24 İyul 2026 08:25
559
SİYASƏT
A- A+
Azərbaycan ilə Almaniya arasında strateji körpü qurulur

Azərbaycan ilə Almaniya arasında strateji körpü qurulur


Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri Bakı-Berlin münasibətlərinin inkişafında yeni strateji mərhələnin əsasını qoydu. Səfər çərçivəsində İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və Federal Kansler Fridrix Merts ilə keçirdiyi görüşlər, imzalanmış sənədlər və verilmiş siyasi mesajlar göstərdi ki, Azərbaycan-Almaniya tərəfdaşlığı artıq ənənəvi ikitərəfli əməkdaşlıq çərçivəsindən çıxaraq daha geniş geosiyasi və geoiqtisadi məzmun daşıyır. 

Danışıqların əsas mövzularını ölkələrimiz arasında siyasi əlaqələr, enerji və xammal təhlükəsizliyi, investisiya əməkdaşlığı, Orta dəhlizin inkişafı, Azərbaycan-Ermənistan sülh gündəliyi və beynəlxalq təhlükəsizlik məsələləri təşkil edirdi. Bu baxımdan səfərin ən mühüm nəticəsi Prezident İlham Əliyev və Kansler Fridrix Merts tərəfindən "Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə"nin imzalanması oldu. Eyni zamanda Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına dair sənəd qəbul edildi. Bu qərarlar siyasi dialoqla iqtisadi əməkdaşlıq arasında daha sistemli əlaqənin qurulmasına və tərəfdaşlığın konkret mexanizmlərlə möhkəmləndirilməsinə xidmət edir.

Strateji gündəliyə dair Birgə Bəyannamə iki ölkə arasında münasibətlərin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirir. Sənəddə yüksəksəviyyəli siyasi məsləhətləşmələrin davam etdirilməsi, ticarət və investisiyaların təşviqi, enerji və bağlantılar, "yaşıl" və aşağı karbonlu hidrogen, təhlükəsizlik və müdafiə, minatəmizləmə, təhsil, mədəniyyət, rəqəmsal transformasiya, sənaye modernləşdirilməsi, elm və innovasiya sahələrində əməkdaşlığın dərinləşdirilməsi nəzərdə tutulur. Bu onu göstərir ki, Bakı ilə Berlin arasındakı münasibətlər yalnız cari maraqlara deyil, uzunmüddətli və çoxşaxəli strateji gündəliyə əsaslanan tərəfdaşlıq səviyyəsinə yüksəlir.

Prezident İlham Əliyevin mətbuata bəyanatında vurğuladığı kimi, imzalanmış sənədlər iki ölkənin əlaqələrini yeni səviyyəyə qaldırır və strateji dialoqun başlanmasını təmin edir. Dövlətimizin başçısı sənədlərin praktiki icrası üçün bir neçə İşçi qrupunun yaradılacağını da bildirir. Bu yanaşma səfərin yalnız siyasi bəyanatlarla məhdudlaşmadığını, konkret fəaliyyət planına və institusional mexanizmlərə əsaslandığını göstərir.


1996-cı ildən başlanan strateji xəttin davamı


Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfərinin mühüm xüsusiyyətlərindən biri onun tarixi varislik ənənəsini davam etdirməsidir. Müasir dövrdə Azərbaycanla Almaniya arasında münasibətlərin inkişafında əsas dönüş nöqtələrindən biri Ümummilli Lider Heydər Əliyevin 1996-cı il iyulun 1-4-də Almaniyaya etdiyi səfər olub. Həmin səfər müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın Avropanın ən böyük siyasi və iqtisadi güclərindən biri ilə uzunmüddətli əməkdaşlıq qurmaq iradəsini nümayiş etdirirdi. Almaniyanın siyasi rəhbərliyi, Bundestaq nümayəndələri, aparıcı biznes və maliyyə dairələri ilə keçirilən görüşlər Azərbaycanın müstəqil xarici siyasət kursunun Avropada daha geniş qəbul olunmasına və ölkəmizin dünya iqtisadi sisteminə inteqrasiyasına mühüm töhfə verdi.

30 il əvvəl əsası qoyulan bu strateji xətt bu gün tamamilə yeni geosiyasi şəraitdə davam edir. Ölkəmizin beynəlxalq sistemdəki mövqeyi isə artıq xeyli fərqlidir. Müasir Azərbaycan regional proseslərə təsir göstərən, enerji və nəqliyyat təhlükəsizliyinə real töhfə verən, müstəqil xarici siyasət həyata keçirən və Avropa ilə Asiya arasında bağlantı yaradan güclü dövlət kimi çıxış edir.

Son illərdə yüksəksəviyyəli qarşılıqlı səfərlərin intensivləşməsi də münasibətlərdəki dinamikanı təsdiqləyir. Prezident İlham Əliyevin Almaniyaya səfərləri və Münxen Təhlükəsizlik Konfransında davamlı iştirakı, eləcə də Frank-Valter Ştaynmayerin 2025-ci ilin yazında Azərbaycana səfər edən ilk Almaniya Prezidenti olması siyasi dialoqun sabit və ardıcıl xarakter daşıdığını göstərir. Kansler Fridrix Merts də Berlindəki bəyanatında məhz bu səfəri münasibətlərin inkişafında mühüm mərhələ kimi qiymətləndirdi.


Avropanın dəyişən geosiyasi baxışı və Azərbaycanın artan rolu


Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri dünyada təhlükəsizlik sisteminin və iqtisadi münasibətlərin ciddi transformasiyaya uğradığı bir dövrə təsadüf edir. Əvvəlcə pandemiya, daha sonra Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki gərginlik, enerji bazarlarındakı dəyişikliklər və qlobal təchizat zəncirlərinin pozulması Avropa İttifaqını öz enerji, logistika və iqtisadi təhlükəsizlik siyasətinə yenidən baxmağa məcbur edib. Uzun illər formalaşmış birtərəfli asılılıq modeli artıq dayanıqlı hesab olunmur. Avropa İttifaqı enerji mənbələrinin, nəqliyyat marşrutlarının, kritik xammal və texnologiya təchizatının şaxələndirilməsini strateji prioritetə çevirib. Belə bir şəraitdə Cənubi Qafqaz əvvəlki kimi geosiyasi periferiya, yəni bir çevrədə yox, Avropa ilə Asiyanı birləşdirən enerji, ticarət və nəqliyyat qovşağı kimi çıxış edir.

Bu dəyişən geosiyasi mühit Azərbaycanın Avropa üçün əhəmiyyətini keyfiyyətcə yeni səviyyəyə yüksəldib. Azərbaycan artıq yalnız karbohidrogen ixrac edən ölkə kimi deyil, Avropanın enerji təhlükəsizliyinə, nəqliyyat bağlantılarına, "yaşıl enerji" keçidinə və Mərkəzi Asiya ilə əlaqələrinin qurulmasına töhfə verən strateji tərəfdaş kimi qəbul olunur. 

2022-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması bu transformasiyanın mühüm siyasi ifadəsi idi. Memorandum "Cənub qaz dəhlizi"nin imkanlarının genişləndirilməsini və 2027-ci ilədək Avropa İttifaqına illik qaz tədarükünün ən azı 20 milyard kubmetrə çatdırılmasını nəzərdə tutur. Sənəd, eyni zamanda bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində uzunmüddətli əməkdaşlığın əsasını qoyur.

Bütün bunları nəzərə alaraq səfər zamanı enerji əməkdaşlığının əsas müzakirə mövzularından olması təbii idi. Prezident İlham Əliyev Azərbaycanın 2026-cı ildən etibarən Almaniyaya təbii qaz ixracına başladığını, Azərbaycan qazının artıq Avropa İttifaqının 10 ölkəsinə çatdırıldığını bildirdi. Dövlətimizin başçısı ölkəmizin Almaniyaya neft də ixrac etdiyini, gələcəkdə isə Azərbaycan mənşəli "yaşıl enerji"nin Avropaya çatdırılmasının planlaşdırıldığını diqqətə çatdırdı.

Kansler Fridrix Merts də Azərbaycanla əməkdaşlığın Almaniyanın enerji təchizatının şaxələndirilməsi baxımından əhəmiyyətini vurğuladı. Onun sözlərinə görə, hazırkı qlobal böhran şəraitində respublikamızdan xam neftin və "Cənub qaz dəhlizi" vasitəsilə təbii qazın tədarükü xüsusi əhəmiyyət daşıyır. Tərəflər həmçinin bərpaolunan enerji və hidrogen sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdilər. 

Bu əməkdaşlıq yalnız cari enerji ehtiyaclarının qarşılanmasına yönəlmir. Azərbaycan ənənəvi enerji resursları, "yaşıl" elektrik enerjisi, külək enerjisi və hidrogen potensialını birləşdirən uzunmüddətli enerji tərəfdaşı kimi Almaniya və bütövlükdə Avropa üçün əhəmiyyətini artırır.


Yeni geoiqtisadi xəritənin əsas marşrutu


Azərbaycan-Almaniya tərəfdaşlığının digər mühüm istiqaməti nəqliyyat və logistika bağlantılarıdır. Şimal istiqamətində mövcud geosiyasi məhdudiyyətlər və digər marşrutlardakı risklər fonunda Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu - Orta dəhliz Avropa ilə Mərkəzi Asiyanı birləşdirən ən perspektivli alternativlərdən biri kimi ön plana çıxır.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, Xəzər dənizi üzərindən multimodal daşımalar və Azərbaycanın inkişaf etdirdiyi yol infrastrukturu ölkəmizin bu dəhlizin əsas qovşaqlarından birinə çevrilməsinə imkan verir. Almaniya kimi ixracyönümlü sənaye iqtisadiyyatı üçün Orta dəhliz Mərkəzi Asiya bazarlarına daha etibarlı çıxış, kritik xammal tədarükünün şaxələndirilməsi və təchizat zəncirlərinin dayanıqlığının artırılması deməkdir.

Prezident İlham Əliyev Berlindəki bəyanatında Azərbaycanın Avropa ilə Mərkəzi Asiya arasında körpü rolunun artdığını və bağlantılar sahəsində konkret fəaliyyət planının nəzərdə tutulduğunu bildirdi. Kansler Fridrix Merts də Cənubi Qafqazın Avropa ilə Asiya arasında körpü kimi əhəmiyyətinin yüksəldiyini, yeni nəqliyyat və ticarət dəhlizlərinin böyük iqtisadi potensial yaratdığını vurğuladı.

Prezident İlham Əliyevin Almaniyaya səfərinin mühüm siyasi istiqamətlərindən biri də Cənubi Qafqazda sülh, təhlükəsizlik və sabitlik məsələləri oldu. Almaniya rəhbərliyi Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində əldə olunan nəticələri yüksək qiymətləndirdi və davamlı sülhün bərqərar olmasına dəstəyini ifadə etdi. Kansler Fridrix Mertsin Azərbaycan-Ermənistan sülh gündəliyində əldə edilmiş irəliləyişi tarixi fürsət adlandıraraq Almaniyanın və Avropa İttifaqının regionda uzunmüddətli sabitliyin təmin olunmasında maraqlı olduğunu bildirməsi, Strateji gündəliyə dair Birgə Bəyannamədə də Almaniyanın iki ölkənin davamlı sülhə nail olmaq istiqamətində səylərini tam dəstəkləməsinin təsbit olunması da əhəmiyyətli məqamlardır. Bu yanaşma rəsmi Berlinin Cənubi Qafqaza baxışında baş verən dəyişikliyi nümayiş etdirir. Almaniya regionu yalnız böhranlar və münaqişələr prizmasından yox, Avropa ilə Asiya arasında sabitlik, enerji təhlükəsizliyi və iqtisadi əməkdaşlıq məkanı kimi qiymətləndirməyə başlayır. Azərbaycan isə bu prosesdə regional gündəliyi formalaşdıran və sülh təşəbbüsləri irəli sürən əsas aktorlardan biri kimi çıxış edir.


Biznes və investisiyalar üçün yeni imkanlar


Hazırda Azərbaycanda 200-dən çox Almaniya şirkəti fəaliyyət göstərir. Amma səfər çərçivəsində Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması iqtisadi münasibətlərə əlavə impuls verə bilər. Alman şirkətlərinin ölkəmizdəki fəaliyyətinin genişləndirilməsi, qarşılıqlı investisiyalar, yüksək texnologiyalar, "yaşıl enerji", sənaye kooperasiyası və infrastruktur sahəsində konkret təkliflərin müzakirəsi bu baxımdan son dərəcə faydalıdır. 

Azərbaycanın əlverişli coğrafi mövqeyi, inkişaf edən nəqliyyat infrastrukturu, enerji resursları, bərpaolunan enerji potensialı və regionun ən böyük bərpa-quruculuq proqramlarından birini həyata keçirməsi Almaniya şirkətləri üçün geniş imkanlar yaradır. Almaniyanın texnoloji və sənaye təcrübəsi isə Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi, rəqəmsal transformasiya və sənaye modernləşdirilməsi prioritetləri ilə üst-üstə düşür.

Lakin Azərbaycan-Almaniya münasibətləri yalnız siyasi və iqtisadi maraqlara əsaslanmır. İki xalq arasında tarixi və humanitar bağlar münasibətlərin mühüm dayaqlarındandır. Məlumdur ki, XIX əsrin əvvəllərindən etibarən alman ailələrinin Azərbaycanda məskunlaşması nəticəsində Göygöl, Şəmkir və digər bölgələrdə alman yaşayış məntəqələri formalaşıb. Alman icmaları Azərbaycanın üzümçülük, şərabçılıq, memarlıq və sənaye mədəniyyətinin inkişafına mühüm töhfələr veriblər. Azərbaycan dövləti bu gün də alman kilsələrinin, tarixi binaların və digər mədəni irs nümunələrinin qorunmasına xüsusi diqqət göstərir. Təhsil və elm sahəsində əlaqələr, tələbə mübadilələri, Almaniyada çalışan azərbaycanlı alimlər, həkimlər, mühəndislər və informasiya texnologiyaları mütəxəssisləri iki ölkə arasında insanlararası əlaqələrin daha da genişlənməsinə xidmət edir. Almaniyada fəaliyyət göstərən Azərbaycan diasporu da ictimai, elmi və mədəni münasibətlərin inkişafında mühüm rol oynayır.

Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfərinin nəticələri göstərir ki, Bakı ilə Berlin arasında münasibətlər yeni keyfiyyət mərhələsinə daxil olub. İmzalanmış strateji gündəlik siyasi dialoqun genişləndirilməsi ilə yanaşı, enerji, nəqliyyat, investisiyalar, təhlükəsizlik, innovasiya, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın uzunmüddətli çərçivəsini müəyyənləşdirir.

Bu səfər həm 1996-cı ildə əsası qoyulmuş strateji xəttin davamı, həm də dəyişən qlobal reallıqlara verilən ortaq cavabdır. Avropanın enerji və təchizat mənbələrini şaxələndirməyə, yeni nəqliyyat marşrutları qurmağa və Cənubi Qafqazda davamlı sülhü dəstəkləməyə çalışdığı bir dövrdə Azərbaycan Almaniya üçün etibarlı və perspektivli tərəfdaş mövqeyini möhkəmləndirir.

Rəsmi Bakı və Berlin arasında qurulan strateji körpü yalnız iki ölkənin milli maraqlarına xidmət etmir. Bu tərəfdaşlıq Avropa ilə Asiya arasında enerji və nəqliyyat əlaqələrinin gücləndirilməsi, Cənubi Qafqazda sabitliyin təmin olunması və daha dayanıqlı Avrasiya iqtisadi məkanının formalaşdırılması baxımından da mühüm əhəmiyyət daşıyır.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sankt-Peterburqda “Wildberries” anbarları PUA hücumlarına məruz qalıb  

11:06
24 İyul

Bakıda yol-nəqliyyat hadisəsi baş verib, 22 nəfər xəsarət alıb  

11:05
24 İyul

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

11:03
24 İyul

FHN gözlənilən isti hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

10:46
24 İyul

Qızıl və gümüşün qiymətləri ucuzlaşır

10:45
24 İyul

Azərbaycan neftinin qiyməti 8 dollardan çox artıb

10:40
24 İyul

Keçmiş məcburi köçkün: Doğma torpağımızda yenidən qurub-yaradacağıq

10:24
24 İyul

Şuşa sakini: Bu gün çox sevincliyik

10:23
24 İyul

Şamaxıda zəlzələ qeydə alınıb

10:21
24 İyul

Xocalı, Ağdərə və Cəbrayılın bir sıra kəndlərinə köç karvanı yola salınıb

10:18
24 İyul

Beyni qüvvətləndirən qidalar

10:10
24 İyul

Azərbaycanın "yaşıl enerji" layihələri beynəlxalq karbon bazarında yeni uğura imza atıb

10:05
24 İyul

 İran ABŞ-nin atəşkəs təklifini rədd etdi

10:01
24 İyul

Hindistanda tələbə etirazları hökumət üçün problemə çevrilib

10:00
24 İyul

Quterreşi kim əvəz edəcək?

09:55
24 İyul

Azərbaycan beynəlxalq aləmdə uğurla inkişaf edən nüfuzlu dövlət kimi qəbul edilir

09:50
24 İyul

Qəhrəmanların ömrü əbədi olur

09:45
24 İyul

Dağ vüqarlı, qartal baxışlı 

09:40
24 İyul

Zəfər haqqımız idi

09:35
24 İyul

Xoşbəxt gələcəyin təməli - Vətən və xalq sevgisi

09:30
24 İyul

Azərbaycan Dövlət Kukla Teatrının növbəti qastrol səfəri Pirallahıya oldu

09:25
24 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!