20 Mart 2026 08:35
152
Elm və texnika
A- A+
Amalı elmə, insan sağlamlığına və cəmiyyətə xidmətdir

Amalı elmə, insan sağlamlığına və cəmiyyətə xidmətdir


XX əsr xalqımızın tarixində yalnız mühüm siyasi və ictimai dəyişikliklərlə deyil, həm də elmi-intellektual yüksəlişlə yadda qalmışdır. Məhz həmin dövr Azərbaycanda müxtəlif elm sahələri sürətlə inkişaf etmiş, cəmiyyətin tərəqqisini təmin edən nüfuzlu alimlər nəsli yetişmişdir. 

Belə bir yüksəliş Azərbaycan tibb elmindən də yan keçməmişdir. Ötən əsrin 70-80-ci illərində Azərbaycan onkologiya məktəbinin formalaşmasında və sonrakı inkişafında mühüm rol oynamış alimlər nəslinin parlaq nümayəndələrindən biri də Azərbaycan Respublikasının Prezidentinin Xüsusi Tibb Xidmətinin rəisi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi Cəmil Əziz oğlu Əliyevdir. 


Uzun illərdən bəri tanıdığım alim


Cəmil Əliyev Azərbaycan Dövlət Tibb İnstitutunun 1968-ci il məzunlarındandır. Ali təhsilini başa vurub həkim kimi fəaliyyətə başladıqdan sonra bir müddət o, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Onkologiya kafedrasında baş laborant kimi çalışmışdır. O illər həmin kafedraya Azərbaycanın tanınmış onkoloqlarından olan professor Arif Abbasov rəhbərlik edirdi. Cəmil Əliyev öz elmi fəaliyyətinin ilk addımlarını məhz onun rəhbərliyi altında atmışdır.

Bizim dostluğumuz da elə həmin illərdə başladı. O vaxt mən Bakı Şəhər Kliniki Onkologiya Xəstəxanasının Cərrahiyyə şöbəsinə rəhbərlik edirdim. Elmi fəaliyyətim və peşəkar planlarımla bağlı tez-tez professor Arif Abbasovun yanına məsləhət almağa gəlirdim. Elə Cəmil müəllimlə tanışlığımız da ustadımız Arif Abbasovun ətrafında formalaşan münbit elmi mühitdə baş tutdu. Professor qəfil vəfatı ilə hamımızı sarsıtsa da, yaratdığı elmi mühit, davamçıları arasında qurduğu qırılmaz münasibətlər zaman keçsə də, davam etdi. 

Onda Cəmil Əliyev "Alt dodağın dərisinin və ağız boşluğunun selikli qişasının xərçənginin diaqnostika və müalicəsi" mövzusunda namizədlik dissertasiyası üzərində çalışırdı. Görüşlərimiz zamanı tez-tez elmi mövzularımız barədə fikir mübadiləsi aparırdıq. Bu müzakirələr hər ikimiz üçün faydalı olurdu.

1973-cü ildə Cəmil Əliyev 25 yaşında namizədlik dissertasiyasını vaxtından əvvəl uğurla müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsini aldı. Bundan sonra isə elmi fəaliyyətini daha da inkişaf etdirmək məqsədilə Moskvaya - SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Onkoloji Elmi Mərkəzinin doktoranturasına qəbul olunmaq qərarı verdi. 


Moskva xatirələri


Cəmil müəllim təhsilini Moskvada davam etdirməyə başlayanda artıq mən də həmin Elmi Mərkəzin aspiranturasına qəbul olunmuşdum. Beləliklə, Cəmil Əliyevlə Bakıdan başlayan ünsiyyətimiz Moskvada da davam etdi. 1974-1978-ci illərdə eyni elmi mərkəzdə bərabər çalışmağımız hər ikimiz üçün həm faydalı, həm də xoş bir mərhələ oldu. 

Cəmil Əliyev doktorluq dissertasiyası üçün "Dərinin melanoması və xərçəngi zamanı plastik cərrahiyyə əməliyyatları" mövzusunu seçmişdi. Onun elmi rəhbərləri bu sahə üzrə SSRİ miqyasında tanınmış alimlər - akademiklər N.N.Bloxin və N.N.Trapeznikov idi. Belə nüfuzlu alimlərin rəhbərliyi altında aparılan tədqiqatlar Cəmil müəllimin alim kimi formalaşmasına əhəmiyyətli təsir göstərirdi.

Biz Ümumittifaq Onkoloji Elmi Mərkəzin yataqxanasında ailələrimizlə birgə yaşayırdıq. Hər birimizin ailəsində 2 körpə böyüyürdü. Yaşadığımız yataqxana ilə iş yerimiz arasında uzun bir yol vardı. Yataqxana şəhərin kənarında yerləşirdi və ora nəqliyyat vasitəsi demək olar ki, işləmirdi. Bu səbəbdən hər gün həmin məsafəni piyada qət etməli olurduq. Belə çətin, eyni zamanda maraqlı günlərdə onun nikbinliyi və zarafatcıl təbiəti yolumuzu qısaldırdı. Cəmil müəllimin yerində olan incə yumoru, şən ruhu bir çox çətinlikləri sanki görünməz edirdi.

Xarakterinə uyğun olaraq Cəmil Əliyev heç vaxt asan yol axtarmağa, hansısa vasitələrlə işi yüngülləşdirməyə çalışmır, nəticələrin maksimumuna can atırdı. Qarşısına çıxan çətinliklər onu qorxutmur, əksinə, daha qətiyyətli edirdi. 


Ailə ocağından gələn dəyərlər


Cəmil Əliyevin gənc yaşlarında özündə bu qədər möhkəm xarakter formalaşdırması, dözümlülüyü və iradəsi ilə yanaşı, sadəliyi, səmimiyyəti və təvazökarlığı insanı heyran edirdi. Bu keyfiyyətlərin təsadüfi olmadığı dərhal sezilirdi. Onların kökü daha dərində - ailə tərbiyəsində və mənəvi mühitdə idi. Cəmil müəllimi böyüdən, ona həyat yolu göstərən ailənin daşıdığı əxlaqi dəyərlər şəxsiyyətində aydın hiss olunurdu. Onun ailəsini və doğmalarını yaxından tanıyan biri kimi əminliklə deyə bilərəm ki, Cəmil Əliyevin bir ziyalıya və alimə xas ən gözəl xüsusiyyətlərinin qaynağı məhz həmin sağlam mənəvi mühitdən gəlir. O, Azərbaycanın görkəmli ictimai-siyasi xadimlərindən biri, səhiyyə sisteminin və tibb elminin inkişafında böyük xidmətləri olan, yüksək mənəvi keyfiyyətləri ilə seçilən Əməkdar həkim Əziz Əliyevin və əsl Azərbaycan xanımına xas xüsusiyyətlərə malik Leyli xanımın ailəsində böyüyüb boya-başa çatmışdı. Belə bir ailə ocağında yetişən övladların hər biri sonradan öz sahələrində yüksək nüfuz qazanaraq respublikamızın qürur mənbəyinə çevrildilər. 

Cəmil müəllimin qardaşı tanınmış terapevt-alim, professor Tamerlan Əliyevdir. Bacılarından biri dünyaşöhrətli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyeva, digəri isə Azərbaycanın ilk peşəkar rabitə mütəxəssislərindən olan Əməkdar rabitəçi Dilbər xanım Əliyevadır. Həmçinin görkəmli oftalmoloq-alim Ləzifə xanım Əliyeva və Əməkdar incəsənət xadimi, tanınmış musiqiçi Gülarə xanım Əliyeva da bu ziyalı ailəsinin cəmiyyətimizə bəxş etdiyi dəyərli şəxsiyyətlərdəndir. Onların hər biri ailədən aldıqları tərbiyə, mənəvi işıq və fitri istedadları sayəsində öz sahələrində yüksək peşəkarlıq zirvəsinə yüksəlmiş, Azərbaycanın ziyalı mühitində dərin izlər qoymuşlar. Belə bir mühitdə yetişən Cəmil Əliyevin də mənəvi saflığı, əməksevərliyi və elmə bağlılığı məhz həmin ailə ocağının verdiyi dəyərlərdən qaynaqlanır.

Cəmil müəllim gərgin iş qrafikinə, elmi fəaliyyətin çoxluğuna və üstəlik, ailə qayğılarına baxmayaraq, tez-tez keçmiş SSRİ-nin müxtəlif şəhərlərinə səfərlər edir, tədqiqatları üçün zəngin materiallar toplayırdı. Xüsusilə Tacikistan həmin dövrdə dəri xərçənginə daha çox rast gəlinən bölgələrdən biri sayıldığından, o, elmi ezamiyyətlərinin bir hissəsini məhz bu respublikaya həsr etmiş və dissertasiya materiallarının əhəmiyyətli qismini oradan toplamışdır.

Onu ən çox ruhlandıran isə əldə etdiyi elmi nəticələr idi. Həftələrlə uzaq bölgələrdə qalmaq, müxtəlif yerlərdə xəstələrlə işləmək və faktiki material toplamaq kimi çətinliklərə baxmayaraq, bu işin verdiyi mənəvi məmnunluq bütün yorğunluğunu unutdururdu. Cəmil həkim tez-tez deyirdi ki, araşdırmalar zamanı tapdığı yeni nəticələr və elmi kəşflər bütün əziyyətləri götürür. Hələ gənclik illərindən o, həyat və fəaliyyətinin mənasını zəhmətdə, cəmiyyət üçün faydalı olmaqda görürdü.


Nadir tədqiqatçı


Cəmil Əliyev elmi axtarışlarını praktiki fəaliyyətlə uğurla uzlaşdırmağı bacaran nadir alimlərdəndir. O, aktiv tədqiqat fəaliyyəti ilə yanaşı, cərrahi praktikadan da ayrılmır, mütəmadi olaraq əməliyyatlar apararaq peşəkar bacarıqlarını daha da təkmilləşdirirdi. Bu sahədə qazandığı təcrübə onun elmi baxışlarının da zənginləşməsinə mühüm təsir göstərirdi.

Podolsk Mərkəzi Xəstəxanası Ümumittifaq Onkoloji Elmi Mərkəzinin əsas kliniki bazalarından sayılırdı. Həmin xəstəxanada cərrahiyyənin müxtəlif istiqamətləri üzrə əməliyyatlar aparılır, onkologiya sahəsində praktik müdaxilələrin böyük hissəsi orada həyata keçirilirdi. Xəstələrlə bağlı hər səhər keçirilən müzakirələr isə bizim üçün əsl məktəb idi. Həmin "beşdəqiqəlik" adlanan toplantılar hər birimizin peşəkar inkişafına böyük töhfə verirdi. Qısa sürməsinə baxmayaraq, bu müzakirələrdən hər dəfə yeni bilik və təcrübə qazanaraq ayrılırdıq. Buna görə də çalışırdıq ki, heç birini qaçırmayaq.

Cəmil Əliyevin peşəkar cərrah kimi formalaşmasında Podolsk Mərkəzi Xəstəxanasında keçən həmin illərin rolu danılmazdır. Bu gün də o günləri xatırlayanda həmin xəstəxananı, orada çalışan həmkarlarımızı, bilik və təcrübələrini səxavətlə paylaşan həkimləri böyük hörmətlə, minnətdarlıqla yad edirik.

O dövr Moskvanın müxtəlif ali məktəblərdə təhsil alan və elmi fəaliyyət göstərən azərbaycanlı gənclərin sayı getdikcə artırdı. Bu artımın əsas səbəblərindən biri Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə hər il minlərlə azərbaycanlı gəncin keçmiş ittifaqın aparıcı ali məktəblərinə göndərilməsi idi. Tibb sahəsində də çoxsaylı həmvətənimiz vardı. Biz - Moskvada yaşayıb çalışan azərbaycanlı gənclər tez-tez görüşür, bir-birimizin uğurlarına sevinir, problemlərimizdə dəstək olmağa çalışırdıq. Hər kəs digərinin sevincini öz sevinci kimi qəbul edir, çətinliklərdə isə bir-birinin yanında olmağa can atırdı. Azərbaycanlı olmaq bizim üçün həm qürur, həm də məsuliyyət idi. Davranışımızla, bilik səviyyəmizlə və insanlara münasibətimizlə xalqımız haqqında yüksək fikir formalaşdırmağa çalışırdıq. 


Fəxr etdiyimiz soydaşımız


Hələ o illər Cəmil Əliyevin nə qədər vətənpərvər və milli-mənəvi dəyərlərə bağlı bir insan olduğu açıq hiss olunurdu. Sadəliyi, təvazökarlığı, səmimi münasibəti ilə o, ətrafındakı hər kəsin rəğbətini qazanmışdı. 

Cəmil Əliyevin doktorluq dissertasiyasının müzakirələri indiyə kimi yadımdadır. Həmin müzakirələrdə biz - azərbaycanlı dostları daim onun yanında olur, uğurlarını ürəkdən bölüşürdük. SSRİ-nin tanınmış akademiklərinin və Ümumittifaq Onkoloji Elmi Mərkəzinin nüfuzlu alimlərinin onun elmi nəticələrini yüksək qiymətləndirməsi bizdə böyük qürur hissi doğururdu. Bir tərəfdən, onkologiya elminin inkişafına yeni töhfələrin verildiyini görürdük, digər tərəfdən, bu yeniliklərin müəllifinin öz soydaşımız olması ilə fəxr edirdik.

Cəmil Əliyevin illərlə apardığı gərgin elmi fəaliyyət, nəhayət, öz bəhrəsini verdi. 1978-ci ildə o, Ümumittifaq Onkoloji Elmi Mərkəzində "Dəri xərçəngi və melanomasında plastik cərrahiyyə əməliyyatları" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsinə layiq görüldü. Bu, elmi karyerada son dərəcə mühüm bir mərhələ idi.

Həmin vaxt Cəmil Əliyevin fəaliyyətini Moskvada davam etdirəcəyi gözlənilirdi və bunun üçün hər cür imkan vardı. Dissertasiyasının müzakirəsindən sonra ÜOEM-in ozamankı direktoru akademik N.N.Bloxin və akademik N.N.Trapeznikov ona Moskvada qalaraq mərkəzin Endokrinologiya şöbəsinə rəhbərliyi təklif etmişdilər. Ucqar bir respublikadan gəlmiş gənc alim üçün bu, son dərəcə cazibədar təklif idi. Belə bir vəzifə yalnız elmi səviyyəsi və şəxsi keyfiyyətləri ilə seçilən insanlara etibar edilirdi. Cəmil Əliyev bu etimadı yüksək elmi səviyyəsi, bilik və bacarığı, şəxsi keyfiyyətləri ilə qazanmışdı. Dünyaşöhrətli ustadları onun Moskvada qalaraq bu böyük elmi mühitdə fəaliyyət göstərməsini çox arzulayır, onun gələcəyinə inanırdılar.

Cəmil Əliyevin qərarı isə fərqli oldu. O, Bakıya qayıdıb doğma Azərbaycanda işləməyi  üstün tutdu. Zaman göstərdi ki, ölkəmizdə onkologiyanın inkişafı perspektivindən baxanda o, həmin zaman, əslində, düzgün qərar verib. 


Səhiyyə təşkilatçısı

 

Bakıya qayıtdıqdan sonra 1978-ci ildə Cəmil Əliyev Rentgenologiya, Radiologiya və Onkologiya Elmi-Tədqiqat İnstitutunun Ümumi onkologiya şöbəsinə rəhbər seçildi. Cəmil müəllim sonradan bir neçə dəfə struktur və ad dəyişikliklərindən keçərək bu kollektivdə çalışdığı ilk illərdən bacarıqlı həkim və səriştəli elm təşkilatçısı kimi böyük nüfuz qazandı. 1980-ci ildə o, institut direktorunun elmi işlər üzrə müavini vəzifəsinə irəli çəkildi. Bu məsuliyyətli vəzifədə ona göstərilən etimadı qısa müddətdə doğrultdu. Elmi-tədqiqat fəaliyyətində yeni dinamika yarandı, müxtəlif istiqamətlər üzrə maraqlı tədqiqatlar aparıldı və mühüm nəticələr əldə olundu.

1990-cı ildə Cəmil Əliyevin peşəkar karyerasında növbəti mühüm mərhələ başlandı. O, indiki Milli Onkologiya Mərkəzinin baş direktoru vəzifəsinə təyin olundu. Həmin vaxtdan bu tibb müəssisəsinə uğurla rəhbərlik edir. 1988-ci ildə SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adına layiq görülən alim 2001-ci ildən həm Azərbaycan Milli Elmlər Akademiyasının, həm də Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvüdür.

Akademik Cəmil Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 2006-2012-ci illərdə Milli Onkologiya Mərkəzi əsaslı şəkildə yenidən qurularaq müasir tələblərə uyğun modernləşdirildi. Bu böyük səhiyyə kompleksinin dünya standartlarına uyğun səviyyəyə çatdırılmasında onun xidmətləri müstəsnadır. Bu gün Milli Onkologiya Mərkəzi təkcə Azərbaycanın deyil, bütövlükdə Cənubi Qafqazın ən iri ixtisaslaşmış onkoloji elmi-tibbi müəssisələrindəndir. Burada bədxassəli şişlərin etiopatogenezi, diaqnostikası, müalicəsi və profilaktikası istiqamətində geniş tədqiqatlar aparılır, 1500 çarpayılıq klinik baza fəaliyyət göstərir.

Hazırda mərkəzdə 1000-ə yaxın mütəxəssis çalışır. Onkoloji xəstələrin böyük bir hissəsi məhz burada müalicə olunur. İl ərzində yüz minlərlə pasiyent müayinə edilir, on minlərlə xəstə isə stasionar müalicə kursu keçir. Akademik Cəmil Əliyevin rəhbərliyi ilə ölkəmizdə ilk dəfə Uşaq Onkologiya İnstitutunun yaradılması, müasir cərrahiyyə bölmələrinin təşkili, ambulator xidmət infrastrukturunun qurulması və tibbi avadanlıqların ən son texnologiyalarla təmin edilməsi xüsusi əhəmiyyət daşıyır.

Mərkəzin nəzdində fəaliyyət göstərən Onkoreqistr sistemi 2015-ci ildə Beynəlxalq Onkoloji Xəstəliklər Assosiasiyasının üzvlüyünə qəbul olunmuşdur. Elə həmin il mərkəzlə ABŞ-nin M.D.Anderson Xərçəng Mərkəzi arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır. Sonrakı illərdə isə İngiltərənin Liverpul Universiteti hospitalı, Avstriya Tibb Universiteti və Türkiyənin Hacettepe Universiteti kimi nüfuzlu tibb ocaqları ilə də əməkdaşlıq müqavilələri bağlanmışdır. 2014-cü ildə Milli Onkologiya Mərkəzinə Beynəlxalq Məsləhət və Tədris Mərkəzi statusunun verilməsi də bu müəssisənin beynəlxalq nüfuzunun göstəricisidir.

Akademik Cəmil Əliyevin geniş elmi əlaqələri və beynəlxalq nüfuzu sayəsində mərkəzdə mütəmadi olaraq beynəlxalq konfranslar və elmi forumlar təşkil edilir. Dünyanın müxtəlif ölkələrindən gələn alimlər və rəsmi şəxslər bu tibb ocağı ilə yaxından tanış olur, onun fəaliyyətini yüksək qiymətləndirirlər.


Böyük elmi məktəb yaratmış alim


Akademik Cəmil Əliyev zəngin və məhsuldar elmi yaradıcılığı ilə tibb elminə böyük töhfələr vermis, öz elmi məktəbini yaratmış alimlərdəndir. Onun qələmindən çıxan elmi irs olduqca genişdir - Cəmil Əliyev 600-dən çox elmi məqalənin, 10 ixtiranın, 18 monoqrafiya və tələbələr üçün dərs vəsaitinin müəllifidir. Monoqrafiyalarından biri - "Treatment of Breast Tumours" - 1990-cı ildə ingilis dilində nəşr olunaraq beynəlxalq elmi ictimaiyyətin diqqətini cəlb etmişdir. Alimin həmmüəlliflərlə birgə hazırladığı "Dərinin bədxassəli şişlərində plastik operasiyalar" adlı monoqrafiya isə yüksək elmi qiymət almış və 1980-ci ildə SSRİ Tibb Elmləri Akademiyası tərəfindən akademik Nikolay Petroviç Petrov adına mükafata layiq görülmüşdür.

Cəmil müəllimin elmi rəhbərliyi altında 8 tibb elmləri doktoru və 48 tibb üzrə fəlsəfə doktoru yetişmişdir. Yetirmələri bu gün Azərbaycanla yanaşı, bir sıra xarici ölkələrdə onkologiyanın müxtəlif istiqamətləri üzrə fəaliyyət göstərirlər. Alim həm Azərbaycanda, həm də Rusiya Federasiyasında müdafiə olunan çoxsaylı elmi işlərin rəsmi opponenti kimi çıxış etmişdir. Akademik bu gün də gənc tədqiqatçıların elmi fəaliyyətinə rəhbərlik edir və yeni nəsil alimlərin formalaşmasına töhfə verir.

Onun şəxsi nüfuzu və beynəlxalq elmi əlaqələri sayəsində azərbaycanlı gənclər dünyanın müxtəlif tədqiqat mərkəzlərində təcrübə keçmək, biliklərini artırmaq imkanı əldə edirlər. Bu əlaqələrin qurulmasında və inkişafında akademikin xüsusi rolu var. Alimin rəhbərliyi ilə Azərbaycanda daha çox rast gəlinən bədxassəli şişlər - xüsusilə süd vəzisi, dəri və qırtlaq xərçəngi ilə bağlı geniş tədqiqatlar aparılmışdır. Süd vəzisi şişlərinin cərrahi müalicəsi sahəsində onun təklif etdiyi yeni yanaşmalar və modifikasiyalar praktik tibbdə uğurla tətbiq olunur. Bu istiqamətdə aparılan elmi işlər müasir texnologiyaların imkanları ilə daha da inkişaf etdirilir.

Cəmil Əliyev əməliyyatqabağı müalicə üsullarının təkmilləşdirilməsi istiqamətində də mühüm yeniliklər irəli sürmüşdür. Bu üsulların tətbiqi bir sıra hallarda ağır travmatik əməliyyatlara ehtiyacı azaltmış, orqansaxlayıcı cərrahi müdaxilə imkanlarını genişləndirmişdir. Süd vəzisi xərçəngi xəstələri üçün hazırlanmış xüsusi reabilitasiya proqramları və orijinal tibbi cihazların tətbiqi bir çox pasiyentlərin normal həyata qayıtmasına şərait yaratmışdır. Onun süd vəzisi xərçənginin inkişaf mərhələlərinin beynəlxalq təsnifatına etdiyi düzəlişlər dünya elmi ictimaiyyəti tərəfindən qəbul edilmiş və müalicə taktikasının təkmilləşdirilməsinə mühüm təsir göstərmişdir.

Cəmil Əliyevin rəhbərlik etdiyi elmi qrupun mühüm tədqiqat istiqamətlərindən biri də onkoloji xəstələrdə hepatit B və C viruslarının yayılması ilə bağlı olmuşdur. Bu araşdırmaların nəticələri bir sıra fundamental monoqrafiyalarda ümumiləşdirilmişdir. Həmin tədqiqatlar nəticəsində ilk dəfə sübut olunmuşdur ki, gizli keçən hepatit B infeksiyası süd vəzisi xərçəngi olan xəstələrin müalicə nəticələrinə ciddi təsir göstərə bilər.

Bütün bu elmi nəticələr və yeniliklər akademik Cəmil Əliyevin zəngin fəaliyyətinin əsas məqamlarını təşkil edir. Onun həyatı elmə, insan sağlamlığına və cəmiyyətə xidmətin parlaq nümunəsidir.


Çoxşaxəli fəaliyyət


Görkəmli alim Nyu York Elmlər Akademiyasının, Rusiya Elmlər Akademiyasının, Avropa Təbiət Elmləri Akademiyasının, Rusiya Təbiət Elmləri Akademiyasının, Gürcüstan Milli Elmlər Akademiyasının, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının, Beynəlxalq Ekoenergetika Akademiyasının üzvü, Amerika Birləşmiş Ştatları M.D. Anderson Xərçəng Mərkəzinin fəxri professoru, Hammersmit Kral Universiteti Hospitalının fəxri doktoru, həmçinin bir çox beynəlxalq elmi qurumun və ictimai təşkilatın rəhbər üzvlərindəndir. Akademik Cəmil Əliyev Rusiya, Almaniya, ABŞ, Böyük Britaniya, Fransa, Yaponiya, Avstriya, Türkiyə, Özbəkistan və s. kimi ölkələrdə keçirilən beynəlxalq konqreslərdə, simpoziumlarda, elmi toplantılarda öz məruzələri ilə Azərbaycan tibb elminin nailiyyətlərini dünya elmi ictimaiyyətinə təqdim etmişdir.

1994-cü ildən etibarən alim həm də Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu nəzdində fəaliyyət göstərən Onkologiya kafedrasına rəhbərlik edir, pedaqoji fəaliyyətini elmi yaradıcılığı ilə uzlaşdıraraq gənc həkim və tədqiqatçıların yetişməsində mühüm rol oynayır.

Müasir dövrdə ölkədə həyata keçirilən səhiyyə islahatları da Cəmil müəllimin diqqət mərkəzindədir. Prezident İlham Əliyev tərəfindən aparılan məqsədyönlü siyasət nəticəsində səhiyyə sistemində baş verən yeniliklərə alim həm həkim, həm də təşkilatçı kimi öz töhfələrini verir. Eyni zamanda ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən səhiyyə layihələrinin icrasına da yaxından kömək göstərir. Bakıdakı Yeni Klinika layihəsinin uğurla reallaşdırılmasında Cəmil Əliyevin mühüm rolu olmuşdur. Bu tibb müəssisəsi hazırda regionun ən böyük və ən müasir çoxprofilli klinikalarındandır.

Cəmil Əliyev eyni zamanda "Onkologiya" jurnalının baş redaktoru, "Biomedisina" jurnalının redaksiya heyətinin üzvü kimi elmi nəşrlərin inkişafında fəal iştirak edir. O, Respublika Səhiyyə Nazirliyinin Onkologiya üzrə Attestasiya Komissiyasına, eləcə də Elmi-Tibbi Onkoloqlar Cəmiyyətinə rəhbərlik və onkologiya sahəsində dissertasiya müdafiələrini həyata keçirən şuraların fəaliyyətinə başçılıq etmişdir. Bundan başqa, alim Dünya Həkimləri Nüvə Müharibəsinə Qarşı Təşkilatının Azərbaycan komitəsinin də rəhbəri olmuşdur.


80 illik ömrün mükafatları


Akademikin Azərbaycan və dünya tibb elminə xidmətləri layiqli qiymətini almışdır. Cəmil Əliyev müxtəlif illərdə "Şərəf", "Şöhrət", 1-ci dərəcəli "Vətənə xidmət" ordenləri və digər yüksək mükafatlarla təltif edilmişdir. 2000-ci ildən "Əməkdar elm xadimi" adını alan professor 2015-ci ildə Avropa Təbiət Elmləri Akademiyası tərəfindən dünyanın ən məşhur cərrahlarına təqdim olunan Nikolay Piroqov ordeni, "Avropanın fəxri alimi" adı və Gottfried "Wilhelm Leibniz" medalına layiq görülmüşdür. O, həmçinin qaraciyərin subklinik patologiyasının onkoloji problemlərinə dair tədqiqatlarına görə Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən akademik "Mir Əsədulla Mirqasımov adına mükafat"la təltif olunmuşdur. Bundan əlavə, alim "Nikolay Petroviç Petrov adına mükafat"a, "Mustafa Topçubaşov mühazirələri" mükafatına, eləcə də Beynəlxalq Ekoenergetika Akademiyasının "Böyük qızıl medal"ına layiq görülmüşdür. Onkologiya sahəsində dünya miqyasında qəbul olunmuş elmi-praktik nailiyyətlərinə görə isə ona Birləşmiş Millətlər Təşkilatı tərəfindən "Elm və sülh elçisi" fəxri mükafatı təqdim edilmişdir.

Cəmil Əliyev yalnız görkəmli alim, bacarıqlı səhiyyə təşkilatçısı deyil, həm də nümunəvi ailə başçısıdır. Övladları da bu gün akademikin şərəfli sənət yolunu davam etdirirlər. Oğlu tanınmış cərrah-onkoloq, tibb elmləri doktoru, professor Əziz Əliyev İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetin Bakı filialının rektorudur. Qızı İradə Əliyeva isə tibb üzrə fəlsəfə doktoru, Azərbaycan Tibb Universitetinin Daxili xəstəliklər kafedrasının dosentidir.

Xalqımızın mənəvi sərvətlərindən sayılan akademik Cəmil Əliyev kimi ziyalılar hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Onun həyat yolu sağlam düşüncəyə sədaqətin, Vətənə bağlılığın, xeyirxahlığın və yüksək məsuliyyət hissinin parlaq nümunəsidir. Cəmil müəllim gördüyü hər bir işi sadəcə vəzifə kimi deyil, mənəvi ucalığa aparan bir missiya kimi qəbul edir. O, davranışı və fəaliyyəti ilə daim bu yüksəkliyə layiq olmağa çalışır. Belə ziyalıların mövcudluğu cəmiyyətin inkişafına güc verir, xalqı yeni uğurlara ruhlandırır, milli məqsədlərə doğru inamla irəliləməsinə təkan yaradır.

Belə bir insanı yaxından tanımağımın, uzunmüddətli həmkarlıq və dostluq münasibətlərimizin verdiyi fəxarət hissi ilə Cəmil müəllimi 80 illik yubileyi münasibətilə təbrik edir, doğmaları ilə birgə uzun, sağlam ömür, həyat və fəaliyyətində yeni-yeni uğurlar arzulayıram.


Əhliman ƏMİRASLANOV,

akademik, SSRİ Dövlət mükafatı laureatı

Digər Xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!