Prezident İlham Əliyev bu dəfə də sel sularından ziyan çəkmiş vətəndaşları taleyin hökmünə buraxmadı
Planetimizin iqlim sistemində müşahidə olunan kəskin dəyişikliklər artıq alimlərin müzakirə mövzusunu keçərək gündəlik həyatımızın reallığına çevrilib. Qlobal istiləşmənin təsiri ilə atmosferdə rütubətin artması, okeanlarda temperaturun yüksəlməsi və hava axınlarının dəyişməsi dünyanın müxtəlif yerlərində normadan artıq yağıntılara səbəb olur.
Təbiətdə baş verən kataklizmlərin, sel və daşqınların sayının və miqyasının artması birmənalı olaraq bu və ya digər formada təbii fəlakətlərlə nəticələnir. Asiyadan Avropaya, Amerikadan Afrikaya qədər geniş coğrafiyada baş verən təbii fəlakətlər insanların həyatına, iqtisadiyyata və infrastruktur sistemlərinə ciddi zərbə vurur. Bir vaxtlar nadir hallarda rast gəlinən ekstremal hava hadisələri artıq mütəmadi xarakter alaraq dövlətlərin qarşısına yeni vəzifələr qoyur.
Bu qlobal proseslər fonunda Azərbaycan da zaman-zaman iqlim dəyişikliklərinin fəsadlarını yaşayır. Xüsusən son dövrlər ölkəmizin müxtəlif bölgələrində müşahidə olunan intensiv və uzunmüddətli yağışlar çaylarda suyun səviyyəsinin artmasına, bəzi ərazilərdə isə sel və daşqınlara səbəb olur. Dağlıq və dağətəyi rayonlarda torpaq sürüşmələri, əkin sahələrinə dəyən ziyan, yaşayış məntəqələrində infrastrukturun zədələnməsi bu proseslərin görünən və yaşanan təzahürlərindəndir. Bütün bunlar göstərir ki, təbii hadisələrə hazır olmaq və onların fəsadlarını minimuma endirmək hökumətin fəaliyyətinin əsas istiqamətlərindən biri olmalıdır.
Vətəndaş üçün hökumət anlayışı yalnız idarəetmə mexanizmi deyil, həm də güvən, dayaq və arxalanacaq bir qüvvədir. İnsan o zaman dövlətini və hökumətini doğma və özününkü hesab edir ki, təkcə uğurlu, xoşbəxt günlərdə deyil, çətin məqamlarda da onu yanında görür. Məhz belə anlarda dövlətin göstərdiyi diqqət və qayğı cəmiyyətin mənəvi sütunlarını möhkəmləndirir, xalq-dövlət birliyini sarsılmaz edir, vətəndaş məqamı gələndə vətəni və dövləti üçün əlindən gələni əsirgəmir. Azərbaycan reallığında bu bağlılıq konkret faktlarla öz təsdiqini tapır. Sel və daşqınların yaratdığı çətinliklər zamanı dövlət qurumlarının operativ müdaxiləsi, zərərçəkmiş vətəndaşlara göstərilən maddi və mənəvi dəstək bir daha sübut edir ki, ölkəmizdə insan amili dövlət siyasətinin mərkəzində dayanır. Bu baxımdan, Prezident İlham Əliyevin imzaladığı məlum sərəncam yalnız texniki və inzibati qərar deyil, eyni zamanda vətəndaşa ünvanlanmış növbəti mesajdır: "Dövlət hər zaman sizin yanınızdadır".
Bu yanaşma cəmiyyətin daxilində qarşılıqlı etimadı daha da gücləndirir. Çünki diqqət və qayğı görən vətəndaş heç zaman borclu qalmır, dövlətinə daha sıx bağlanır. Tarix dəfələrlə göstərib ki, xalq öz dövlətinin yanında olduğunu hiss etdikdə vətəni və dövləti uğrunda ən böyük fədakarlığa belə, hazır olur. Bu, emosional bağlılıqdan savayı, həm də real və sınaqdan çıxmış vətəndaş mövqeyidir.
Bu gün işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri də dövlət-vətəndaş münasibətlərinin ən parlaq nümunələrindən biridir. Uzun illər ərzində dağıdılmış, xarabalığa çevrilmiş şəhər və kəndlərimizdə həyat yenidən canlanır. Müasir infrastruktur qurulur, o cümlədən yollar çəkilir, elektrik, su və kommunikasiya xətləri yenilənir. Sözsüz ki, geniş miqyasda görülən bu işlər, böyük maliyyə vəsaiti tələb edən bu proses dövlətin xalq qarşısında götürdüyü öhdəliyinə məsuliyyət ilə yanaşmasının göstəricisidir.
Belə bir zamanda qlobal iqlim dəyişikliklərinin yaratdığı təbii fəlakətlərlə mübarizənin aktuallaşdığı bir şəraitdə Prezident İlham Əliyevin sel və daşqınların nəticələrinin aradan qaldırılması ilə bağlı sərəncam imzalaması xüsusi qeyd olunmalıdır. Bu sərəncam bir daha təsdiq edir ki, dövlət siyasəti yalnız strateji inkişaf planları ilə məhdudlaşmır, eyni zamanda vətəndaşın gündəlik problemlərinə operativ reaksiya verilməsini əhatə edir.
Sərəncamın icrası çərçivəsində həyata keçiriləcək tədbirlər - zərərçəkmiş ərazilərin bərpası, infrastrukturun yenilənməsi, vətəndaşlara maddi yardımın göstərilməsi - dövlətin sosialyönümlü siyasətinin növbəti təsdiqidir. Bu siyasətin əsasında olduqca sadə, lakin güclü bir prinsip dayanır: vətəndaşın rifahı dövlətin əsas prioritetidir.
Bu sənədin icrası çərçivəsində görüləcək işlər təkcə mövcud problemlərin həlli ilə məhdudlaşmayacaq, həm də gələcəkdə belə halların təsirini minimuma endirmək üçün qabaqlayıcı tədbirlərin görülməsi, o cümlədən su təsərrüfatı və meliorasiya sistemlərinin müasirləşdirilməsi, risklərin düzgün idarə olunması istiqamətində addımlar atılacaq. Bu isə dövlət siyasətinin yalnız bu günü deyil, sabahını da düşündüyünü göstərir.
Bütün bunların fonunda formalaşan əsas həqiqət ondan ibarətdir ki, güclü dövlət yalnız iqtisadi göstəricilərlə deyil, vətəndaşına göstərdiyi münasibətlə də ölçülür. Azərbaycan nümunəsində bu münasibət özünü qayğıda, diqqətdə və operativ qərarlarda göstərir.
Elşən QƏNİYEV,
"Azərbaycan"