24 İyun 2026 08:00
15339
SİYASƏT
A- A+
Strateji hədəflər və perspektivli gələcək

Strateji hədəflər və perspektivli gələcək


Azərbaycan yeni dövrün çağırışlarına həm də şaxələndirilmiş, rəqabətədavamlı və ekoloji cəhətdən təmiz iqtisadi inkişaf strategiyası ilə cavab verir


Dünyada siyasi, iqtisadi və logistik arxitekturanın yenidən formalaşdığı bir dövrdə Azərbaycan sabitlik və inkişaf edən ölkə kimi öz mövqeyini möhkəmləndirir. Şübhəsiz, bu güclü mövqe və dayanıqlı inkişaf düşünülmüş siyasətin və uğurlu beynəlxalq əməkdaşlığın nəticəsidir. 

Bu kontekstdə Prezident İlham Əliyevin İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılışındakı çıxışında ölkəmizin keçdiyi tarixi inkişaf yoluna nəzər salmaqla yanaşı, həm də yaxın gələcək üçün Azərbaycanın strateji hədəflərini dəqiq konturlarla diqqətə çatdırdı. Dövlətimizin başçısının bəyan etdiyi prioritetlər - iqtisadiyyatın şaxələndirilməsi, nəqliyyat-logistika potensialının ikiqat artırılması, milli ərzaq təhlükəsizliyinin təmini və "yaşıl enerji"yə keçid dəyişən qlobal nizama çevik şəkildə uyğunlaşmadır. Xüsusən ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından sonra Azərbaycan daxil olduğu yeni strateji mərhələdə daha dayanıqlı, şaxələndirilmiş və qlobal təchizat zəncirində həlledici rol oynayan aparıcı dövlətə çevrilməyi hədəfləyir. 

Prezident İlham Əliyev çıxışında Azərbaycanın neft ixracatçısı kimi rolundan bəhs etməklə yanaşı, ölkəmizin gələcəyinin hansı iqtisadi təməllər üzərində qurulacağına da diqqət çəkib. Vurğulanıb ki, Azərbaycan tükənən resurslardan əldə etdiyi imkanları məqsədyönlü şəkildə birbaşa qeyri-neft sektorunun şaxələndirilməsinə, qlobal miqyaslı infrastruktur layihələrinin icrasına və ölkənin beynəlxalq arenadakı nüfuzunun artırılmasına yönəldir: "Buna görə yaxşı investisiya mühiti, investisiyaların qorunması, qanunvericilik bazası və artıq həyata keçirilmiş layihələr bizə təkcə enerji sahəsinə yox, həm də qeyri-enerji sahəsinə investisiyaları cəlb etməyə imkan verir ki, bu da, yeri gəlmişkən, bizim prioritetlərimizdən biridir". 

Uzun illər ərzində həyata keçirilən nəqliyyat və logistika layihələri Azərbaycanın strateji mövqeyini daha da gücləndirib. Azərbaycanın açıq dənizə birbaşa çıxışının olmaması ölkəmizin imkanlarını məhdudlaşdırmayıb. Əksinə, həyata keçirilən kommunikasiya layihələri bu coğrafi xüsusiyyəti strateji üstünlüyə çevirib və yeni, dayanıqlı iqtisadi modelin formalaşmasına zəmin yaradıb: "Biz bildiyiniz kimi, Azərbaycanı açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq nəqliyyat qovşağına çevirməyə, güclü nəqliyyat infrastrukturunu qurmaq üçün coğrafiyamızdan bünövrə kimi istifadə etməyə çalışdıq. Çünki əlbəttə, coğrafiya önəmlidir. Lakin onun üzərinə infrastrukturu əlavə etməsək, böyük bir çəkisi olmur". 

Bu gün Azərbaycan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm tranzit ölkələrdən birinə çevrilib. Açıq dənizə birbaşa çıxışı olmayan Azərbaycan bu çatışmazlığı Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, modernləşdirilmiş dəmir yolları və magistrallarla əvəzləyib. Formalaşdırılan yeni nəqliyyat-kommunikasiya marşrutları Azərbaycanın geostrateji mövqeyini möhkəmləndirib və ölkəmizin regional, eləcə də qlobal iqtisadi inteqrasiyaya töhfə vermək imkanlarını əhəmiyyətli dərəcədə artırıb. 

Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycandan keçən dəhlizlər bir çox ölkələr üçün əlaqələndirilmiş və razılaşdırılmış nəqliyyat vətərini yaradır. Bu sahədə bir çox işlərin görüləcəyini bildirən dövlətimizin başçısı nəqliyyat-logistika sektorunun dövlətin prioritetlərindən biri olduğunu deyib: "Biz Azərbaycanı daha da güclü nəqliyyat-logistika mərkəzinə çevirməyə davam etməliyik. Məqsədimiz Azərbaycan ərazisindən daşınan yüklərin həcmini iki dəfə artırmaqdır. Hazırda bu göstərici təxminən 14-15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik. Əlbəttə, bunun hamısı yalnız bizdən asılı deyil. Bu, həm geosiyasi vəziyyətdən, həm də regiondakı ümumi şəraitdən asılı olacaq. Lakin bunlar bizim planlarımızdır". 

Tranzit həcmlərin ikiqat artırılması hədəfi Azərbaycanın qlobal logistik rəqabətdə aktiv siyasət yürütdüyünü göstərir. Bununla dövlətimiz beynəlxalq ticarət zəncirinin formalaşmasına birbaşa təsir etmək imkanlarını nümayiş etdirir.

Logistik şəbəkələr və beynəlxalq bağlantıların inkişafı ilə paralel, daxili istehsalın, xüsusilə kənd təsərrüfatının gücləndirilməsi də dövlətimizin strateji xəttidir. Prezident İlham Əliyev çıxışında bu məqama diqqət çəkərək deyib: "Ərzaq təhlükəsizliyi ilə bağlı planlarımız da tam aydındır. Kənd təsərrüfatının inkişafına dair bu yaxınlarda qəbul edilmiş dövlət proqramı çərçivəsində əsas istehlak məhsulları üzrə maksimum özünütəminetmə səviyyəsinə nail olmağı planlaşdırırıq". 

Nəzərə alaq ki, qlobal iqlim dəyişikliyi, su qıtlığı və tədarük böhranları fonunda ərzaq təhlükəsizliyi dövrün ən aktual məsələsidir. Azərbaycanın daxili ehtiyacını maksimum təminetmə strategiyası həm də xarici asılılığı və dünya bazarlarındakı qiymət artımlarının mənfi təsirini azaltmaq məqsədi güdür. Bu baxımdan, planlaşdırılan infrastruktur layihələri, xüsusən Qarabağ və Şərqi Zəngəzurun nəhəng aqrar potensialı kənd təsərrüfatının inkişafını yeni mərhələyə daşıyır. 

Azərbaycan ərzaq təhlükəsizliyini təmin etməklə yanaşı, gələcəyin qlobal enerji xəritəsində öz rolunu tamamilə yeni müstəviyə keçirir. Dövlətimizin başçısının vurğuladığı kimi, bərpaolunan enerji böyük potensiala malik sahələrdən biridir: "Artıq beynəlxalq və yerli şirkətlərlə imzalanmış müqavilələr 2032-ci ilədək ölkəmizə 8 qiqavat həcmində günəş və külək enerjisi istehsal gücü qazandıracaq". 

Hədəflənən bərpaolunan enerji gücü Azərbaycanı regionun "yaşıl enerji" mərkəzinə çevirir. Daxili tələbatdan qat-qat artıq istehsal olunacaq enerjinin Xəzər-Qara dəniz dəhlizi vasitəsilə Avropaya ixracı nəzərdə tutulur. Azərbaycan qlobal iqlim hədəflərinə real töhfə verməklə yanaşı, gələcəyin "yaşıl iqtisadiyyat"ında öz geostrateji dayaqlarını bərkidir. 

Nəticə etibarı ilə Prezident İlham Əliyevin həyata keçirdiyi strategiya Azərbaycanın gələcək iqtisadi təhlükəsizlik xəritəsini müəyyənləşdirir. Qlobal miqyasda söz sahibi olan ölkəmiz Avropanın enerji təchizatında mühüm rol oynayır,  Avrasiyanın əvəzedilməz nəqliyyat logistika mərkəzinə çevrilir. Azərbaycan postneft dövrünün çağırışlarına şaxələndirilmiş, rəqabətədavamlı və ekoloji cəhətdən təmiz iqtisadi inkişaf strategiyası ilə cavab verir. 


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 6509-a çatıb  

15:21
27 Avqust

Hörmüz boğazında tanker vuruldu  

15:18
27 Avqust

Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşü olub  

15:12
27 Avqust

“Xankəndi” iş başındadır

15:08
27 Avqust

 Qədim yunan üzüklərində meteorit dəmiri kəşf edilib

14:55
27 Avqust

Qərbi Nil virusu Yunanıstanda sürətlə yayılır  

14:23
27 Avqust

ABŞ-nin yeni sanksiyaları İran iqtisadiyyatına zərbə vuracaqmı?

14:10
27 Avqust

Lənkəranda Yeni Azərbaycan Partiyasının sıraları genişlənir  

14:06
27 Avqust

Qarşılıqlı etimad mühiti Azərbaycan – Özbəkistan əlaqələrinin sürətli inkişafına təkan verir  

14:03
27 Avqust

Saxta markalara qarşı nəzarət sərtləşdirildi: minlərlə litr alkoqol dövriyyədən çıxarıldı  

13:59
27 Avqust

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan

13:37
27 Avqust

Berlində İkinci Dünya müharibəsindən qalmış bomba zərərsizləşdirilib

13:36
27 Avqust

İxtisas qrupları üzrə qəbulun statistikası açıqlanıb

13:01
27 Avqust

DİM: Ali məktəblərə qəbul olunanların sayı 1711 nəfər artıb

12:47
27 Avqust

Sabahın hava proqnozu açıqlanıb

12:39
27 Avqust

Laçında unudulmaz kino günləri başa çatıb  

12:31
27 Avqust

DİN: Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb  

12:22
27 Avqust

SOCAR-ın ötənilki fəaliyyətində mənfəət, dayanıqlılıq və genişlənmə ön planda olub  

12:19
27 Avqust

Bu gün Ümumdünya Göllər Günüdür

12:03
27 Avqust

SOCAR-ın aktivləri və kapitalı artıb, uzunmüddətli öhdəlikləri azalıb

12:02
27 Avqust

Nepalda daşqın səbəbindən çox sayda insan itkin düşüb

11:49
27 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!