Laçın üç gün ərzində dünya kinosunun görüş məkanına çevrilib. Belə ki, Şərqi Zəngəzurda ilk Beynəlxalq Film Festivalına Azərbaycanın qədim və əsrarəngiz guşələrindən biri olan Laçın evsahibliyi edib.
Beynəlxalq Film Festivalı Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşəbbüsü, Mədəniyyət Nazirliyinin və onun tabeliyində fəaliyyət göstərən Kino Agentliyinin, həmçinin Qarabağ Dirçəliş Fondunun, Bakı Abadlıq Xidmətinin və digər qurumların dəstəyi, "Hoçazfilm" kinostudiyasının təşkilatçılığı ilə keçirilib.
Festivalın əsas məqsədi Azərbaycan kinosunun təbliği, yerli və xarici kino nümayəndələri arasında yaradıcılıq əlaqələrinin genişləndirilməsi, eləcə də regionun mədəni həyatının canlandırılmasına töhfə vermək olub.
Belə tədbirlər müxtəlif ölkələrdən olan kino nümayəndələrinin bir araya gəlməsinə, təcrübə mübadiləsi aparmasına və yeni yaradıcılıq əlaqələrinin qurulmasına şərait yaradır. Beynəlxalq Film Festivalında da dünyanın bir sıra ölkələrindən filmlər nümayiş etdirilib, kino sənayesinin nümayəndələri bir araya gəlib, yaradıcılıq görüşləri və panel müzakirələri təşkil olunub.
Qeyd edək ki, Beynəlxalq Film Festivalında iştirak üçün 47 ölkədən 300-ə yaxın film təqdim edilib. Onlardan 15 ölkəni təmsil edən 20 film seçilərək, nümayiş edilib. Bu çərçivədə Özbəkistanda istehsal edilmiş "Əmir Teymur" filminin xüsusi Qarabağ premyerası keçirilib.
Festivalın rəsmi bağlanış mərasimi Laçın Şəhəri Günü münasibətilə təşkil olunmuş təntənəli tədbirlər proqramı çərçivəsində keçirilib.
Bağlanış mərasimi zamanı festivalın qalibləri “Qızıl Palıd Budağı” mükafatı ilə təltif ediliblər.
Beləliklə, Laçın rayonu avqustun 24-dən 27-dək kino ab-havasına bürünüb. Üç gün ərzində Beynəlxalq Film Festivalı Laçının mədəni həyatında yeni bir səhifə açmaqla yanaşı, Azərbaycan kinosunun beynəlxalq əlaqələrinin genişləndirilməsi baxımından da əhəmiyyətli platforma kimi yadda qalıb.
Zöhrə FƏRƏCOVA,
“Azərbaycan”