24 İyul 2026 08:20
337
SİYASƏT
A- A+
Mirko NOVAK: "Orta dəhliz mövzusunun Strateji Gündəlik haqqında Birgə Bəyannamədə yer alması mühüm dönüş nöqtəsidir"

Mirko NOVAK: "Orta dəhliz mövzusunun Strateji Gündəlik haqqında Birgə Bəyannamədə yer alması mühüm dönüş nöqtəsidir"


"Azərbaycan Prezidentinin Almaniyaya rəsmi səfəri çərçivəsində imzalanan İkitərəfli Tərəfdaşlıq üzrə Strateji Gündəlik haqqında Birgə Bəyannamədə müəyyən edilmiş əməkdaşlıq sahələri arasında əlaqələndirmə, nəqliyyat infrastrukturu və Orta dəhlizin də yer alması, fikrimcə, mühüm dönüş nöqtəsi və Prezident Əliyevin Almaniya ilə əməkdaşlığı davamlı şəkildə möhkəmləndirmək istiqamətində irəli sürdüyü çox mühüm təşəbbüsdür. Orta dəhlizin Almaniya və Azərbaycan arasında birgə strateji gündəliyə daxil edilməsi göstərir ki, bu məsələ artıq ayrı-ayrı iqtisadi layihələr çərçivəsini aşaraq geosiyasi və iqtisadi baxımdan gələcək üçün mühüm əhəmiyyət kəsb edən istiqamət kimi qəbul edilir".

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Orta dəhliz üzrə ekspert, "LUNO Group"un baş icraçı direktoru və BVL-in Avrasiya bölməsinin sədri Mirko Novak deyib.

Almaniyanın mühüm ixracat ölkəsi kimi sabit, şaxələndirilmiş və davamlı təchizat zəncirlərindən böyük dərəcədə asılı olduğunu vurğulayan M.Novak qeyd edib ki, son illər qlobal nəqliyyat şəbəkələrinin nə dərəcədə həssas ola biləcəyini aydın şəkildə göstərdi: "Bu baxımdan Orta dəhliz Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyanı Çinədək birləşdirən əlavə bir bağlantı kimi əhəmiyyətini nəzərəçarpan dərəcədə artırır. Mən bunu Almaniyanın bu marşrut boyunca yerləşən ölkələrlə iqtisadi əlaqələrini uzunmüddətli perspektivdə genişləndirmək istədiyinə dair aydın bir siqnal görürəm. Xüsusilə müsbət haldır ki, burada söhbət təkcə infrastrukturdan getmir, həm də geniş mənada mobillik və əlaqəlilikdən, yəni nəqliyyat, rəqəmsallaşma, gömrük prosesləri, investisiyalar və iqtisadi əməkdaşlığın inteqrasiyasından gedir. Bu cür siyasi dəstək biznes üçün planlaşdırma baxımından daha böyük əminlik yaradır və gələcəkdə yeni investisiyaların, eləcə də əməkdaşlıq layihələrinin həyata keçirilməsi ehtimalını artırır".

Orta dəhlizin getdikcə alternativ marşrutdan strateji baxımdan zəruri ticarət yoluna çevrildiyini qeyd edən ekspert qeyd edib ki, Rusiya üzərindən keçən şimal marşrutunda yaranan məhdudiyyətlər və Yaxın Şərqdəki qeyri-müəyyənliklər Avropaya nəqliyyat dəhlizlərini şaxələndirməli olduğunu göstərdi. Bu gün şirkətlər artıq tək bir marşrutdan asılı olmaq istəmirlər, əksinə, təchizat zəncirlərini daha dayanıqlı qurmaq istəyirlər.

"Orta dəhliz Avropanı Cənubi Qafqaz vasitəsilə Mərkəzi Asiya ilə birləşdirməklə əhəmiyyətli xammal, sənaye və satış potensialına malik iqtisadi cəhətdən dinamik bir bölgəyə çıxış təmin edir. Bu, Almaniyanın logistika sektoru üçün əlavə nəqliyyat imkanları deməkdir. Bütün dəyər zənciri boyunca yeni multimodal şəbəkələr, yeni logistika mərkəzləri və əməkdaşlıq üçün yeni imkanlar yaranır. Lakin bu dəhlizin həqiqətən Avropa təchizat zəncirlərinin əsas komponentlərindən birinə çevrilməsi infrastrukturun nə dərəcədə ardıcıl şəkildə inkişaf etdirilməsindən və inzibati proseslərin uyğunlaşdırılmasından asılıdır. Rəqəmsallaşma, vahid gömrük prosedurları, sərhəd keçidlərinin təşkili və nəqliyyat cədvəllərinin sabitliyi dəmir yolu, liman və terminal infrastrukturuna yatırılan investisiyalar qədər vacibdir. Əminəm ki, Orta dəhliz qarşıdakı illərdə Avropanın logistika şəbəkəsində möhkəm yer tutacaq və digər marşrutların əvəzi kimi deyil, dayanıqlı təchizat zəncirlərinin əvəzolunmaz tamamlayıcısı kimi çıxış edəcək", - deyə M.Novak bildirib.

Ekspert həmçinin vurğulayıb ki, son illər Azərbaycan Avropa ilə Mərkəzi Asiya arasında və Çin ilə tranzit ticarətində mühüm logistika mərkəzinə çevrilib. Bakı Limanına qoyulan investisiyalar, dəmir yolu bağlantılarının genişləndirilməsi, müasir logistika və azad ticarət zonalarının yaradılması beynəlxalq şirkətlər üçün cəlbedici şərait yaradır. Alman logistika şirkətləri üçün bu, multimodal nəqliyyat həllərinin qurulması, müqaviləli logistika xidmətləri, anbar və paylama konsepsiyalarının və rəqəmsal təchizat zənciri həlləri sahəsində geniş imkanlar açır.

"Mən ən böyük potensialı biznes, dövlət qurumları və logistika assosiasiyaları arasında daha sıx əməkdaşlıqda görürəm. Təkcə infrastruktur kifayət deyil. Həlledici amillər etibarlı tərəfdaşlıqların qurulması, ortaq standartların formalaşdırılması və bütün maraqlı tərəflər arasında davamlı mübadilədir. Rəhbərlik etdiyim Alman Logistika Assosiasiyasının (BVL) Avrasiya bölməsi bu sahədə əhəmiyyətli töhfə verə bilər. Bu platforma bütün dəhliz boyunca fəaliyyət göstərən şirkətləri, qurumları və qərar qəbul edənləri bir araya gətirir, bilik mübadiləsini və konkret əməkdaşlıq layihələrini təşviq edir.

BVL Avrasiya bölməsi tərəfindən təşkil olunan tədbirlər, o cümlədən ötən ilin oktyabrında keçirilmiş "BVL Suplly Chain CX" çərçivəsində Orta dəhlizə həsr olunan, Azərbaycanın Almaniyadakı səfiri də daxil olmaqla qonşu ölkələrin çoxsaylı səfirlərinin iştirakı ilə keçirilən "Ambassador" Talk" və 2025-ci ilin mayında Almatıda keçirilən Qazaxıstan-Alman Nəqliyyat və Logistika Forumu kimi tədbirlər müntəzəm mübadiləni təşviq edir, qərar qəbul edənləri birləşdirir və marşrutun inkişafını fəal şəkildə təşviq edir. Çünki nəticə etibarilə Orta dəhlizin uğuru yalnız avtomobil və dəmir yolları ilə deyil, hər şeydən əvvəl beynəlxalq əməkdaşlığın keyfiyyəti ilə müəyyən olunacaq", - deyə ekspert qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sankt-Peterburqda “Wildberries” anbarları PUA hücumlarına məruz qalıb  

11:06
24 İyul

Bakıda yol-nəqliyyat hadisəsi baş verib, 22 nəfər xəsarət alıb  

11:05
24 İyul

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

11:03
24 İyul

FHN gözlənilən isti hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

10:46
24 İyul

Qızıl və gümüşün qiymətləri ucuzlaşır

10:45
24 İyul

Azərbaycan neftinin qiyməti 8 dollardan çox artıb

10:40
24 İyul

Keçmiş məcburi köçkün: Doğma torpağımızda yenidən qurub-yaradacağıq

10:24
24 İyul

Şuşa sakini: Bu gün çox sevincliyik

10:23
24 İyul

Şamaxıda zəlzələ qeydə alınıb

10:21
24 İyul

Xocalı, Ağdərə və Cəbrayılın bir sıra kəndlərinə köç karvanı yola salınıb

10:18
24 İyul

Beyni qüvvətləndirən qidalar

10:10
24 İyul

Azərbaycanın "yaşıl enerji" layihələri beynəlxalq karbon bazarında yeni uğura imza atıb

10:05
24 İyul

 İran ABŞ-nin atəşkəs təklifini rədd etdi

10:01
24 İyul

Hindistanda tələbə etirazları hökumət üçün problemə çevrilib

10:00
24 İyul

Quterreşi kim əvəz edəcək?

09:55
24 İyul

Azərbaycan beynəlxalq aləmdə uğurla inkişaf edən nüfuzlu dövlət kimi qəbul edilir

09:50
24 İyul

Qəhrəmanların ömrü əbədi olur

09:45
24 İyul

Dağ vüqarlı, qartal baxışlı 

09:40
24 İyul

Zəfər haqqımız idi

09:35
24 İyul

Xoşbəxt gələcəyin təməli - Vətən və xalq sevgisi

09:30
24 İyul

Azərbaycan Dövlət Kukla Teatrının növbəti qastrol səfəri Pirallahıya oldu

09:25
24 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!