05 İyun 2026 08:35
140
SİYASƏT
A- A+
Ölkəmizin qlobal enerji siyasətinin mühüm subyektlərindən biri olduğu növbəti dəfə təsdiqləndi

Ölkəmizin qlobal enerji siyasətinin mühüm subyektlərindən biri olduğu növbəti dəfə təsdiqləndi


Azərbaycan enerji təhlükəsizliyi ilə "yaşıl transformasiya" arasında balans yaradan azsaylı ölkələrdəndir


Ölkəmizin paytaxtında dünya energetika sahəsində ən nüfuzlu və genişmiqyaslı tədbirlərdən olan "Bakı Enerji Həftəsi"ndə son 30 ildə Azərbaycanın keçdiyi inkişaf yolunun, reallaşdırılan strateji qərarların və formalaşdırılan dövlət modelinin beynəlxalq auditoriyaya təqdimatı oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tədbirdəki çıxışı isə Azərbaycanın müasir inkişaf fəlsəfəsinin, milli maraqlara əsaslanan siyasətinin və praqmatik dövlət idarəçiliyinin konseptual izahı kimi tarixi əhəmiyyət daşıyır.

"Bakı Enerji Həftəsi" dünyanın aparıcı enerji platformalarından biridir. Bu beynəlxalq tədbir 1994-cü ildə ilk dəfə təşkil olunmuş Xəzər Neft və Qaz Sərgisi ilə başlamışdır. O zaman müstəqilliyini yenicə bərpa etmiş, siyasi və iqtisadi böhran yaşayan Azərbaycan üçün belə bir tədbirin keçirilməsi böyük hadisə hesab olunurdu. Bu gün isə həmin tədbir artıq qlobal enerji gündəmini müəyyənləşdirən platformalardan biri kimi qəbul edilir.

Təsadüfi deyil ki, dünyanın ən nüfuzlu siyasi liderləri "Bakı Enerji Həftəsi"nə xüsusi diqqət göstərirlər. ABŞ Prezidenti Donald Trampın, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Böyük Britaniyanın Baş naziri Kir Starmerin tədbir iştirakçılarına ünvanladıqları məktublar Azərbaycanın enerji sahəsində qazandığı beynəlxalq nüfuzun göstəricisidir. Bu məktublar həm də Azərbaycanın qlobal enerji siyasətinin mühüm subyektlərindən biri kimi rolunu, nüfuzunu nümayiş etdirir.


Enerji siyasətində praqmatizmin qələbəsi


Son illər neft və qaz sənayesinə qarşı aparılan kampaniyalar fonunda Azərbaycan Prezidentinin bu məsələlərə münasibəti böyük maraq doğurur. Məlumdur ki, uzun müddət ərzində bəzi dairələr məqsədli şəkildə karbohidrogen sənayesini hədəfə alır, neft və qaz istehsal edən ölkələri müxtəlif ittihamlarla damğalayırdılar. Özü də hər hansı əsas olmadan. 

Son dövrlərin qlobal reallıqları isə göstərdi ki, dünya iqtisadiyyatı hələ uzun illər ərzində neft və qaz olmadan ayaqda dura bilməz. Enerji keçidi vacibdir, "yaşıl enerji" gələcəyin əsas istiqamətlərindən biridir, lakin bu proses real iqtisadi tələblər və enerji təhlükəsizliyi ilə uzlaşdırılmalıdır. Cənab İlham Əliyevin də vurğuladığı kimi, əsas məsələ ideoloji yanaşmalar deyil, praqmatizmdir. Enerji təhlükəsizliyi ilə "yaşıl transformasiya" arasında balans tapılmalıdır və Azərbaycan məhz bu yanaşmanı seçib. Ölkəmiz həm neft-qaz ehtiyatlarından səmərəli istifadə edir, həm də bərpaolunan enerji layihələrinə milyonlarla dollar investisiya yatırır. Bu baxımdan Azərbaycan liderinin ABŞ Prezidenti Donald Trampa enerji siyasətini "yenidən normal məcraya qaytardığına görə" təşəkkür ifadəsi diqqətçəkən siyasi mesaj idi. Bu fikir enerji təhlükəsizliyinin ideoloji yox, iqtisadi və strateji kateqoriya kimi qəbul edilməsinin vacibliyini göstərir.

Əslində, son illərin hadisələri də Azərbaycanın mövqeyinin doğruluğunu təsdiqləyir. Avropada baş verən enerji böhranı, qlobal təchizat zəncirlərindəki problemlər və geosiyasi gərginliklər bir daha sübut etdi ki, enerji siyasəti emosiyalarla deyil, reallıqlarla idarə olunmalıdır. Bu reallıq enerji siyasətində praqmatizmin qələbəsidir və bu qələbənin əsas müəlliflərindən biri də məhz Azərbaycandır və onun lideridir.


Neft gəlirlərinin səmərəli idarə olunmasının Azərbaycan modeli


Təbii sərvətlərə malik olmaq hələ inkişaf demək deyil. Dünya təcrübəsində kifayət qədər nümunələr mövcuddur ki, zəngin enerji resurslarına sahib ölkələr həmin sərvətləri iqtisadi və sosial inkişafa çevirə bilməyiblər. Azərbaycanın uğuru məhz burada ortaya çıxır. Azərbaycan enerji resurslarından əldə olunan vəsaitləri ölkənin gələcəyi üçün istifadə edib və etməkdədir. 

Neft gəlirləri ölkəmizin inkişafı üçün son dərəcə zəruri olan sosial infrastrukturun qurulmasına, təhsil və səhiyyə sisteminin inkişafına, müasir yol və nəqliyyat şəbəkələrinin yaradılmasına, müdafiə potensialının gücləndirilməsinə və s. vacib istiqamətlərə yönəldilir. Son onilliklər ərzində Azərbaycanın hər bir bölgəsində məktəblər, xəstəxanalar, idman kompleksləri, hava limanları, magistral yollar inşa olunub. Elektrik enerjisi, qaz və içməli su ilə təminat əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Əgər neft gəlirləri yalnız cari istehlaka yönəldilsəydi, bu gün Azərbaycanın əldə etdiyi nəticələr mümkün olmazdı. Ölkəmiz isə təbii sərvətlərini milli inkişaf kapitalına çevirməyi bacarıb və bu model hazırda bir çox ölkə üçün maraqlı təcrübə hesab olunur. Çünki burada əsas məsələ sərvətin həcmi deyil, onun idarə olunma keyfiyyətidir.

Prezident İlham Əliyevin çıxışında müqayisəli statistik göstəricilər xüsusilə diqqət çəkirdi. Həmin rəqəmlər Azərbaycanın son 30 ildə keçdiyi yolu aydın şəkildə göstərir: ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan faktiki olaraq ağır böhran içində olan ölkə idi, ərazimizin 20 faizi işğal edilmişdi, 1 milyondan çox insanımız qaçqın və məcburi köçkün vəziyyətində yaşayırdı. Ölkə iqtisadiyyatı, demək olar ki, dağılmışdı, yoxsulluq səviyyəsi 50 faizdən yüksək idi. Elektrik enerjisi və qaz çatışmazlığı mövcud idi və onlar əhaliyə böyük fasilələrlə verilirdi. Xarici investorlar Azərbaycanı riskli dövlət hesab etdiklərindən ölkəmizə sərmayələr yatırmağa maraq göstərmirdilər. 

Bu gün isə tamamilə fərqli mənzərə mövcuddur. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Vətən müharibəsindəki tarixi qələbəmizdən sonra Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın öz imkanları hesabına yenidən qurulur. Ölkəmizdə yoxsulluq səviyyəsi 5 faizə enib, işsizlik minimum səviyyəyə düşüb. Xarici borc ÜDM-in təxminən 6 faizini təşkil edir ki, bu da ən yaxşı göstəricilərdən biridir, yəni dünyada ən aşağı borclardandır. Dövlətin strateji valyuta ehtiyatları xarici borcu dəfələrlə üstələyir. Bu yüksək göstəricilərin hər biri düzgün siyasi və iqtisadi qərarların nəticəsidir.

1994-cü ildə dünyanın aparıcı enerji sənayesi şirkətləri ilə imzalanmış "Əsrin müqaviləsi" Azərbaycan üçün xarici investisiyaların cəlb olunmasının başlanğıcı sayılır. O dövrdə ölkənin əsas məqsədi beynəlxalq kapitalı Azərbaycana gətirmək idi. Bu gün isə vəziyyət dəyişib, Azərbaycan investisiya cəlb edən ölkədən investor ölkəyə çevrilib. Azərbaycanın dövlət neft şirkəti SOCAR təkcə ölkə daxilində deyil, dünyanın müxtəlif regionlarında da böyük layihələr həyata keçirir, Türkiyə, Mərkəzi Asiya, Yaxın Şərq və Afrika bazarlarında aktiv fəaliyyət göstərir.

Bu böyük dəyişiklik ölkəmizin iqtisadi gücünün göstəricisidir. Bir vaxtlar xarici investisiyalara ehtiyac duyan Azərbaycan bu gün beynəlxalq investisiya axınlarının iştirakçısına çevrilib. Bütün bunlar ölkəmizin enerji siyasətinin yalnız hasilat və ixrac deyil, həm də kapital formalaşdırılması və beynəlxalq iqtisadi nüfuz yaradılması baxımından uğurunu nümayiş etdirir. Prezident İlham Əliyevin çıxışında vurğuladığı kimi: "Bütün bunlar birinci növbədə bizim təbii sərvətlərimizdən düzgün istifadə etdiyimizə görə baş verdi. Biz həm investorlara, həm də ev sahibi ölkəsinə qazanc gətirən vəziyyəti yaratdıq. Biz milli maraqlar üzərində dayanan çox praqmatik siyasət həyata keçirtdik və işimizə müdaxilə etmək, bizə pis məsləhət vermək istəyənlərə qulaq asmadıq. Biz hər bir işi strategiyamız əsasında etdik. Bütün taktiki gedişlərimiz həmin strategiyaya əsaslanırdı... Beləliklə, Azərbaycanın inkişafı, - istər sosial, iqtisadi, hərbi, istərsə də xarici siyasət olsun, - bütün bunlar onu nümayiş etdirir ki, təbii sərvətlərdən düzgün istifadə olunan zaman onlar bir çox üstünlüklərə yol aça bilər".


Güclü iqtisadiyyat - qüdrətli ordu


Tarix bu həqiqəti dəfələrlə sübuta yetirib ki, güclü ordu güclü iqtisadiyyat olmadan formalaşa bilməz. Azərbaycanın enerji layihələri sayəsində əldə etdiyi maliyyə imkanları ölkəmizə müasir ordu qurmağa şərait yaratdı. Son 20 ildə Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazası köklü şəkildə yeniləndi, ən müasir silah sistemləri alındı, peşəkar hərbi kadrlar yetişdirildi. Nəticədə 2020-ci ildə Azərbaycan cəmi 44 gün ərzində tarixi Qələbə qazanaraq torpaqlarımızı işğaldan azad etdi, 2023-cü ilin sentyabrında isə 23 saatlıq antiterror əməliyyatı ilə Qarabağda separatçıların kökünü kəsib suverenliyinə nail oldu.

Bu baxımdan enerji siyasəti ilə Vətən müharibəsində əldə edilmiş Zəfər arasında birbaşa əlaqə mövcuddur. Enerji resurslarından əldə edilən gəlirlər dövlətin iqtisadi dayanıqlığını artırmaqla yanaşı, milli təhlükəsizliyin təmin edilməsinə də xidmət etdi.

Bu gün dünyanın müxtəlif regionlarında Azərbaycanın ötən əsrin 90-cı illərində üzləşdiyi problemlərlə qarşılaşan dövlətlər mövcuddur. Ərazi münaqişələri, qaçqın problemləri, iqtisadi böhranlar və enerji resurslarından səmərəsiz istifadə kimi hallar bir çox ölkə üçün aktualdır. Azərbaycanın təcrübəsi isə göstərir ki, təbii sərvətlər düzgün idarə olunarsa, onlar inkişafın güclü mühərrikinə çevrilə bilər.

Ölkəmizin son 30 ildəki inkişafı iqtisadi, sosial, hərbi və diplomatik sahələrin bir-birindən ayrılmaz olduğunu nümayiş etdirir. Güclü iqtisadiyyat qüdrətli ordu yaradır, qətiyyətli və proqmatik güclü diplomatiya iqtisadi layihələri təmin edir, enerji gəlirləri isə sosial rifahı yüksəldir. Bu səbəbdən Azərbaycan modeli bir çox beynəlxalq ekspert tərəfindən uğurlu inkişaf nümunəsi kimi qiymətləndirilir.


Yeni enerji mərhələsi


Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı Azərbaycanın gələcək enerji mənzərəsini də canlandırırdı. "Azəri-Çıraq-Dərinsulu Günəşli" (Deep Gas) layihəsi Azərbaycanın qaz hasilatını artırmağa imkan verəcək. Eyni zamanda ölkəmizin təsdiqlənmiş qaz ehtiyatları ən azı növbəti yüz il ərzində həm daxili tələbatı, həm də beynəlxalq tərəfdaşların ehtiyaclarını ödəməyə yetəcək. Təqdir olunan məqam isə həm də ondan ibarətdir ki, Azərbaycan yalnız ənənəvi enerji mənbələrinə güvənmir. Ölkəmiz eyni zamanda genişmiqyaslı "yaşıl enerji" proqramlarını uğurla həyata keçirir. Gələn ilin sonuna qədər günəş və külək enerjisi üzrə istehsal gücünün 2 giqavata çatdırılması planlaşdırılır. 2032-ci ilin sonuna qədər isə bu göstəricinin 8 giqavat olması nəzərdə tutulur. Bu, Azərbaycanın enerji siyasətinin uzunmüddətli və balanslaşdırılmış xarakter daşıdığını, həmçinin qlobal əhəmiyyətini göstərir. Bu gün Azərbaycan qlobal enerji təhlükəsizliyinin vacib iştirakçılarındandır. TANAP və TAP layihələri artıq Avrasiyanın enerji xəritəsini dəyişdirib, Azərbaycan qazı hazırda 16 ölkəyə ixrac olunur və bu coğrafiya ildən-ilə genişlənir.

Avropa üçün enerji mənbələrinin şaxələndirilməsi xüsusi əhəmiyyət daşıdığı bir dövrdə Azərbaycan ən etibarlı tərəfdaş kimi illərdir  ona olan güvəni qoruyur. Azərbaycan qazı siyasi təzyiq aləti deyil, qarşılıqlı faydalı əməkdaşlıq vasitəsi rolunda çıxış edir. 

Ölkəmiz Şərqlə Qərb arasında enerji və logistika körpüsü rolu ilə bir çox Xəzəryanı dövlət üçün də mühüm tranzit imkanları təqdim edir. Azərbaycan Prezidenti çıxışında nəqliyyat-kommunikasiya layihələrinin əhəmiyyətinə də xüsusi diqqət yönəltdi. Bu kontekstdə xüsusi yer tutan Zəngəzur dəhlizi  (TRIPP) Şərq-Qərb marşrutunun yeni və strateji qolu kimi çıxış edəcək və yalnız Azərbaycan üçün deyil, bütün region üçün böyük iqtisadi imkanlar yaradacaq. Ötən ilin avqustunda ABŞ-də, Ağ Evdə imzalanmış sənədlər, ötən ildən bəri bu istiqamətdə aparılan danışıqlar, atılan addımlar da göstərir ki, beynəlxalq tərəfdaşlar bu layihənin potensialını yüksək qiymətləndirirlər. Əslində, Zəngəzur dəhlizi Azərbaycanın son 30 ildə formalaşdırdığı tranzit və logistika strategiyasının məntiqi davamıdır.


Azərbaycanın uğur modeli


Ölkəmizin son onilliklərdə əldə etdiyi uğurları, o cümlədən enerji sektorundakı nailiyyətlərini yalnız təbii sərvətlərin zənginliyi ilə izah etmək düzgün olmaz. Bu uğurların hər birinin arxasında son dərəcə peşəkar diplomatiya dayanır. Dünya okeanlarına çıxışı olmayan ölkənin enerji resurslarını beynəlxalq bazarlara çıxarması mürəkkəb geosiyasi prosesdir. Bunun üçün qonşularla etibarlı münasibətlər qurmaq, müxtəlif siyasi sistemlərə malik dövlətlərlə əməkdaşlıq etmək, regional sabitliyi qorumaq lazımdır. 

Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf kursu ilə ölkəmizi tarixinin ən qüdrətli mərhələsinə çatdırmış Prezident İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində Azərbaycan məhz bunu bacarıb. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP və TAP kimi layihələr iqtisadi mahiyyəti ilə yanaşı, həm də diplomatik uğurun nəticəsidir. Bu layihələrin hər biri müxtəlif ölkələrin maraqlarını uzlaşdıran mürəkkəb siyasi razılaşmalar əsasında reallaşıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli xarici siyasət Azərbaycanın həm Şərqdə, həm Qərbdə, həm də qlobal Cənubda etibarlı tərəfdaş kimi qəbul olunmasını təmin edib. Məhz buna görə Azərbaycan bu gün təkcə enerji ixrac edən ölkə deyil, regionun siyasi, iqtisadi və nəqliyyat mərkəzlərindən biridir.

"Bakı Enerji Həftəsi"nin məzmunu, burada səslənən fikirlər də bir daha göstərdi ki, Azərbaycanın enerji siyasəti, sadəcə, karbohidrogen hasilatı ilə məhdudlaşmır. Bu siyasət dövlət quruculuğu, iqtisadi inkişaf, sosial rifah, hərbi güc, beynəlxalq nüfuz və diplomatik uğurların vahid sistemidir.

Ötən əsrin 90-cı illərinin əvvəlində ağır böhran yaşayan, ərazilərinin bir hissəsi işğal altında olan, xarici yardıma ehtiyac duyan Azərbaycan bu gün qlobal enerji təhlükəsizliyinin mühüm təminatçılarından biri, investor ölkə, regional lider və beynəlxalq diplomatiyanın fəal iştirakçısıdır. Prezident İlham Əliyevin "Bakı Enerji Həftəsi"ndəki çıxışı da məhz bu gerçəkliyi nümayiş etdirirdi: təbii sərvətlər özlüyündə sərvət deyil, onları milli maraqlara uyğun şəkildə idarə etmək, gələcək nəsillərin rifahına çevirmək və dövlətin strateji gücünü artırmaq əsas məsələdir.

Azərbaycanın keçdiyi yol göstərir ki, düzgün siyasi liderlik, uzaqgörən strategiya və praqmatik yanaşma olduqda enerji resursları iqtisadi gəlir mənbəyi olmaqla yanaşı, həm də milli yüksəlişin təməlidir.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xətt-oyma sənətinin yaradıcısı

09:00
05 İyun

Ömrünün sonunadək tarın sehrindən çıxmadı

08:55
05 İyun

Böyük qayıdışın şəhərsalma nümunəsi

08:50
05 İyun

Azərbaycan memarlığı: keçmişdən müasirliyə

08:45
05 İyun

Qlobal neft böhranı elektrikli avtomobillərə tələbatı rekord həddə çatdırıb

08:40
05 İyun

Ölkəmizin qlobal enerji siyasətinin mühüm subyektlərindən biri olduğu növbəti dəfə təsdiqləndi

08:35
05 İyun

AÇG-də daha bir yenilik

08:30
05 İyun

Azərbaycan Avropa ilə Asiya arasında mühüm enerji körpüsünə çevrilib

08:25
05 İyun

Azərbaycan-Avropa İttifaqı münasibətləri yeni mərhələyə keçir

08:20
05 İyun

Böyük qayıdışın hüquqi təməli: dayanıqlı məskunlaşmaya aparan yol

08:15
05 İyun

Yeni dövlət proqramı kənd təsərrüfatının inkişafını sürətləndirəcək

08:10
05 İyun

Peşələri aydınlıqdır

08:05
05 İyun

Nümunəyə çevrilən inkişaf

08:00
05 İyun

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli və “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” 2025-ci il 7 noyabr tarixli 333 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

01:29
05 İyun

“Elektron icra” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 12 oktyabr tarixli 306 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:29
05 İyun

Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub  

23:41
04 İyun

Rusiya Prezidenti: Ermənistanın hazırkı xarici siyasi kursunda qeyri-adi heç nə yoxdur

23:23
04 İyun

Rusiya Prezidenti İrana humanitar yardımın çatdırılmasında köməyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib  

23:16
04 İyun

Prezident Putin: Rusiya və Azərbaycan bir sıra konkret istiqamətlərdə, o cümlədən energetika sahəsində danışıqlar aparır  

22:57
04 İyun

Erdal Özkaya: Süni intellekt kibertəhdidlərin həyata keçirilməsi sürətini 29 saniyəyədək azaldıb  

22:51
04 İyun

Vladimir Putin: Rusiyanın Azərbaycanla həmişə çox yaxşı münasibətləri olub və bu davam edir  

22:46
04 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!