Ölkəmizə təsir göstərəcəyini düşünən Entoni Blinken boş yerə zəhmət çəkib
Vaşinqtonun bütün küçələrində ABŞ bayrağı asılıb. Bu ölkənin paytaxtında yeni seçilmiş Prezident Donald Trampın inaqurasiya mərasiminə hazırlıq işləri görülüb. Yanvarın 20-də ölkənin 60-cı prezident seçkiləri ilə bağlı andiçmə mərasimi təşkil olunacaq. Mərasimin yeni seçilmiş prezident Donald Trampın və vitse-prezident Ceyms Devid Vensin and içməsi ilə başlaması nəzərdə tutulub.
Andiçmədən sonra Prezident Cozef Bayden və vitse-prezident Kamala Harris üçün yolasalma mərasimi təşkil olunacaq. Baydenin hakimiyyəti başa çatdı. Ancaq ABŞ-nin səlahiyyətləri ilə vidalaşmaqda olan hazırkı iqtidarın ölkənin daxili və xarici siyasətindəki səriştəsizliyi, atdığı yanlış addımlar uzun illər xatırlanacaq.
ABŞ-nin öz səlahiyyətini başa vurmaqda olan Bayden administrasiyası hakimiyyətdə olduğu müddətdə beynəlxalq səviyyədə xaos yaratmaqla, ölkənin milli maraqlarına, nüfuzuna ciddi zərbə vurdu. Prezident Donald Tramp komandası üçün müxtəlif problemlər yaratdı.
Bayden administrasiyasının üzvləri iqtidarda olduqları müddətdə böhranları həll etmək əvəzinə, onları daha da dərinləşdirmək üçün əllərindən gələni əsirgəmədilər. Dünyanın bütün bölgələrində - Yaxın Şərqdə, Avropada, Afrikada, Latın Amerikasında siyasi gərginlik, iqtisadi böhran, qanlı toqquşmalar, iğtişaşlar yaratmaq, qətliamların baş verməsinə, milyonlarla insanın öz yurdundan didərgin düşərək qaçqına çevrilməsinə səbəb olmaq üçün hər cür fitnə-fəsad törətdilər. Nəticədə ABŞ-nin özünə də ağır zərbələr vurdular. Dünyanın ən böyük və ən güclü ölkəsi kimi ABŞ-nin mövqeyi zəiflədi.
Son illər ABŞ-yə qarşı bütün dünyada etimadsızlığın güclənməsində dövlət katibi olmuş Entoni Blinken xüsusilə böyük rol oynadı. O, sabitliyi möhkəmlətmək, sülhpərvər təşəbbüslər adı altında, əslində, nifaq toxumu səpməklə məşğul oldu. Riyakarlığı, qərəzkarlığı, fitnəkarlığı ilə qlobal böhranları daha da gərginləşdirdi.
Səlahiyyəti başa çatan Bayden administrasiyası Azərbaycana qarşı da ədalətsiz mövqedə dayandı. Qarabağ məsələsində əvvəldən dürüst mövqe sərgiləməyən, haqlını dəstəkləməyən ABŞ-nin bir sıra Qərb ölkələri kimi ikili siyasət yürütdüyü məlumdur. Özünü bütün dünyada demokratiyanın tərəfdarı, sülhpərvər kimi göstərməyə çalışan ABŞ də gün kimi aydın olan bu həqiqəti, Ermənistanın işğalçı olduğunu, 1990-cı illərdə Azərbaycan ərazilərinin iyirmi faizini qəsb etdiyini etiraf etmədi.
ABŞ həm də uzun illər sülh missiyasını yerinə yetirmək adı ilə, əslində, Ermənistanın işğalçılıq siyasətini dəstəkləyən ATƏT-in Minsk qrupunun həmsədri oldu. O zaman da üzərinə götürdüyü missiyanı gərəkli və doğru şəkildə həyata keçirmədi. Elə ATƏT-in Minsk qrupunun qəsbkarlara qol-qanad verməsi sayəsəndə Qarabağ məsələsi uzun müddət həll edilmədi, Ermənistan Azərbaycan ərazilərini otuz ilə yaxın işğal altında saxlaya bildi. İşğalçı ölkənin silahlı qüvvələri qəsb etdiyi ərazilərdən Azərbaycan Ordusunun mövqelərini intensiv olaraq atəşə tutmaqda, təxribatlar, terrorlar törətməkdə davam etdi.
Azərbaycan 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində başlayan Vətən müharibəsində gücünü göstərdi, on illər ərzində bir sıra ölkələrin və beynəlxalq təşkilatların bilərəkdən düyünə saldıqları problemi özü həll etdi. Müharibənin davam etdiyi qırx dörd gün ərzində Azərbaycan Ordusu Qarabağda və Şərqi Zəngəzurda erməni işğalına son qoydu. Azərbaycanın bu böyük Zəfərindən sonra da Ermənistan Qarabağda təxribat əməllərindən, terrorçuluqdan əl çəkmədi. 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun bir gündən də az müddətdə həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatları nəticəsində Qarabağda qalmış Ermənistan silahlı qüvvələrinin tör-töküntüləri və separatçılar təslim oldular. Azərbaycanın bu ədalətli qələbələri, suverenliyini tam bərpa etməsi işğalçılara havadarlıq edənləri, şübhəsiz ki, məmnun etmədi. Bir sıra Qərb ölkələri və ABŞ bundan sonra da antiazərbaycançı xislətini açıq şəkildə nümayiş etdirdilər. Azərbaycanı öz ərazilərində erməni separatizmini darmadağın etdiyinə görə, ittiham etməklə nə qədər "demokratik", "ədalətli" olduqlarını, beynəlxalq qanunlara necə "riayət etdiklərini" göstərdilər.
ABŞ-nin səlahiyyəti başa çatan administrasiyası erməniləri razı salmaq üçün müəyyən işlər gördü. 2023-cü ildə ABŞ Senatının "2023-cü il erməniləri müdafiə aktı"nı qəbul etməsi və bədnam 907-ci düzəlişin icrasını hər il müvəqqəti dayandırmış ABŞ-nin bunu yenidən qüvvədə saxlaması da bu ölkənin milli maraqlarından deyil, Bayden və Blinkenin şəxsi məqsəd və niyyətlərindən irəli gəlirdi.
Vaşinqtonda, ABŞ Dövlət Departamentinin binasında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ Dövlət katibi Entoni Blinken bir neçə gün əvvəl iki ölkə arasında strateji tərəfdaşlıq sazişi imzalayıb. Blinken gethagetdə imzaladığı bu sənədlə ermənilərə son xidmətini göstərdi.
Zaman göstərir ki, belə addımlar atmaqla Ermənistanın maraqlarını təmin edə biləcəyini, Azərbaycana təsir göstərəcəyini düşünən E.Blinken boş yerə zəhmət çəkib. Öz yolu ilə əzmlə, qətiyyətlə irəliləyən, bütün dünyada nüfuzunu möhkəmləndirən, Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycan öz haqqını qorumağa qadir, müstəqil güclü dövlətdir.
Azərbaycan hər zaman olduğu kimi, heç bir ölkənin torpaqlarına göz dikmədən, riyakarların, qərəzkarların yaratmaq istədikləri maneələrə əhəmiyyət vermədən öz yolu ilə irəliləyir. Suveren ərazilərində tikinti-bərpa, quruculuq işləri həyata keçirir. Sülhü dəstəkləyir, sabitliyin, təhlükəsizliyin bərqərar olmasına səy göstərir. Azərbaycan bütün ölkələrlə dostluğun, qarşılıqlı əməkdaşlığın tərəfdarıdır və bu istiqamətdə fəaliyyət göstərir.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"