Bu gün dünyada baş verən hadisələr göstərir ki, nəqliyyat marşrutları həm də siyasi və strateji baxımdan böyük əhəmiyyət daşıyır. Rusiya–Ukrayna müharibəsi səbəbindən bəzi ənənəvi yollar bağlanıb, Yaxın Şərqdəki gərginlik isə dəniz marşrutlarını riskli edib. Bu şəraitdə Orta Dəhliz daha çox diqqət mərkəzinə gəlib və Azərbaycan bu xəttin əsas ölkələrindən birinə çevrilib.
Əslində, bu vəziyyət təsadüfi deyil. Azərbaycan illərdir limanlara, dəmir yollarına və nəqliyyat infrastrukturlarına investisiya yatırır, eyni zamanda, balanslı xarici siyasət yürüdür. Bu da ölkəyə imkan verir ki, həm Şərq–Qərb, həm də Şimal–Cənub istiqamətlərində vacib rol oynasın. Mövcud reallıqlar göstərir ki, Azərbaycan artıq müxtəlif marşrutların kəsişdiyi əsas “yol ayrıcı”na, qlobal logistika sistemində alternativ deyil, zəruri halqaya çevrilməkdədir.
Mövzu ilə bağlı AZƏRTAC-a açıqlama verən israilli politoloq Yuri Boçarov bildirib ki, Orta Dəhlizin sürətlə artan əhəmiyyəti artıq bu gün Azərbaycanın mövqelərini ciddi şəkildə gücləndirir. Burada söhbət təkcə tranzitdən getmir, Azərbaycanın Çin–Avropa, Mərkəzi Asiya–Qafqaz–Türkiyə marşrutlarının kəsişdiyi, həmçinin potensial olaraq Rusiyanın körfəz ölkələri ilə əlaqəsini təmin edən əsas Avrasiya qovşağına çevrilməsindən gedir. Bu, Bakıya yalnız iqtisadi dividendlər qazandırmır, eyni zamanda, ona siyasi çəki verir və logistikada “əvəzolunmazlıq” effekti formalaşdırır.
“Bu prosesdə Azərbaycan Prezidenti İlham Əliyevin rolu xüsusilə qeyd olunmalıdır. Məhz onun strateji xətti çərçivəsində Azərbaycan ardıcıl şəkildə limanlara, dəmir yollarına, multimodal həllərə sərmayə yatırıb və müxtəlif güc mərkəzləri ilə eyni zamanda işləməyə imkan verən xarici siyasət qurub. Bu, spontan artım deyil, sistemli dövlət strategiyasının nəticəsidir. Bu tendensiya uzunmüddətli xarakter ala bilər, lakin bunun üçün Azərbaycan Orta Dəhlizin səmərəliliyini artırmalı, daşınma müddətlərini azaltmalı, tarifləri uyğunlaşdırmalı və siyasi balansı qorumalıdır. Əks halda, bu artım rəqabət və xarici təzyiqlərlə məhdudlaşa bilər. Bakı təkcə yeni geosiyasi kəsişmə nöqtəsinə deyil, həm də onun fasiləsiz işləməsini təmin edən “işıqfor”a çevrilir ki, bu da həm üstünlüklər, həm də risklər yaradır”.
Y.Boçarov bildirib ki, Yaxın Şərqdə, xüsusilə Fars körfəzi və Qırmızı dənizdə baş verən hadisələr dəniz logistikasının dar boğazlarda münaqişələrə qarşı həssas olduğunu göstərib. Belə şəraitdə Azərbaycan üzərindən keçən quru marşrutlarının əsas üstünlüyü onların diversifikasiyası və dayanıqlığıdır. Bu marşrutlar yük axınlarını yenidən bölüşdürməyə imkan verir.
“Bu dəhlizlərin gücü çeviklikdədir. Dəmir yolları ilə Xəzər limanlarının birləşməsi logistikanı dəyişən şəraitə sürətlə uyğunlaşdırmağa imkan yaradır. Eyni zamanda, bu marşrutlar yüklənmiş dəniz istiqamətlərindən asılılığı azaldır və daha proqnozlaşdırılabilən təchizat zəncirləri qurmağa şərait yaradır. Azərbaycan ərazisindən keçən marşrutlar dəniz daşımalarını tam əvəz etdiyi üçün deyil, alternativ yaratdığı üçün xüsusi əhəmiyyət daşıyır. Məhz bu baxımdan Azərbaycan bu gün bütün Avrasiya logistikasının dayanıqlığının əsas halqalarındən birinə çevrilir”, - deyə Y.Boçarov əlavə edib.
Politoloq vurğulayıb ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub dəhlizləri arasında seçim deyil, paralel inkişaf modeli qurur. Bir tərəfdən Orta Dəhliz inkişaf etdirilir, digər tərəfdən isə Şimal-Cənub layihəsində fəal iştirak edilir. Bu isə Bakını bir neçə logistik sistemin kəsişmə nöqtəsinə çevirir. Bu yanaşma yeni əməkdaşlıq formatları üçün imkanlar açır. Üçtərəfli mexanizmlərdən başlayaraq, Mərkəzi Asiya, Avropa, Çin və Fars körfəzi ölkələrinin iştirakı ilə daha geniş regional konfiqurasiyalar formalaşa bilər.
Eyni zamanda, Y.Boçarov hesab edir ki, burada əsas risk böyük geosiyasi güclərin maraqlarının toqquşmasıdır. “Bu dəhlizlərdə Avropa İttifaqı, Çin, Rusiya, İran və Körfəz ölkələrinin maraqları kəsişir. Eyni zamanda, ABŞ faktorunu da nəzərə almaq lazımdır. ABŞ strateji marşrutlara nəzarətə maraq göstərir və artıq Zəngəzur dəhlizi kimi layihələrə diqqət yetirib. Bu yanaşma digər istiqamətlərə, o cümlədən “Şimal-Cənub” dəhlizinə də şamil oluna bilər. Bu cür rəqabət hər zaman “ağ əlcək”lə aparılmır və bəzən ciddi nəticələrə, o cümlədən hərbi qarşıdurmalara səbəb ola bilər. Bu isə o deməkdir ki, Azərbaycan təkcə tranzit qovşağı deyil, həm də geosiyasi rəqabət məkanına çevrilir. Bu şəraitdə Bakı son dərəcə dəqiq və balanslaşdırılmış siyasət yürüdür. “Əsas məqsəd maksimum iqtisadi fayda əldə etmək, lakin ölkə ərazisini böyük güclərin qarşıdurma meydanına çevirməməkdir”, - deyə israilli politoloq vurğulayıb.