21 İyul 2026 08:40
285
CƏMİYYƏT
A- A+
Qarabağ həm də qlobal dialoq mərkəzidir

Qarabağ həm də qlobal dialoq mərkəzidir


Bu, eyni zamanda bölgənin quruculuq işlərini dünyaya təqdim edir


Bu gün Azərbaycan beynəlxalq müstəvidə yalnız regionun lider dövləti kimi deyil, həm də qlobal problemlərin dialoq yolu ilə həll edildiyi, mühüm siyasi, iqtisadi və mədəni platformalara evsahibliyi edən etibarlı tərəfdaş kimi tanınır. Ölkəmizin yüksək təşkilatçılıq qabiliyyəti, artan beynəlxalq nüfuzu və sülh təşəbbüsləri son illərdə keçirilən mötəbər tədbirlərdə bir daha öz təsdiqini tapır.

Bu prosesin ən qürurverici məqamı isə həmin beynəlxalq forum və zirvə görüşlərinin bir qisminin işğaldan azad edilmiş, dirçələn Qarabağda təşkil olunmasıdır. Təkcə ötən il Laçında Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə görüşü, Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü, Ağdamda ECO Gənclər Forumu, Laçında Qadınlar Forumu, Şuşada 6-cı ECO Biznes Forumunun təşkili buna əyani sübut idi. O cümlədən bu il iyulun 13-də Prezident İlham Əliyevin açılışında iştirak etdiyi IV Şuşa Qlobal Media Forumu dövlətimizin qüdrətinin və Qarabağ zəfərinin növbəti təntənəsi oldu. 

Qlobal Media Forumunda Prezident İlham Əliyev məhz bu məqamı xüsusi qeyd etdi: "Əvvəlcə, burada, Azərbaycanda, Qarabağda, Şuşada bu cür mötəbər auditoriyanı qəbul etmək böyük şərəfdir... ...Əminəm ki, vaxt keçdikcə dövri olaraq buraya gələn qonaqlarımızın bir çoxu Qarabağın inkişafını, yenidənqurmanı görürlər. Onlar ilk dəfə gəldikləri zaman, bəlkə də yalnız dağıntıları gördülər, lakin indi şəhərləri görürlər... ...Əlbəttə ki, bizim üçün mühüm meyar qərarların qəbul edilməsi prosesinə təsir göstərən, öz ölkələrində və onun hüdudlarından kənarda ictimai rəyi formalaşdıran insanlardan ibarət böyük qrupu toplamaqdır və Qarabağın öz köklərinə qayıtmasını, bu torpaqların yiyələrinin qayıtmasını, real inkişafı göstərməkdir".

Vurğulayaq ki, foruma qatılan xarici qonaqlar və media nümayəndələri də bölgədə həyata keçirilən nəhəng bərpa işlərinə və qısa müddətdə baş verən möhtəşəm dəyişikliklərə heyrətlərini gizlədə bilmirlər. Məsələn, Özbəkistanın "Sevimli TV" kanalının müxbiri Æohongir Olimov "Qarabağda bundan dörd il əvvəl olmuşdum. O vaxt bu bölgənin yenidən qurulması işləri sürətlə aparılırdı. Bu gün Qarabağa, bütün Azərbaycanın və Qafqazın mədəniyyət mərkəzi olan Şuşa şəhərinə yenidən gələrək böyük dəyişikliklərə şahid oldum",  - deyə bildirib.   


Müasir infrastruktur və strateji layihələr


İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması Azərbaycan dövlətinin mütləq prioriteti və dövlət büdcəsinin əsas xərc istiqamətlərindən biridir. Otuz ilə yaxın müddətdə viran qoyulan, daşı-daş üstündə qalmayan torpaqlara yenidən can vermək üçün dövlətimiz bütün imkanlarını səfərbər edib.

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən nəqliyyat-infrastruktur layihələri bölgənin gələcək inkişafının təməlini təşkil edir. Beynəlxalq hava limanları - Füzuli, Zəngilan və Laçın Beynəlxalq Hava limanlarının tikilib istifadəyə verilməsi bölgəni dünyanın logistika və turizm xəritəsinə inteqrasiya edir. Mürəkkəb dağlıq relyefdə salınan yüzlərlə kilometrlik müasir magistral yollar, keçidlər və strateji əhəmiyyətli tunellər şəhər və kəndlərimiz arasında rahat gediş-gəlişi təmin edir. Zəngin su və günəş enerjisi resurslarına malik bölgədə xeyli sayda su-elektrik stansiyası inşa edilib.

İşğaldan azad edilmiş ərazilərdə salınan yeni yaşayış məntəqələri müasir şəhər və kənd modelini təcəssüm etdirir. Ən son texnoloji həllər və beynəlxalq standartlar əsasında qurulan bu ərazilərdə kommunal və rəqəmsal infrastruktur tam inteqrasiya olunmuş şəkildə istifadəyə verilir. 

Qarabağ və Şərqi Zəngəzurda görülən bütün işlər birbaşa Prezident İlham Əliyevin nəzarəti altında həyata keçirilir. Dövlət başçısı dəfələrlə həmin ərazilərə səfər edərək burada yeni layihələrin təməllərini qoyub və yaxud açılışlar edib, həmçinin görülən işlərlə yerində tanış olub, tapşırıqlarını verib. Cəmi bir neçə il əvvələ qədər heç bir həyat nişanəsi olmayan bu ərazilərdə yenidən həyat qaynayır. 

İyulun 11-də Prezident İlham Əliyev xoş ənənəsinə sadiq qalaraq Qarabağda xeyli açılışlar etdi, görülən işlərlə tanış oldu. Həmin tarixdə dövlət başçısı Laçında "Həkəriçay" su anbarının təməlini qoydu, Hoçaz çayının üzərində yerləşən su-elektrik stansiyalarının açılışını etdi. Eyni zamanda Şuşada "Sadıqcanın evi"nin bərpası, həmçinin "Yasəmən"  hotelinin yeni korpusları ilə tanış olması və "Xankəndi" hotelinin açılışı mədəni irsimizin dirçəldilməsi ilə müasir infrastrukturun vəhdətini nümayiş etdirdi.


Doğma ocaqlara dönüş bayramı


Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı işlər tək bir ali məqsədə xidmət edir: keçmiş məcburi köçkünlərin öz dədə-baba torpaqlarına təhlükəsiz və ləyaqətli qayıdışını təmin etmək. 

Ancaq onu da qeyd etməliyik ki, bütün bu möhtəşəm şəhərsalma layihələrinin, nəqliyyat dəhlizlərinin və Böyük qayıdışın reallaşmasının arxasında duran ilk və ən məsuliyyətli mərhələ məhz ərazilərin minalardan təmizlənməsidir. Ermənistanın otuz ilə yaxın işğal dövründə basdırdığı bir milyondan çox mina və partlamamış hərbi sursat bərpa işlərinin tempi qarşısında ən böyük maneə olsa da, Azərbaycan bu sahədə də misilsiz iradə nümayiş etdirir. Torpaqlarımız addım-addım təhlükəsiz zonaya çevrilir. 

Görülən işlərin nəticəsidir ki, Qarabağ və Şərqi Zəngəzurun 10 şəhər, 3 qəsəbə və 34 kəndinə Böyük qayıdış həyata keçirilib. Ümumiyyətlə, hazırda azad edilmiş torpaqlarda 90 mindən çox insan yaşayır, çalışır və təhsil alır. 

Prezident İlham Əliyevin iyulun 11-də Xocavənd rayonunun Quzeyxırman və Güneyxırman kənd sakinləri ilə görüşündə ifadə etdiyi kimi: "Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır, bütün Azərbaycan xalqı üçün bayramdır. İndi elə ay olmur ki, qrup-qrup şəklində keçmiş köçkünlər öz doğma torpaqlarına qayıtmasın. Elə olur ki, hər həftə, hər ay, hər gün. Bundan sonra bu proses daha geniş vüsət alacaq".

Göründüyü kimi, dövlət rəhbərinin şəxsi nəzarəti, misilsiz quruculuq iradəsi və xalqımızın zəhməti sayəsində Qarabağ və Şərqi Zəngəzur vüsətlə cənnətə çevrilir, bu ərazilərə işıq və həyat qayıdır. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Burkina-Faso XİN-in rəsmi səhifəsində BTQ ilə imzalanmış memorandumla bağlı paylaşım edilib  

14:05
21 İyul

Azərbaycan mətbuatının zəngin inkişaf yolu ictimai fikir tariximizin mühüm bir hissəsidir  

14:04
21 İyul

SEPAH Hörmüz boğazından keçməyə çalışan neft tankerlərini dayandırıb  

13:56
21 İyul

İstiqlal məfkurəsindən qlobal informasiya liderliyinə: Azərbaycan milli mətbuatının tarixi yolu və müasir strateji missiyası  

13:22
21 İyul

Səhiyyə Nazirliyi ilə Qlobal Fond arasında gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb

13:05
21 İyul

Azərbaycan mediası qlobal informasiya şəbəkəsində böyük nüfuza malikdir

13:01
21 İyul

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib 

12:41
21 İyul

Zinəddin Zidan Fransa millisinin yeni baş məşqçisi təyin olunub  

12:37
21 İyul

Nazir Məcnun Məmmədov Kəlbəcərdə təsərrüfatlara baxış keçirib

12:33
21 İyul

Sabah hava necə olacaq?

12:16
21 İyul

Azərbaycanın neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 34 faiz artıb

12:03
21 İyul

Bakı-Tbilisi-Ceyhan kəməri ilə daşınan neftin həcmi açıqlanıb

11:59
21 İyul

Azərbaycan Hava Yolları donanmasına bu il dördüncü təyyarəsini əlavə edib  

11:48
21 İyul

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb  

11:27
21 İyul

Belçikalıların Kralı Əlahəzrət Filipə

11:07
21 İyul

Beynəlxalq Valyuta Fondu ilə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üzrə tədbirlər müzakirə edilib  

11:01
21 İyul

Bu ilin beş ayında doğulanların və ölənlərin sayı məlum olub  

10:57
21 İyul

Azərbaycan əhalisinin sayı açıqlanıb 

10:48
21 İyul

Dünya çempionatının rəmzi komandası açıqlanıb

10:46
21 İyul

Yarım ildə Bakı-Tbilisi-Ərzurum kəməri ilə 11,4 milyard kubmetr təbii qaz nəql edilib  

10:24
21 İyul

Qızılın qiyməti 4070 dollardır

10:23
21 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!