Ankarada keçiriləcək Şimali Atlantika Alyansının sammiti NATO ölkələrinin dəyişən təhlükəsizlik təhdidlərinə qarşı mübarizə əzmini əyani şəkildə nümayiş etdirəcək. Bu baxımdan Alyansın bütün müttəfiqlərinin NATO Nizamnaməsinin 5-ci maddəsinə (kollektiv müdafiə prinsipi) sadiqliyini təsdiqləməsi xüsusi əhəmiyyət kəsb edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Ankarada bu hərbi-siyasi blokun iyul sammitinə həsr olunmuş tədbirdə söyləyib.
Onun sözlərinə görə, NATO ölkələrinin hərbi potensialının və müdafiə xərclərinin səviyyəsinin təhlili, Alyans ölkələrinin hərbi-sənaye kompleksinin gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir.
“Ankara Alyansın qarşıdan gələn sammitindən həm də Avropa İttifaqının təhlükəsizlik məsələlərinə yanaşmasına yenidən baxılmasını gözləyir. Avropa İttifaqı NATO-ya tam dəstək vermək öhdəliyinə qayıtmalıdır”, – deyə Türkiyənin naziri vurğulayıb.
Onun sözlərinə görə, Brüsselin Alyansa münasibəti Avropanın təhlükəsizliyinə ABŞ qüvvələrinin Avropada sayının azalmasından daha çox zərər vurur.
Y.Gülər Türkiyə sərhədləri yaxınlığındakı gərginlik ocaqlarına diqqət çəkərək bildirib ki, Ankaranın regionda eskalasiyanın azaldılmasına yönəlmiş qətiyyətli diplomatik addımları dialoq mühitinə töhfə verir.
“Türkiyə dövlətlərin suverenliyini müdafiə edir, beynəlxalq hüququn normalarını qoruyur. Ankara NATO-da kritik rol oynayır, Alyansın uzunmüddətli məqsədlərinə töhfə verməyə yönəlmiş balanslaşdırılmış strateji kurs həyata keçirir”, – deyə nazir bildirib.