Azərbaycan qlobal tərəfdaşları sülh, iqtisadiyyat və tərəqqi naminə bir araya gətirən mərkəz kimi çıxış edir
Cənubi Qafqazın coğrafi taleyi gözlərimiz qarşısında yenidən yazılır. Dünənə qədər münaqişə və gərginlik xəritələrində "qırmızı zona" kimi qeyd olunan bu məkan, bu gün qlobal ticarət və diplomatiyanın ən vacib hissəsinə çevrilib. Köhnə stereotiplərin dağılması və regional problemlərin tarixin arxivinə gömülməsinin arxasında isə Azərbaycanın milli maraqlara söykənən müstəqil xarici siyasəti dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs, Cənubi Qafqazı böhran zonasından çıxararaq qlobal miqyasda qitələri birləşdirən etibarlı bağlantı ünvanına çevirib, ölkəmizin beynəlxalq arenadakı nüfuzunu zirvəyə yüksəldib.
Azərbaycanın geostrateji mövqeyi hər zaman əlverişli olub, lakin bu coğrafi üstünlüyü real iqtisadi və siyasi gücə çevirmək məhz Bakının atdığı düşünülmüş addımların nəticəsidir. Bu gün ölkəmiz Asiya ilə Avropanı, Şərqlə Qərbi ən qısa və təhlükəsiz yolla birləşdirən əsas nöqtədir. Azərbaycanın qlobal infrastruktur şəbəkəsindəki rolu yalnız ənənəvi yollarla məhdudlaşmır, çoxşaxəli şəkildə inkişaf etdirilir. Bu mənada Orta dəhlizin təkcə nəqliyyat marşrutu deyil, qlobal ticarətin yeni onurğa sütunu olduğunu desək, yanılmarıq. Azərbaycan dəniz və dəmir yollarını modernləşdirməklə yanaşı, Xəzər dənizində qurulan külək və günəş stansiyalarından alınan təmiz enerjini Avropaya ötürəcək "yaşıl enerji" dəhlizini formalaşdırır. Regionu qlobal internet şəbəkəsinə bağlayan nəhəng fiber-optik xətlər məhz ölkəmizdən keçir. Ələt Azad İqtisadi Zonası xarici investorlar üçün böyük istehsal sahələri və azad ticarət imkanları təklif edən mühüm logistik habdır.
Vaşinqtonda əldə olunmuş razılaşmaya əsasən açılması planlaşdırılan Zəngəzur dəhlizi (TRIPP) Şərqlə Qərbi, eləcə də Şimalla Cənubu birləşdirən strateji nöqtə olacaq. Bu marşrut regionun iqtisadi potensialını dəfələrlə artıraraq ölkələri bir-birinə bağlayacaq və hərbi riskləri minimuma endirəcək.
Bərpaolunan Qarabağ və Şərqi Zəngəzurda sıfırdan tikilən beynəlxalq hava limanları, yeni yollar və tunellər bu böyük nəqliyyat şəbəkəsinin sürətini qat-qat artırır.
Müstəqil və balanslaşdırılmış xətt
Azərbaycanın yaratdığı yeni reallığın ən böyük uğurlarından biri də dünya nəhənglərinin ölkəmizə olan xüsusi diqqətidir. Beynəlxalq müstəvidə geopolitik rəqabətdə olan Çin, ABŞ, Avropa İttifaqı (Aİ) kimi güclərin eyni zamanda Bakı ilə əməkdaşlığa can atması Azərbaycan diplomatiyasının təkrarsız uğurudur.
Yüksələn xətlə inkişaf edən Bakı-Pekin əlaqələri hərtərəfli məzmuna malikdir. Ötən ilin aprelində Prezident İlham Əliyevin Çinə dövlət səfəri zamanı Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması da buna nümunədir.
Dövlət başçısının ötən ilin avqustunda Vaşinqtona səfəri çərçivəsində imzalanmış "Strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumu" Ağ Evin Bakıya olan strateji baxışının göstəricisi oldu.
Bu il fevralın 10-da Bakıda "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası"nın imzalanma mərasimi keçirilib. Sənədi Prezident İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Cey. Di. Vens imzalayıblar.
Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə yeni münasibətlər dinamikası da kifayət qədər diqqətçəkəndir. Məlum olduğu kimi, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatçısıdır. Hazırda Azərbaycan qazını idxal edən 16 ölkədən 10-u Aİ üzvüdür. Lakin Aİ üçün Bakı, sadəcə, etibarlı qaz tədarükçüsü deyil, həm də "yaşıl enerji", rəqəmsal transformasiya və Trans-Xəzər bağlantılarında əvəzolunmaz tərəfdaşdır.
Azərbaycanın Aİ və geniş Avropa coğrafiyası ilə münasibətlərində 2025-ci ilin mayında Tiranada, oktyabrında isə Kopenhagendə keçirilmiş "Avropa Siyasi Birliyi"nin Zirvə görüşləri xüsusi dönüş nöqtəsi oldu.
Rəsmi Bakının beynəlxalq nüfuzunun ən parlaq təsdiqi isə "Avropa Siyasi Birliyi"-nin 12-ci Zirvə görüşünə 2028-ci ildə Azərbaycanın evsahibliyi etməsi barədə qəbul edilən yekdil qərardır. Qitənin ən mötəbər siyasi platformasının Bakıya həvalə olunması ölkəmizin regionda və dünyada əvəzolunmaz mövqeyə sahib olmasının və ona olan beynəlxalq etimadın təzahürüdür.
Bu il iyunun 2-3-də Bakıda Azərbaycan ilə Avropa İttifaqının nümayəndə heyətləri arasında yeni hərtərəfli saziş layihəsi üzrə həlledici danışıqlar aparılıb. Konstruktiv ruhda keçən müzakirələrin mühüm nəticəsi olaraq, 2026-2030-cu illəri əhatə edən Avropa İttifaqı - Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi ilkin olaraq razılaşdırılıb.
Etibarlı tərəfdaş
Azərbaycan-Avropa İttifaqı münasibətlərinin bu gün tamamilə yeni, strateji mərhələyə qədəm qoymasını Aİ-nin ali nümayəndələrinin bu il ölkəmizə həyata keçirdikləri ardıcıl səfərləri də bir daha təsdiqləyir.
Martın 11-də Aİ Şurasının prezidenti Antonio Koştanın ölkəmizə səfəri Brüsselin Bakı ilə münasibətlərə yüksək qiymətinin göstəricisi oldu. Prezident İlham Əliyevlə Aİ Şurasının prezidenti Antonio Koştanın birgə mətbuat bəyanatında prezidentlər Azərbaycan-Avropa İttifaqı tərəfdaşlığının strateji əhəmiyyətini vurğulayaraq, təhlükəsizlik, enerji və nəqliyyat sahələri də daxil olmaqla, son dövrdə keçirilmiş yüksəksəviyyəli görüşlərin müsbət dinamikasına əsaslanaraq siyasi dialoqun və praktiki əməkdaşlığın daha da dərinləşdirilməsinə sadiqliklərini ifadə ediblər. Liderlər uzunmüddətli vacib enerji tərəfdaşlığını xatırladaraq, Avropanın enerji təchizatının şaxələndirilməsində etibarlı tərəfdaş kimi Azərbaycanın rolunu etiraf ediblər və 2022-ci ildə imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumunun davamlı icrasına sadiqliklərini bildiriblər.
Yüklərin sürətli və təhlükəsiz daşınması, həmçinin logistik şaxələndirmə baxımından Aİ-nin Azərbaycana olan ehtiyacı qaçılmazdır. Bu gerçəklik mayın 5-də Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın Bakıya səfəri zamanı da etiraf olunub. Kaya Kallas Prezident İlham Əliyevlə görüşündə Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunu yüksək qiymətləndirərək, münasibətləri yeni səviyyəyə qaldırmaqda maraqlı olduqlarını bəyan edib.
İyulun 1-də Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin ölkəmizə səfəri də Azərbaycan-Aİ əlaqələrinin dinamik inkişafına nümunə idi. Prezident İlham Əliyevlə geniş tərkibdə görüş zamanı Azərbaycanın bu gün Avropa İttifaqının strateji tərəfdaşı olduğunu deyən Ursula fon der Lyayen bildirib ki, Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlər möhkəm təməllər üzərində inkişaf edir.
Sərgilədiyi şəffaf xarici siyasət, milli maraqlara əsaslanan prinsipial mövqeyi və qlobal layihələrin mərkəzində durmaq bacarığı ölkəmizi "orta güc"ə çevirib. Xarici diktələrdən uzaq, tam müstəqil siyasi xəttə malik Azərbaycan qlobal tərəfdaşları sülh, iqtisadiyyat və tərəqqi naminə bir araya gətirən mərkəz kimi çıxış edir.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"