07 Aprel 2026 08:05
236
SİYASƏT
A- A+
Qarabağ üzərindən siyasi spekulyasiya qəbuledilməzdir

Qarabağ üzərindən siyasi spekulyasiya qəbuledilməzdir


Azərbaycanın ərazi bütövlüyü və suverenliyi müzakirə mövzusu ola bilməz 


2020-ci ilin noyabrı və 2023-cü ilin sentyabrı Cənubi Qafqazın geosiyasi simasını kökündən dəyişən dönüş nöqtələri oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin sarsılmaz siyasi iradəsi və Azərbaycan Ordusunun döyüş meydanındakı misilsiz rəşadəti otuzillik işğala son qoyaraq ədaləti bərpa etdi. Tarixi zəfərlər regionun xəritəsini beynəlxalq hüququn prinsipləri əsasında yenidən cızdı.

Bu gün Azərbaycan təkcə hərbi-siyasi gücü ilə deyil, həm də qlobal sülh memarı kimi çıxış edir. Bakının birbaşa təşəbbüsü və strateji diktəsi ilə yaranan sülh gündəmi İrəvanı konstruktiv dialoqa sövq edərək regionda onilliklər boyu davam edən düşmənçilik sədlərini aşmağa imkan verdi. Artıq Ermənistan Azərbaycanın müəyyən etdiyi yeni reallıqlar çərçivəsində sülhə təhdid yaradan revanşist meyilləri cilovlamaq mərhələsinə qədəm qoyub. Hazırda rəsmi İrəvan  yekun sülh sazişinin önündəki yeganə hüquqi maneə olan Konstitusiyasındakı ərazi iddialarını aradan qaldırmaq, keçmişin stereotiplərindən qurtulmaq üçün ciddi daxili islahatlarla məşğuldur. 

Siyasi yumşalma özünü real iqtisadi müstəvidə də göstərməkdədir. Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığın ilk praktiki addımları atılıb. Ölkəmizdən Ermənistana enerji məhsullarının bir neçə partiyasının ixracı regionun enerji xəritəsində yeni səhifə açıb. Bununla yanaşı, Azərbaycanın logistik imkanlarından və tranzit dəhlizlərindən istifadə edilməklə Ermənistana taxıl, buğda, gübrə və digər strateji məhsulların daşınması da Bakının regionda sülhdə və dayanıqlı inkişafda maraqlı olduğunu sübut edir. 

Lakin görünən odur ki, Cənubi Qafqazın münaqişə məkanı olmaqdan çıxaraq qlobal əhəmiyyətli iqtisadi qovşağa çevrilməsindən ciddi narahatlıq duyan, təşvişə düşən dairələr var. Son günlərdə atılan addımlardan, verilən açıqlamalardan bəlli olur ki, bəzi xarici güclər və regional oyunçular hələ də yeni reallığı tam həzm edə bilmir, öz ikitərəfli münaqişələrində və geosiyasi çəkişmələrində Azərbaycanın suveren ərazilərini bir alət kimi istifadə etməyə çalışırlar.

Xüsusən, Rusiyanın rəsmi şəxsləri tərəfindən ictimai müzakirələrdə Azərbaycanın sırf daxili işlərinə aid məsələlərə toxunulur, "Qarabağ məsələsi" yenidən gündəmə gətirilir. Bununla əlaqədar, diplomatik kanallar vasitəsilə Azərbaycanın Qarabağ bölgəsindən siyasi spekulyasiyalarda istifadə edilməsinin qəbuledilməzliyi barədə mövqeyimiz Rusiya hökumətinin diqqətinə çatdırılıb. Buna baxmayaraq, mövzu Rusiya tərəfinin rəsmi siyasi dairələrində, media müstəvisində hələ də davam etməkdədir. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "Vesti" kanalına müsahibəsində Ermənistan-Rusiya münasibətlərinə dair mövqe bildirərkən növbəti dəfə Qarabağ bölgəsinin Azərbaycanın tərkib hissəsi kimi ilk olaraq Rusiya, yoxsa Ermənistan tərəfindən tanınması barədə şərh verib. 

Azərbaycan Xarici İşlər Nazirliyi Qarabağ mövzusu ətrafında gedən manipulyasiyaya dair sərt bəyanat verib. XİN-dən vurğulanıb ki, Qarabağ bölgəsinin Azərbaycanın ayrılmaz tərkib hissəsi olması hər hansı bir dövlətin qərarına deyil, tarix, beynəlxalq hüquq və ədalətə söykənir. Bu, 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində bir daha təsdiq olunub: "Rusiya tərəfinə bir daha xatırlatmaq istərdik ki, Rusiya Federasiyası daxil olmaqla, heç bir ölkə, heç bir dövrdə Qarabağ bölgəsi daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymayıb". 

XİN-in bəyanatı ölkəmizin suveren ərazilərinin müzakirə predmeti olmasına qarşı sərt etirazın və prinsipial mövqeyin nümayişidir. Qarabağın Azərbaycanın tərkib hissəsi olması hər hansı kənar dövlətin tanımasından asılı olan bir lütf deyil. Bu, dəyişməz tarixi faktlara, beynəlxalq hüququn prinsiplərinə və Vətən müharibəsinin, antiterror tədbirlərinin yaratdığı yeni reallığa söykənir. Sadəcə, Rusiya və Ermənistan yox, digər ölkələr də öz aralarındakı münasibətləri aydınlaşdırarkən Azərbaycanın daxili işlərindən, ərazi bütövlüyü mövzusundan alət kimi istifadə edə bilməz. XİN xatırladır ki, Rusiya Federasiyası da daxil olmaqla, dünya birliyi heç vaxt Azərbaycanın ərazi bütövlüyünü rəsmi şəkildə şübhə altına almayıb. O səbəbdən, "kim birinci tanıdı" tipli diskussiyalar mənasızdır və regiondakı kövrək sabitliyə xidmət etmir. 

Əslində, Rusiya rəsmilərinin "Qarabağı Azərbaycanın tərkib hissəsi kimi kim birinci tanıdı - Rusiya, yoxsa Ermənistan?" sualı ətrafında polemika açması təsadüfi deyil. Kreml erməni cəmiyyətindəki "Moskva bizi satdı" düşüncəsini sındırmaq üçün topu İrəvan hökumətinin üzərinə atır. Ancaq Rusiya-Ermənistan münasibətlərinin ən aşağı səviyyədə olduğu bir zamanda Moskvanın İrəvanı küncə sıxışdırmaq üçün Azərbaycanın suverenliyini müzakirə predmetinə çevirmək cəhdləri qəbuledilməzdir. Qarabağ mövzusu nə Ermənistanın daxili siyasəti, nə də Rusiyanın geosiyasi oyunları üçün manevr sahəsidir. Bağlanmış səhifəni yenidən açmaq niyyətində olanların qayəsi regionu xaosa sürükləməkdir. Onlar anlayırlar ki, sülh müqaviləsi imzalandıqdan sonra kənar oyunçuların Cənubi Qafqaza müdaxilə qapıları tamamilə bağlanacaq. 

Qərb dairələrində də "ermənilərin qayıdışı" mövzusu vasitəsilə regiona yenidən daxil olmaq cəhdləri bununla bağlıdır. Rusiya və bəzi Qərb mərkəzləri üçün Qarabağ mövzusu onilliklər boyu regiona müdaxilə etmək, tərəflər üzərində "vasitəçi" statusu ilə təsir rıçağı saxlamaq üçün əsas alət olub. Sırf bu məqsədlə mütəmadi olaraq erməni lobbisinin təsiri və regionda öz oyunçu statusunu bərpa etmək məqsədilə "humanitar faktor" adı altında məsələni gündəmdə saxlayıblar. Rəsmi Bakının bəyanatları təsdiq edir ki, bu mövzu nəinki beynəlxalq gündəmdə yoxdur, ümumiyyətlə, artıq müzakirə predmeti deyil və dövlətimizin "qırmızı xətti"dir. Qarabağ Azərbaycan ərazisi olduğuna görə, hər hansı xarici gücün mövzuya dair rəy bildirməsi, görüş və dialoqlarda müzakirəyə çevirməsi birbaşa dövlət suverenliyinə müdaxilə kimi qiymətləndirilir. Əgər bəlli çevrələr bu təhlükəli ritorikanı israrla davam etdirsələr, Azərbaycan daha ciddi addımlar atmaq məcburiyyətində qalacaq. Çünki yeni reallıqların təftişinə yönəlmiş istənilən təşəbbüs və ya açıqlama rəsmi Bakı tərəfindən qərəz və düşmənçilik aktı kimi qəbul olunur. 

Paradoks ondadır ki, Ermənistan rəhbərliyi hazırda konstitusiya islahatları və sülh müqaviləsi çərçivəsində "Qarabağ məsələsi"nin birdəfəlik bağlandığını etiraf edib. İrəvanın "bitdi" dediyi məsələyə kənar güclərin "yox, hələ bitməyib" reaksiyası onların Ermənistanın maraqlarını yox, öz geosiyasi maraqlarını əsas aldığını sübuta yetirir. Həmin güclər Ermənistanı yenidən oyuncaq halına gətirməyə çalışırlar. 

Cənubi Qafqazda köhnə "status-kvo"nu bərpa etmək və tarixin çarxını geriyə fırlatmaq cəhdləri əbəsdir. Bu gün Azərbaycan təkcə öz torpaqlarını azad etmiş dövlət deyil, həm də regionun diktə edən gücün və sülhün əsas təminatçısıdır. Dünya anlamalıdır ki, "Qarabağ məsələsi" 2023-cü ilin sentyabrında birdəfəlik və qəti olaraq qapanıb. İndi seçim regionun gələcəyində maraqlı olmaq istəyənlərindir. Ya Azərbaycanın yaratdığı yeni reallığa və suverenliyimizə hörmət edərək əməkdaşlıq yolunu seçməli, ya da tarixin arxivinə gömülmüş iddiaların kölgəsində qalaraq regionun inkişafından kənarda dayanmalıdırlar. Azərbaycan öz yolunu seçib, bu yol suverenlik, sülh və milli maraqların sarsılmaz müdafiəsi yoludur. 


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Küləklər şəhərində bağ salan, çiçək yetişdirən bağbanlar

09:20
07 Aprel

Əbədiyaşar musiqi, sınaqlarda keçən bəstəkar ömrü

09:15
07 Aprel

M.F.Axundzadə adına Milli Kitabxana həm bilik məbədimiz, həm də tarixi-memarlıq abidəmizdir

09:10
07 Aprel

Azərbaycan satirik mətbuatının zirvəsi 

09:05
07 Aprel

TDT hökumət başçılarının Bakı görüşü, EGYPS 2026-da əldə olunan razılaşmalar, "Rəqəmsal əkiz" layihəsinin təqdimatı

09:00
07 Aprel

Kənd təsərrüfatında rəqəmsallaşma və süni intellektin tətbiqi məsələləri müzakirə olunub

08:57
07 Aprel

Su bəşəriyyəti sınağa çəkir

08:55
07 Aprel

Sağlamlığını qorumaq hər kəsin hüququdur

08:50
07 Aprel

Zərgər dəqiqliyi, həkim ürəyi

08:45
07 Aprel

Gələcəyin təməli: məktəbəqədər təhsil müəssisələrinə dövlət qayğısı

08:40
07 Aprel

Xülyası puç olan faşist 

08:35
07 Aprel

"Real Ermənistan" xəstə təfəkkürə qarşı

08:30
07 Aprel

Əməyin ödənilməsində gender bərabərliyi daha effektiv təmin olunacaq

08:25
07 Aprel

Milli Məclisin futbol komandası beynəlxalq turnirdə gümüş medal qazanıb

08:20
07 Aprel

Milli Məclisin komitələrinin birgə iclası keçirilib

08:15
07 Aprel

Mehriban qonşuluq, nümunəvi tərəfdaşlıq

08:10
07 Aprel

Qarabağ üzərindən siyasi spekulyasiya qəbuledilməzdir

08:05
07 Aprel

TDT institusional və funksional baxımdan yeni mərhələyə qədəm qoyur

08:00
07 Aprel

“Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 iyul tarixli 289 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:54
07 Aprel

ABŞ Prezidenti: NATO-nun nüfuzuna dəyən ləkə yaddaşımdan silinməyəcək

00:50
07 Aprel

Ukrayna Rusiyaya enerji atəşkəsi təklifini çatdırıb

23:08
06 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!