07 Aprel 2026 08:00
200
SİYASƏT
A- A+
TDT institusional və funksional baxımdan yeni mərhələyə qədəm qoyur

TDT institusional və funksional baxımdan yeni mərhələyə qədəm qoyur


Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin baş nazirlərinin  Bakıda keçirilən ikinci görüşü son günlərin mühüm iqtisadi-siyasi hadisələrindən biri kimi yadda qaldı. Bu görüş türk dünyasında siyasi və iqtisadi inteqrasiyanın dərinləşdirilməsi istiqamətində mühüm addımlardan biri oldu. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi iradəsi, gələcəyə strateji baxışı, XXI əsrin hər sahədə türk birliyi əsrinə çevrilməsi istiqamətində göstərdiyi əzmkarlıq sayəsində son illər türk dünyasının əsas mərkəzlərindən birinə çevrilmiş Azərbaycanın evsahibliyi ilə keçən bu toplantı həm regional əməkdaşlığın genişləndirilməsi, həm də ortaq strateji hədəflərin müəyyənləşdirilməsi baxımından olduqca vacib toplantı idi. 

Tədbirdə Azərbaycanın Baş naziri Əli Əsədov, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstel, Qazaxıstanın Baş naziri Oljas Bektenov, Özbəkistanın Baş naziri Abdulla Aripov, Qırğız Respublikasının Baş naziri Adılbek Kasıməliyev, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Nökerquli Ataquliyev iştirak edirdilər. 


Birliyimizin gücü ilə daha yüksək pilləyə


Görüş iştirakçılarını qəbul edərkən Prezident İlham Əliyev bildirdi: "Əminəm ki, bu görüşün çox böyük faydası olacaq. Hər zaman olduğu kimi, bizim ölkələrimiz birlik, həmrəylik göstərəcəklər. Eyni zamanda qarşımızda duran önəmli iqtisadi məsələlərin müzakirəsi üçün də bu görüşün çox böyük əhəmiyyəti var.

Bütövlükdə Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişafına əvvəllər və bu gün böyük töhfə verir və verəcək. Bu, bizim xarici siyasətimizdə prioritet məsələlərdən biridir. Dəfələrlə müxtəlif kürsülərdən bəyan etmişdik ki, türk dünyası bizim ailəmizdir, bizim başqa ailəmiz yoxdur. Bu ailəni gələcəyə aparmaq üçün birgə səylərin göstərilməsi təbii ki, çox önəmlidir".

Dövlətimizin başçısı onu da diqqətə çatdırdı ki, bu gün Türk Dövlətləri Təşkilatı dünya miqyasında böyük nüfuz qazanıb, beynəlxalq mövqeləri möhkəmlənməkdədir. Həm bölgədə gedən proseslərə təsir imkanları artır, eyni zamanda qlobal müstəvidə də təşkilatın rolu artmaqdadır. Cənab İlham Əliyev həmçinin müştərək səylərlə mövqelərin möhkəmləndirilməsinin, TDT-nin dünyanın aparıcı beynəlxalq təşkilatlarının sırasına daxil edilməsinin vacibliyini vurğuladı: "Bu, bizdən asılıdır. Biz nə qədər səylər göstərsək, birlik göstərsək, önəmli layihələrin icrasına nail olsaq və eyni zamanda tərəfdaşlarımız üçün də önəmli imkanlar yaratsaq, bizim beynəlxalq nüfuzumuz da, mövqelərimiz də, imkanlarımız da bir o qədər artacaq".

Azərbaycan Prezidenti müasir dünyamızda bir çox beynəlxalq təşkilatların mövcudluğunu, ancaq etnik köklər üzərində yaranmış təşkilatların sayının o qədər də çox olmadığını vurğuladı və bunun bizim çox böyük üstünlüyümüz olduğunu qeyd etdi: "Yəni bizi birləşdirən bizim etnik mənsubiyyətimizdir. Bu, birinci amildir. Ondan sonra bizim coğrafiyamızdır, ölkələr arasındakı çox xoş və isti münasibətlərdir, vahid məqsədlərdir. Ona görə bax bütün bu amilləri nəzərə alaraq biz təşkilatımızı daha da yüksək pilləyə qaldırmalıyıq".

Bu böyük hədəfə çatmaq üçün TDT-nin yüksəkvəzifəli şəxslərinin tez-tez bir araya gəlib müxtəlif aktual məsələləri müzakirə etmələri, mövcud potensialdan qarşılıqlı şəkildə faydalanmaq üçün ortaq həllərin  axtarışı, təbii ki, mühüm əhəmiyyət daşıyır. Belə görüşlər türk dövlətləri arasında qarşılıqlı etimadın gücləndirilməsi və institusional əməkdaşlığın daha da inkişafı baxımından mühüm platforma rolunu oynayır.


Gələcək üçün təməl sütunlar


Bakı görüşündə türk dövlətlərinin hökumət başçıları iqtisadi, nəqliyyat və logistika məsələlərini müzakirə etdilər. Bu sahələrin hər biri müasir dövrdə həm türk dünyası, həm də region ölkələri üçün son dərəcə önəmlidir.  

TDT üçün iqtisadi əməkdaşlıq sözügedən təşkilatın da, bu qurumda bir araya gəlmiş ölkələrin də gələcəyi üçün formalaşdırılan əsas strateji sütunlardandır. Tarixi, mədəni və dil birliyi üzərində qurulmuş bu platformanın dayanıqlı və təsirli regional gücə çevrilməsi məhz iqtisadi inteqrasiyanın dərinliyindən asılıdır. 

İlk növbədə, iqtisadi əməkdaşlıq üzv dövlətlər arasında real və ölçülə bilən nəticələr yaradır. Tarixi təcrübə də göstərir ki, siyasi bəyanatlar, ortaq kimlik ideyası yalnız iqtisadi maraqlarla dəstəkləndikdə uzunömürlü olur. Bu baxımdan, ticarət əlaqələrinin və investisiya axınlarının genişləndirilməsi, eləcə də müxtəlif sahələri əhatə edən birgə layihələrin həyata keçirilməsi təşkilat daxilində qarşılıqlı asılılığı gücləndirir, bu asılılıq isə öz növbəsində siyasi sabitliyi və əməkdaşlığın davamlılığına təminat verir.

İkinci mühüm məqam geoiqtisadi amildir. Türk dövlətləri Avropa ilə Asiyanı birləşdirən strateji coğrafiyada yerləşir. Bu potensialın reallaşdırılması üçün nəqliyyat dəhlizlərinin inkişafı, logistika infrastrukturunun gücləndirilməsi və tranzit imkanlarının artırılması həyati əhəmiyyət daşıyır. Bu mənada Trans-Xəzər marşrutu kimi təşəbbüslər yalnız iqtisadi deyil, həm də geosiyasi alətə çevrilir. Görüşün gündəliyindən də görünür ki, hökumət nümayəndələrinin müzakirə mövzularından biri məhz nəqliyyat dəhlizlərinin inkişafı olub. Xüsusilə Orta dəhliz kimi tanınan Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunun potensialının artırılması, yükdaşımaların optimallaşdırılması və gömrük prosedurlarının sadələşdirilməsi TDT-nin öz hədəflərinə çatmasına çox mühüm töhfələr verə bilər. Bu kontekstdə Azərbaycan regionun əsas logistika mərkəzi kimi əhəmiyyətli rolunu bir daha nümayiş etdirməkdədir. 

Üçüncü istiqamət enerji və resurs faktorudur. Təşkilata üzv ölkələrin əksəriyyəti zəngin enerji ehtiyatlarına malikdir. Bu resursların koordinasiyalı şəkildə istifadə olunması, enerji marşrutlarının şaxələndirilməsi və yeni - xüsusilə "yaşıl enerji" layihələrinin inkişafı TDT məkanını qlobal enerji xəritəsində daha görünən edir. Enerji əməkdaşlığı həm də üzv dövlətlərin xarici təsirlər qarşısında dayanıqlılığını artırır.


Regional iqtisadi blok olmaq perspektivi


Müasir dövrdə iqtisadiyyat yalnız ənənəvi sahələrlə məhdudlaşmır. Rəqəmsallaşma, innovasiya və süni intellekt kimi istiqamətlər yeni inkişaf mərhələsinin əsasını təşkil edir. Bu sahələrdə əməkdaşlıq TDT ölkələrinə qlobal rəqabətdə geri qalmamaq, əksinə, müəyyən sahələrdə üstünlük əldə etmək imkanı verir.

İqtisadi inteqrasiya təşkilatın institusional gücünü də artırır. TDT-də bir araya gələn ölkələrin məqsədi əməkdaşlıqdan daha çox, mərhələli şəkildə daha sıx iqtisadi əlaqələr sisteminin qurulmasıdır. Bu isə uzunmüddətli perspektivdə TDT-ni regional iqtisadi blok kimi formalaşdıra bilər. Beləliklə, iqtisadi məsələlər TDT üçün sadəcə gündəlik əməkdaşlıq sahəsi deyil, həm də onun siyasi çəkisini, geosiyasi rolunu və gələcək inkişaf trayektoriyasını müəyyən edən əsas amildir. İqtisadi inteqrasiya dərinləşdikcə, təşkilatın beynəlxalq sistemdə təsir imkanları da paralel şəkildə artacaq.

Görüşün yekununda qəbul edilmiş bəyanat türk dövlətləri arasında əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir. Yekun bəyanat ilk baxışdan diplomatik sənəd təsiri bağışlasa da, onun məzmununun təhlili daha dərin siyasi və geostrateji transformasiyaların siqnallarını özündə ehtiva edir. Sənədin strukturu və vurğuları göstərir ki, TDT artıq yalnız mədəni və tarixi bağlara əsaslanan platforma olmaqdan çıxaraq, institusional və funksional baxımdan yeni mərhələyə qədəm qoymaqdadır. 

Bəyanatda "Naxçıvan sazişi"nə xüsusi istinadın olması təşkilatın hüquqi və siyasi əsaslarının möhkəmləndirilməsi niyyətini göstərir. Bu, eyni zamanda üzv dövlətlərin ortaq öhdəliklərə sadiqliyinin yenidən təsdiqi və təşkilat daxilində daha sistemli və koordinasiyalı fəaliyyət modelinə keçidin təsdiqidir.

Sənəddə TDT-nin 12-ci Zirvə görüşü və TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası kimi əvvəlki görüşlərə edilən istinadlar isə təşkilatın qərarlarının ardıcıllıqla icra edildiyini və siyasi dialoqun epizodik deyil, davamlı xarakter daşıdığını nümayiş etdirir. Bu yanaşma TDT-nin gələcəkdə koordinasiyalı xarici siyasət elementlərinə malik platformaya çevrilə biləcəyini göstərir.

Bəyanatın ən geniş hissəsinin iqtisadi əməkdaşlığa həsr olunması isə prioritetlərin aydın şəkildə müəyyənləşdirildiyini göstərir. Xüsusilə "Türk Dünyasına Baxış-2040" sənədinə istinad edilməsi təşkilatın uzunmüddətli iqtisadi inteqrasiya modelini hədəflədiyini təsdiqləyir. Qeyri-tarif maneələrinin aradan qaldırılması, investisiya mühitinin yaxşılaşdırılması və sənaye kooperasiyasının genişləndirilməsi kimi çağırışlar TDT məkanında daxili iqtisadi əlaqələrin dərinləşdirilməsinə yönəlib.

Enerji məsələləri üzrə bəndlər isə təşkilatın strateji ambisiyalarını daha açıq şəkildə ortaya qoyur. Klassik enerji resurslarının - neft və qazın - nəqli və ixracı ilə yanaşı, "yaşıl enerji", enerji səmərəliliyi və kritik mineralların vurğulanması göstərir ki, TDT ölkələri yalnız mövcud enerji üstünlüklərini qorumaq deyil, həm də qlobal enerji keçidi prosesində fəal iştirak etməyə çalışırlar. Bu kontekstdə "Yaşıl Enerji Dəhlizi" təşəbbüsünə verilən dəstək xüsusi əhəmiyyət daşıyır.


Azərbaycanın artan rolu


Bəyanatda innovasiya, rəqəmsal transformasiya, süni intellekt və kosmik texnologiyalar kimi sahələrin ön plana çəkilməsi isə təşkilatın strateji baxışının genişləndiyini göstərir. Bu istiqamətdə Türküstan şəhərində süni intellekt mövzusunda Zirvə görüşünün keçirilməsi təşəbbüsünün dəstəklənməsi TDT-nin gələcəkdə texnoloji əməkdaşlıq platformasına çevrilmək niyyətini nümayiş etdirir.

Nəqliyyat və logistika sahəsində əməkdaşlıq, xüsusilə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafına verilən önəm isə təşkilatın geoiqtisadi mahiyyətini daha da gücləndirir. Bu yanaşma türk dövlətlərinin coğrafi mövqeyini strateji üstünlüyə çevirmək niyyətindən xəbər verir və onları Avropa ilə Asiya arasında mühüm tranzit mərkəzinə çevirə bilər.

Bütün bunların reallaşmasında Azərbaycanın rolu ayrıca diqqət çəkir. Bakının evsahibliyi etdiyi görüş və ölkənin sədrliyi dövründə irəli sürülən təşəbbüslər göstərir ki, Azərbaycan TDT daxilində yalnız iştirakçı deyil, həm də prosesləri yönləndirən əsas aktorlardandır. Enerji, nəqliyyat və regional diplomatiya sahələrində oynadığı rol ölkəmizi təşkilatın geoiqtisadi mərkəzlərindən birinə çevirir.

Nəticə etibarilə, TDT-yə üzv ölkələrin baş nazirlərinin Bakıda keçirilmiş ikinci görüşü təşkilatın təkamülünün yeni mərhələsini əks etdirir və göstərir ki, qurum artıq sadəcə ortaq kimlik platforması hüdudlarından çıxaraq iqtisadi inteqrasiya, enerji təhlükəsizliyi və geosiyasi koordinasiya istiqamətlərində real təsir imkanlarına malik regional güc mərkəzinə çevrilməkdədir. Bu prosesin davamlılığı isə türk dünyasının beynəlxalq sistemdə çəkisinin artmasına birbaşa təsir göstərəcək.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Küləklər şəhərində bağ salan, çiçək yetişdirən bağbanlar

09:20
07 Aprel

Əbədiyaşar musiqi, sınaqlarda keçən bəstəkar ömrü

09:15
07 Aprel

M.F.Axundzadə adına Milli Kitabxana həm bilik məbədimiz, həm də tarixi-memarlıq abidəmizdir

09:10
07 Aprel

Azərbaycan satirik mətbuatının zirvəsi 

09:05
07 Aprel

TDT hökumət başçılarının Bakı görüşü, EGYPS 2026-da əldə olunan razılaşmalar, "Rəqəmsal əkiz" layihəsinin təqdimatı

09:00
07 Aprel

Kənd təsərrüfatında rəqəmsallaşma və süni intellektin tətbiqi məsələləri müzakirə olunub

08:57
07 Aprel

Su bəşəriyyəti sınağa çəkir

08:55
07 Aprel

Sağlamlığını qorumaq hər kəsin hüququdur

08:50
07 Aprel

Zərgər dəqiqliyi, həkim ürəyi

08:45
07 Aprel

Gələcəyin təməli: məktəbəqədər təhsil müəssisələrinə dövlət qayğısı

08:40
07 Aprel

Xülyası puç olan faşist 

08:35
07 Aprel

"Real Ermənistan" xəstə təfəkkürə qarşı

08:30
07 Aprel

Əməyin ödənilməsində gender bərabərliyi daha effektiv təmin olunacaq

08:25
07 Aprel

Milli Məclisin futbol komandası beynəlxalq turnirdə gümüş medal qazanıb

08:20
07 Aprel

Milli Məclisin komitələrinin birgə iclası keçirilib

08:15
07 Aprel

Mehriban qonşuluq, nümunəvi tərəfdaşlıq

08:10
07 Aprel

Qarabağ üzərindən siyasi spekulyasiya qəbuledilməzdir

08:05
07 Aprel

TDT institusional və funksional baxımdan yeni mərhələyə qədəm qoyur

08:00
07 Aprel

“Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 iyul tarixli 289 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:54
07 Aprel

ABŞ Prezidenti: NATO-nun nüfuzuna dəyən ləkə yaddaşımdan silinməyəcək

00:50
07 Aprel

Ukrayna Rusiyaya enerji atəşkəsi təklifini çatdırıb

23:08
06 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!