun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsi;
3. “Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş);
4. Cinayət-Prosessual Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində və “İcra haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş);
5. Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş);
6. Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş);
7. “Yaşıllıqların mühafizəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş);
8. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş).