18 Yanvar 2025 08:10
145
SİYASƏT
A- A+
Gələcəyin çağırışları: inkişaf, rifah, sülh

Gələcəyin çağırışları: inkişaf, rifah, sülh


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin 2024-cü ildə əldə etdiyi tarixi nailiyyətlərin mühüm bir qismi mədəniyyət sahəsi, ümumilikdə humanitar sfera ilə bağlıdır. Ölkəmiz son onilliklərdə milli maraqlarımız baxımından əhəmiyyətli nəticələrlə müşayiət olunan mədəniyyət diplomatiyasını ötən il də yüksək səviyyədə davam etdirmişdir. Yola saldığımız ildə Azərbaycanda  130 beynəlxalq tədbir keçirilmişdir: siyasi mövzuda 27, iqtisadiyyata dair 24, elm-təhsil və mədəniyyət sahələri üzrə 41, ekologiya ilə bağlı 19, idman üzrə 12, səhiyyəyə aid 7 beynəlxalq tədbir təşkil olunmuşdur. Onların əksəriyyərində Azərbaycan Prezidenti İlham Əliyev bilavasitə iştirak etmişdir.

Uğurlu mədəniyyət diplomatiyası dövlətimizin beynəlxalq nüfuzunun daha da artırılmasına, həmçinin geniş və irimiqyaslı layihələrlə mədəni irsimizin, zəngin milli-mənəvi dəyərlərimizin dünyada təbliğinə xidmət etmişdir. 


Dialoq məkanı


Azərbaycan 2024-cü ildə mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi istiqamətində çoxsaylı təşəbbüslər irəli sürərək onların icrasına nail olmuşdur. 2008-ci ildən həyata keçirilməsinə başlanmış, BMT-nin ali rəhbərliyi səviyyəsində də təqdir edilmiş "Bakı Prosesi" kimi beynəlxalq təşəbbüslərə liderlik edən Azərbaycan, müxtəlif mədəniyyətlər və dinlər arasında dialoqun gücləndirilməsinə xüsusi diqqət yetirməklə dünya mədəniyyətlərinin və sivilizasiyalarının bir-birinə yaxınlaşmasına töhfələrini davam etdirmişdir. 

Ötən il ölkəmizin uğurla evsahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 tədbiri də bu baxımdan böyük bir imkan yaratmış oldu. Bu mötəbər tədbir mahiyyət etibarilə iqlim dəyişmələrinə qarşı mübarizə məqsədlərinə həsr olunsa da, onun mədəniyyətlərarası dialoqa, ölkəmizin həyata keçirdiyi mədəniyyət diplomatiyasına faydaları da müstəsna əhəmiyyət kəsb etdi. 

"Yaşıl dünya naminə həmrəylik ili"ndə keçirilən COP29 Azərbaycanın indiyədək evsahibliyi etdiyi ən irimiqyaslı tədbir idi. Mötəbər konfransda iştirak üçün 196 ölkədən 72 min iştirakçı qeydiyyatdan keçərək respublikamıza gəldi. Qonaqlar arasında 80 prezidentin, vitse-prezidentin və Baş nazirin olması bir tərəfdən, ölkəmizə olan yüksək etimadın, digər tərəfdən də, tədbirin qlobal miqyasının göstəricisi idi. Təxminən iki həftə ərzində dünyanın müxtəlif dövlətlərindən bu qədər insan, öz ölkələrində, cəmiyyətlərində, ümumilikdə isə beynəlxalq səviyyədə ictimai rəyə təsir imkanlarına malik şəxslər respublikamızda qonaq oldular. Bir neçə gün ərzində Azərbaycanı, xalqımızın tarixini, mədəniyyətini, yerləşdiyi coğrafiyanı, dəyərlərimizi yenidən kəşf etdilər. Ölkəmiz bir daha fərqli mədəniyyətlər arasında təmas məkanına çevrildi, insanları, düşüncələri, dəyərləri bir araya gətirdi. COP29 kimi mötəbər bir tədbirə ləyaqətli şəkildə evsahibliyi etməklə Azərbaycan qlobal miqyasda ölkəmizə göstərilən etimadı doğrultdu. Tədbirin yüksək səviyyədə təşkili barədə qonaqların rəyləri də, Bakıda bəşəriyyətin maraqları naminə qəbul olunmuş mühüm qərarlar da bunu bir daha sübuta yetirdi. 


Milli irsimizin dünyada təbliği


2024-cü ildə Azərbaycan ölkə xaricində keçirilən bir çox beynəlxalq mədəniyyət tədbirlərində iştirak edərək öz tarixini, zəngin mədəni irsini təmsil etdi. Dünyanın müxtəlif ölkələrində olan sərgilərdə, festivallarda, digər mədəni toplantılarda incəsənətimiz, musiqi incilərimiz geniş auditoriyada təqdim olundu. Eyni zamanda Azərbaycan mədəniyyətinin müxtəlif sahələrində beynəlxalq əməkdaşlıq daha da gücləndi, mədəni mübadilə və təcrübə paylaşımı genişləndi. 

Azərbaycan 2024-cü ildə bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla mədəniyyət sahəsində əməkdaşlığını uğurla davam etdirdi. Milli mədəniyyətimizin, tarixi irsimizin qorunması, təbliği və gələcək nəsillərə çatdırılması sahəsində işlər həm ölkə daxilində, həm də beynəlxalq aləmdə geniş səkidə davam etdirildi. 

Mədəniyyət diplomatiyasına verilən əhəmiyyət, beynəlxalq münasibətlər sisteminin mühüm aktorlarından biri kimi Azərbaycanın bu istiqamətdə də yerinə yetirdyi mühüm tarixi missiya dünyada cərəyan edən prosesləri yüksək həssaslıqla duya bilən Azərbaycan  Prezidentinin bu günə və gələcəyə baxışlarından irəli gəlir. Dövlətimizin başçısının irəli sürdüyü qlobal təşəbbüs və proqramlar ölkəmizin lider mövqeyini daha da möhkəmləndirərək inkişafına xidmət edir. 

Bu il mayın əvvəllərində keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da eyni missiyanın davamıdır. Prezident İlham Əliyevin reallaşdırdığı məqsədyönlü siyasət ölkəmizin sivilizasiyalararası dialoqda fəal və hərtərəfli iştirakını  genişləndirir və bu, daha intensiv formalar kəsb edir. 

"Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu son illər Azərbaycanın evsahibliyi ilə təşkil edilən ən mühüm beynəlxalq tədbirlərdən biri kimi yadda qaldı. Beynəlxalq platforma kimi qlobal çevrədə böyük nüfuz qazanmış bu forumda 110 ölkənin nümayəndəsinin iştirak etməsi tədbirin əhatə dairəsinin, təsir imkanlarının, burada aparılan müzakirələrin əhəmiyyətinin daha bir göstəricisi oldu.

Prezident İlham Əliyevin VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları və ümumən dünya ictimaiyyəti ilə bölüşdüyü fikirlər ölkəmizin liderliyi ilə Cənubi Qafqazda yeni bir gələcəyin başlandığını göstərdi. Bu gələcəyin mənzərəsi sülh, rifah, dayanıqlı inkişafdır.

Sübuta ehtiyacı olmayan bir həqiqət də var ki, əldə edilmiş nailiyyətlərdə Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi keyfiyyətlərinin müstəsna rolu xüsusi qeyd edilməlidir. Bunu 2024-cü ilin nəticələrində, o cümlədən mədəniyyət və humanitar sahədə əldə edilmiş tarixi uğurlarda da hər birimiz görə bilirik. Cənab İlham Əliyevin prinsipiallığı, qərarların qəbulu zamanı göstərdiyi çeviklik, proseslərin axarını, gələcəyi dəqiq planlaşdırma məharəti Azərbaycanda da, beynəlxalq aləmdə də dövlətimizin başçısının şəxsiyyətinə etimadı zaman-zaman gücləndirir.

Azərbaycan Prezidenti öz gücünü rəhbərlik etdiyi xalqdan alan Liderdir. O, hər addımında, verdiyi hər qərarda xalqın dəstəyini, sarsılmazlığını, cəmiyyətimizin milli vəhdətini hiss edir. Ona görə də Prezident İlham Əliyev Azərbaycanın xoşbəxt gələcəyinə, inkişaf yolumuza mane olan çətinliklərin həllinə hesablanmış strateji addımlarında bu qədər qətiyyətli, prinsipial və tərəddüdsüzdür. 


Bütün nailiyyətlərin mənbəyi 


Azərbaycan Prezidentinin ən böyük uğurlarından biri də xalqımızın milli vəhdətinə, xalq-iqtidar birliyinə, azərbaycançılıq məfkurəsinin ictimai şüurda möhkəmləndirilməsinə nail olmasıdır. Prezident İlham Əliyev bu xüsusda demişdir: "Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri özümüz heç kimin köməyi olmadan həll edirik və əsaslı şəkildə həll edirik". 

Bu baxımdan ötən ilin martında açılış mərasimi olan XI Qlobal Bakı Forumu müzakirəyə çıxarılmış mövzuların aktuallığı ilə yanaşı, mövcud problemlərin aradan qaldırılması üçün irəli sürülən həllər və beynəlxalq ictimaiyyətə əhəmiyyətli çağırışlarla, bu gün və gələcək üçün faydalı nəticələri ilə tarixdə qaldı. Foruma olan beynəlxalq maraq, iştirakçı kontingenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçısı olduğu Bakı Qlobal Forumunun da artıq aparıcı beynəlxalq tədbirlərlə bir cərgədə qərarlaşdığını göstərdi. Əvvəlki X Qlobal Bakı Forumunda "Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusu müzakirəyə çıxarılmışdı. Həmin tədbirdə mövcud münaqişələrin çəkişməyə deyil, məhz qarşılıqlı müzakirə məcrasına yönəldilməsi, problemlərin üzə çıxarılaraq onlara birgə optimal həllərin tapılması, diqqətin bütün insanlığı narahat edən çağırışlara verilməsi iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanmışdır. 

XI Qlobal Bakı Forumuna isə rekord sayda iştirakçı qatılmışdı: 68 ölkədən 400-dən çox qonaq iştirak edirdi. Sürətlə dəyişən dünyamızda, qeyri-sabitlik üçün yeni səbəblərin və qarşıdurma ocaqlarının meydana çıxdığı müasir şəraitdə, təbii ki, belə müzakirə və əməkdaşlıq platformalarına çox böyük ehtiyac var. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin forumdakı çıxışı "Parçalanmış dünyanın bərpası" kimi son dərəcə mühüm bir mövzuya həsr olunmuşdu. Dövlətimizin başçısı çıxışında əvvəlki forumdan bu yana baş verən əsas geosiyasi dəyişikliyin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpası ilə əlaqədar olduğunu diqqətə çatdırmışdı.

XI Qlobal Bakı Forumunda Prezidentin bəyanatında da qeyd edildiyi kimi, Qarabağ məsələsi öz həllini tapdıqdan sonra Azərbaycan sülh prosesini davam etdirməyə hazırdır. 

Ölkəmiz bu gün özünün həm də tolerantlıq ənənələri, multikultural dəyərləri, fərqli mədəniyyətlərə hörmət ruhu ilə bütün dünya üçün örnək yaradır. Müxtəlif xalqların, dini icmaların təmsilçiləri ölkəmizdə sülh, qarşılıqlı hörmət ruhunda yaşayırlar. Onlar Azərbaycanı özlərinə ana vətən bilir, dogma bir ailənin üzvləri kimi vətənin maraqları naminə çalışır, milli maraqlarımız naminə həmrəylik göstərirlər. Bütün bu nailiyyətlər Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsinə, demokratik və iqtisadi cəhətdən tərəqqisinə böyük töhfələr verir.


II Qlobal Media Forumu

 

Ötən ilin ən yaddaqalan beynəlxalq tədbirlərindən biri də Şuşada keçirilən II Qlobal Media Forumu idi. "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusuna həsr olunan forumda iştirak edən Prezident İlham Əliyev çoxsaylı media nümayəndəsinin suallarını cavablandırdı. 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyinin, 3 beynəlxalq təşkilatın və 82 media qurumunun nümayəndələrinin qatıldığı iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynadı.

Öncə qeyd edək ki, müasir Azərbaycan dövlətçiliyinin müstəqillik illərində üz-üzə qaldığı ciddi çağırışlardan, qərəzli siyasətdən, ədalətsizliklərdən biri də ölkəmizə və xalqımıza qarşı beynəlxalq mediada aparılan qara təbliğat kampaniyasıdır. 

Azərbaycan dövləti hər zaman Prezident İlham Əliyevin rəhbərliyi ilə nəinki qərəzli təbliğatla mübarizə aparır, eyni zamanda müasir dünya siyasətində yalançı media kimi neqativ ünsürə diqqətin yönəldilməsi yönündə geniştərkibli müzakirələrin açılması üçün polemika, diskussiya platformalarının fəaliyyətini də stimullaşdırır. İki il davamlı şəkildə mədəniyyət paytaxtımız olan Şuşada bu kimi diskussiya məclislərinin təşkili dövlətimizin sözügedən xoşagəlməz tendensiyaların təsir dairəsinin məhdudlaşdırılmasında maraqlı olduğunu göstərir. Ölkəmizin rəhbərinin bu forumlarda iştirakı beynəlxalq ictimai rəyin belə tədbirlərə diqqətinin yönəlməsinə xüsusi təsir göstərir. Bu kontekstdə Prezident İlham Əliyevin II Şuşa Qlobal Media Forumunda söylədiyi fikirlər olduqca ibrətamizdir: "Bəzən biz təəccüblənirik ki, Azərbaycan haqqında beynəlxalq mediada yayılan məlumatlar həqiqətə uyğun olmur - yəni faktların manipulyasiyası, yanlış narrativlər. Biz uzun illər ərzində bunun qurbanı olmuşuq, əlbəttə ki, onlardan biri Ermənistan və Azərbaycan arasındakı münaqişə idi və bütün erməni diasporunun səfərbər olması idi. Ermənipərəst siyasətçilər, media nümayəndələri Azərbaycana qarşı hücum edirdilər, Azərbaycan haqqında yanlış narrativlər yayırdılar və Azərbaycanı reallıqdan çox uzaq olan bir şəkildə təqdim edirdilər. Mən xatırlayıram ki, müxtəlif xarici qonaqlarla görüşlərimdə, səmimi söhbətlərdə, mütləq hallarda mənə ötürülən mesaj olur ki, biz Azərbaycanın bu dərəcədə inkişaf etmiş ölkə olduğunu gözləmirdik və ona görə də bu narrativlər çox zərərvericidir. Bu, təkcə ölkənin nüfuzunu ləkələmir. Bu, ölkənin biznes potensialını, sərmayə imkanlarını azaldır. Bu, beynəlxalq ictimaiyyətin əsas məsələlərdən diqqətini yayındırır və tamamilə qeyri-realist ssenarilər üzərinə yönəldir".


Dəyərlərə hörmətlə


Azərbaycan Prezidenti xalqımızın milli-mənəvi dəyərlərinə böyük ehtiram göstərir, onların qorunmasını daim diqqətdə saxlayır. Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti xalqımızın milli-mənəvi irsini zəngin və qiymətli miras kimi mühafizə etmək, gələcək nəsillərə çatdırmaq məqsədini hər zaman prioritet olaraq qəbul edir. Bu, ölkənin mədəni siyasətində əsas prinsiplərdən birini təşkil edir və Prezidentin milli kimlik və milli mədəniyyətə olan münasibətinin əksidir. Bu baxmdan 2024-cü il də milli-mənəvi dəyərlərimizə qayğı ili kimi yadda qaldı. 

Azərbaycan Prezidentinin rəhbərliyi ilə tariximiz, mədəniyyətimiz, adət-ənənələrimiz və dilimizin qorunub saxlanılmasını təmin etmək üçün çoxsaylı addımlar atıldı. Mədəni irsin gələcək nəsillərə doğru şəkildə ötürülməsi, eyni zamanda onun bərpası istiqamətində təşəbbüslər həyata keçirildi, yeni mədəniyyət mərkəzlərinin, muzeylərin təməli qoyuldu, inşası aparıldı. 

Qarabağ və Şərqi Zəngəzur bölgələrində mədəniyyət və turizm infrastrukturlarının inkişafı istiqamətində də ardıcıl işlər görüldü və yenə də görülməkdədir. Bu layihələrin uğurla yerinə yetirilməsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın əməyi misilsizdir. Mehriban xanımın təşəbbüsü və rəhbərliyi ilə Heydər Əliyev Fondu Qarabağdakı, Şərqi Zəngəzurdakı mədəni irsin bərpasında yaxından iştirak edir. Əzəli yurdlarımızdakı tarixi nişanələrimizi əsrlərin qiymətli sərvəti kimi yenidən öz əvvəlki görkəmində xalqımıza və bəşəriyyətə təqdim edir. 

2024-cü ildə Azərbaycanın mədəniyyət sahəsində əldə etdiyi digər mühüm uğurlar müxtəlif beynəlxalq mədəniyyət tədbirlərinin, o cümlədən musiqi, film festivallarının, sərgilərin təşkilidir. 2024-cü il ərzində həmçinin gənclərin mədəniyyət sahəsindəki fəaliyyətlərinin dəstəklənməsi üçün həyata keçirilən təşəbbüslər, böyüməkdə olan nəslin təmsilçilərinin yaradıcı potensialını üzə çıxarmaq məqsədilə, incəsənət, ədəbiyyat, kino, rəssamlıq və musiqi sahələrində müxtəlif proqramların təşkili, gənc sənətçilərin, istedadların dəstəklənməsi də bu siyasətin tərkib hissəsidir. 

Azərbaycan 2024-cü ildə beynəlxalq humanitar təşkilatlarla əməkdaşlığını da gücləndirdi, o cümlədən müxtəlif ölkələrə yardım göstərmək və humanitar missiyaları yerinə yetirmək istiqamətində bir sıra təşəbbüslər reallaşdırdı. 

Ümumən, Azərbaycanın 2024-cü ildə mədəniyyət və humanitar sahələrdə əldə etdiyi əhəmiyyətli nailiyyətlər həm Azərbaycanın daxili inkişafına, həm də beynəlxalq əlaqələrinin genişlənməsinə müsbət təsir göstərməkdədir. 

Dövlətimizin başçısı ötən il ADA Universitetində "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda keçirilən beynəlxalq forumda, Bakı Konqres Mərkəzində "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda, Şuşanın Cıdır düzündə VII "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalında və "Şuşa - islam dünyasının mədəniyyət paytaxtı 2024" ilinin açılış mərasimində  iştirak etmiş və dərinməzmunlu çıxışlarında Azərbaycanın "yaşıl dünya" naminə həmrəyliyə, beynəlxalq aləmdə mövcud çağırışların dialoq yolu ilə həllinə verdiyi töhfələrdən, milli multikulturalizm modelinin dünyaya nümunə olmasından danışmışdır.

"Güclü Azərbaycan bizim həmişə hədəfimiz olub", - deyən Azərbaycan Prezidenti buna hər zaman əminliyini ifadə edib. Reallıq isə ondan ibarətdir ki, müstəqil dövlətimiz hər yeni dövrə əvvəlki illərin zəngin təcrübəsi ilə daha da güclənmiş, milli qürurunu, ləyaqətini bərpa etmiş tərzdə daxil olur. 


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan ictimaiyyətindən Nobel Komitəsinə açıq məktub: Qorbaçovun Sülh Mükafatından məhrum edilməsi barədə tarixi qərara imza atın  

11:37
18 Yanvar

Vəkillər Kollegiyasının rəhbərliyi vətəndaş qəbulu keçirib

11:35
18 Yanvar

Sevilə-sevilə baxılan ekran əsərlərinin müəllifi

11:28
18 Yanvar

Xarici səfərdən Azərbaycana dönən vətəndaşın meymunçiçəyi virusuna yoluxduğu məlum olub  

11:25
18 Yanvar

Hökumə Əliyevanın atasının müraciəti əsasında cinayət işi başlanılıb  

11:13
18 Yanvar

Ağdam şəhərindəki 2-ci yaşayış məhəlləsində 1268 mənzil inşa edilir

10:30
18 Yanvar

Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı davam edir

10:28
18 Yanvar

DİN: Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb

10:19
18 Yanvar

Kiyevə raket hücumu olub, ölənlər var

10:10
18 Yanvar

Britaniya parlamentində 20 Yanvar qurbanları ilə bağlı təşəbbüs irəli sürülüb

09:59
18 Yanvar

Keçmiş məcburi köçkün: Böyük sevinc və qürur hissi ilə Cəbrayıla qayıdırıq

09:41
18 Yanvar

Cəbrayıl sakini: Bizə bu xoş günləri yaşadan Prezidentimizə minnətdarıq

09:30
18 Yanvar

Viktor Orban Trampın prezidentliyi dövründə ikitərəfli münasibətlərdə “qızıl dövr”ü gözləyir

09:22
18 Yanvar

Amerikalı konqresmenlər 20 Yanvarla bağlı bəyanat veriblər  

09:17
18 Yanvar

Böyük Qayıdış: Cəbrayıl şəhərinə daha 42 ailə yola salınıb

09:13
18 Yanvar

Gürcü analitik: Prezident İlham Əliyevin bəyanatı iki qonşu ölkənin necə yaşamalı olduğuna nümunə ola bilər  

09:10
18 Yanvar

Gürcüstan mətbuatı Azərbaycan Prezidentinin Baş nazir İrakli Kobaxidze ilə görüşünü geniş işıqlandırıb  

09:09
18 Yanvar

Ermənistan ordusunda xaosun yeni dalğası başlayıb

08:55
18 Yanvar

Azərbaycanın kino və teatr sənətinin görkəmli nümayəndəsi

08:50
18 Yanvar

Qubada 20 Yanvar şəhidləri yad edilib

08:45
18 Yanvar

Paşinyan ikibaşlı oyun oynayır

08:40
18 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!