25 İyul 2026 14:31
247
İQTİSADİYYAT
A- A+
Urs Unkauf: Birgə Bəyannamə Almaniya iqtisadiyyatı baxımından mühüm siyasi siqnaldır

Urs Unkauf: Birgə Bəyannamə Almaniya iqtisadiyyatı baxımından mühüm siyasi siqnaldır

Almaniyanın Federal İqtisadi Təşviq və Xarici Ticarət Assosiasiyasının icraçı direktoru, xarici əlaqələr üzrə səlahiyyətli nümayəndə Urs Unkauf AZƏRTAC-a müsahibəsində Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri çərçivəsində imzalanan İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəliyə dair Birgə Bəyannamənin iki ölkə arasında siyasi və iqtisadi əməkdaşlığın inkişafına töhfələri, münasibətlər, investisiya mühiti və əməkdaşlığın perspektivləri barədə fikirlərini bölüşüb. Müsahibəni təqdim edirik.

- Azərbaycan Prezidenti İlham Əliyevin Berlinə rəsmi səfəri çərçivəsində İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəliyə dair Birgə Bəyannamə imzalandı. Bu sənəd Almaniya iqtisadiyyatı üçün nə kimi əhəmiyyət daşıyır? Birgə Bəyannamənin Almaniya-Azərbaycan iqtisadi əlaqələrinin inkişafına və alman şirkətlərinin Azərbaycanın iqtisadi məkanına inamının gücləndirilməsinə hansı töhfələr verə bilər?

- Birgə Bəyannamə Almaniya iqtisadiyyatı baxımından mühüm siyasi siqnaldır. Bu sənəd münasibətləri daha strateji və eyni zamanda, daha praktik əsaslara keçirir. Əsas məqam ondan ibarətdir ki, sənəd ümumi niyyət bəyanatları ilə məhdudlaşmır, əksinə, ticarət və investisiyalardan tutmuş enerji, nəqliyyat və infrastruktura, sənayenin modernləşdirilməsi, rəqəmsallaşma və peşə təhsilinə qədər konkret əməkdaşlıq istiqamətlərini müəyyən edir. Şirkətlər üçün ən yüksək siyasi səviyyədə göstərilən diqqət mühüm əhəmiyyət daşıyır. İnvestisiya qərarları təkcə bazarın həcmi və gəlirlilik gözləntiləri ilə müəyyən olunmur, eyni zamanda, proqnozlaşdırıla bilən, institusional etibarlılıq və uzunmüddətli siyasi dəstək perspektivi də mühüm rol oynayır. Buna görə də Birgə Bəyannamə davamlı iş mexanizmləri və konkret layihələrlə dəstəkləndikdə qarşılıqlı etimadın möhkəmlənməsinə töhfə verə bilər.

Almaniya-Azərbaycan Biznes Şurasının yaradılmasının razılaşdırılması da xüsusi əhəmiyyət kəsb edir. O, mövcud maneələrin vaxtında müəyyən edilməsinə, şirkətləri müvafiq dövlət qurumları ilə əlaqələndirməyə və siyasi razılaşmaların həyata keçirilə bilən layihələrə çevrilməsinə kömək edə bilər. Etibarlı tərəfdaşlar, şəffaf prosedurlar və bazara giriş üçün strukturlaşdırılmış dəstək məhz Almaniyanın orta sahibkarlıq subyektləri üçün çox vacibdir. Buna görə də yeni gündəlik iqtisadi əlaqələrə əlavə dinamika verə bilər. Lakin onun uğurunun əsas meyarı praktiki icra olacaq.

Şirkətlər konkret investisiya imkanlarına, dayanıqlı çərçivə şərtlərinə, hüquqi təminatlara və mövcud çağırışlarla bağlı açıq dialoqa ehtiyac duyurlar. Əgər bu istiqamətdə uğurlu addımlar atılarsa, Birgə Bəyannamə indiyədək əsasən enerji sahəsinə söykənən münasibətlərin daha geniş iqtisadi və texnoloji tərəfdaşlığa çevrilməsini təmin edə bilər.

- Prezident İlham Əliyev və Kansler Fridrix Merts vurğuladılar ki, gələcəkdə əməkdaşlıq təkcə enerji sahəsi ilə məhdudlaşmayacaq, həmçinin nəqliyyat, logistika, yaşıl enerji, hidrogen və investisiyalar istiqamətlərində də genişləndiriləcək. Sizin fikrinizcə, qarşıdakı illərdə bu sahələrdən hansı Almaniya şirkətləri üçün daha böyük potensiala malik olacaq?

- Qısamüddətli perspektivdə reallaşdırıla bilən ən böyük potensialı nəqliyyat, logistika və sənaye infrastrukturu arasındakı əlaqədə görürəm. Azərbaycan Avropa ilə Mərkəzi Asiya arasında Orta Dəhlizin mühüm qovşaqlarından birinə çevrilir. Bu, liman və dəmir yolu texnologiyalarına, anbar və yükaşırma imkanlarına, rəqəmsallaşdırılmış gömrük prosedurlarına, ağıllı nəqliyyat idarəetməsinə və müasir logistika həllərinə tələbat yaradır. Almaniya şirkətləri bu sahələrin bir çoxunda beynəlxalq səviyyədə tanınmış texnologiyalara və təcrübəyə malikdirlər. Uzunmüddətli perspektivdə isə yaşıl enerji tərəfdaşlığı ən böyük strateji əhəmiyyətə malik istiqamət ola bilər. Azərbaycan Günəş enerjisi, eləcə də quruda və dənizdə külək enerjisi sahələrində əhəmiyyətli potensiala malikdir. Almaniya texnologiya, maliyyələşdirmə və sənaye tərəfdaşı kimi elektrik enerjisi istehsalına, enerji şəbəkələrinin genişləndirilməsinə, enerji saxlanc sistemlərinin yaradılmasına və enerji səmərəliliyinin artırılmasına töhfə verə bilər. Belə əməkdaşlıq Azərbaycanın təkcə ənənəvi enerji təchizatçısı kimi deyil, həm də Avropanın enerji transformasiyasında potensial tərəfdaş kimi nəzərdən keçirilməsinə imkan yaradar.

Hidrogen sahəsində isə gözləntilər real şəkildə qalmalıdır. Yaşıl və aşağı karbon tərkibli hidrogen gələcəkdə aktual ola bilər, lakin bu, rəqabətqabiliyyətli istehsal xərcləri, kifayət qədər bərpaolunan enerji potensialı, nəqliyyat infrastrukturu, sertifikatlaşdırma mexanizmləri və təminatlı müştərilər tələb edir. İlkin mərhələdə birgə pilot layihələrin həyata keçirilməsi, texniki-iqtisadi əsaslandırma və vahid standartların hazırlanması daha məqsədəuyğun görünür. Xüsusi perspektivli yanaşmalardan biri isə bu istiqamətlərin bir-biri ilə əlaqələndirilməsindən ibarətdir: müasir sənaye və logistika mərkəzləri üçün bərpaolunan enerji, enerjiyə qənaət edən nəqliyyat infrastrukturu və gələcəkdə yaşıl enerji daşıyıcılarının istehsalı.

Almaniya şirkətləri bu prosesdə təkcə ayrı-ayrı komponentlərin tədarükçüsü kimi deyil, kompleks texniki sistemlər təqdim edən tərəfdaş kimi çıxış edə bilərlər.

- Cənubi Qafqazda sülh prosesi və Azərbaycanın Avropa ilə Mərkəzi Asiya arasında enerji və nəqliyyat qovşağı kimi artan rolu yeni iqtisadi perspektivlər yaradır. Bu proseslər Almaniya və Azərbaycan arasında iqtisadi və ticarət əlaqələrinə necə təsir göstərə bilər?

- Davamlı sülh Cənubi Qafqazda iqtisadi şərtləri əsaslı şəkildə dəyişdirəcək. O, siyasi riskləri azaldacaq, nəqliyyat əlaqələrinin açılmasına imkan verəcək və regional bazarın daha vahid iqtisadi məkan kimi qəbul olunması üçün şərait yaradacaq. Bu, Almaniya şirkətləri üçün xüsusilə vacibdir, çünki investisiyalar uzunmüddətli planlaşdırma və sabitlik tələb edir. Sülh və normallaşmış münasibətlər infrastruktur layihələrinin daha rentabelli olmasına, daşınma müddətinin qısalmasına və sərhədlərarası dəyər zəncirlərinin yaradılmasına imkan verə bilər. Beləliklə Azərbaycan Xəzər regionu, Mərkəzi Asiya, Türkiyə və Avropa arasında əlaqələndirici rolunu əhəmiyyətli dərəcədə genişləndirə bilər.

Orta Dəhliz təkcə alternativ nəqliyyat marşrutu deyil. O, Avropanın təchizat zəncirlərinin şaxələndirilməsi strategiyasının mühüm hissəsidir. Almaniya şirkətləri həm bu dəhlizdən istifadə edən tərəf kimi, həm də onun fəaliyyəti üçün zəruri texnologiya, infrastruktur və xidmətlərin təminatçısı kimi faydalana bilər. Eyni zamanda, ikitərəfli ticarətin strukturu da dəyişə bilər. Enerji sektoru indiyədək mühüm rol oynayır. Lakin əlaqəliliyin artması ilə maşınqayırma, ətraf mühit texnologiyaları, tikinti sənayesi, aqrar texnologiyalar, rəqəmsallaşma və sənaye xidmətləri daha çox ön plana çıxa bilər. Bununla yanaşı, Azərbaycan şirkətləri üçün də Almaniya və Avropa bazarlarına çıxış imkanları genişlənə bilər. Sülh prosesi iqtisadi cəhətdən də müşayiət olunmalıdır. Nəqliyyat xətləri, enerji əlaqələri və birgə investisiyalar sabitliyə qarşılıqlı maraq yaradır. İqtisadi inteqrasiya siyasi razılaşmaları əvəz etmir, lakin onların davamlılığını əhəmiyyətli dərəcədə gücləndirə bilər.

- Almaniya təchizat zəncirlərinin, eləcə də enerji və xammal tərəfdaşlıqlarının şaxələndirilməsinə getdikcə daha çox önəm verir. Bu baxımdan Azərbaycan gələcəkdə Almaniya və Avropa İttifaqı üçün etibarlı tərəfdaş kimi hansı rolu oynaya bilər?

- Azərbaycan üç əsas istiqamətdə - enerji tərəfdaşı, tranzit ölkə və Mərkəzi Asiyaya çıxış qapısı kimi mühüm rol oynaya bilər. Azərbaycan artıq enerji sektorunda Avropanın enerji təchizatının şaxələndirilməsinə töhfə verir. Xəzər regionundan hasil olunan neft və qaz Avropaya ənənəvi Rusiya təchizat sistemlərindən asılı olmayan marşrutlar vasitəsilə çatdırılır. Bu coğrafi şaxələndirmə Avropanın enerji bazarının dayanıqlılığını artırır.

Uzunmüddətli perspektivdə tərəfdaşlıq getdikcə daha çox bərpaolunan enerji, elektrik enerjisinin ötürülməsi, enerji səmərəliliyi və potensial olaraq hidrogen sahələrini əhatə etməlidir.

Tranzit ölkə kimi Azərbaycan Orta Dəhlizin əsas komponentidir. Bu, Almaniya və Avropa İttifaqı üçün xüsusilə aktualdır, çünki geosiyasi gərginliklər fonunda alternativ təchizat marşrutları iqtisadi təhlükəsizlik məsələsinə çevrilib. Azərbaycan Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Cənubi Qafqaz, Türkiyə və Avropa ilə birləşdirir. Bundan əlavə, ölkə əhəmiyyətli xammal yataqlarına və artan satış bazarlarına malik olan alman şirkətlərinin Mərkəzi Asiya bazarlarına çıxışı üçün platforma rolu oynaya bilər. Buna görə də, Azərbaycanla daha sıx əməkdaşlıq enerji, xammal və təchizat zəncirinin təhlükəsizliyi üçün daha geniş Avropa strategiyasının bir hissəsidir.

Etibarlılıq təkcə coğrafi mövqedən irəli gəlmir. Bunun üçün uzunmüddətli şəffaf investisiya şərtləri, səmərəli inzibati prosedurlar, hüquqi və planlaşdırma baxımından sabitlik, eləcə də davamlı siyasi və iqtisadi dialoq tələb olunur. Yeni ikitərəfli tərəfdaşlıq üçün strateji gündəlik və yaradılması nəzərdə tutulan Biznes Şurası bu şərtləri birlikdə gücləndirmək üçün mühüm imkan yaradır. Azərbaycan Almaniya və Avropa baxımından təkcə ayrı-ayrı enerji resurslarının tədarükçüsü kimi deyil, enerji, infrastruktur, bağlantılar və daha geniş Xəzər-Mərkəzi Asiya regionuna iqtisadi çıxış sahələrində strateji tərəfdaş kimi nəzərdən keçirilə bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Urs Unkauf: Birgə Bəyannamə Almaniya iqtisadiyyatı baxımından mühüm siyasi siqnaldır

14:31
25 İyul

Bakıda növbəti daxili iməcilik keçirilib: Küçə və prospektlər yuyulub

14:02
25 İyul

Rusiya Sumı şəhərindəki "Nova Poçta" terminalına zərbə endirib: Ölənlər var

13:00
25 İyul

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

12:47
25 İyul

Bakıda “Dream Fest – 2026” beynəlxalq musiqi festivalı davam edir

12:07
25 İyul

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb

12:01
25 İyul

BDYPİ sürücülərə isti hava şəraiti ilə bağlı xəbərdarlıq edib

11:59
25 İyul

Azərbaycan ərazisində havanın temperaturunun yüksəlməsinin səbəbi nədir?

11:41
25 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

11:34
25 İyul

Qızıl və gümüş bahalaşıb

11:26
25 İyul

Azərbaycan nefti 102 dollara satılır

10:58
25 İyul

Dünyanın ən böyük raketi növbəti sınaq uçuşuna buraxılıb

10:55
25 İyul

FHN-dən su hövzələrinə üz tutan vətəndaşlara müraciət: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

10:32
25 İyul

Bilmək istəyirəm

09:20
25 İyul

"DREAM FEST-2026" möhtəşəm konsertlə açıldı 

09:15
25 İyul

"Operetta inciləri" konsert proqramı ilə mövsümə yekun vurulub

09:10
25 İyul

1 teatr, 200 rol 

09:05
25 İyul

İki əsrin dialoqu: Bakıda tarixin və müasirliyin memarlıq harmoniyası

09:00
25 İyul

Sənaye zonaları: istehsalın çeşidi artır, ixracın coğrafiyası genişlənir

08:55
25 İyul

Dövlət Neft Fondu yarım ilin hesabatını açıqlayıb

08:50
25 İyul

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi dövlət ittihamını müdafiə edən prokurorların çıxışları ilə davam etdirilib

08:45
25 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!