Azərbaycan Prezidenti İlham Əliyevin Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə Özbəkistanda həyata keçirilən islahatları yüksək qiymətləndirməsi mühüm bir tendensiyanı, yəni islahatların nəticələrinin beynəlxalq səviyyədə getdikcə daha çox tanınmasını əks etdirir. Bu gün iqtisadiyyatın modernləşdirilməsi, infrastrukturun inkişafı, investisiya mühitinin yaxşılaşdırılması və insan kapitalının rolunun artırılması təkcə ölkənin daxili potensialını deyil, həm də onun regional və beynəlxalq proseslərdəki mövqeyini tədricən dəyişir. Azərbaycan Prezidentinin hazırkı dövlət səfəri bir daha təsdiqlədi ki, bu dəyişikliklər ikitərəfli əməkdaşlıq üçün də yeni imkanlar yaradır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Buxara Dövlət Universitetinin rektoru, professor Obidjon Hamidov deyib.
Onun sözlərinə görə, Özbəkistan-Azərbaycan əməkdaşlığının getdikcə daha çoxşaxəli xarakter alması xüsusilə diqqətəlayiqdir. Avqustun 23-də iki ölkənin liderləri Əbədi dostluq haqqında Müqavilə imzaladılar, eyni zamanda, bank sektoru, tikinti materiallarının istehsalı, turizm, xammalın emalı, bağçılıq və bizim üçün xüsusilə əhəmiyyətli olan təhsil müəssisələrinin yaradılması sahələrində yeni birgə layihələrə start verildi. Bu, ayrı-ayrı təşəbbüslərdən iki dövlətin iqtisadi prioritetlərinin təhsil və kadr hazırlığı ilə birbaşa əlaqələndirildiyi uzunmüddətli əməkdaşlıq sisteminin formalaşdırılmasına keçidi göstərir.
“Ali təhsil sahəsində artıq belə bir keçid üçün ciddi baza formalaşıb. Özbəkistan və Azərbaycan rektorlarının ilk Forumunda 60-a yaxın memorandum, saziş və yol xəritəsi imzalanıb. Bu sənədlərdə akademik mobillik, birgə elmi tədqiqatlar, müəllim və tələbə mübadiləsi, eləcə də birgə təhsil proqramlarının inkişafı nəzərdə tutulur. Əməkdaşlığın tədricən sənədlərin formal şəkildə imzalanmasından iki ölkənin universitetləri arasında konkret akademik əlaqələrin yaradılmasına keçməsi mühüm məqamdır. Buxara Dövlət Universiteti də bu prosesin birbaşa iştirakçısıdır. Özbəkistan-Azərbaycan rektorlar forumu çərçivəsində nümayəndə heyətimiz Azərbaycanın bir sıra aparıcı ali təhsil müəssisələri ilə razılaşmalar əldə edib. Xüsusilə Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq tələbə və müəllim mübadiləsinin, beynəlxalq akademik mobilliyin və birgə elmi layihələrin inkişafını nəzərdə tutur. Bu, bizim üçün xüsusilə əhəmiyyətlidir, çünki müasir universitet yalnız bilik ötürən deyil, həm də beynəlxalq elmi və innovasiya şəbəkələrinin bir hissəsi olmalıdır”, - deyə rektor əlavə edib.
Obidjon Hamidovun fikrincə, əməkdaşlığın növbəti mərhələsi artıq imzalanmış memorandumların sayı ilə deyil, ölçüləbilən nəticələrlə müəyyənləşməlidir: birgə təhsil proqramları, ikili diplomlar, elmi laboratoriyalar, qrant layihələri çərçivəsində tədqiqatlar və gənc alimlərin müntəzəm mübadiləsi. Məhz belə format ali təhsilin inkişafını hazırda Özbəkistanın və Azərbaycanın birgə həyata keçirdiyi sənaye, texnologiya və investisiya layihələri ilə əlaqələndirməyə imkan verəcək. Bu, dövlətin rəqabət qabiliyyətinin getdikcə daha çox insan kapitalının keyfiyyəti və universitetlərin yeni biliklər yaratmaq qabiliyyəti ilə müəyyənləşdiyi şəraitdə xüsusilə vacibdir.
“Prezident İlham Əliyevin Özbəkistanın müasir inkişafına verdiyi yüksək qiymət akademik ictimaiyyətin də üzərinə əlavə məsuliyyət qoyur. Buxara Dövlət Universiteti beynəlxalq əməkdaşlığın genişləndirilməsini, elmin inkişafını və rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanmasını ölkədə gedən transformasiyalara öz töhfəsi kimi qiymətləndirir. Əminəm ki, Özbəkistanın və Azərbaycanın ardıcıl yaxınlaşması hər iki ölkənin universitetləri üçün yeni imkanlar yaradacaq, təhsil və elm isə təkcə dövlətlərimizi deyil, xalqlarımızın gələcək nəsillərini də birləşdirən ən dayanıqlı körpülərdən birinə çevriləcək”, - deyən professor fikrini yekunlaşdırıb.