Geosiyasi tarazlığın sürətlə dəyişdiyi, enerji təminatının və beynəlxalq marşrutların qlobal gündəliyi formalaşdırdığı bir zamanda Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri strateji əhəmiyyət daşıdı. Səfər regionda hökm sürən gərgin vəziyyət, Ermənistanla sülh prosesi və ümumi mənada bir çox baxımdan diqqət çəkdi. İlk növbədə vurğulamaq lazımdır ki, bu, Antonio Koştanın Avropa İttifaqı Şurasının Prezidenti kimi Azərbaycana ilk rəsmi səfəri idi və regional xarakter daşımırdı. O səbəbdən, Koştanın gəlişi Bakı-Brüssel münasibətlərinin tamamilə yeni mərhələyə daxil olduğunu göstərən, Avropanın təhlükəsizlik arxitekturasında ölkəmizin yerini təsdiqləyən mühüm bir siyasi hadisədir.
Azərbaycan və Aİ liderləri arasında münasibətlərin təməli 2025-ci ilin may ayında Tiranada və oktyabr ayında Kopenhagendə keçirilmiş konstruktiv görüşlər zamanı qoyulub. Tiranada baş tutan görüş əsasən etimadın bərpası və strateji baxışın uyğunlaşdırılması missiyasını daşıyırdı. Əsas gündəm regional təhlükəsizlik və Azərbaycan-Aİ münasibətlərindəki mövcud gərginliklərin aradan qaldırılması idi. O zaman tərəflər arasında siyasi dialoqun intensivləşdirilməsi barədə razılığa gəlindi və bu, sonrakı aylarda daha konkret addımların atılması üçün zəmin hazırladı. Kopenhagen görüşü isə daha çox praktik və iqtisadi platforma kimi yadda qaldı, müzakirələr konkret layihələrə yönəldi. Məhz bu təmaslar tərəflər arasında elan olunan yeni mərhələnin siyasi-iqtisadi əsaslarını formalaşdırdı.
Ötən il ərzində Azərbaycan və Aİ rəsmilərinin qarşılıqlı səfərləri, təhlükəsizlik, enerji və nəqliyyat sahələrində uğurla təşkil edilmiş dialoqlar da Aİ ilə münasibətlərin inkişafına öz töhfəsini verdi. Müsbət dinamika əməkdaşlığın yeni səviyyəyə yüksəlməsi üçün əlverişli şərait yaratdı. İntensiv səfərlər tərəflər arasındakı soyuqluğu tədricən aradan qaldırdı və ortaq məxrəcləri önə çıxardı.
Prosesin mahiyyəti ondan ibarətdir ki, tərəflər regional logistika və geosiyasi sabitlik sahəsində bir-birinə ehtiyacı olan strateji müttəfiqlər kimi çıxış edirlər. Azərbaycan Prezidenti İlham Əliyevlə Avropa Şurasının prezidenti Antonio Koştanın 2026-cı il 11 mart tarixli birgə mətbuat bəyanatında Azərbaycan-Aİ əməkdaşlığının hər iki tərəfin ortaq maraqlarını əks etdirdiyi bir daha vurğulandı. Prezident İlham Əliyev ali qonağın səfərinə böyük önəm verdiyini dedi: "Biz Sizin səfərinizə çox böyük önəm veririk. Əminəm ki, o, xüsusən də indiki dövrdə çox uğurla inkişaf edən ikitərəfli əlaqələrimizin daha da inkişaf etdirilməsində mühüm rol oynayacaq. Bizim çox fəal dialoqumuz var. Avropa Komissiyasının üzvləri ötən il və bu il dəfələrlə bizə səfər ediblər". Avropa İttifaqı Şurasının prezidenti Antonio Koştanın bəyanatlarında da aydın oldu ki, Azərbaycan Avropa İttifaqının əsas tərəfdaşıdır. Aİ rəsmisi ötən bir il ərzində münasibətlərin yenidən canlandırıldığına diqqət çəkdi.
Avropa İttifaqı rəsmi Bakının başlıca ticarət tərəfdaşı statusundadır. Bu məqam Prezident İlham Əliyevin mətbuata bəyanatında öz əksini tapdı. Dövlət başçısı vurğuladı ki, Azərbaycan Avropa İttifaqı ilə müxtəlif səviyyələrdə tərəfdaşlığın fəal mərhələsindədir: "Mən bəzi iqtisadi göstəricilərə nəzər saldım və gördüm ki, bu ilin yanvarında ticari dövriyyəmizin 50 faizi Avropa İttifaqı ilə bağlı olub. Ötən il dövriyyə bir az aşağı olmuşdur, lakin o, həqiqətən göstərir ki, Avropa İttifaqı bizim üçün birnömrəli ticari tərəfdaşdır. Əminəm ki, yeni layihələr və yeni investisiya imkanları ilə sərmayələr iki istiqamətdə yatırılacaq. Hazırda biz, həmçinin Avropada fəal şəkildə sərmayə yatırırıq. Ticari dövriyyəmiz birmənalı olaraq artacaq". Dövlət başçısının vurğuladığı iqtisadi göstərici Azərbaycan-Aİ münasibətlərinin çox möhkəm iqtisadi bazaya söykəndiyini sübut edir. Ticarət dövriyyəsinin 50 faizinin Aİ-nin payına düşməsi Azərbaycanın xarici iqtisadi siyasətinin əsas vektorunun Avropa bazarı olduğunu aydın şəkildə nümayiş etdirir.
Birgə bəyanatın əsas mesajlarından biri Azərbaycanın Aİ üçün etibarlı enerji təchizatçısı olmasıdır. Xüsusilə Yaxın Şərqdə cərəyan edən proseslər fonunda Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu göz önündədir. Regional gərginliklər və Süveyş kanalı kimi kritik keçidlərdə yaranan risklər Avropanı daha proqnozlaşdırıla bilən və birbaşa quru bağlantısı olan etibarlı mənbələrə yönəldir. Azərbaycan "Cənub qaz dəhlizi" vasitəsilə Xəzər qazını birbaşa Avropanın mərkəzinə çatdırır. Həmçinin regiondakı digər enerji ixracatçıları ilə müqayisədə ölkəmiz özünü uzunmüddətli öhdəlikləri yerinə yetirən stabil tərəfdaş kimi sübut edib. Azərbaycan Avropanın enerji təchizatında, yalnız həcmlərin artırılmasını deyil, mövcud infrastrukturun genişləndirilməsini, TAP və TANAP-ın ötürücülük qabiliyyətinin artırılmasını da hədəfləyir.
Prezident İlham Əliyev çıxışı zamanı bəyan edib ki, Aİ ilə tərəfdaşlığımızın mühüm hissəsi hər zaman enerji əməkdaşlığı olub: "Bu, xüsusən də 2022-ci ildə Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında sənədi Avropa Komissiyası ilə imzaladığımızdan sonra müşahidə olunur. Həmin vaxtdan etibarən biz həm həcm, həm də ölkələrin sayı baxımından Avropa ölkələrinə qaz ixracımızı artırmışıq. Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan qazı qəbul edir və ölkələrin ümumi sayı 16-ya çatıb. Bu göstəriciyə görə, biz dünyada boru kəməri ilə qazı təchiz edən birnömrəli ölkəyik. On altı ölkə bu gün Azərbaycan qazını alır və beləliklə, bir çox ölkələrin enerji təhlükəsizliyində oynadığımız rol artır". Azərbaycanın mavi yanacaq ixrac etdiyi dövlətlərdən 10-nun Avropa İttifaqının üzvü olması ölkəmizin qoca qitənin enerji təhlükəsizliyində əsas tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir. Azərbaycan ötən 5 ildə Avropa bazarına 56 milyard kubmetrdən çox təbii qaz nəql edib. Ölkəmiz Aİ-yə enerji resursları ixrac edən dövlətlər siyahısında ilk beşlikdə yer alır. Hazırda Azərbaycan qazı yalnız Mərkəzi və Şərqi Avropa ilə məhdudlaşmayaraq, Qərbi Avropa bazarına da uğurla daxil olmaqdadır.
Enerji təchizatçısı anlayışı təkcə təbii qazla məhdudlaşmır. Azərbaycanın bərpaolunan enerji potensialı Avropanın "yaşıl keçid" hədəflərinə tam uyğundur. Xəzər dənizində istehsal olunacaq "yaşıl" elektrik enerjisinin Qara dəniz sualtı kabeli vasitəsilə birbaşa Avropaya ixracı layihəsi Azərbaycanı qitənin gələcək ekoloji enerji tərəfdaşına çevirir.
Azərbaycanın regional bağlantılarda və nəqliyyat dəhlizlərində aparıcı rolu da dünyada rəsmi şəkildə tanınır. Bu sahədə əməkdaşlıq perspektivlərinin genişlənməsi (Orta dəhliz, TRIPP layihəsi və s.) həm Azərbaycanla Aİ arasında praktik əməkdaşlığın dərinləşməsi, həm də regional inteqrasiya üçün zəmin yaradır. Tərəfdaşlıq enerji və bağlantılarla məhdudlaşmır. İnnovasiya və rəqəmsallaşma, "yaşıl enerji" layihələri, dayanıqlı inkişafın təmin olunması, humanitar və sosial sahələr, minatəmizləmə, təhsil, mədəniyyət, o cümlədən müdafiə və təhlükəsizlik sahəsində genişləndirilmiş dialoq yeni əməkdaşlıq lokomotivləri kimi müəyyənləşdirilir.
Danışıqlar zamanı regional təhlükəsizlik məsələləri də diqqət mərkəzində olub. Aİ rəhbəri Cənubi Qafqazda sülh prosesinin vacibliyini xüsusi vurğulayıb. Azərbaycanın Ermənistanla münasibətlərin tənzimlənməsi və regionda daimi sülhün bərqərar olunması üçün nümayiş etdirdiyi ardıcıl siyasi iradə beynəlxalq dəstək qazanmaqdadır. Bundan əlavə, bölgədə baş verən bəzi təhlükəsizlik hadisələri, o cümlədən Naxçıvan istiqamətindəki insidentlər diqqətdən kənarda qalmayıb. Avropa İttifaqının bu məsələlərə yanaşması ölkəmizin suverenliyinə göstərilən siyasi dəstəyin göstəricisidir.
Beləliklə, Azərbaycanla əməkdaşlıq Avropa üçün strateji seçimə çevrilib. Azərbaycanın bugünkü strateji mövqeyi, Avropanın enerji təhlükəsizliyindəki aparıcı rolu və regional nəqliyyat qovşağına çevrilməsi çoxvektorlu və praqmatik xarici siyasətin nəticəsidir. Prezident İlham Əliyevin yürütdüyü praqmatik xarici siyasət respublikamızı regionda sabitlik məkanına, qlobal enerji təhlükəsizliyində əvəzolunmaz tərəfdaşa çevirib.
İsmayıl QOCAYEV,
"Azərbaycan"