20 Mart 2026 08:50
142
Mədəniyyət
A- A+
Bənövşənin döydüyü qapı

Bənövşənin döydüyü qapı


Novruz şəffaflığın, inancların, inamın bayramıdır. Ölkəmizin hər yerində olduğu kimi, Siyəzəndə  Baharı  xüsusi şövqlə qeyd edirlər. Burada keçirilən adətlərin çoxunun min illərlə yaşı vardır. 

Multikultural dəyərlərə söykənən vətənimizdə yaşayan bütün azsaylı xalqlar Novruzu müxtəlif adətlərlə qarşılasalar da, hamısı Azərbaycan ənənələrinə söykənir. Siyəzənin  Sədan kəndində yaşayan tatlar martın əvvəlindən bayrama hazırlaşar. Kəndin hər evində təmizlik işlərinə başlanar. Ağaclar əkilər, budanar, olanlar kəsilər. Demək olar ki, hər həyətdə qurbanlıq bir quzu seçilər ki, onu bayramda kəsərlər. Əvvəl onu yaxınlara paylayar, qalanını bozbaş bişirib 7 evə göndərərlər.

Hər çərşənbədə kənd kitabxanasının həyətində Sədanın tarixini yaşadan, arxeoloji qazıntılardan tapılan eksponatların sərgisi təşkil edilər. Kəndin ağsaqqalları deyir ki, hər kəs yaşadığı yerin, ölkənin tarixini bilməlidir. Elə tonqal da orada qalanar və demək olar ki, bütün kənd oraya topalaşar. 

Hələ çərşənbələrdə kəndin bir evini seçərlər ki,  halvanı orada bişirsinlər. Sonra hərə bayram halvasını hazırlamaq üçün nə lazımsa alar və həmin evə göndərərlər. Torpaq çərşənbəsinin ertəsi kəndin yaşlı qadınları yığışıb həmin halvanı bişirməyə başlar. Səmənidən hazırlanan halva bayram başlamamışdan kənddə bütün evlərə paylanar. Sonra papaqatdı başlayar və kəndin qapıları döyülər;

Əzizim bənövşədi,

Qonağın bənövşədi,

Döydük sənin qapını,

Elə bil bənövşədi.

Kənddə bənövşəni o qədər sevirlər ki, yazın gəlişini onunla ölçərlər. Bayram və çərşənbələrdə yaxınlıqda yerləşən kəndlərə at sürüb yarışarlar. Bir də Novruz adətlərindən olan xoruz döyüşdürülməsi burada xüsusi qeyd edilir. Sonra şeir və bayatı yarışması başlar;

Suyunu artıq eylə,

Odunu ilıq eylə,

Bahar gəzsin dolansın,

Yerini bolluq eylə. 

Bayram axşamı respublikamızın müxtəlif bölgələrində yaşayan sədanlılar kəndə gələr, tonqal ətrafında əyləşər və çalışıb səhəri bir yerdə açarlar. Sonra qonaqlıqlar başlayar, bir-birinin evini ziyarət edərlər. Beləcə, dağlar qoynunda Bahar öz xoş günlərinə başlar. 


Amin   MURADZADƏ,

Qarabağ Universitetinin tələbəsi, 

Siyəzənin Sədan kənd sakini

Digər Xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!