22 İyul 2026 08:10
221
SİYASƏT
A- A+
Azərbaycan mediası – beynəlxalq informasiya axınının fəal subyekti

Azərbaycan mediası – beynəlxalq informasiya axınının fəal subyekti


151 illik zəngin inkişaf yolu keçmiş Azərbaycan milli mətbuatı ölkəmizin ictimai-siyasi həyatının ayrılmaz hissəsi kimi cəmiyyətin maariflənməsində, milli şüurun formalaşmasında, dövlətçilik ideyalarının, həmrəyliyin güclənməsində müstəsna rol oynamışdır. Müxtəlif tarixi mərhələlərdə ciddi sınaqlarla üzləşsə də, Azərbaycan mətbuatı öz missiyasını hər zaman qoruyub saxlamışdır. 

Məlumdur ki, müasir dövrdə bütün dünyada medianın vəzifələri daha da mürəkkəbləşib. İnformasiya texnologiyalarının sürətli inkişafı, sosial şəbəkələrin geniş yayılması, süni intellekt alətlərinin informasiya istehsalında tətbiqi, hibrid müharibələri və dezinformasiya kampaniyaları informasiya məkanını milli təhlükəsizliyin əsas istiqamətlərindən birinə çevirib. Artıq dövlətlərin gücünün formalaşmasında onların informasiya siyasətinin effektivliyi də mühüm təsir qüvvəsinə malikdir.

Azərbaycan bu yeni reallıqları vaxtında qiymətləndirərək media siyasətini müasir çağırışlara uyğun yenidən formalaşdırır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar nəticəsində ölkəmizdə medianın hüquqi bazasının təkmilləşdirilməsi, iqtisadi dayanıqlılığının gücləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin genişləndirilməsi, informasiya təhlükəsizliyinin təminatı istiqamətində sistemli addımlar atılır.

Bu siyasətin əsas məqsədi milli maraqları müdafiə edə bilən, peşəkar, məsuliyyətli və rəqabətqabiliyyətli media mühiti formalaşdırmaqdır. Azərbaycan Prezidentinin yanaşmasına görə, söz azadlığı demokratik cəmiyyətin fundamental prinsiplərindəndir, eyni zamanda söz azadlığı çox yüksək məsuliyyət tələb edir. İnformasiyanın qərəzsizliyi, faktlara söykənməsi və milli maraqların qorunması peşəkar jurnalistikanın əsas meyarları olmalıdır.


Möhkəm təməllərə əsaslanan siyasət


Bu gün ölkəmizdə həyata keçirilən media siyasəti Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik konsepsiyasına söykənir. Hələ Ulu Öndərin Azərbaycana birinci rəhbərliyi dövründə mətbuatın cəmiyyətə təsir imkanları yüksək qiymətləndirilir, sözə böyük dəyər verilir, mətbuatda işıqlandırılan məsələlər xüsusi diqqətdə saxlanılır, qəzet və jurnalların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılırdı. O dövrdə peşəkar jurnalist kadrların hazırlanması üçün indiki Bakı Dövlət Universitetində Jurnalistika fakültəsinin fəaliyyətinin genişləndirilərək təkmilləşdirilməsi həyata keçirilən həmin tədbirlərdən idi. 

1993-cü ildə Azərbaycanın ağır və təlatümlü günlərində xalqın təkidli tələbi ilə ali hakimiyyətə qayıdan Heydər Əliyev media siyasətini dövlət quruculuğunun əsas istiqamətlərindən biri elan etdi. Ölkədə söz və mətbuat azadlığının təmin olunması məqsədilə ardıcıl hüquqi islahatlar həyata keçirildi, Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalara uyğun media qanunvericiliyi bazası yaradıldı. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasında hər kəsin informasiya əldə etmək hüququnun təsbit olunması bu siyasətin mühüm hüquqi əsasını formalaşdırdı. 

Ölkəmizin milli mətbuat tarixinin ən mühüm hadisələrindən biri isə 1998-ci ildə mətbuat üzərindəki senzuranın tamamilə ləğvi ilə bağlı oldu. Prezident Heydər Əliyevin imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərmanla senzura sistemi tam aradan qaldırıldı. Bununla da Azərbaycan milli mətbuatı tarixində ilk dəfə olaraq dövlət senzurasından tam azad fəaliyyət göstərmək imkanı qazandı.

Sonrakı illərdə qəbul olunan "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Məlumat azadlığı haqqında", "Kütləvi informasiya vasitələri haqqında" qanunlar müstəqil medianın hüquqi əsaslarını daha da möhkəmləndirdi. Paralel olaraq qəzetlərin maddi-texniki bazasının gücləndirilməsi, vergi güzəştlərinin tətbiqi, dövlət müəssisələrinə məxsus binaların redaksiyalara güzəştli şərtlərlə istifadəyə verilməsi və jurnalistlərin fəaliyyətinin dəstəklənməsi istiqamətində mühüm qərarlar qəbul olundu. Beləliklə, Prezident İlham Əliyevin sonrakı illərdə həyata keçirdiyi media islahatları məhz bu möhkəm təməl üzərində formalaşdı.


Güclü Azərbaycanın inkişaf edən mediası


2003-cü ildə xalqın yekdil dəstəyi ilə Azərbaycan Respublikasının Prezidenti seçilərək ölkəmizin yeni strateji inkişaf dövrünün əsasını qoyan cənab İlham Əliyev də informasiya siyasətini dövlət idarəçiliyinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirdi. Bu dövrdə əsas məqsəd söz və mətbuat azadlığının qorunması ilə yanaşı, medianın iqtisadi cəhətdən dayanıqlı, texnoloji baxımdan müasir və beynəlxalq rəqabətə davamlı olması idi.

Həyata keçirilən strateji inkişaf layihələrinin uğurlu nəticəsi kimi Azərbaycan iqtisadiyyatının güclənməsi dövlətin media siyasətində də yeni imkanlar yaratdı. Artıq mətbuatın inkişafı yalnız hüquqi təminatlarla məhdudlaşmır, həm də iqtisadi dəstək mexanizmləri ilə müşayiət olunurdu. Bu baxımdan 2008-ci ildə təsdiq edilmiş "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" ölkənin media tarixində yeni mərhələnin başlanğıcı oldu. Konsepsiyada media subyektlərinin iqtisadi dayanıqlılığının artırılması, jurnalist peşəkarlığının yüksəldilməsi, müasir informasiya texnologiyalarının tətbiqi və medianın cəmiyyət qarşısında məsuliyyətinin gücləndirilməsi əsas prioritetlər kimi müəyyənləşdirildi.

Bu konsepsiyanın məntiqi davamı olaraq 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradıldı. Müvafiq media layihələrinin maliyyələşdirilməsi, jurnalistlərin peşəkarlığının artırılması məqsədilə müsabiqələrin təşkili, regional medianın inkişafına dəstək, mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, eyni zamanda milli mətbuatın yubileylərinin dövlət səviyyəsində keçirilməsi, jurnalistlərin orden, medal və fəxri adlarla mükafatlandırılması, sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin media siyasətinin mühüm istiqamətlərindən birinə çevrildi. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün dövlət konkret addımlar atdı. Prezidentin sərəncamları ilə Bakıda jurnalistlər üçün çoxmənzilli yaşayış binaları inşa edildi və yüzlərlə media nümayəndəsi yeni mənzillərlə təmin olundu. Bu layihələr təkcə sosial dəstək tədbiri deyildi, həm də dövlətin jurnalist əməyinə verdiyi yüksək qiymət idi. Bunlardan əlavə, Prezident İlham Əliyevin jurnalistlərlə müntəzəm görüşlər keçirərək onların təkliflərini dinləməsi, media nümayəndələrinin problemlərinin operativ həlli, dövlət başçısının bir neçə dəfə "Æurnalistlərin dostu" mükafatına layiq görülməsi də Azərbaycan mətbuatının yeni inkişaf dövrünün diqqətçəkən reallıqlarıdır. 


Müasir dövrün  çağırışı: sosial şəbəkə, yoxsa media


Son onilliklər bütün dünyada informasiya məkanı köklü dəyişikliklərə məruz qalır. İnternet mediasının sürətli inkişafı, sosial şəbəkələrin cəmiyyət həyatında mövqe tutması, süni intellekt texnologiyalarının informasiya istehsalına daxil olması və dezinformasiyanın qlobal təhlükəyə çevrilməsi media siyasətinə tamamilə yeni yanaşma tələb edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən media islahatlarının növbəti mərhələsi də məhz bu çağırışlara cavab vermək məqsədi daşıyır.

Bu islahatların ən mühüm istiqaməti media sahəsində institusional idarəetmənin təkmilləşdirilməsi oldu. 2021-ci il yanvarın 12-də Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" fərman ölkədə media siyasətinin keyfiyyətcə yeni mərhələsinin əsasını qoydu. Həmin fərman əsasında Medianın İnkişafı Agentliyi yaradıldı. Bu qurumun təsis edilməsi bütövlükdə Azərbaycan mediasının inkişaf strategiyasının yenilənməsi demək idi.

Agentliyin fəaliyyətinin əsas məqsədi media subyektlərinin iqtisadi dayanıqlılığını artırmaq, jurnalistikanın peşəkarlıq səviyyəsini yüksəltmək, müasir informasiya texnologiyalarının tətbiqini genişləndirmək və sağlam media mühitinin formalaşmasına dəstək verməkdir. Bu qurum fəaliyyətə başladığı gündən etibarən çoxsaylı layihələr həyata keçirmiş, media subyektləri üçün qrant müsabiqələri təşkil etmiş, jurnalistlərin ixtisasartırma proqramlarını reallaşdırmış, regional medianın inkişafına xüsusi diqqət ayırmışdır.

Bu gün artıq Azərbaycan mediası yalnız ənənəvi qəzet və televiziya ilə məhdudlaşmır. İnformasiya istehsalının əsas hissəsi rəqəmsal platformalara keçdiyindən yeni media bacarıqları, multimedia jurnalistikası, data jurnalistikası, mobil reportyorluq və süni intellekt alətlərindən istifadə peşəkar jurnalistin əsas fəaliyyətlərindən birinə çevrilmişdir. MEDİA Agentliyi də məhz bu istiqamətlər üzrə yeni layihələr həyata keçirərək medianın rəqəmsal transformasiyasını stimullaşdırmışdır. 

Media islahatlarının mühüm mərhələlərindən biri də "Media haqqında" yeni qanunun qəbul edilməsi oldu. Prezident İlham Əliyevin 2022-ci il 8 fevral tarixli fərmanı ilə bu qanunun tətbiqi təmin edildi və onun həyata keçirilməsi üçün zəruri hüquqi mexanizmlər yaradıldı. Yeni qanunun qəbul edilməsini zəruri edən əsas səbəblərdən biri əvvəlki qanunvericiliyin sürətlə dəyişən informasiya mühitinin tələblərinə tam cavab verməməsi idi. İnternet mediası, sosial platformalar, onlayn xəbər portalları və rəqəmsal jurnalistika artıq informasiya istehsalının əsas istiqamətlərinə çevrilib. Bu baxımdan media fəaliyyətinin vahid hüquqi çərçivədə tənzimlənməsi zərurətə çevrilmişdir.

"Media haqqında" qanun media subyektlərinin hüquq və vəzifələrini daha dəqiq müəyyənləşdirdi, peşəkar jurnalistikanın inkişafını təşviq edən mexanizmlər formalaşdırdı, media reyestrinin yaradılmasını təmin etdi və informasiya məkanının təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət göstərdi. Sənəddə xüsusilə informasiya istehsalında peşəkarlıq, etik davranış, faktların yoxlanılması və ictimai məsuliyyət prinsiplərinə üstünlük verilir.

Qanunun əsas məqsədlərindən biri də rəqabətqabiliyyətli milli medianın formalaşdırılmasıdır. Qloballaşan informasiya məkanında Azərbaycan mediasının xarici dezinformasiya kampaniyalarına qarşı dayanıqlılığının artırılması, milli informasiya resurslarının gücləndirilməsi və cəmiyyətin düzgün məlumatlandırılması dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyən edilmişdir.

Yaxın vaxtlar ölkəmizdə Media və Yayım Şurasının yaradılması da nəzərdə tutulur. Bunu zəruri edən amil ondan ibarətdir ki, müasir dövrdə milli informasiya təhlükəsizliyini və medianın iqtisadi müstəqilliyini təmin etmək üçün Azərbaycanda media sahəsinə münasibətdə daha çevik və kollegial mexanizmə keçid zərurəti yaranıb. Sözügedən mexanizm də öz növbəsində çap, onlayn və audiovizual media arasındakı sərhədlərin silinməsi, informasiya sisteminin əsas sütunu olan mediaya vahid yanaşmanı şərtləndirir. Bu baxımdan Media və Yayım Şurasının yaradılması, şura ilə bağlı vəzifə və öhdəliklərin "Media haqqında" qanunda öz əksini tapması və qurumun kollegial idarəetmə modelini əsas götürməsi onun müstəqilliyinə və quruma münasibətdə ictimai etimadın yüksəlməsinə zəmanət verən effektiv mexanizmdir. 

Müasir dünyada azad medianın qarşısında duran əsas problemlərdən biri maliyyə dayanıqlılığıdır. Reklam bazarının dəyişməsi, çap mediasının gəlirlərinin azalması və rəqəmsal platformaların üstünlük qazanması nəticəsində dünyanın bir çox ölkəsində media qurumları ciddi iqtisadi çətinliklərlə üzləşirlər. Azərbaycanda isə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət medianın iqtisadi cəhətdən daha dayanıqlı fəaliyyət göstərməsini təmin edir. Dövlət dəstəyi proqramları, qrant layihələri, təlimlər, texniki modernləşmə və innovativ layihələrin maliyyələşdirilməsi nəticəsində media subyektlərinin fəaliyyət imkanları xeyli genişlənmişdir. Media qurumlarının texniki bazasının yenilənməsi, jurnalistlərin ixtisasartırma proqramlarında iştirakı və rəqəmsal platformalara inteqrasiyası ölkənin vahid informasiya məkanının formalaşmasına mühüm töhfə verməkdədir.

Prezident İlham Əliyevin media siyasətinin əsas xüsusiyyətlərindən biri ondan ibarətdir ki, dövlət dəstəyi yalnız maddi yardımlarla məhdudlaşmır. Bu siyasət medianın hüquqi, institusional, texnoloji və peşəkar inkişafını əhatə edən kompleks yanaşmaya əsaslanır. Məhz buna görə son illər Azərbaycan mediası yeni inkişaf mərhələsinə qədəm qoymuş, rəqəmsal transformasiya prosesinə uğurla uyğunlaşmış və beynəlxalq əməkdaşlıq imkanlarını xeyli genişləndirmişdir.


Azərbaycan mediası informasiya savaşının ön cərgəsində


Müasir dünyamızda media fəaliyyəti həm də informasiya savaşının çox vacib elementidir. Dezinformasiya, saxta xəbərlər, manipulyativ informasiya kampaniyaları və kiberhücumlar dövlətlərin milli təhlükəsizliyi üçün ciddi təhdidlər yaradır. Azərbaycan da uzun illər Ermənistanın məqsədyönlü dezinformasiya siyasəti ilə üz-üzə qalmışdı. Xüsusilə Birinci Qarabağ müharibəsi dövründə beynəlxalq informasiya məkanında Azərbaycana qarşı qərəzli yanaşmalar, saxta məlumatlar və ikili standartlar geniş yayılmışdı. Belə şəraitdə güclü milli medianın formalaşdırılması və dövlətin informasiya siyasətinin müasir tələblərə uyğun qurulması strateji zərurətə çevrilmişdi.

Prezident İlham Əliyev hələ hakimiyyətinin ilk illərindən informasiya diplomatiyasını Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirdi. Dövlətimizin başçısının beynəlxalq televiziya kanallarına, nüfuzlu xəbər agentliklərinə və aparıcı qəzetlərə verdiyi müsahibələr Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadı. O, faktlara əsaslanan arqumentləri, beynəlxalq hüquqa söykənən mövqeyi və siyasi qətiyyəti ilə ölkəmizin maraqlarını ardıcıl müdafiə etdi.

44 günlük Vətən müharibəsi Azərbaycanın ardıcıl hərbi qələbələri ilə yanaşı, informasiya sahəsində əldə etdiyi böyük uğurlarla da tarixə düşdü. Müharibə günlərində Prezident İlham Əliyevin dünyanın aparıcı televiziya kanallarına, informasiya agentliklərinə və qəzetlərinə verdiyi müsahibələr vasitəsilə ölkəmizin haqlı mövqeyi bütün dünyaya çatdırıldı.

Həmin dövr Azərbaycan mediası da böyük məsuliyyət nümayiş etdirdi. Yerli televiziya kanalları, xəbər agentlikləri və informasiya portalları cəbhədən operativ məlumatlar təqdim edir, rəsmi mənbələrə əsaslanan informasiyanın daha geniş beynəlxalq auditoriyaya yayılmasına kömək göstərir, cəmiyyətdə birlik və həmrəylik ruhunun möhkəmlənməsinə xidmət edirdi.


Media diplomatiyası daha da gücləndirilir


Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra Azərbaycanın beynəlxalq informasiya siyasəti yeni mərhələyə qədəm qoyub. İşğaldan azad edilmiş ərazilərə xarici və yerli jurnalistlərin mütəmadi səfərləri təşkil olunur, media nümayəndələri Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-yenidənqurma işləri ilə yerində tanış olaraq reallıqları işıqlandırırlar. Bütün bunlar informasiya diplomatiyasının mühüm elementləridir. 

Azərbaycan artıq yalnız beynəlxalq medianın obyektinə deyil, həm də qlobal informasiya gündəmini formalaşdıran ölkələrdən birinə çevrilməyə başladı. Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Şuşa Qlobal Media forumları bu baxımdan son illərin ən mühüm beynəlxalq media platformalarından biri hesab olunur. Forumun əsas məqsədi müasir medianın problemlərinin müzakirəsi, dezinformasiyaya qarşı mübarizə yollarının müəyyənləşdirilməsi, süni intellekt dövründə jurnalistikanın gələcəyinin qiymətləndirilməsi və beynəlxalq media əməkdaşlığının genişləndirilməsidir. Azərbaycanın mədəniyyət paytaxtı Şuşada təşkil olunan forum hər il dünyanın müxtəlif ölkələrindən yüzlərlə jurnalisti, media rəhbərini, eksperti və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirir. 

Şuşa Forumunu fərqləndirən əsas cəhətlərdən biri Prezident İlham Əliyevin iştirakçılarla açıq dialoq formatında görüşlər keçirməsi, onların ən müxtəlif məsələlərə həsr olunmuş suallarını cavablandırmasıdır. Bu çıxışlar dünyanın aparıcı media qurumları tərəfindən geniş işıqlandırılır və Azərbaycan haqqında obyektiv informasiya mənbələrindən birinə çevrilir. Ümumiyyətlə, son illər ölkəmizdə keçirilən beynəlxalq tədbirlər media diplomatiyasını daha da gücləndirib. COP29, Şuşa Qlobal Media Forumu, beynəlxalq forumlar və digər qlobal tədbirlər dünyanın aparıcı informasiya resurslarının diqqətini respublikaya yönəldib.

Azərbaycan Prezidentinin yerli media nümayəndələri ilə görüşləri, onlara verdiyi  müsahibələr, həyata keçirilən dövlət siyasətinin ayrı-ayrı məqamları barədə bu müsahibələrdə zəruri məlumatları bölüşməsi də mütəmadi xarakter daşıyır. Dövlətimizin başçısının formalaşdırdığı bu açıq kommunikasiya modeli dövlətlə media arasında etimadın möhkəmlənməsinə, eyni zamanda Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsinə xidmət göstərir. 

Bu gün Azərbaycan mediası artıq təkcə ölkədaxili informasiya məkanının iştirakçısı deyil, həmçinin beynəlxalq informasiya axınının fəal subyektidir. Azərbaycan mediasının xarici media qurumları ilə əməkdaşlığı genişlənir, regional və qlobal məsələlərin müzakirəsində daha fəal rol oynayır.

Cənab İlham Əliyevin media siyasəti dövlətin informasiya suverenliyinin qorunmasına, milli maraqların beynəlxalq mediada etibarlı müdafiəsinə və ölkənin "yumşaq güc" potensialının artırılmasına xidmət edən uzunmüddətli strateji yanaşmaya əsaslanır. Bu uğurlu siyasət nəticəsində Azərbaycan regionda informasiya diplomatiyasını uğurla həyata keçirən, qlobal media dialoqunun fəal iştirakçısına çevrilən və milli maraqlarını informasiya müstəvisində ardıcıl müdafiə edən dövlət kimi mövqeyini daha da möhkəmləndirir.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Fransanın 27 departamentində yüksək yanğın təhlükəsi elan edilib

09:25
22 İyul

Judit Polgar ölkə prezidentliyinə namizəd olmaq istəmədi

09:20
22 İyul

Vasitəçilər ABŞ və İrana 10 günlük atəşkəs təklif ediblər

09:15
22 İyul

Bakıda yaşıllaşdırma işləri davam etdirilir

09:10
22 İyul

Bakı-Berlin siyasi dialoqu yeni müstəviyə qədəm qoyur

09:05
22 İyul

Münasibətlər daha sistemli və çoxşaxəli xarakter alacaq

09:00
22 İyul

Ulu Öndər xilas missiyasına Naxçıvandan başladı

08:55
22 İyul

Müstəqilliyə gedən yolun strateji təməli

08:50
22 İyul

Azərbaycan milli mətbuatının 151 illik inkişaf yolu və müasir çağırışlar

08:45
22 İyul

Qələmi qırılan aydınlar

08:45
22 İyul

Mətbu söz zamanın salnaməsidir

08:40
22 İyul

Həqiqətin və dövlətçiliyin xidmətində

08:35
22 İyul

Azərbaycan milli mətbuatının inkişaf yolu və müasir media siyasəti

08:30
22 İyul

Yeni məşğulluq strategiyası əhalinin sosial güvənliyini daha etibarlı təmin edəcək

08:25
22 İyul

"Sinxua" Agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib

08:20
22 İyul

Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq dərinləşir

08:15
22 İyul

Azərbaycan mediası – beynəlxalq informasiya axınının fəal subyekti

08:10
22 İyul

"AZƏRBAYCAN"ın "Zəfər" imzası

08:05
22 İyul

AZƏRBAYCAN XALQI İLHAM ƏLİYEVİ NİYƏ SEVİR

08:00
22 İyul

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında

02:20
22 İyul

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 7 mart tarixli 66 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələrində yetkinlik yaşına çatmayanlara xidmət göstərilməsi Qaydası”nda və 2021-ci il 25 may tarixli 149 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət reabilitasiya müəssisələrinin təşkili və fəaliyyəti Qaydası”nda dəyişiklik edilməsi barədə

02:18
22 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!