20 Mart 2026 09:50
186
Mədəniyyət
A- A+
Novruz dünyada...

Novruz dünyada...


Yazın gəlişi ilə əlaqələndirilən Novruz müxtəlif ölkələrdə fərqli adət və mərasimlərlə qeyd olunsa da, onun əsas mahiyyəti hər yerdə eynidir: həyatın yenidən başlanğıcı, ümid və bərəkət.

Novruz ərəfəsində qeyd olunan dörd - su, od, yel və torpaq çərşənbələri təbiətin mərhələli oyanışını simvolizə edir. İnsanlar bu günlərdə tonqallar qalayır, arzular tutur və köhnə ilin çətinliklərini geridə qoyduqlarına inanırlar. Bayram günlərində uşaqların papaq atması, gənclərin müxtəlif fallara çıxması və ailələrin bir araya gələrək birlikdə vaxt keçirməsi bu ənənənin sosial bağları gücləndirən tərəfini ön plana çıxarır.

Bahar bayramına hazırlıq həftələr öncədən başlayır. Ev-eşik təmizlənir, həyətlər abadlaşdırılır, süfrələr üçün müxtəlif şirniyyatlar hazırlanır. Azərbaycanda bayram süfrəsinin əsas bəzəyi olan səməni isə həyatın, dirçəlişin və bolluğun rəmzi kimi xüsusi yer tutur. Paxlava, şəkərbura, qoğal və digər milli təamlar bu günlərin əvəzolunmaz nemətləridir. İnanclara görə isə hər şirniyyat bir səma cisminə bənzəyir. Məsələn, qoğal günəşi, şəkərbura ayı, paxlava ulduzları tərənnüm edir. Təbii ki, bunlarla yanaşı, müxtəlif bölgələrdə bayramda digər şirniyyatlar da bişirirlər. Hər bayramın, xüsusi günlərin atributları olduğu kimi, Novruz deyəndə də şirniyyatlarla birlikdə ağıla gələn Kosa və Keçəldir. Keçəl qışın, Kosa isə yazın müjdəçisidir.  Bu günlərdə bayramla əlaqəli keçirilən bütün tədbirlərdə Kosa və Keçəl personajlarına rast gəlmək mümkündür. Bundan başqa, bayram şənliklərində Bahar qız da xüsusi rola malikdir. Bahar qız geyimi, üzündəki təbəssüm ilə yazın gəlişindən, təbiətin, ağacların çiçəklənməsindən xəbər verir.  

Hər bir xalq Novruz bayramına öz mədəni xüsusiyyətlərini də qataraq onu daha da rəngarəng edir. Türkmənistanda bu bayram dövlət səviyyəsində qeyd edilir. Bayram iki gün, yəni martın 21-i və 22-sində keçirilir. Türkmənlər həm də mart ayını Novruz adlandırırlar. Bayramdan əvvəl evlər və həyətlər səliqəyə salınır, süfrələr üçün müxtəlif milli yeməklər hazırlanır. Türkmənlər inanırlar ki, bayram günü süfrə nə qədər zəngin olarsa, il də bir o qədər bərəkətli keçər. İnsanlar bir-birinə qonaq gedir, şirniyyat və quru meyvələr paylaşırlar. Bayramın simvolik obrazları olan Novruz baba və Bahargül xalq arasında xüsusi sevgi ilə qarşılanır. Gün ərzində şəhərlərdə kütləvi tədbirlər keçirilir, axşam isə konsert proqramları təşkil olunur.

Qırğızıstanda da bahar bayramı böyük sevinc və coşqu ilə qeyd edilir. Bu ölkədə mart ayı ümumilikdə bayram ayı kimi qəbul olunur. Əvvəllər bu ölkədə bayram günlərində doğulan uşaqlara Novruzla bağlı adlar verilməsi ənənəsi mövcud olub. Qırğızların bayram süfrəsində xüsusi yer tutan yeməklərdən biri səməni, yağ və şəkərdən hazırlanan şirin təamdır. İnsanlar bayram günündə yeni geyimlər geyinir, evlərini səliqəyə salır və küsülülər barışır. Qırğızlar üçün Novruz həm də idman  oyunları ilə zəngin bir bayramdır. At üstündə keçirilən yarışlar, cıdır oyunları və digər milli yarışlar bayramın ayrılmaz hissəsidir. 

Türkiyədə Novruz fərqli bölgələrdə müxtəlif formalarda qeyd olunur. Bəzi yerlərdə bu bayram yazın ilk günü kimi qəbul edilir və təbiətin oyanışı ilə əlaqələndirilir. İnsanlar açıq havaya çıxır, gəzintilər təşkil edir və bir-birini təbrik edirlər. Bəzi bölgələrdə su ilə bağlı rituallar həyata keçirilir, insanlar təmizlənmə və yenilənmə niyyəti ilə su mənbələrinə üz tuturlar. Digər yerlərdə isə ağacların qorunması məqsədilə onlara parçalar bağlanır. Mart ayının ilk günlərinin ilin necə keçəcəyinə təsir etdiyinə inanılır və bu günlərə xüsusi diqqət yetirilir.

Qazaxıstanda Novruz "Naurız" adı ilə tanınır və yazın doğulması mənasını verir. Bu ölkədə bayramın əsas simvolu yeddi komponentdən ibarət xüsusi yeməkdir. Bu yemək həyatın müxtəlif elementlərini - sağlamlıq, bolluq və uğuru təmsil edir. Qazaxlar bayram günündə yeni paltarlar geyinir, qonaq gedir və bir-birinə xoş arzularını bildirirlər. Ənənəyə görə, hər kəs yeddi evə qonaq getməli və öz evində də qonaq qəbul etməlidir. Axşam saatlarında isə xalq sənətçiləri arasında deyişmələr keçirilir və bu, bayramın ən maraqlı anlarından biri sayılır.

Özbəkistanda Novruz daha çox kulinariya ənənələri ilə seçilir. Bayram süfrəsində müxtəlif yeməklər hazırlanır, lakin onların arasında xüsusi yer tutan təam uzun müddət bişirilən şirin yeməkdir. Bu yeməyin hazırlanması kollektiv şəkildə həyata keçirilir və qadınlar bu proses zamanı mahnılar oxuyur, şənlik yaradırlar. Bayram günlərində həmçinin milli oyunlar təşkil olunur. Atlıların iştirak etdiyi yarışlar və müxtəlif güc sınaqları bu bayramın əyləncəli tərəfini daha da zənginləşdirir.

İranda Novruz hazırlıqları bayramdan həftələr əvvəl başlayır. İnsanlar evlərini təmizləyir, bu ənənə "xane-təkani" adlanır və köhnədən, pis enerjidən arınmanı ifadə edir. Novruz gecəsi ailələr bir araya toplaşır, birlikdə süfrə açır və yeni ilin ilk anlarını qeyd edirlər. Bayram günlərində insanlar qohum-əqrəbanı ziyarət edir, uşaqlara hədiyyələr və bayram payları verilir. İranda Novruz şənliklərinin ən maraqlı mərhələlərindən biri "Çaharşənbə Suri"dir. Bu mərasimdə insanlar tonqal üzərindən tullanaraq "ağrım-acım odda qalsın" deyə niyyət edirlər. Bu, təmizlənmə və yenilənmə rəmzi kimi qəbul olunur. Novruzdan sonrakı 13-cü gün isə "Sizdəh Bedər" qeyd edilir. Həmin gün insanlar təbiət qoynuna çıxır, piknik edir və səmənini axar suya buraxaraq köhnə ilin uğursuzluqlarından qurtulmağa çalışırlar.

Tacikistanda bahar şənliyi bir neçə gün davam edir. Bayramın əsas xüsusiyyətlərindən biri uşaqların evlərə gedərək pay toplamasıdır. Onlar yaz çiçəkləri ilə ev sahiblərini təbrik edir və qarşılığında şirniyyat, yumurta və ya pul alırlar. Bu həm uşaqların sevincini artırır, həm də insanlar arasında paylaşma ənənəsini gücləndirir. 

Novruz müxtəlif xalqlar arasında fərqli formalarda qeyd olunsa da, onun əsas ideyası dəyişməz qalır. Bu bayram insanlara yenidən başlamaq, keçmişin ağırlıqlarını geridə qoymaq və gələcəyə ümidlə baxmaq imkanı verir. Hər bir xalq Novruzu öz adət-ənənələri ilə zənginləşdirərək onu daha da rəngarəng edir və bu, ümumbəşəri dəyəri qoruyub saxlayır. Novruzun yaşadılması isə yalnız keçmişə hörmət deyil, həm də gələcək nəsillərə ötürüləcək mənəvi mirasın qorunması deməkdir.


Ülkər XASPOLADOVA,

 "Azərbaycan"

Digər Xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!