26 Avqust 2026 08:05
60
CƏMİYYƏT
A- A+
LAÇIN: Zəfər və quruculuq meydanı

LAÇIN: Zəfər və quruculuq meydanı


Azərbaycanın dövlətçilik tarixində Laçın rayonu həm əlverişli coğrafi mövqeyi, həm də mühüm siyasi-strateji əhəmiyyəti ilə seçilən ərazilərdən biridir. Qədim yaşayış məskənlərindən biri olan Laçın 1923-cü ildə şəhər statusu almış, 1930-cu ildə isə inzibati rayon kimi təşkil edilmişdir.

1992-ci il mayın 18-də Laçının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi Azərbaycan tarixinin ən faciəli hadisələrindən biri kimi yadda qaldı. Rayonun dinc əhalisi etnik təmizləməyə məruz qaldı, yüzlərlə insan öldürüldü və itkin düşdü. İşğal nəticəsində yaşayış məntəqələri ilə yanaşı, çoxsaylı sosial obyektlər, təhsil və səhiyyə müəssisələri, sənaye və mədəniyyət ocaqları dağıdıldı. Rayon ərazisində yerləşən qiymətli tarixi-mədəni irs nümunələri də vandalizmə məruz qaldı.

Laçının işğalı Azərbaycan üçün sonrakı faciələrin dərinləşməsinə də şərait yaratdı. Bunun əsas səbəblərindən biri rayonun Ermənistanla Qarabağ arasında mühüm nəqliyyat və strateji əlaqə xətti üzərində yerləşməsi idi. Laçının işğalı nəticəsində Ermənistanla Qarabağ arasında birbaşa və maneəsiz əlaqə yaradıldı. Bu isə Ermənistanın işğal olunmuş ərazilərə canlı qüvvə və hərbi texnika ötürməsini asanlaşdıraraq sonrakı işğalçılıq siyasətinin həyata keçirilməsinə imkan verdi.

İşğal illərində Laçın yalnız hərbi məqsədlər üçün deyil, həm də siyasi və demoqrafik siyasətin həyata keçirildiyi əraziyə çevrildi. Ermənistan beynəlxalq hüquq normalarını və Cenevrə konvensiyalarının tələblərini pozaraq burada qanunsuz məskunlaşdırma siyasəti apardı. Coğrafi adların dəyişdirilməsi, təbii sərvətlərin istismarı və rayonun iqtisadi potensialının talan edilməsi bu siyasətin əsas istiqamətlərindən idi. Suriyadan və digər ölkələrdən erməniəsilli ailələrin Laçın ərazisinə köçürülməsi isə rayonun demoqrafik tərkibinin süni şəkildə dəyişdirilməsinə yönəlmiş addım idi. Bütün bunlar işğalın möhkəmləndirilməsi məqsədilə həyata keçirilən məqsədyönlü siyasətin göstəricisi idi.

2020-ci ildə Azərbaycan Respublikasının Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə Laçının taleyində də mühüm dönüş yaratdı. Rayonun azad edilməsi Azərbaycanın hərbi-strateji üstünlüyünün təmin olunmasında mühüm rol oynadı. 

2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri də Azərbaycan nəzarətinə keçdi. Beləliklə, Laçının işğaldan azad edilməsi ilə tarixi ədalət bərpa olundu və rayonun uzun illər davam edən işğalına son qoyuldu.

Dövlət başçısının 31 iyul 2023-cü il tarixli sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə şəhər günlərinin təsis edilməsi də tarixi yaddaşın qorunması baxımından mühüm addım oldu. Həmin sərəncama əsasən, hər il avqustun 26-sı "Laçın Şəhəri Günü" kimi qeyd edilir. Bu tarix yalnız Laçının azadlığının deyil, həm də onun doğma sakinlərinə qovuşmasının, yenidən qurulmasının və əzəli Azərbaycan torpağı kimi dirçəlməsinin rəmzidir. Prezident İlham Əliyevin "Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik" fikri bu gün azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq siyasətinin əsas mahiyyətini əks etdirir. Laçında aparılan genişmiqyaslı işlər də bu strateji məqsədin mühüm tərkib hissəsidir. 

Bu gün Laçın Azərbaycanın işğaldan azad edilmiş əraziləri sırasında sürətlə yenidən qurulan və dirçələn şəhərlərdən biridir. "Böyük Qayıdış" Dövlət  Proqramı çərçivəsində Laçına ilk sakinlərin qayıdışı rayonun həyatında yeni mərhələnin başlanğıcını qoydu. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə burada genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir, işğalın vurduğu ağır yaralar aradan qaldırılır və Laçın müasir şəhərsalma prinsipləri əsasında yenidən formalaşdırılır.

Laçın rayonu təkcə strateji mövqeyi ilə deyil, həm də enerji imkanları ilə seçilir. Rayon ərazisində ümumi gücü 65,5 MVt, illik 194 milyon kilovat-saat istehsal potensialı olan 9 su-elektrik stansiyası fəaliyyət göstərəcək.

2021-ci ildə Güləbird SES istifadəyə verilmiş, daha sonra "Ağbulaq", "Mişni", "Alxaslı" kimi stansiyalar bərpa olunmuşdur. 2025-ci il mayın 27-də "AzərEnerji" "Aşağı Malıbəyli" və "Mirik" su-elektrik stansiyalarının (SES) açılışı olub. Hər iki stansiya Həkəri çayının sağ qolu olan Zabux çayının Laçın rayonunun Malıbəyli və Mirik kəndlərinin ərazisindən keçən hissəsində inşa edilib. 3,1 MVt gücündə "Aşağı Malıbəyli" və 3,5 MVt gücündə "Mirik" su-elektrik stansiyalarında ən müasir avadanlıq quraşdırılıb, optik kabel xətləri çəkilib. Bununla da stansiyalar ölkənin enerji sisteminin mərkəzləşmiş SCADA sisteminə inteqrasiya olunub. "Aşağı Malıbəyli" və "Mirik" SES-lərdə il ərzində 20 milyon kilovat-saat "yaşıl enerji"nin istehsalı nəzərdə tutulub ki, bu da öz növbəsində 4,3 milyon kubmetr təbii qaza qənaət etməyə şərait yaradacaq, il ərzində 8 min ton karbon qazının atmosferə atılmasının qarşısını alacaq.

2026-cı il iyulun 11-də Laçında Hoçaz çayının üzərində yerləşən 14,7 meqavatlıq "Ağbulaq-1", 14,25 meqavatlıq "Ağbulaq-2" və 4 meqavatlıq "Şeylanlı" su-elektrik stansiyalarının açılışı olub. Laçın rayonunun 8-10 MVt-lıq elektrik tələbat gücü tam olaraq "yaşıl enerji" hesabına qarşılanır. Qalan enerji isə ölkə enerjisisteminə ötürülür. Hazırda ümumi gücü 10,7 MVt olan 3 yeni SES-in tikintisi davam edir və onlar bu ilin sonunadək istismara veriləcək. Laçın rayonunun 2040-cı il perspektivində elektrik tələbat gücünün 80 MVt olacağı gözlənilir. Mövcud və tikintisi planlaşdırılan SES layihələri nəzərə alınmaqla, rayon 15 il sonra da tam olaraq "yaşıl enerji" ilə təmin ediləcək.

Prezident İlham Əliyevin sərəncamı ilə inşa edilən Kəlbəcər-Laçın avtomobil yolu 75,8 kilometr uzunluğunda olacaq və mövcud marşrutla müqayisədə 32,2 kilometr daha qısa məsafə təmin edəcək. Yol üzərində 17 tunel və 23 körpünün inşası Laçının mürəkkəb relyef şəraitində müasir mühəndislik həllərinin tətbiq edildiyini göstərir. 

2025-ci ilin 28 mayında istifadəyə verilən Laçın Beynəlxalq Hava Limanı Azərbaycanın mühüm strateji nailiyyətlərindən biridir. Dəniz səviyyəsindən 1700 metr yüksəklikdə yerləşən və ölkəmizdə ən yüksək aeroport olan bu hava limanı həm strateji hərbi-siyasi, həm də turizm baxımından böyük imkanlar açır. Uçuş-enmə zolağının 3 min metr uzunluqda olması istənilən tip hava gəmisinin qəbuluna şərait yaradır. Hava limanının Laçın, Şuşa və Kəlbəcər istiqamətlərinə yaxın yerləşməsi isə regionun beynəlxalq inteqrasiyasını daha da möhkəmləndirir. 

Laçının bərpası vahid şəhərsalma konsepsiyası əsasında həyata keçirilir. "Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Plan"ın təsdiqlənməsi şəhərin gələcək inkişafının sistemli şəkildə qurulduğunu göstərir. Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı "15 dəqiqəlik şəhər" prinsipi əsasında formalaşdırılan urbanistik model yaşayış məhəllələri ilə sosial, təhsil, səhiyyə, mədəniyyət və xidmət obyektləri arasında əlçatanlığı təmin etməyə yönəlib. Bu yanaşma Laçının yalnız yenidən qurulan deyil, müasir şəhərsalma standartlarına uyğun inkişaf edən şəhər kimi formalaşdığını göstərir.

Laçının inkişaf modelində iqtisadi dirçəliş xüsusi yer tutur. Sənaye zonasında yaradılan mebel fabriki, prefabrik modul evlər istehsal edən müəssisə, heyvan kəsimi məntəqəsi, ayaqqabı və tikiş fabrikləri rayonun iqtisadi potensialının bərpa edildiyini göstərən konkret nümunələrdir. Laçın Aqro-Sənaye Parkında müxtəlif istiqamətlər üzrə 46 müəssisənin fəaliyyət göstərməsinin nəzərdə tutulması isə gələcəkdə rayonun istehsal və məşğulluq imkanlarının daha da genişlənəcəyinə əsas verir.

Burada diqqətçəkən məqam iqtisadi inkişafın yerli əhalinin məşğulluğu ilə əlaqələndirilməsidir. Yeni yaradılan müəssisələrdə Laçın sakinlərinin işlə təmin olunması Böyük qayıdışın sosial mahiyyətini gücləndirir. 

Laçının inkişaf strategiyasında kənd təsərrüfatı və təbii resurslardan səmərəli istifadə də mühüm istiqamətdir. Heyvandarlıq və arıçılıqla yanaşı, Həkəri Balıq Təsərrüfatının yaradılması rayonun aqrar potensialının şaxələndirilməsi baxımından əhəmiyyətlidir. Bu layihələr Laçının ənənəvi təsərrüfat imkanlarının müasir istehsal modeli ilə birləşdirilməsinə xidmət edir.

Turizm istiqamətində görülən işlər də Laçının gələcək iqtisadi profilini müəyyənləşdirən amillərdəndir. "Laçın" İstirahət Kompleksinin istifadəyə verilməsi, Həkəri çayı ətrafında bulvar və istirahət məkanlarının yaradılması, kanat yolu layihəsinin həyata keçirilməsi şəhərin turizm imkanlarını genişləndirir. 

Rayonun gələcək inkişafında su və enerji təhlükəsizliyi də strateji əhəmiyyət daşıyır. 11 iyul 2026-cı ildə təməli qoyulan "Həkəriçay" su anbarı layihəsi Laçının hüdudlarını aşan regional əhəmiyyətə malikdir. Layihə çərçivəsində böyükhəcmli su anbarının, uzun magistral boru kəmərinin və su-elektrik stansiyalarının yaradılması nəzərdə tutulur. Bu, həm içməli su təminatının yaxşılaşdırılmasına, həm də enerji potensialının artırılmasına xidmət edən kompleks infrastruktur layihəsidir.

Laçının yenidən qurulmasının ən mühüm nəticəsi isə insanların doğma torpaqlarına qayıdışıdır. 28 may 2023-cü ildən başlayan "Böyük qayıdış" çərçivəsində Laçın şəhərinə, Zabux, Sus və Bəylik kəndlərinə yüzlərlə ailə köçürülüb. Bu proses dövlət siyasətinin əsas mahiyyətini - insanların təhlükəsiz, müasir və ləyaqətli yaşayış şəraiti ilə doğma torpaqlarına qaytarılmasını əks etdirir.

Laçının beynəlxalq və mədəni əhəmiyyətinin artması da bu prosesin mühüm nəticələrindəndir. Şəhərin 2025-ci ildə "MDB-nin mədəniyyət paytaxtı" elan edilməsi Laçının regional mədəni əməkdaşlıq platformasında yeni mövqe qazanmasına imkan verib. Bu status şəhərin yalnız tarixi yaddaş məkanı deyil, həm də müasir mədəniyyət və humanitar əlaqələr mərkəzi kimi təqdim olunmasına şərait yaradıb.

Prezident İlham Əliyevin Laçına mütəmadi səfərləri isə bərpa prosesinin siyasi və strateji əhəmiyyətini nümayiş etdirir. 2021-ci ildən başlayaraq dövlət başçısının Laçında müxtəlif infrastruktur, enerji, sosial və iqtisadi layihələrin açılışında və təməlqoyma mərasimlərində iştirakı bu ərazilərin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu göstərir. Xüsusilə 2025-ci il mayın 27-də və 2026-cı il iyulun 11-də həyata keçirilən layihələr Laçının inkişafında yeni mərhələnin formalaşdığını nümayiş etdirir.

Nəticə etibarilə Laçında nəqliyyat, aviasiya, enerji, su təminatı, sənaye, kənd təsərrüfatı, turizm, təhsil, səhiyyə və mədəniyyət sahələrini əhatə edən kompleks inkişaf modeli qurulur. Laçın bu gün keçmişin bərpası ilə gələcəyin quruculuğunun qovuşduğu məkana çevrilir.

Laçının yenidən qurulması "Böyük qayıdış"ın konkret nəticələrini nümayiş etdirməklə yanaşı, Azərbaycanın işğaldan azad edilmiş ərazilərlə bağlı uzunmüddətli inkişaf strategiyasının miqyasını da ortaya qoyur. Burada əsas hədəf yalnız dağıdılmış şəhər və kəndləri yenidən inşa etmək deyil, onları iqtisadi cəhətdən fəal, sosial baxımdan dayanıqlı, ekoloji baxımdan müasir və beynəlxalq əlaqələri genişlənən yaşayış məkanlarına çevirməkdir. Bu mənada Laçın Azərbaycanın postmüharibə quruculuq siyasətinin ən görünən və strateji nümunələrindən biridir.


Ziyafət ƏSGƏROV,

Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qəhrəmanlıq tariximizin daha bir səhifəsi

08:10
26 Avqust

LAÇIN: Zəfər və quruculuq meydanı

08:05
26 Avqust

Strateji tərəfdaşlıq, müttəfiqlik və əbədi dostluq

08:00
26 Avqust

2026-cı ildə Bakı şəhərində keçiriləcək "Formula-1" yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında

02:16
26 Avqust

"Dənizkənarı Bulvar İdarəsi" və "Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi" publik hüquqi şəxslərin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında

02:15
26 Avqust

Azərbaycanda ipəkçiliyin və xalçaçılığın inkişafı, milli sənətkarlıq irsinin qorunması və təbliği üzrə əlavə tədbirlər haqqında

02:14
26 Avqust

"Azərbaycan Respublikasının Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 may tarixli 2665 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

02:14
26 Avqust

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

02:00
26 Avqust

“Sabah” tarixi qələbə ilə ÇL-in Liqa mərhələsində! 

23:24
25 Avqust

Azərbaycan səfiri etimadnaməsini Sudanın Suveren Keçid Şurasının Sədrinə təqdim edib

23:12
25 Avqust

Qarabağın və Şərqi Zəngəzurun ilk beynəlxalq film festivalının açılışı olub

21:44
25 Avqust

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan

21:23
25 Avqust

Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən

21:13
25 Avqust

Rusiyadan Ermənistana Azərbaycandan tranzitlə növbəti tədarük həyata keçirilib

19:21
25 Avqust

Tramp Hörmüz boğazında bütün minaların məhv edildiyini açıqlayıb

19:12
25 Avqust

Azərbaycanda mobil internetin sürəti 33,5 faizədək artıb

18:48
25 Avqust

“Maarifçi” proqramının iştirakçıları Azərbaycanın xarici siyasətinin prioritetləri barədə məlumatlandırılıb

18:39
25 Avqust

Rəcəb Tayyib Ərdoğan: “Türkiyə Əsri”ni qurmağa başlamışıq

18:23
25 Avqust

26 avqust – Laçın şəhəri günü  

18:23
25 Avqust

Xocavənddə açarlar yenidən doğma qapılara uzandı: illər sonra yurda dönüş  

18:21
25 Avqust

Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyini 15 medalla başa vurublar

18:13
25 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!