Ümumxalq məhəbbəti daim bütün xain niyyətlərdən yüksəkdə dayanıb
Həyat göstərir ki, süni şəkildə, müxtəlif üsul və vasitələrlə xalqın məhəbbətini qazanmaq mümkün olmur!
Xalq hər şeyi görür, bilir və müdrikcəsinə qiymətləndirir!
Məhz buna görə də "elin gözü mizan-tərəzidir" deyirlər.
Bəli, xalq öz övladlarını, liderlərini, rəhbərlərini gördükləri işlərə görə dəyərləndirib sevir.
Yaxın keçmişimizdə dəfələrlə bunun şahidinə çevrilmişik.
***
Sovet dövründə küçə nümayişlərinə yalnız dövlətin müəyyən etdiyi günlərdə, həm də dövlətin gördüyü işləri, ən əsası Sov.İKP-ni tərif və təbliğ etmək üçün çıxmaq olardı.
Məsələn:
Böyük oktyabr sosialist inqilabının ildönümləri günlərində - hər ilin 7 noyabrında.
Yaxud, "dünya zəhmətkeşlərinin beynəlxalq həmrəyliyi günü" sayılan 1 mayda.
Sovet "demokratiya"sı yalnız buna icazə verirdi.
Özbaşına küçələrə çıxıb nəyəsə etiraz etmək istəyənlər çox ciddi cəzalandırılırdı.
Yalnız SSRİ-nin birinci və sonuncu prezidenti olan M.Qorbaçovun "yenidənqurma" adlı oyunu başlayanda, "sovet demokratiyasının təntənəsini göstərməkdən ötrü" mitinq və piketlərə icazə verildi.
Bu "demokratiya və aşkarlıq" isə qırmızı imperiyanın dağılması ilə nəticələndi.
***
Yenidənqurmanın yaratdığı "demokratik imkan"dan istifadə edən Azərbaycan xalqı Qarabağda baş verənlərə kəskin və açıq etirazını bildirmək üçün meydana çıxırdı.
Artıq Moskva qırmızı imperiyanın laxladığını, SSRİ-nin dağılmağa başladığını hiss edirdi.
"Böyük qardaş" öz rolunu və imkanlarını saxlamaq üçün müxtəlif üsul və vasitələrə əl atırdı.
"Müstəqil Dövlətlər Birliyi"nin (MDB) yaradılması belə formalardan biri idi.
Lakin onun vasitəsilə müttəfiq respublikalara əvvəlki qaydada təsir etmək mümkün olmadı.
Xüsusən Azərbaycan kimi zəngin təbii ehtiyatlara malik bir ölkədə!
Odur ki, Azərbaycana qarşı ənənəvi təzyiq üsulundan, "Qarabağ münaqişəsi"ndən istifadəyə start verildi.
"Gecpartlayan bomba" kimi Azərbaycanın ərazisində yaradılan keçmiş DQMV-dəki erməni separatçıları fəallaşdırıldı, onlara təkcə mənəvi deyil, hərbi-maliyyə və ideoloji dəstək də verilməyə başladı.
* Guya onların iqtisadi durumu pisdir.
* Guya onların milli azlıq olaraq hüquqları pozulur.
* Guya onların başqa dövlət daxilində özlərinə yeni dövlət qurmaq "hüquqlar"ı var və s.
Ancaq bütün bunlar reallıqda Azərbaycana təzyiq göstərmək, onu itaətdə saxlamaq, öz iradəsini daim qəbul etdirmək niyyətinə xidmət edirdi.
"Ac toyuq yuxusunda darı görər" demişlər.
Özündən və xalqın ona münasibətindən xəbərsiz olanlar hərdən xam xəyallara düşə bilərlər.
Azərbaycan xalqı heç zaman öz müstəqilliyini kiminsə qoltuğuna qısılmağa dəyişməz!
Belə yolu tutan dövlətlərin aqibətinin necə olduğunu da bütün dünya görür və bilir.
Hələ bu da hamısı deyildi.
***
XX əsrin sonları və XXI əsr təkcə dünyada yeni bir sistemə çevrilən kommunizmin iflası, ilk sosialist dövləti sayılan SSRİ-nin dağılması və sosializm yolunu seçən bir sıra Avropa dövlətlərinin bundan imtinası ilə əlamətdar deyildi!
Bu dövr həm də ABŞ-nin milyarderi Sorosun və USAID-in (ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi) bir sıra ölkələrdə "5-ci kolon" yaratmaqla çevrilişlər törətməsi, bəzi dövlətlərdə "rəngli inqilab"ların və "ərəb baharları"nın baş tutması ilə əlamətdar oldu.
"Demokratiya yaradılması", "insan haqlarının qorunması"adı ilə ölkələrin daxilinə nüfuz edən, orada antimilli qüvvələri pulla ələ alaraq çevrilişlər törədən və nəticədə özlərinə sərf edən, idarə olunan "rəhbər"ləri hakimiyyətə gətirərək bu yolla həmin ölkələrdən istədiklərini alaraq, istədiyini etmək bu sayaq çevrilişlərin və inqilabların əsas məqsədi idi.
Əsl azadlıq və demokratiyanın olmadığı SSRİ-də isə keçmiş müttəfiq respublikalarda belə oyunlar daha asanlıqla baş tuturdu.
Xüsusən xalqın sevdiyi təcrübəli rəhbərlərin olmadığı yerlərdə!
Demək olar ki, keçmiş SSRİ-yə daxil olan bütün müttəfiq respublikalarda bu oyunlar baş tutdu, dəfələrlə "meydandan" gələnlər hakimiyyəti ələ keçirdilər.
Amma sonradan ölkə əhalisi həmin çevrilişlərin ağrı-acılarını uzun müddət yaşamalı oldu.
***
Ötən əsrin "çalxalanma" dövründə əvvəlki qaydalar əsasında mərkəzdən Azərbaycana dünyada gedən proseslərdən baş çıxarmayan, heç bir idarəetmə təcrübəsi olmayan, milli təəssübkeşlikdən uzaq və xaraktercə maymaq Ə.Vəzirov rəhbər təyin olunmuşdu.
Qul psixologiyalı bu insan Moskvaya sözsüz tabe olaraq Qarabağdakı proseslərə ermənilərin mövqeyindən dəstək verməyə hər an hazır idi və verirdi də!
Odur ki, 20 yanvar 1990-cı ildə baş verən qanlı qırğınların da əsas səbəbkarlarından birinə çevrildi.
Nəticədə xalqın qəzəbindən qorxaraq hərbi təyyarəyə minib Moskvaya qaçdı.
"Uğursuz rəhbər"in davamçısı A.Mütəllibov da eyni aqibəti yaşadı.
SSRİ-nin dağıldığı bir vaxtda A.Mütəllibov Moskvanın göstərişi ilə ittifaqın qorunması barədə respublikada "ümumxalq referendumu" keçirdi.
Təbii ki, xalqın iradəsini ifadə etməyən referendumun nəticələri saxtalaşdırılsa da belə, uzun müddət davam gətirə bilməzdi.
Bu dövrdə Moskvanın yerlərdə uğurla tətbiq etdiyi "xalq cəbhəsi" layihəsi də vardı.
Yoxsa, "hər şeydən xəbərdar" "KQB"nin (Dövlət Təhlükəsizliyi Komitəsinin) mövcudluğu şəraitində kimlərsə özbaşına təşkilat yarada, dövlət xəttinə zidd fəaliyyət göstərə, hətta "gizli" qəzet belə çıxara bilməzdi.
Doxsanıncı illərdə Azərbaycanın digər respublikalardan əsas fərqi Qarabağ probleminin mövcudluğu və separatizm hərəkatının mərkəz tərəfindən körüklənməsi sayılırdı.
Xalq bu mənfur niyyətlərə və haqsızlıqlara qarşı etiraz səsini ucaldaraq Bakının və bəzən digər rayonların baş meydanlarına toplaşır, etiraz səsini ucaldırdı.
Azərbaycan Xalq Cəbhəsi də xalq hərəkatının etiraz dalğaları üzərində meydana çıxdı.
Uzun müddət Bakının baş meydanına toplaşaraq etiraz mitinqləri keçirməklə "meydan qəhrəmanı"na çevrildi.
Bir qədər sonra xalqın Qarabağdakı hadisələrə "etirazının ifadəçisi" olan "cəbhəçi"lər hakimiyyəti ələ keçirmək imkanının mövcudluğunu hiss edərək hədəflərini bu yönə dəyişdilər.
Onlar televiziya vasitəsilə bütün ölkəyə translyasiya olunan mitinqlərdə özlərini "Qarabağın müdafiəçiləri" qismində təqdim edərək müəyyən müsbət reytinq də toplaya bildilər.
Bir qədər keçəndən sonra isə meydan hərəkatının dalğalarında hakimiyyətə gəlmək istəklərinin reallaşdırılmasına girişdilər.
Bununla da əsl faciələri başladı...
***
Xalq arasında nüfuzu və dəstəyi olmayan, qorxaq və yanlış siyasət yürüdən, Moskvaya açıq tabeçilik göstərən A.Mütəllibov AXC tərəfindən parlament çevrilişi yolu ilə devrildikdən sonra Moskvaya qaçdı.
Bu, AXC-nin birinci və sonuncu qələbəsi oldu.
İqtidarda olduqları müddətdə "bəylər" özlərini naşı və səriştəsiz apardılar, yalnız şəxsi maraqlarını güddülər, xarici siyasətdə çoxsaylı kobud səhvlərə yol verdilər, ölkə iqtisadiyyatını dağıdaraq bərbad günə qoydular, döşlərinə döysələr də, Qarabağla bağlı heç bir müsbət iş görə bilmədilər, əksinə, atdıqları yanlış addımlar sayəsində torpaqların işğalına şərait yaratdılar.
Xalqın etimad və etibarı limitini çox qısa müddətdə xərcləyərək gözdən düşdülər, ən fərsiz iqtidara çevrilərək ölkədə özbaşınalıq, anarxiya və qanunsuzluq mühitinin yaranmasına səbəb oldular.
Öz yetirmələri, "qiyamçı polkovnik" Surət Hüseynov dəstəsi ilə Bakıya üz tutaraq onları Azadlıq meydanında asacağı ilə hədələyəndə isə "vəzifələrini donduraraq" hərəsi bir tərəfə qaçıb gizləndilər.
Xalqın dəstəyini itirənlər, təbii ki, daha xalqa güvənməklə iqtidarda duruş gətirə bilməzdilər!
Beləliklə, xalqdan ayrı düşərək onun iradəsini ifadə edə bilməyənlərin sonu biabırçılıqla qurtardı.
İlk sınaq uğursuzluqla nəticələndi.
***
Tarixinin ən ağır dövrlərindən birini yaşayan Azərbaycan xalqı bu dəfə üzünü sınanmış övladına, görkəmli dövlət xadimi və dünya səviyyəli siyasətçi Heydər Əliyevə tutdu, onu yenidən ölkə rəhbərliyinə dəvət etdi.
Xalqın bu çağırışına biganə qalmayan Ulu Öndər Heydər Əliyev ölkə rəhbərliyinə qayıtdı.
Tarixən qısa bir müddətdə Ümummilli Lider Heydər Əliyev müharibə bölgəsində atəşkəsə nail oldu, xaos, anarxiya və özbaşınalıqlara son qoydu, ölkədə möhkəm və dönməz sabitlik yaradaraq Azərbaycanın müstəqilliyini əbədiliyə çevirdi.
Lakin özgələrinin əlində alətə çevrilənlər yenə sakit dayanmadılar.
Surət Hüseynov yenidən dövlət çevrilişinə cəhd etdi.
Bu dəfə daş qayaya rast gəlmişdi!
Ulu Öndər Heydər Əliyev adi rəhbərlərdən deyildi!
O, xaraktercə qorxmaz, iradəcə möhkəm, zəngin həyat təcrübəsinə malik dahi siyasətçi və xalqın ən yüksək dəstəyinə güvənən dövlət xadimi idi!
"Mən ömrümün yerdə qalan hissəsini də xalqıma bağışlamışam" söyləyərək ali postunda möhkəm dayandı!
Sonra xalqına müraciət edərək müstəqilliyimizi qoruyub saxlamaq üçün ondan kömək istədi.
4 oktyabr 1994-cü ildə axşam paytaxt Bakıda yaşına və cinsinə baxmayaraq, çoxsaylı insan sevimli rəhbərinin çağırışına cavab olaraq Prezident Administrasiyasının qarşısına toplaşdı.
Sonrakı günlərdə də Heydər Əliyevə ümumxalq dəstəyi kütləvi şəkildə davam etdi!
Budəfəki sınaqdan xalqın sevimli rəhbəri qalib çıxdı, dövlət çevrilişi cəhdi baş tutmadı!
***
Azərbaycanı xaricdə istəməyənlər ölkə daxilindəki dönüklərə və xəyanətkarlara güvənərək, 13-18 mart 1995-ci ildə "omonçu" R.Cavadovun başçılığı ilə daha bir dövlət çevrilişinə cəhd göstərdilər.
Yenə Ulu Öndər Heydər Əliyev xalqına üz tutdu, onları xəyanətkarlara qarşı mübarizəyə çağırdı.
Xalq eyni məhəbbət və fəallıqla sevimli rəhbərinin ətrafına toplaşaraq qaragüruhçulara qarşı polad iradəsini ortaya qoydu!
Heydər Əliyevin müdrikliyi, xalqın ona tükənməz sevgisi sayəsində dövlət çevrilişinə ikinci cəhd də uğursuzluğa düçar oldu!
***
Bəzən insanlar öz ağıl və bacarıqları, şəxsi intellektləri ilə bağlı yanlış, şişirdilmiş fikirdə olur, imkan və qabiliyyətlərini əsassız şəkildə yüksək təsəvvür edirlər.
Bu isə sonradan onlara biabırçı məğlubiyyət, utanc və iflas gətirir.
Hərdən tanınmış ziyalıların, müxtəlif sahələrdə müəyyən xidməti olan insanların kimlərəsə inanaraq və arxalanaraq gülünc oyunlara qurşanmaları təəssüf və təəccüb doğurur.
Belə oyunlardan biri 2009-cu ildə baş verdi.
Azərbaycan xalqının bir neçə tanınmış insanı "Ziyalılar forumu" adlı bir qurum yaratdılar.
Qurumun təşəbbüsçüsü isə, deyilənlərə inansaq, yazıçı R.İbrahimbəyov olmuşdu.
Ancaq qurum fəaliyyətə başladıqdan sonra onun ziyalılığa dəxli olmayan işlərə qurşandığı bəlli oldu.
Əslində, oradakıların bütün xalqın adından danışmağa səlahiyyətləri yox idi!
Qurumun üzvləri müxtəlif mətbu orqanlara müsahibələr verərək dövlətimizin gördüyü işlərə qara yaxmağa başladılar.
Amma bir dəfə də Azərbaycanın qazandığı nailiyyətlərdən danışmadılar, qarşılaşdığı problemlərdən söz açmadılar.
Qurumun fəal üzvlərindən sayılan Əkrəm Əylisli isə "Daş yuxular" adlı əsər yazaraq əsl simasını göstərdi.
2013-cü ilin prezident seçkiləri ərəfəsində isə "Ziyalılar forumu"nun əsl sifəti göründü: məlum oldu ki, onlar seçkilərdə iştirak edərək R.İbrahimbəyovu prezident etmək istəyirmişlər.
Azərbaycan xalqı hərəni çalışdığı sahəyə görə tanıyır, yazıçı, şair, bəstəkar və digərlərini siyasətçi, dövlət başçısı kimi qəbul etmir.
Çünki AXC-Müsavat cütlüyünün iqtidarı dövründə belələrinin necə "işləyərək" xalqa "nə verdiklərinin" şahidi olub!
Beləliklə, anti-Azərbaycan dairələrinin maraqlarına xidmət edən bu qondarma qurum da 2013-cü ildən etibarən tarixin qara arxivinə verildi.
***
Tarixə ötəri ekskursumuzda bir daha aydın şəkildə gördük ki, Azərbaycan xalqı, adətən, iki halda meydana çıxıb:
* Qarabağla, ərazi bütövlüyümüzlə bağlı;
* Bir də sevimli rəhbəri çağırış edəndə!
Müzəffər Ali Baş Komandan İlham Əliyev Qarabağ problemini zəfərlə həll edərək artıq düşmənlərimizin əlindən "Qarabağ kartı"nı çıxarıb!
Xalqın ona sevgi və məhəbbəti, etibarı və tükənməz dəstəyi isə indiyədək görünməmiş bir səviyyəyə çatıb.
Başı daşdan-daşa dəyən, dəfələrlə etibar edərək aldadılan Azərbaycan xalqı isə artıq ancaq sınadıqlarına, tarixin imtahanlarından şərəflə çıxanlara inanır!
Şübhəsiz, ən çox inandığı, dəfələrlə sınadığı və hər dəfə daha çox dəyər verdiyi dövlət rəhbəri və siyasi lideri isə Müzəffər Ali Baş Komandan İlham Əliyevdir.
Cənab İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə dövləti və xalqı üçün etdiklərini qısa şəkildə sadalasaq, səbəbi hamıya bəlli olar.
Azərbaycana 22 illik rəhbərliyi dövründə Prezident İlham Əliyev:
* Tarixinin ən qüdrətli Azərbaycanını yaratdı.
* Azərbaycanı dünya birliyinin nüfuzlu üzvlərindən birinə çevirdi.
* Azərbaycanı dünyada həm də idman ölkəsi kimi tanıtdı.
* İkiəsrlik tarixi olan Qarabağ problemini əbədilik həll etdi.
Belə ki:
* 30 illik işğala son qoyaraq erməni qəsbkarlarını torpaqlarımızdan qovdu, düşməni darmadağın edərək ona kapitulyasiya aktını imzalatdı.
* Ərazi bütövlüyümüzü bərpa etdi.
* Dövlət Suverenliyinin və Konstitusiya əsaslarının təmininə nail oldu!
* Xalqımızın milli birliyini təmin etdi.
* "Böyük qayıdış" proqramını qəbul edərək Qarabağı və Şərqi Zəngəzuru sürətlə yenidən tikib qurur.
* Müasirtipli yaşayış məntəqələri inşa etdirərək keçmiş məcburi köçkünləri doğma yurd-yuvalarına qaytarmaqla, xoşbəxt həyatlarını təmin edir.
* Azərbaycanı Cənubi Qafqazın söz sahibinə çevirərək burada sülh və əməkdaşlıq yaradır.
* Türk dünyasının möhkəm birliyinin yaranmasına dəyərli töhfələr verir.
* Azərbaycanı Avropa İttifaqının etibarlı tərəfdaşlarından birinə çevirir.
Bütün bu işlərə layiqincə qiymət verən beynəlxalq aləm Azərbaycan Prezidentini dünyanın ən nüfuzlu və qlobal liderlərindən biri kimi tanıyır.
Məhz İlham Əliyevin fəaliyyəti sayəsində ABŞ-Azərbaycan əlaqələri yeni yüksəliş və inkişaf dövrünə qədəm qoyub.
Azərbaycan xalqı bütün bunları görür, bilir, öz rəhbəri ətrafında daim sıx birləşir.
İlham Əliyevin Qarabağa hər səfərində, keçmiş məcburi köçkünlərlə hər görüşündə biz xalqın sınanmış rəhbərinə sonsuz sevgi və ehtiramının şahidi oluruq!
Artıq bütün dünya qüdrətli Azərbaycanın qüdrətli rəhbəri İlham Əliyevlə hesablaşır, xalqının ona sevgi və dəstəyini birmənalı şəkildə qiymətləndirir.
Bu birliyi, bu sevgini kimsə pozmaq, ona xələl gətirmək iqtidarında deyil!
Odur ki, heç kəs çaşaraq xam xəyallara düşməsin!
Bəxtiyar SADIQOV