20 Mart 2026 08:00
175
SİYASƏT
A- A+
Bütöv Azərbaycanın Zəfər tonqalı

Bütöv Azərbaycanın Zəfər tonqalı


Düz altı ildir ki, bahar yurdumuza bir başqa ovqatla qədəm qoyur. İllərdir həsrətini çəkdiyimiz Qarabağ və Şərqi Zəngəzurda alovlanan bayram tonqalları sadəcə təbiətin oyanışını deyil, həm də milli qürurumuzun, tarixi ədalətin və böyük Zəfərin rəmzinə çevrilib.

Artıq bu yurdlarımızın başındakı duman avazıyıb, çən-çiskin dağılıb və bütöv Azərbaycan başdan-başa bayram libasına bürünüb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu elimizə, obamıza qələbə, bayram ərməğan edib. Yüz minlərlə keçmiş məcburi köçkünün Vətən yarasına məlhəm çəkilib və yurda böyük qayıdış başlayıb. 


Şuşadan Xankəndiyə


Qarabağın xilaskarı İlham Əliyev 2021-ci il martın 20-də Şuşada, Cıdır düzündə bayram tonqalı alovlandırdı. Bu, azad Şuşada qalanan ilk Novruz tonqalı olaraq yaddaşlara yazıldı. Şuşada qalanan Zəfər tonqalı birliyin, bütövlüyün və sarsılmaz iradənin sönməz rəmzi kimi tarixə çevrildi.

Dövlət başçısı həmin gün xalqımıza müraciətində bu tarixi anın əhəmiyyətini belə ifadə etdi: "Biz bu il Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd edirik. Bu, tarixi hadisədir. 2004-cü ildən başlayaraq, hər il mən Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən deyirdim ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq. Deyirdim ki, biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Deyirdim ki, biz Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edəcəyik və bu gün gəldi. Bu gün biz Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik".

2021-ci ilin martında Şuşada, Cıdır düzündə alovlanan o ilk tonqal Azərbaycanın müasir tarixinə sadəcə bir bayram hadisəsi kimi deyil, milli ləyaqətin bərpası kimi daxil oldu. Çünki bu od, atəş düşmənin "yenilməzlik mifi"nin külə çevrildiyini göstərdi, onilliklər boyu işğalın əbədiliyi barədə formalaşdırılan saxta təsəvvürlər həmin tonqalın alovu ilə yanıb yoxa çıxdı.

Tarix boyu bu torpaqlarda kök salmış Novruz ənənələri işğal dövründə zorla dayandırılmışdı. Müzəffər Ali Baş Komandanın Şuşada həmin tonqalı özü alovlandırması həm də azərbaycanlıların bu torpaqların əzəli sakinləri olmasını dünyaya bir daha nümayiş etdirdi. Gur alovlanan bayram tonqalı Azərbaycanın Şuşaya yalnız fiziki olaraq deyil, həm də dəyərləri, ruhu və kimliyi ilə qayıdışının simvolu oldu. 

2021-ci ildə Şuşada alovlandırılan bu tonqalın işığı bütöv Azərbaycana yayıldı. O, təkcə Şuşanı deyil, bütün Qarabağı işıqlandıran çırağa çevrildi. Vətən qibləmizdə qalanan o atəşin hərarəti az sonra Xankəndidə, Xocalıda və Ağdərədə... alovlanacaq qələbə tonqallarına da sirayət etdi.

Xilaskar lider İlham Əliyevin hər il azad olunmuş bölgələrimizin birində tonqal qalaması artıq müqəddəs bir ənənəyə çevrilib. 2024-cü il martın 18-də Xankəndi şəhərində alovlanan tonqal isə bütöv Azərbaycanın suverenliyinin simvolu idi. 

Həmin gün dövlətimizin başçısı Xankəndidən bəyan etdi ki, burada yerləşmiş, qanunsuz inşa edilmiş şeytan yuvası - dırnaqarası parlament binası və onun yanındakı terror təşkilatının binası fevralın 26-da sökülməyə başladı və yerlə yeksan edildi: "Separatçıların izi-tozu da qalmadı. Novruz tonqalı da son təmizləmə işlərini görür".

Ötən il isə bu xoş ənənə Ağdərənin Həsənriz kəndində davam etdirildi. 

Həmin gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdərə rayonunun Həsənriz kəndinə köçən bir qrup sakinlə görüşdülər, fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış oldular. Yurda qayıdış sevincini və buna görə yaşadığı minnətdarlıq hissini Həsənriz sakinlərindən biri həmin vaxt bu sözləri ilə ifadə etmişdi: "33 ildən sonra bizi doğma Vətənə, ata-baba yurduna qaytarmağınız bizim üçün böyük səadətdir, eyni zamanda elimiz-obamız üçün yeni həyatın başlanğıcıdır...

...Sizin komandanlığınız altında Azərbaycan Ordusu cəmi-cümlətanı 23 saata işğala son qoymuşdur. Çox sağ olun, cənab Prezident, Siz Azərbaycan xalqının, o cümlədən dövlətimizin gücünü dünyaya bəyan etdiniz".


Doğma ocağın hərarəti 


Zəfər salnaməmizin növbəti bayram səhifəsi bu il Xocavənd rayonunun Xanoba kəndində yazıldı. Martın 18-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xanobada fərdi evlərin bərpası və infrastruktur işləri ilə tanış olaraq, kənd sakinləri ilə bir araya gəldilər.

Bu görüş doğma ocağa qayıdan insanların sevincinə şərik olmağın dövlət-xalq birliyinin növbəti nümayişi idi. Dövlətimizin başçısı kənddə məskunlaşmış Bəybalı Qasımovun evinə baş çəkərək qonaq oldu. Bir vaxtlar göz yaşları ilə yurdundan ayrılan insanların indi öz yeni, abad evlərində ölkə rəhbərini qarşılaması Böyük qayıdışın ən təsirli mənzərələrindən biri idi.

"Cənab Prezident, 1992-1993-cü illərdə buradan göz yaşları içində ayrılmışdıq, amma indi sevinc hissi ilə qayıtdıq - Sizin, liderliyinizin, "dəmir yumruğ"unuzun və ordumuzun qüdrətinin sayəsində geri döndük. Allah şəhidlərimizin ruhlarını şad etsin, qazilərimizə cansağlığı versin", - deyə Xanoba sakinlərindən biri öz sevinc və minnətdarlıq hisslərini bu təsirli sözlərlə ifadə etdi.

Sakinlərlə səmimi söhbət zamanı dövlət başçısı vurğuladı ki, ən əsası odur ki, siz doğma Qarabağ torpağına qayıtmısınız: "Bu bölgənin işğalçılardan azad edilməsindən iki il keçib - Xanoba kəndi 2023-cü ilin sentyabrında azad edilib və bərpa işləri dərhal başlayıb. Evlər yenidən tikilib, bütün lazımi şərait yaradılıb. Şanlı Qələbəmiz illərdir ki, qürur mənbəyidir. Novruz bayramını Qarabağda altıncı ildir qeyd edirəm. İlk dəfə 2021-ci ildə olmuşdu və o vaxtdan bəri hər il Novruz ərəfəsində Qarabağdayam və birlikdə burada Novruz tonqalını yandırırıq. Bu, böyük sevincdir".

Prezident İlham Əliyevin Xanoba sakinləri ilə birlikdə Novruz tonqalını yandırması isə xüsusi rəmzi məna daşıyırdı. Bu tonqal həm də 2023-cü ilin sentyabrında tam azad olunan Qarabağın yenidən doğuluşunun, quruculuğunun müjdəçisi idi. 

Dövlət başçısının Xanobadan bildirdiyi kimi: "Xoşbəxt yaşayın, bu dəfə sülh, əmin-amanlıq və təhlükəsizlik içində. İndi yaratmaq və qurmaq vaxtıdır". 

 

Bayramın mübarək, Vətən!


Bu gün Qarabağda və Şərqi Zəngəzurda şölələnən tonqallar həm də Ulu Öndər Heydər Əliyevin vaxtilə ifadə etdiyi böyük inamın gerçəyə çevrilməsidir. 1998-ci ildə Ümummilli Lider məcburi köçkünlərlə görüşündə uzaqgörənliklə deyirdi: "Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə gələcəyəm Şuşada, o biri il Laçında... keçirəcəyik. Əminəm ki, belə də olacaqdır".

Bu gün həmin vəsiyyət icra olunub. Qarabağ azaddır və artıq burada yenidən həyat qaynayır. Ərazilərimiz işğaldan azad ediləndən dərhal sonra Prezident İlham Əliyevin şəxsi diqqəti və nəzarəti altında burada genişmiqyaslı quruculuq işlərinə başlanılıb, sürətli Böyük qayıdışa start verilib. 

Düz altı il bundan əvvələ qədər bayram günlərində Tanrıdan yalnız bir istək diləyərdik: gələn il Novruzu Qarabağda qeyd edək. Artıq saf diləklərimizin çin olduğu xoşbəxt günləri yaşayırıq.

Otuzillik ağrı-acıdan sonra azad torpaqlarımızda yaradılış rəngi olan zümrüd rəngi hakimdir. Xankəndidən Bakıya, Şuşadan Qubaya, Laçından Astaraya qədər bütün Azərbaycanda çatılan Zəfər tonqallarının işığı qəlbimizə rahatlıq yayır.

Bayramın mübarək, bütöv Azərbaycanım, sənə zəfər yaraşır!


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!