07 May 2026 09:20
94
Mədəniyyət
A- A+
Nəsibə Zeynalova qüdrətində sənətkar hər xalqa nəsib olmur

Nəsibə Zeynalova qüdrətində sənətkar hər xalqa nəsib olmur


Azərbaycan teatr və kino sənətinin çoxəsrlik tarixində elə simalar var ki, onlar sadəcə ifaçı deyil, bütöv bir estetik cərəyanın, xalq ruhunun daşıyıcısıdırlar. Bu siyahının ən uca zirvələrindən birində realist aktyor məktəbinin görkəmli nümayəndəsi, milli komediya sənətimizin korifeyi Nəsibə Zeynalova dayanır. Onun özünəməxsus yaradıcılıq siması, xüsusiyyətləri var idi ki, bu da çox vacib və dəyərli keyfiyyətlər idi: aydın, parlaq, səmimi və ağıllı gülüşü ilə hər bir tamaşaçıya xüsusi zövq vermək.

Nəsibə xanımın səhnə yaradıcılığı böyük sənətə tükənməz məhəbbətin ifadəsi idi. Tam, bitkin, mənən və cismən kamil surətlərlə o, ecazkar bir sənət nümunəsi yaratmışdı. Daim dolu olan salon hər dəfə onu gurultulu alqışlarla qarşılayırdı. Nəsibə xanımın oyunu heç bir zaman təsirsiz qalmırdı, tamaşaçısını həyatın mənası, sənətin yüksək vəzifələri haqqında düşünməyə məcbur edirdi. O, böyük bir satira və yumor ustası idi. Aktrisa canlandırdığı hər bir obrazda cəmiyyətin çatışmazlıqlarını, məişət eybəcərliklərini və insan xarakertindəki ziddiyyətləri incə bir sarkazmla, lakin böyük bir ustalıqla üzə çıxarırdı. Satira və yumor onun ifasında kobud və qıcıqlandırıcı deyildi, həyati və təbii idi. 

Nəsibə Zeynalova parlaq yaradıcılıq yolu keçmiş və yüksək fitri istedadı sayəsində Azərbaycanın çoxəsrlik zəngin mədəniyyət salnaməsində silinməz izlər qoymuşdur. Sənətkarın yaradıcılığına xalq məhəbbəti qazandıran təkcə onun istedadı deyildi, həm də insan psixologiyasına bələdlik, həyati bilgilər, müşahidə qabiliyyəti, sənət sevgisi və böyük məsuliyyət idi.

Görkəmli sənət xadiminin istedadı ilk növbədə onun qanından-genindən qaynaqlanırdı. Atası Kərbəlayı Cahangir Azərbaycan teatrının banilərindən olmuşdur. 1916-cı ildə dünyaya göz açan yeganə qızını, sözün əsl mənasında, nəzir-niyazla tapmış, bəxtinə də min kərə şükür etmişdi. Nəsibə xanımın həyat və yaradıcılıq yolları çox dolaylardan, sərt döngələrdən keçmişdir. Əvvəla atasını tez itirmişdir. 14 yaşından etibarən anasına kömək etmək üçün işləmək məcburiyyətində qalmışdı. Eyni zamanda oxuduğu orta məktəbin tədbirlərində rəqqasəlik etmiş, milli oyun havalarının incəliklərini öyrənmişdi.

1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə üzv olan Nəsibə 1937-ci ildə Bakıda fəaliyyət göstərən səyyar Kolxoz və Sovxoz Teatrında aktrisa kimi işə başlamışdır. Həmin il Bakı Teatr Məktəbinə daxil olmuş, Aleksandr Tuqanovdan, Məhərrəm Haşımovdan, Ağasadıq Gəraybəylidən dərs almışdır. Yaradıcılıq taleyini artıq Musiqili Komediya Teatrına bağlamış sənətkar uzun illər bu məbədgahdan ayrılmamışdır. O, 40 ildən çox işlədiyi bu sənət ocağının repertuar ağırlığını çiyinlərində daşımış, hətta teatr müəyyən fasilələrlə truppa və filarmoniyanın nəzdində dəstə-ansambl kimi fəaliyyət göstərdiyi dövrlərdə belə, doğma kollektivindən ayrılmışdır.

Ustad sənətkarın obrazlar qalereyası olduqca zəngindir. Xüsusi qeyd edilməlidir ki, Nəsibə Zeynalova yaratdığı hər bir obrazın əvəzsiz ifaçısı olmuşdur. Yaratdığı personajların hərəsi bir tipologiya idi. Nəsibə xanım bu rolları ilə Azərbaycan qadınının məişətdəki psixoloji portretini yaratmış, hətta xırda detallarla böyük həqiqətləri anlatmışdır. "Dərviş Məstəli Şah"dakı Xanpəridən "Ulduz"dakı Züleyxayadək, "Hacı Qara"dakı Tükəzdən "Qaynana"dakı Cənnət xalayadək, "Beş manatlıq gəlin"dəki Səlbidən "Qızıl toy"dakı Ballıyadək neçə-neçə qadın xarakteri yaratmış, tamaşaçısını güldürmüş və düşündürmüşdür. Mütəxəssislər Nəsibə Zeynalovanın Cənnət xalasını, Nargiləsini, Züleyxasını zəngin ifadə vasitələrinə, yumorun milliliyinə, təbii reallığına görə Azərbaycan səhnəsinin nadir inciləri hesab etmişlər.

Aktrisa personajın mənfi cəhətlərini qabardarkən eyni zamanda obrazı tamaşaçıya sevdirə bilirdi. Onun yumoru acı istehzadan daha çox, həyati həqiqətlərə söykənən gülüş idi. Yüksək improvizasiya bacarığına malik idi. Böyük sənətkar ssenari çərçivəsindən çıxaraq hər tamaşada obraza yeni çalarlar əlavə edirdi. Bu da onun rollarını həmişə canlı saxlayırdı. Bundan başqa, Nəsibə xanımın dil və nitq mədəniyyətinə gəldikdə deyə bilərik ki, o, Bakı mühitində dil xüsusiyyətlərini və ləhcə incəliklərini obrazlarına peşəkarlıqla tətbiq edirdi. 

Nəsibə Zeynalovanın ifasında gördüyümüz bütün obrazlar özünəməxsusluğu ilə seçilirdi. Onun məşhur Cənnət xala, Züleyxa və ya Sənəm kimi rolları təkcə komik personajlar deyil, hər biri konkret dövrün, müəyyən bir təfəkkür tərzinin kəskin satirik portretləridir. Nəsibə xanım gülüşün dili ilə cəmiyyətin yaralarına toxunur, insanın mənfi cəhətlərini qabardaraq onu saflaşdırmağa xidmət edirdi. Yaratdığı hər bir obraz - istər Cənnət xala ("Qaynana"), istər Fatmanisə ("Ögey ana"), istərsə də Telli ("Böyük dayaq") - sanki məhəlləmizdən, qonşuluğumuzdan keçib səhnəyə gəlmişdi. O, obrazlarını həyatdan, gördüyü insanlardan "toplayırdı". Onun qəhrəmanları öz yerişi, hərəkətləri, danışıq tərzi, hətta geyimini düzəltməsi ilə belə tamaşaçıda tam bir reallıq hissi oyadırdı. 

O, mənfi xüsusiyyətləri olan obrazları belə, məsələn, hökmlü Cənnət xalanı elə bir səmimiyyətlə təqdim edirdi ki, tamaşaçı həm gülür, həm də həmin insanın daxili aləmindəki həqiqətləri görürdü. Aktrisa həm də klassik operettalarda (Gülpəri, Cahan xala, Sənəm) yaratdığı xarakterik rollarla Azərbaycanın qadın tiplərinin bədii qalereyasını yaratmışdı. Onun hərəkətli oyunu, rəqs elementləri və mahnı ifaları obrazın xarakterini tamamlayan əsas amillər idi. 

Nəsibə Zeynalova üçün səhnə bir meydan idi və o, bu meydanda hər dəfə yeni bir ömür yaşayırdı. Bu səbəbdəndir ki, sənətkarın yaratdığı obrazlar bu gün də ekrandan və ya arxiv lentlərindən bizimlə eyni dildə danışır. 

"Hicran" musiqili komediyasındakı Qızbacı obrazı Nəsibə Zeynalovanın yaradıcılığında xüsusi bir mərhələdir. Bu rolda o, satira ilə yumoru elə bir zərgər dəqiqliyi ilə birləşdirib ki, obraz həm gülüş doğurur, həm də dövrün bəzi sosial mənzərələrini ifşa edir. Qızbacı - köhnə Bakı məhəllələrinin ruhunu, adət-ənənələrini və eyni zamanda o mühitin dedi-qoduya meyilli tərəflərini özündə birləşdirən tipajdır. Nəsibə xanım bu rolda hər şeyi bilən, hər işə qarışan, lakin bunu özünəməxsus bir "şirinlik"lə edən qadın obrazını yaradıb. Onun danışıq tərzi, ləhcəsinin incəlikləri obrazı son dərəcə real və canlı edir.

Tamaşada Mitoş (Hacıbaba Bağırov) və Balaəmi (Səyavuş Aslan) ilə yaratdığı üçlük Azərbaycan teatr tarixinin ən uğurlu ansambllarından hesab olunur. Qızbacı bu üçlükdə sanki bir idarəedici funksiyasını daşıyırdı. O, həm Balaəminin sevgi izdivaclarına şərik olur, həm də Mitoşun saflığından istifadə edir. Nəsibə Zeynalovanın buradakı ustalığı odur ki, o, tərəf-müqabillərinin oyununa elə bir enerji qatır ki, səhnədəki hər bir dialoq improvizasiya bayramına çevrilir.

"Qızbacı gəldi, qəm getdi" fəlsəfəsi ilə səhnəyə daxil olan aktrisa tamaşanın hər anını öz aurası ilə doldurur. Onun müraciətləri, üzündəki mənalı mimikalar və qəfil reaksiya dəyişiklikləri bu obrazı Nəsibə Zeynalova möhürü vuran şah əsərlərdən birinə çevirirdi.

 Azərbaycanın Lütfəli Abdullayev, Bəşir Səfəroğlu, Hacıbaba Bağırov, Siyavuş Aslan kimi korifey sənətkarları səhnədə Nəsibə Zeynalova ilə tərəfdaş olublar. Hər biri ilə də Nəsibə xanım bənzərsiz ifa nümayiş etdirib. Vaxt olub ki, Lütfəli Abdullayev və Bəşir Səfəroğlu ilə bir həftədə beş dəfə səhnəyə çıxıb və sonralar həmin günləri xoş duyğularla anıb. "Sevindik qız axtarır"da Xeyransa, "Həmişəxanım"da Həmişəxanım, "Beşmanatlıq gəlin"də Gülnaz, "Gözün aydın"da Nargilə, "Keto və Kote"də Kabato, "Qızılaxtaranlar"da Rəxşəndə kimi yaddaqalan obrazları məhz həmin adlı-sanlı səhnə ustaları ilə birgə iştirak etdiyi səhnədə yaradıb.

Nəsibə Zeynalovanın istedadı kinoda da, ekran əsərlərində də əbədiləşib. O, "Ögey ana"da Fatmanisə, "Böyük dayaq"da Telli, "Ulduz"da Züleyxa, "Qaynana"da Cənnət xala, "Molla Fətəlinin sərgüzəştləri"ndə Gülüstan, "Bəyin oğurlanması"nda Əsli xala obrazlarını böyük ustalıqla yaradıb. Aktrisa eləcə də saysız-hesabsız televiziya tamaşalarında, yumoristik səhnəciklərdə, intermedialarda çıxış edib. 

Nəsibə xanımın bir aktrisa kimi xoşbəxtliyi həm də onda idi ki, böyük bir əsərdə kiçik, hətta epizodik rol oynasa belə, yadda qalırdı. Onun ifası o qədər təbii, duzlu-məzəli idi ki, tamaşaçının yaddaşına həmişəlik həkk olunurdu. Aktrisanın dilindən qopan bir çox fikirlər, sözlər sonralar hətta zərbi-məsələ çevrilirdi. İnsanlar bu gün də yeri gəldikcə onları "Nəsibə demişkən" deyərək dilə gətirir, müəyyən məqamlarda bununla həm vəziyyətdən çıxış yolu tapır, həm də yumor, gülüş yaradırlar.

Nəsibə Zeynalova yaradıcılığının mahiyyəti onda idi ki, məişət yumorunu incə ştrixlərlə ictimai-sosial mahiyyətə istiqamətləndirə bilirdi. Aktrisa satirik boyaları müəyyən rollarda qrotesk səviyyəsinə qaldırır, onlardan bol-bol istifadə edirdi. Bununla belə, janrın estetik prinsip və meyarlarına heç bir xələl gətirmirdi.

Nəsibə Zeynalovanın sənəti təkcə tamaşaçılar tərəfindən deyil, həm də onunla çiyin-çiyinə çalışan sənət dostları və dövrün ziyalıları tərəfindən yüksək qiymətləndirilib. Onlar Nəsibə xanımı sadəcə bir aktrisa deyil,  "milli sərvət" kimi xarakterizə edirdilər.

Ulu Öndər Heydər Əliyev Nəsibə Zeynalovanı Azərbaycan teatr və kino sənətinin ən parlaq ulduzlarından biri adlandırırdı. Prezident İlham Əliyev Nəsibə Zeynalovanın 100 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncamda qeyd edirdi ki, sənətkarın "milli teatr səhnəsində və ekran əsərlərində insan təbiətinin mürəkkəbliklərini məharətlə canlandırdığı silsilə xarakterlər özünün dərin xəlqiliyi və ifadə vasitələrinin əlvanlığı ilə seçilən nadir sənət inciləridir". 

Xalq artisti Səyavuş Aslan xatirələrində yazırdı: "Nəsibə xanımla səhnəyə çıxmaq həm böyük xoşbəxtlik, həm də böyük məsuliyyət idi. O, səhnədə elə bir atmosfer yaradırdı ki, sən istər-istəməz onun enerjisinə tabe olurdun. O, bizim hamımızın anası, müəllimi və sənət məktəbi idi". Hacıbaba Bağırov görkəmli sənətkarı xatırlayarkən deyirdi: "Onun improvizasiyaları qarşısında bəzən biz özümüz də gülməmək üçün özümüzü çətin saxlayırdıq. Nəsibə xanım səhnənin elə bir sahibi idi ki, o gələndə bütün boşluqlar dolurdu. Onun gülüşü xalqın gülüşü idi".

Şəmsi Bədəlbəyli yazırdı ki, Nəsibə Zeynalova nadir aktrisalardan idi ki, rejissorun verdiyi tapşırığı min qat artığı ilə yerinə yetirirdi. O, obrazı daxilən elə süzgəcdən keçirirdi ki, rola əlavə etdiyi hər bir xırda detal şah əsərə çevrilirdi. Xalq yazıçısı Anar Nəsibə xanımı Azərbaycan gülüşünün ən təmiz, ən xəlqi nümunəsi hesab edirdi. Onun yaratdığı personajlar ədəbiyyatdan səhnəyə, səhnədən isə yenidən xalqın içinə qayıdan canlı insanlardır. Bu fikirlər bir daha sübut edir ki, Nəsibə Zeynalova Azərbaycan mədəniyyətində əvəzolunmaz bir boşluğu dolduran, özündən sonra böyük bir məktəb qoyub gedən sənətkardır.

Təkrarsız səhnə yaradıcılığına görə Nəsibə Zeynalova 1960-cı ildə respublikanın Əməkdar, 1967-ci ildə Xalq artisti adına, 1974-cü ildə Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb.

Bu il Nəsibə Zeynalovanın anadan olmasından 110 il ötür. Qəlbinin hərarətini sənətə həsr edən aktrisa artıq 22 ildir dünyasını dəyişib. Buna baxmayaraq, onun tamaşaçısına bəxş etdiyi xoş ovqat, gülüş və təbəssüm həmişə bizimlədir. Səhnəmizin korifeyinin hər hərəkəti, şux zarafatları, söz-söhbətləri heç vaxt yaddaşlardan çıxan deyil. Gülüş ustadının yaratdığı obrazlar köhnə zəmanənin - ötən əsrin adamları olsalar belə, onlar bu gün də insanları güldürür, düşündürür və həmin qəhrəmanları canlandıran ustad sənətkarı xalqa sevdirir.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!