06 Aprel 2026 17:00
3693
Səfərlər
A- A+
Azərbaycan Prezidenti və Gürcüstanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB

Azərbaycan Prezidenti və Gürcüstanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB


Aprelin 6-da Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bəyanatla çıxış etdi.


Baş nazir İrakli Kobaxidzenin
bəyanatı


-Salam, Zati-aliləri cənab Prezident.

Hörmətli nazirlər.

Xanımlar və cənablar.

Media nümayəndələri.

Əvvəlcə Gürcüstanın əziz dostu cənab İlham Əliyevə Gürcüstana səfər etdiyinə görə səmimi təşəkkürümü bildirmək istəyirəm. Onun Gürcüstana gəlişi hamımız üçün xüsusi şərəfdir.

Cənab Prezident, Sizi Gürcüstanda qəbul etmək və həm ikitərəfli əməkdaşlığa aid məsələləri, həm də regiondakı cari prosesləri müzakirə etmək imkanından məmnunam. Mən bu fürsətdən istifadə edərək, Bütün Gürcüstanın Katolikos Patriarxı, Zati-müqəddəsləri II İlyanın vəfatı ilə əlaqədar Azərbaycanın və şəxsən Sizin verdiyiniz başsağlığına görə dərin təşəkkürümü bildirirəm.

Əsrlər boyu xalqlarımızı yaxşı qonşuluq və xüsusi tarixi dostluq bağlayıb. Bu, məntiqi olaraq, dövlətlərimiz arasında güclü strateji tərəfdaşlığı əks etdirir. Gürcüstan ilə Azərbaycan arasında münasibətlər müxtəlif istiqamətlər üzrə dinamik qaydada inkişaf edir. Biz bu prosesdə Sizin şəxsi səylərinizi və iştirakınızı xüsusi dəyərləndiririk. Mən, həmçinin həmin münasibətlərin inkişafında xüsusi rol oynayan nümayəndə heyətinin üzvlərinə, hökumət üzvlərinə və səfirlərə təşəkkür edirəm.

Mən Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə Azərbaycanın verdiyi qəti dəstəyinə görə təşəkkürümü bildirmək istəyirəm. Gürcüstan öz müstəqilliyini bərpa etdikdən etibarən hər zaman Azərbaycanın milli maraqlarının, suverenliyinin və ərazi bütövlüyünün güclü tərəfdarı olub, hazırda tərəfdarıdır və gələcəkdə də tərəfdarı qalacaq. Bu gün keçirilmiş görüşümüz çərçivəsində, biz nəinki ikitərəfli münasibətləri, həmçinin bütövlükdə Cənubi Qafqaz regionunun gələcəyinə dair məsələləri təfərrüatı ilə müzakirə etdik.

Biz bu xüsusda Azərbaycan ilə Ermənistan arasında cari sülh prosesini alqışlayırıq. Gürcüstan dinc yanaşı yaşamağı, konstruktiv əməkdaşlığı və regionda yeni təşəbbüsləri qəti şəkildə dəstəkləyir. Lazım olan təqdirdə biz hər zaman dialoqa və sülh proseslərinə şərait yaratmağa hazırıq. Cənubi Qafqaz ölkələri arasında əməkdaşlıq bütöv region üçün yeni perspektivlər açır. Qlobal geosiyasi dəyişikliklər, ümumiyyətlə, Orta Dəhlizin vacibliyini, o cümlədən Qara Dənizin və Cənubi Qafqazın strateji məkan kimi əhəmiyyətini daha da artırır.

Asiya ilə Avropanı birləşdirən körpü kimi ölkələrimiz daşımalarda mühüm rol oynayır. Bu baxımdan, biz nəqliyyat və logistika infrastrukturunun inkişafına və müasirləşdirilməsinə xüsusi önəm veririk. Gürcüstan ilə Azərbaycan dəfələrlə sübuta yetiriblər ki, biz beynəlxalq enerji və nəqliyyat layihələrində etibarlı və məsuliyyətli tərəfdaşlarıq.

Görüş zamanı biz, həmçinin ticarət və iqtisadi əməkdaşlıq perspektivlərini müzakirə etdik. Azərbaycan Gürcüstanın ən iri ticarət tərəfdaşlarından biri kimi qalır və həmçinin iqtisadi münasibətlərin artırılan sərmayələr sayəsində daha da dərinləşəcəyini gözləyirik. Biz yüksək səviyyədə dialoqu davam etdirməyə və müxtəlif sahələrdə əməkdaşlığı daha da dərinləşdirməyə hazır olduğumuzu ifadə etdik.

Əminəm ki, strateji tərəfdaşlığımız xalqlarımız və ölkələrimizin rifahı naminə uğurla inkişaf etməkdə davam edəcək. Prezidentin səfəri bu baxımdan mühüm rol oynayır.

Yekun olaraq, cənab Prezident, dövlətlərimiz arasında münasibətlərin gücləndirilməsinə verdiyiniz şəxsi töhfəyə, səfərə gəldiyinizə və məhsuldar əməkdaşlığa görə Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm. Cənab Prezident, ikitərəfli münasibətlərin dərinləşməsi və inkişafına verdiyiniz şəxsi töhfəyə görə xüsusən minnətdaram. Çox sağ olun.

x x x

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəyanatla çıxış etdi.


Prezident İlham Əliyevin
bəyanatı


-Hörmətli cənab Baş nazir.

Əziz dostlar.

Cənab Baş nazir, dəvətə və qonaqpərvərliyə görə Sizə minnətdaram. Yenidən qardaş Gürcüstanda olmaq mənim üçün böyük şərəfdir. Əminəm ki, mənim səfərim iki qardaş ölkə arasındakı əlaqələrə yeni təkan verəcək. Bu gün müzakirə etdiyimiz məsələlər bir daha onu göstərir ki, Gürcüstan və Azərbaycan hər zaman olduğu kimi bir yerdədir. Bizim tarixi əlaqələrimiz dövlətlərarası əlaqələrimiz üçün möhkəm zəmindir. Əsrlər boyu gürcü və Azərbaycan xalqları dostluq, qardaşlıq şəraitində yaşamışlar və bu gün bu ənənələr davam etdirilir. Bu gün iki müstəqil dövlət kimi Gürcüstan və Azərbaycan inamla inkişaf edir. Fürsətdən istifadə edərək, Gürcüstanın əldə etdiyi uğurlar münasibətilə Sizi və hökumətinizi təbrik etmək istəyirəm.

Gürcüstanın dinamik iqtisadi inkişafı göz önündədir. Gürcüstanda çox müsbət sərmayə iqlimi var və məhz buna görə bir çox investorlar, o cümlədən Azərbaycan investorları Gürcüstana böyük maraq göstərirlər. Təbii ki, bütün uğurların təməlində əsas şərt, əsas amil siyasi sabitlikdir. Bu siyasi sabitlik Gürcüstanda var. Bunun təminatçısı gürcü xalqıdır və Sizin apardığınız siyasətdir. Biz sizin dostlarınız, qonşularınız kimi buna sevinirik və əminik ki, Gürcüstan-Azərbaycan əlaqələri bundan sonra da inamla inkişaf edəcək.

Biz bütün beynəlxalq təşkilatlarda da hər zaman bir-birimizi dəstəkləyirik. Cənab Baş nazir qeyd etdiyi kimi, hər zaman bir-birimizin ərazi bütövlüyünü, suverenliyini, sərhədlərimizin toxunulmazlığını dəstəkləmişik, dəstəkləyirik və dəstəkləyəcəyik.

Biz iqtisadi sahədə böyük uğurlar əldə etmişik. Mən səfərdən öncə arayışlara baxdıqda gördüm ki, keçən il bizim ticarət dövriyyəmiz 800 milyon dollardan çox olmuşdur və bu ilin ilk rübündə yenə də artım kifayət qədər yüksəkdir. Belə gedərsə, biz bəlkə də ilin sonuna qədər bir milyard rəqəminə də çatacağıq. Qeyd etdiyim kimi, Gürcüstanda mövcud olan çox müsbət sərmayə iqlimi Azərbaycan investorlarını da həvəsləndirir və bu günə qədər Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına 3,7 milyard dollar sərmayə qoyulmuşdur. Biz bu gün həm Azərbaycan, həm də Gürcüstan üçün yeni investisiya layihələri haqqında fikir mübadiləsi aparmışıq və nə vaxtsa üçüncü ölkələrə də birgə sərmayə qoyuluşu nəzərdə tutula bilər.

Təbii ki, biz hər dəfə görüşəndə bir çox məsələləri müzakirə edirik, o cümlədən regional vəziyyət, regional təhlükəsizlik məsələlərini. Bu gün də istisna deyil. Bu gün Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqdadır və Cənubi Qafqazda yerləşən ölkələr bu imkanları əldən verməməlidir. Çünki bu gün sülh, təhlükəsizlik, əmin-amanlıq, sabitlik əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində pozulur və bunun nəticəsində qanlı toqquşmalar, müharibələr, əzab-əziyyət və itkilər baş verir. Cənubi Qafqazda da vaxtilə buna oxşar mənzərə mövcud idi. Amma bu gün Cənubi Qafqaz artıq sülh, əmin-amanlıq, təhlükəsizlik, əməkdaşlıq məkanına çevrilir və mən burada Gürcüstanın rolunu da xüsusilə qeyd etmək istərdim.

Cənab Baş nazir Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə də toxundu. Deyə bilərəm ki, bu prosesi gücləndirmək üçün, sadəcə olaraq, imzalanmış sənədlər yetərli deyil. Biz hər an, hər addım atıldıqda gərək bu sülhü gücləndirək və bunun ən yaxşı istiqaməti də ticarətdir. Bu gün Azərbaycanla Ermənistan arasında ticarət Gürcüstan vasitəsilə həyata keçirilir. Buna görə Gürcüstan hökumətinə öz təşəkkürümü bildirmək istərdim.

Azərbaycan energetika sahəsində uzun illər bir çox ölkələrin enerji təhlükəsizliyini gücləndirən addımlar atmışdır. Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir. Ancaq bu ixrac yenə də Gürcüstandan başlayır və Gürcüstan burada birinci ölkədir. Həm Azərbaycan nefti, qazı Gürcüstan vasitəsilə dünya bazarlarına çıxarılır, həm də Xəzərin şərq sahillərindən neft resursları Azərbaycan, Gürcüstan üzərindən keçirilir. Biz bu mövcud infrastruktur haqqında kifayət qədər danışmışıq. Bütün bu infrastruktur göz önündədir və artıq 20 ildir ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri uğurla fəaliyyət göstərir. Cənub Qaz Dəhlizi də ondan sonra icra edilmişdir və bu gün bu infrastruktur, əslində, böyük coğrafiya üçün mühüm əhəmiyyət daşıyır. Biz sonra bu dəhlizlər üzərindən nəqliyyat dəhlizlərini də inşa etdik və bu gün nəqliyyat dəhlizlərinin genişləndirilməsi istiqamətində işlər aparılır. Orta Dəhliz Azərbaycan və Gürcüstan üzərindən keçir. Bu bizim üçün əsas nəqliyyat damarıdır və bunu genişləndirmək üçün əlavə səylər də göstərilir və göstəriləcəkdir.

Bir sözlə, bizim ikitərəfli gündəliyimiz çox genişdir və bu gündəlik getdikcə genişlənir. Yeni layihələr, yeni fikirlər ortaya atılır və birgə səylərlə biz bunları həll edirik. Bunun əsas şərti və amili, əlbəttə ki, bizim ikitərəfli münasibətlərimizdir. Bizim münasibətlər deyə bilərəm ki, bütün qonşular üçün nümunə ola bilər. Çünki onlar qarşılıqlı hörmət, qarşılıqlı inam, ortaq mənfəət, qarşılıqlı maraqlar, dostluq və qardaşlıq üzərində qurulubdur. Əminəm ki, biz bundan sonra da bu yolla uğurla gedəcəyik.

Fürsətdən istifadə edərək, qardaş Gürcüstan xalqına sülh, əmin-amanlıq, firavanlıq, xoşbəxtlik arzulayıram. Dəvətə və qonaqpərvərliyə görə bir daha Sizə minnətdaram.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

01:16
29 Aprel

"Mədəniyyət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:15
29 Aprel

"Mədəniyyət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 10 aprel tarixli 384-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında 

01:14
29 Aprel

Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:14
29 Aprel

"Azərbaycan Respublikası Hökuməti ilə Qvineya Respublikası Hökuməti arasında Qvineya Respublikasında "ASAN xidmət" modelinin tətbiqi ilə bağlı əməkdaşlığa dair Saziş"in təsdiq edilməsi haqqında

01:13
29 Aprel

"Dövlət xidmətləri haqqında" Azərbaycan Respublikasının 2025-ci il 31 oktyabr tarixli 279-VIIQ nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 3 dekabr tarixli 543 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

01:12
29 Aprel

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edilməsi haqqında

01:10
29 Aprel

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında

01:09
29 Aprel

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 211 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qeyri-rezidentlərin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların bu dövlətlərin səlahiyyətli orqanlarına verilməsi Hədləri və Qaydası”nda dəyişiklik edilməsi barədə

01:08
29 Aprel

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 avqust tarixli 372 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təbii inhisar subyektlərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında”

01:07
29 Aprel

“Vahid elektron arxiv” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi və “Milli arxiv fonduna məxsus elektron sənədlərin daimi dövlət mühafizəsinə qəbulu, mühafizəsi, istifadəsi və arxiv sənədlərinin rəqəmsallaşdırılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 9 fevral tarixli 80 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:06
29 Aprel

ABŞ blokadanın başlanğıcından bəri İranla əlaqəli 39 gəmini saxlayıb  

23:46
28 Aprel

Azərbaycan və Monteneqro arasında siyasi məsləhətləşmələr: regional vəziyyət diqqət mərkəzində olub  

20:55
28 Aprel

Mingəçevirdə möhtəşəm açılış mərasimi: avarçəkmə və kanoe üzrə "Prezident Kuboku" başlayır  

20:13
28 Aprel

İşğaldan azad olunmuş ərazilərdə məşğulluq imkanlarının artırılması diqqətdədir

19:58
28 Aprel

“Instagram” yeni tətbiqini test edir

19:58
28 Aprel

Azərbaycan və BƏƏ iqtisadi və enerji sahəsində əməkdaşlığı genişləndirir  

19:48
28 Aprel

Kanadada uşaqlar üçün sosial media və çatbotlara məhdudiyyət müzakirə olunur  

19:47
28 Aprel

Gələcəyin şəhərləri: WUF13 ölkə boyu səyahət edir

19:43
28 Aprel

Türkiyədə Afina heykəli tapılıb  

19:35
28 Aprel

Xidmətin sərhədləri: “ASAN” modeli Qvineyada tətbiq olunacaq

19:29
28 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!