20 Mart 2026 09:05
193
Mədəniyyət
A- A+
İlahi mərhəmət və mənəvi kamillik ayı təqvimi tərk etsə də, ruhumuzda qalır

İlahi mərhəmət və mənəvi kamillik ayı təqvimi tərk etsə də, ruhumuzda qalır


İnsan ruhunun saflaşdığı, qəlbin ilahi nurla dolduğu, mərhəmət və səbrin ən ali zirvəyə yüksəldiyi mübarək Ramazan ayı sona çatır. Ramazan təkcə aclığa və susuzluğa dözmək deyil, həm də nəfs üzərində qələbə çalmaq, mənəvi kamilliyə doğru addım atmaq ayıdır. Orucluq insanı pis niyyətlərdən uzaqlaşdırır, qəlbində mərhəmət, şəfqət və vicdan hisslərini gücləndirir.

Ramazan insanın daxilinə yönəldiyi, ruhunun dərinliklərinə enərək özünü yenidən kəşf etdiyi İlahi bir fürsətdir. Bu müqəddəs ayda edilən hər bir yaxşılıq, deyilən hər bir xoş söz, edilən yardım insanın mənəvi dünyasını zənginləşdirir, onu daha saf, kamil bir varlığa çevirir. İnsan Ramazan ayında yalnız bədəni ilə deyil, ruhu ilə də oruc tutur - kinindən, nifrətindən, tamahından uzaqlaşaraq saflaşır, yenilənir, ucalır.

Yola saldığımız bu ay zamanın ən mübarək, işıqlı anlarının cəmləndiyi İlahi mərhələdir. Bu ay insan ruhuna nur bəxş edən, qəlbləri saflaşdıran, mənəvi dünyamızı zənginləşdirən bir hikmət məktəbidir. Bu ayda insan nəfsinə qalib gəlir, xeyirlə şərin mübarizəsində imanla iradənin vəhdətini tapır, ruhən ucalaraq Tanrıya daha da yaxınlaşır. Duaların qəbul olunduğu, niyyətlərin saflaşdığı bu müqəddəs zaman kəsiyi bəşəriyyətə mərhəmət, bağışlama və ümid mesajı verir. Ramazan Allahın qüdrətindən pay verib insanların yoluna nur çilədiyi, Tanrının dörd müqəddəs səmavi kitabını - Tövratı, Zəburu, İncili və Quranı göndərdiyi aydır. Ramazan xoş niyyət, arzu, dilək ayıdır. Ramazan imanın sınağa çəkildiyi, duaların qəbul olunduğu aydır.

Bu gün ilahi nurun işığında Azərbaycan xalqı öz tarixinin ən qürurlu və şərəfli dövrünü yaşayır. Uzun illər dillərdən düşməyən Qarabağ həsrəti artıq 6-cı ildir ki, yerini sevincə, minnətdarlığa və qürura verib. Bir zamanlar dualar Qarabağla başlayır, Qarabağla da bitirdi. Bu torpaqların azadlığı üçün yalnız azərbaycanlılar deyil, ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri - fərqli dinlərin, dillərin daşıyıcıları eyni niyyətlə Tanrıya üz tutur, haqqın təntənəsi üçün dua edirdilər. 

İndi isə Qarabağ və Şərqi Zəngəzur torpağında həyat yenidən canlanır. O cümlədən ibadət ocaqlarımız yenidən nəfəs alır, məscidlərimizdən azan səsləri yüksəlir. Bu mənzərə Ramazanın mənəvi ruhu ilə vəhdət təşkil edərək insan qəlbində şükür və qürur hissi doğurur.

Bu böyük dirçəlişin arxasında isə güclü iradə, sarsılmaz birlik və məqsədyönlü siyasət dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət, xalq-ordu birliyi və 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfər bugünkü reallıqları mümkün edib. Azad olunmuş torpaqlarda aparılan genişmiqyaslı quruculuq işləri, insanların doğma yurdlarına qayıdışı Ramazanın ümid, yenilənmə və dirçəliş fəlsəfəsinin canlı təcəssümünə çevrilib.

Bu müqəddəs günlərdə xalqımız Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsini dərin ehtiramla yad edir. Onların fədakarlığı sayəsində bu gün Qarabağda həyat var, azad səma altında azan səsləri yüksəlir, bayram sevinci yaşanır.

Ramazan insanı insan edən ali dəyərlərin - mərhəmətin, paylaşmağın, xeyirxahlığın bayramıdır. Orucluq yalnız bədənin deyil, nəfsin tərbiyəsidir. Bu ay insanı başqasının halını anlamağa, əl tutmağa, bölüşməyə səsləyir. Əsl zənginlik sahib olduğunu paylaşa bilməkdə, bir qəlbi sevindirməkdə, ümidə işıq olmaqdadır. Budur, Ramazan ayının fəlsəfəsi.

Ramazan həm də birlik və barış ayıdır. Bu ay bizə eyni Vətənin övladları olmaqla birliyimizi, gücümüzü bir daha xatırladır. Ramazan duaları təkcə fərdi deyil, milli arzularımızı əks etdirir - sülhün bərqərar olması, əmin-amanlığın daim olması, gələcəyimizin daha parlaq olması üçün edilən dualardır.

Qoy bu mübarək günlərdə tutulan oruc, edilən dualar qəbul olsun. Qoy Azərbaycan daim sülh, əmin-amanlıq və tərəqqi yolu ilə addımlasın!


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!