Bu Novruz günlərində ölkəmizin hər tərəfində sevinc-qürur duyğulu ovqat yaşanır. Bir yandan da erməni işğalından azad edilmiş dədə-baba yurdumuza köç karvanlarını görəndə ürəyimiz dağa dönür. Şuşada, Xankəndidə, Ağdamda, Xocalıda, Kəlbəcərdə, Füzulidə, Cəbrayılda, Zəngilanda, Laçında, Qubadlıda, bir sözlə, külli Qarabağda və Şərqi Zəngəzurda yanan Novruz tonqalları, şamları, şənlikləri dünyanın hansı guşəsində yaşamasından asılı olmayaraq, Azərbaycansevərlərdə xoş duyğular oyadır.
Bunun başlıca səbəbi Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və Milli Ordumuzun şücaəti sayəsində 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsində Azərbaycan torpaqlarının 30 illik erməni işğalından azad edilməsidir. Qəsbkar erməni tapdağından xilas olmuş dədə-baba torpaqlarımızda çiçək açan adi bir gül də, tumurcuq bağlayan ağac da, aləmi al-yaşıla bürüyən çəmən də, çiçək də, bir sözlə, yer də, göy də sevinc içindədir. Bu sevincin, bu azadlığın qüruru Azərbaycan-Ermənistan şərti sərhədində, ümumiyyətlə, sərhəd bölgələrimizdə hərbi hissələrdə dalğalanan üçrəngli bayrağımızın müşayiəti altında bayram tonqallarının şaxə qalxan dillərində daha əzəmətli, daha möhtəşəm hiss olunur.
Çoxmillətli ölkəmizin bütün bölgələrinə Novruz həm də təmizlik, abadlıq gətirir. Bayramacan hər yerdə səliqə-sahman, təmizlik işləri aparılır, abadlıq tədbirləri görülür. Bu bayramın bir yaxşı tərəfi də Novruz günlərində Heydər Əliyev Fondunun dəstəyi və yerlərdə şəhər, rayon icra hakimiyyəti aparatı nümayəndələrinin iştirakı ilə Vətən müharibəsi iştirakçılarının, şəhid ailələrinin, qazilərin, kimsəsiz və imkansızların qapısı döyülür, onlara bayram təbrikləri və Novruz sovqatları çatdırılır.
Bu sovqatların ən önəmli atributlarından biri səmənidir. Səməni bayram ərəfəsində dənli bitkilərdən cücərdilir. Bayram boyunca demək olar ki, bütün süfrələrdə səməni olur. Səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin, təbiətin, həyat və bolluğun rəmzi, baharın ilk müjdəçilərindən hesab olunur. Novruzda papaq atmaq, qulaq falına çıxmaq, tonqaldan tullanmaq, yumurta döyüşdürmək də qədim ənənələrdən sayılır.
Novruzun bir rəmzi də boyanmış yumurtadır. Yumurtanın ağ, göy, yaşıl, qırmızı boyanması hələ nənə-babalarımızdan dörd fəslin rəmzi, əmin-amanlıq kimi yozulur. Novruzda həmçinin xüsusi şirniyyatlar, o cümlədən qoğal, şəkərbura, paxlava bişirilir.
Novruz şənliklərinin əsas personajları təbii ki, Kosa və Keçəldir. Onların oyunbazlığı bayrama xüsusi ovqat verir. Kosa və Keçəl obrazları qışla yazın mübarizəsini əks etdirir. Kosa torpağın rəmzidir, qışla yazın arasında nə qədər mübarizə getsə də, nəticədə Kosa - torpaq ölmür, dirilir, təbiət oyanır. Axı hər şeydən əvvəl bu şənlik əkinçilik bayramını əks etdirmək üçündür. Onu da qeyd edək ki, çox qədim mənbələrdə Novruz mərasimi ilə bağlı bu obrazlardan istifadə olunub. Onlar qədim zamanlarda açıq havada keçirilən meydan tamaşalarını daha baxımlı ediblər. Bu personajlar barədə tanınmış pedaqoq və teatr xadimi, Xalq artisti Hüseynqulu Sarabski "Köhnə Bakı" əsərində də yazıb.
Folklorşünasların açıqlamalarına görə, yaşıl libaslı Bahar qız bayram atributlarına edilmiş son əlavələrdən biridir. O, bayram rəmzlərini daha da genişləndirib. İdeoloji təbliğat və Qar qıza uyğun olaraq belə bir personajı əvəzləyən və yazın gəlişini ifadə edən Bahar qız Novruz rəmzlərində məmnunluq doğuran yenilikdir.
Rəhman SALMANLI,
"Azərbaycan"