20 Mart 2026 08:55
137
Mədəniyyət
A- A+
Əsrlərdir "repertuar"dan düşməyən Novruz tamaşaları

Əsrlərdir "repertuar"dan düşməyən Novruz tamaşaları


Sevincini yaşadığımız bütün bayramlar özünəməxsus rəmzləri, şənlikləri, dillərdə dolaşan sözləri, mahnıları və maraqlı oyunları, tamaşaları ilə qəlblərdə, ürəklərdə xoş təəssüratlar oyadır. Bu baxımdan, xalqımızın böyük sevinclə qeyd etdiyi bayramlardan biri də Novruzdur. Hər il Novruz bayramı ilk qədəmlərini atanda sanki həyat yenidən doğulur, yenidən başlayır. 

Yəqin elə buna görədir ki, hələ qədim zamanlardan müdriklər martı təbiətin oyanış, dirçəliş ayı da adlandırıblar. Çünki bu ayda torpaq isinir, çayların, göllərin buzu əriyir, qış aylarında dağların başını ağ örpəyə bürüyən qar görünməz olur. Su kənarlarında cücərib yaşıllaşan otlar səmaya boylanır, Günəşlə salamlaşır. Beləcə, təbiət oyanır, yavaş-yavaş xalqımızın sevimli bayramı olan Novruz gəlir. Novruz gəlişi ilə insanlara sevinc, fərəh bəxş edir, yaşamaq həvəsini artırır. 

Yaddaşımızda özünə dərin yer eləmiş Novruz dəyərli hikmətləri, adət-ənənələri, milli oyun və rəqsləri ilə xalqımızın sevimli bayramıdır. Bu bayram münasibətilə bütün bölgələrdə müxtəlif mərasimlər, şənliklər, oyunlar keçirilir, xalq tamaşaları göstərilir. Belə oyunların və tamaşaların içərisində ən maraqlısı hamımızın dönə-dönə baxdığı "Kosa-kosa"dır. Bu oyun o qədər ürəyimizə, qəlbimizə yatıb ki, Novruz bayramı sözünü dilimizə gətirəndə ilk yadımıza düşən, gözlərimiz qarşısında canlanan səhnələr Kosa ilə Keçəlin məzhəkəli oyunları, bir-birilə deyişməsi, yumurta döyüşmələri olur. Bu obrazlar yadımıza düşəndə özümüzdən asılı olmadan çöhrəmizə təbəssüm qonur.

Bir-birindən üstün olduqlarını göstərməyə çalışan Kosa və Keçəl  ətrafına toplaşmış insanlar qarşısında məzəli oyunlar nümayiş etdirir, gülüş doğuran lətifələr danışır, yumurta döyüşdürür, maraqlı hərəkətlər edir, şeir söyləyir, mahnı oxuyurlar. Bütün bu söhbətləri, sözləri, mahnıları və hərəkətləri ilə bir növ bacarıqlarını göstərirlər. Bu maraqlı oyuna qatılanlar qurd, tülkü, çaqqal qılıqlarına girirlər. Zirək və hazırcavab bir nəfərə kürkü tərsinə geyindirirlər, üzünü unlayır, başına motal papaq qoyur, ayaqlarının altına ayaqqabı formasında ağac sarıyırlar. Boynuna zınqırov salır, paltarının altından qarnına yastıq bağlayır, bir çömçəni qırmızı bəzəyib əlinə verir və qapı-qapı gəzdirib, oynada-oynada pay yığırlar. Kosanı gəzdirənlər dillər əzbəri olan bu mahnını oxuyurlar:

Ay kos-kosa, gəlsənə,

Gəlib salam versənə.

Çömçəni dolursana,

Kosanı yola salsana.

Dinləyənlərdə şən ovqat yaradan mahnı başa çatan kimi "kosa öldü", - deyib yerə yıxılır. Bu zaman ətrafına toplaşanlar ona müxtəlif suallar verirlər. Kosa da onların suallarını cavabsız qoymur:

- Kosa, haradan gəlirsən?

- Dərbənddən.

- Nə gətirmisən?

- Alma.

- Almanı neylədin?

- Satdım.

- Pulunu neylədin?

- Öküz aldım.

- Öküzü neylədin?

- Vurdum, öldü.

Novruz yurdumuza qədəm qoyduğu ilk günlərdən Kosa ilə Keçəlin qapı-qapı gəzib hər evə, hər ocağa şənlik yaşatması yalnız böyüklərin deyil, uşaqların da böyük sevincinə səbəb olur. Onlar üz tutduqları hər evə, hər həyətdə sevinclə qarşılanır, gülərüzlə yola salınır. Əsrlərdən bəri yol gələn bu personajlar getdikləri evlərə xeyir, bərəkət gətirər. 

Məlumdur ki, "Kosa-kosa" oyunu hələ sovet hökumətinin qadağalarının tüğyan etdiyi zamanlarda filmlərimizə də ayaq açmışdı. Yəqin ki, tamaşaçılar "Yeddi oğul istərəm" filmindəki həmin səhnəni xatırlayırlar. Keçəllə Kosanın bu filmdə nümayiş etdirilməsi xalqımızın Novruz adətlərinə, xalq tamaşalarına olan sevgisindən qaynaqlanırdı.

Bəzi mənbələrdə göstərilir ki, torpağa ana bətni kimi baxan qədim insanlar düşünürmüşlər ki, onu daha da məhsuldar etmək üçün "Kosa-Kosa"ya oxşar oyunları ev və həyətlərlə yanaşı, əkin yerlərində, tarlalarda da oynamaq yaxşı nəticə verər. Onda torpaq daha tez canlanar, çox məhsul verər, el-obada bolluq yaranar. İnsanların dolanışığı daha da yaxşılaşar, firavanlıq içində yaşayar. 

"Kosa-kosa" oyunları ilə yanaşı, Novruz bayramının davam etdiyi günlərdə lap qədimlərdən "Motal-motal", "Qurd basdı", "Çövkən", "Cızıq turnası", "Gizlənpaç", "Oğru-oğru", "Şuma qədər", "Aşıq-aşıq", "Qoz-qoz", "Pul-pula", "Zorxana", "Sino", "Mil", "Qəpəq", "Fincan-fincan", "Bənövşə", "Dirədöymə", "Çalabaşı", "Yelləncək", "Maral oyunu", "Kilimarası",  "Kəndirbaz", "Sim pəhləvan", "Masqara", "Gözübağlıca", "Cıdır" və başqa oyunlar, tamaşalar həm uşaqlarda, həm də böyüklərdə xoş ovqat yaradır. Bu xalq oyunları və tamaşaları əsrlərin dərinliklərindən yol gələ-gələ bu günümüzə çatıb. Bu gün də Novruz bayramında hamı həmin tamaşalara, oyunlara böyük maraqla baxır. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan" 

Digər Xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!