Məsud Pezeşkian: "Amerika iqtisadi təzyiqlə heç nəyə nail olmayacaq"
ABŞ maliyyə naziri Skott Bessent Vaşinqtonun Tehrana iqtisadi təzyiqinin yeni mərhələsini elan edib. Bu dəfə tədbirlər yalnız sanksiyalar altında olan İran səlahiyyət sahiblərini və təşkilatlarını deyil, həm də ölkənin pul və mal daşımaq üçün istifadə etdiyi xarici maliyyə və ticarət qurumlarını və vasitəçilərini hədəf alıb.
Nazir ABŞ-nin "beş iqtisadi arteriya" adlandırdığı sahələri hədəf alacağını açıqlayıb – rəqəmsal aktivlər, texnologiya, qızıl, aviasiya sektoru və dəniz gəmiçiliyi. O, həmçinin qanunsuz pul köçürmələri üçün iranlılara kömək edən xarici təşkilatları hədələyb: "İran üçün çirkli pulların yuyulmasına kömək edən hər hansı bir təşkilat ABŞ dollarına əsaslanan maliyyə sistemindən kənarlaşdırılacaq. Geri sayım indi başlayır". Bundan əlavə, təxminən 60 İran səlahiyyətlisinə, şirkətlərinə və gəmilərinə birbaşa sanksiyalar tətbiq edilib.
Son aylar İranın neft ixracı kəskin şəkildə azalıb. Əsas alıcı olan Çinə tədarük avqust ayında gündə təxminən 534.000 barelə düşüb ki, bu da iyul ayındakı 823.000 və bu ilin əvvəlində təxminən 1,58 milyon bareldən xeyli, göründüyü kimi, azdır. Bundan əlavə, "Reuters" agentliyinin istinad etdiyi rəsmi məlumatlara görə, İranda ərzaq qiymətləri iyul ayında ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 128 faiz artıb.
Amma Londonda yaşayan siyasi iqtisadiyyat üzrə şərhçi Əlirza Salavati ABŞ-nin yeni tədbirlərinin fundamental strateji dəyişikliyə səbəb olacağına şübhə ilə yanaşır. Şərhçinin "Alman dalğası" radiostansiyasına verdiyi müsahibədə qeyd etdiyi kimi, İran iqtisadiyyatının demək olar ki, bütün sektorları artıq ABŞ sanksiyaları altındadır. Buna görə də son məhdudiyyətlər tamamilə yeni təzyiq formasından daha çox mövcud tədbirlər üzərində nəzarətin sərtləşdirilməsi ola bilər. Onların əsas təsiri, ehtimal ki, psixoloji olacaq və inflyasiya gözləntilərini artıracaq.
Analitiklər hesab edirlər ki, yeni sanksiyalar Tehranın ticarəti maliyyələşdirməsini, xarici valyuta əldə etməsini və mövcud iqtisadi təchizat zəncirlərini qorumasını daha da çətinləşdirə bilər. Lakin qısa müddətdə əsas yük onsuz da müharibənin və son dərəcə yüksək inflyasiyanın nəticələri ilə üzləşən şirkətlərin, muzdlu işçilərin və ev təsərrüfatlarının üzərinə düşəcək. Ekspertlər Vaşinqtonun artan iqtisadi təzyiqinin İran rəhbərliyinin siyasətini dəyişdirib-dəyişdirməyəcəyi ilə bağlı proqnoz verməkdə çətinlik çəkirlər.
Bu arada İran Prezidenti Məsud Pezeşkian Vaşinqtonun "iqtisadi boğulma" təhdidlərinə Tehranın son cavabını təqdim edərək "ABŞ yeni iqtisadi sanksiyalar paketi ilə heç nəyə nail olmayacaq" deyə bildirib. ISNA xəbər agentliyinin məlumatına görə, Prezident deyib: "Hökumətin iqtisadi qurumları tərəfindən görülən tədbirlər sayəsində Amerika müharibədə nəticə əldə edə bilmədiyi kimi, bu mərhələdə də iqtisadi təzyiq vasitəsi ilə heç nəyə nail olmayacaq". O əlavə edib ki, "bizim prinsipimiz qarşılıqlı anlaşmaya nail olmaq və problemləri qarşılıqlı əlaqə və danışıqlar yolu ilə həll etməkdir, eyni zamanda, biz iqtisadi təzyiqlərə qətiyyətlə müqavimət göstəririk və belə də davam edəcəyik". İran rəhbərliyi yeni tədbirlərin əhəmiyyətini rədd edərək, ölkənin 1979-cu il İslam inqilabından qısa müddət sonra tətbiq edilən sərt sanksiyalar altında onilliklərdir yaşadığını xatırladıb.
Rizvan CƏFƏROV,
"Azərbaycan"