03 Dekabr 2025 08:00
483
CƏMİYYƏT
A- A+
10.000-Cİ NÖMRƏ

10.000-Cİ NÖMRƏ


Azərbaycanın "Azərbaycan"ı 10.000-ci dəfədir ki, işıq üzü görür!

10.000-ci dəfədir ki, öz oxucuları ilə görüşür!

Bütün təlatümlərdən keçməklə qəzet ömrünün 10.000-ci sayına imza atır!

Doğuşu ötən əsrin əvvəllərinə - Azərbaycan Xalq Cümhuriyyətinin təşəkkül dövrünə təsadüf etdi.

Elə taleyi də cümhuriyyətin taleyinə bənzədi...

Hətta dövlət müstəqilliyimizin qeyri-rəsmi rəmzinə çevrildi:

* Müstəqil dövlət olduq - "Azərbaycan" yaşadı, fəaliyyət göstərdi!

* Dövlət müstəqilliyimizi itirdik - "Azərbaycan"ın nəşri dayandırıldı, arxivlərin küncündə gizlədilərək "məxfi" qrifi altında saxlanıldı, kimsənin onu görməsinə, oxumasına yol verilmədi!

* Azərbaycan yenidən dövlət müstəqilliyi qazandıqdan sonra isə "Azərbaycan" yeni ömrünə, yeni dövrünə başladı!

Dünyaya göz açdığı dövr nə qədər şərəfli tarix olsa da, maneə və çətinliklərdən, ciddi problemlərdən də xali deyildi!

Azərbaycan Xalq Cümhuriyyəti 28 may 1918-ci ildə Tiflisdə "İstiqlal Bəyannaməsi"ni qəbul edərək müstəqilliyini elan etdi.

O zaman Bakı hələ də bolşevik-daşnak qüvvələrinin əlində idi.

Odur ki, paytaxt müvəqqəti olaraq Gəncədə yerləşirdi.

 Zaman isə gözləmirdi...

Yeni dövrün yeni qəzetini buraxmaq, yeni hökumətin gördüyü işləri xalqa çatdırmaq, insanları səfərbərliyə almaq üçün yeni orqanın yaradılması zərurətə çevrilmişdi.

***

Qəzet yaratmağın üç mühüm şərti var:

Maliyyə, kadr və texniki təminat.

Bu işin əsas icraçısı isə həmin dövrdə Gəncədə yerləşən, Fətəli xan Xoyskinin başçılıq etdiyi ikinci hökumət kabinəsində maarif və dini etiqad naziri Nəsib bəy Yusifbəyli oldu.

Əvvəlcə kadr məsələsinə baxıldı.

Görkəmli mətbuat tədqiqatçısı, professor Şirməmməd Hüseynovun yazdığına görə, 1918-ci ilin mart qırğınları ərəfəsində Hacıbəylilər ailəsi İranın Ənzəli şəhərinə getmişdi. Elə ki, türk ordusu İrandan keçib Azərbaycana daxil olur, bir çox cavan da onlara qoşulub Gəncəyə gəlir.

Həmin gənclərin arasında Ceyhun bəy Hacıbəyli və Şəfi bəy Rüstəmbəyli də vardı.

Nəsib bəy Yusifbəyli Ceyhun bəy Hacıbəylinin və Şəfi bəy Rüstəmbəylinin yaxşı qələmlərinin olduğunu bilirdi.

Odur ki, hər ikisini dəvət edərək onlara "Azərbaycan" adlı qəzet çıxarmağı tapşırır.

Digər problem isə mətbəə ilə bağlı idi.

O dövrdə Gəncədə bir mətbəə vardı.

O da şriftləri rusca olan quberniya mətbəəsi idi.

Azərbaycanca hürufat tapılmasında müəyyən çətinliklər olduğundan bir qədər gecikmə baş verir, "Azərbaycan" qəzetinin ilk nömrəsi 15 sentyabr 1918-ci ildə quberniya mətbəəsində çap olunur.

Qəzetin Gəncədə bütövlükdə 4 nömrəsi - 12 səhifə həcmində çap olunur.

Şrift problemindən həmin səhifələrin 9-u rus, 3-ü Azərbaycan dilində işıq üzü görür.

 Bununla da "Azərbaycan"ın Gəncə dövrü bitir.

Bakı işğaldan azad olunandan 2 gün sonra - sentyabrın 17-də Azərbaycan hökuməti Bakıya köçür.

Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Nazirlər Şurası "Metropol" mehmanxanasında, "Azərbaycan" qəzetinin redaksiyası isə həmin bina ilə üzbəüz, Kolyubakinski (indiki Nigar Rəfibəyli) küçəsindəki Adamovlara məxsus yaşayış binasında yerləşir.

Hökumət qəzetin maliyyə məsələsini də həll edir.

O dövrdə Bakıda ən yaxşı, müasir mətbəə Orucov qardaşlarına məxsus idi.

Cümhuriyyətçilər bolşeviklər kimi çapqınçılıq etmirlər!

Hətta parlament iclaslarının birində Orucov qardaşlarına mətbəə üçün büdcədən nə qədər pulun ödənilməsi müzakirə olunur.

Mətbəənin pulunu verib hökumət mətbəəsinə çevirirlər.

Beləliklə, "Azərbaycan"ın Bakı dövrü başlayır.

***

Sentyabrın 15-də Qafqaz İslam Ordusu ölkə paytaxtını azad edir.

İki gün sonra Gəncədən Bakıya köçən Azərbaycan hökuməti Nuru Paşanın dəvəti ilə qatarla Gəncədən Bakıya gəlir, paytaxtın qəhrəman əsgərlərimiz tərəfindən azad edilməsi münasibətilə mitinq keçirilir, bu münasibətlə Fətəli xan Xoyski təbrik nitqi söyləyir.

"Azərbaycan" qəzetinin Bakıda çıxan ilk nömrəsi də məhz bu hadisəyə həsr edilmişdi!

Öz fəaliyyəti ilə "Azərbaycan" milli mətbuatımızın tarixində yeni cığır, yeni dövr açdı.

Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabi "Əkinçi" qəzeti ilə Azərbaycan milli mətbuatının və jurnalistikasının əsasını qoydu. "Əkinçi" özünədək olmayan bir sıra məsələləri və mövzuları qəzet səhifəsinə çıxardı. Demokratik fikir və ideyaların, elm və maarifin təbliği, dini xurafata qarşı mübarizə yazıların ana xəttini təşkil edirdi. Lakin digər - "Əkinçi"yədək başqa qəzetlərdə olmayan mövzulardan da geniş bəhs olunurdu. Kənd təsərrüfatına dair bilgilərin təbliğinə, ana dili, poeziya, musiqi və s. məsələlərə müəyyən yer ayrılırdı.

"Əkinçi"dən sonra onun yolunu davam etdirən qəzet və jurnallar mövzu dairələrini daha da genişləndirdilər. Xüsusən 1905-1907-ci illər inqilabından sonra yaranan şərait nəticəsində meydana çıxan mətbu orqanlar məişətdən tutmuş siyasətədək, mədəniyyətdən iqtisadiyyatadək ən müxtəlif mövzularda yazmış, müzakirələr açmış, fikir və mövqelər bildirmişlər. "Kaspi", "İrşad", "Həyat", "Tazə həyat", "Tərəqqi", "Səda", "Açıq söz" qəzetləri, pedaqoji və uşaq jurnalları, daha sonralar müxtəlif partiyalara məxsus nəşrlər mövzu palitrasını daha da zənginləşdirdilər. "Molla Nəsrəddin" jurnalının yaranması ilə Azərbaycanda satiranın və felyeton janrının inkişafına yeni nəfəs gəldi. "Molla Nəsrəddin" ədəbi məktəbi, "mollanəsrəddinçi"lər adlı yeni qələm əhli söz meydanında mövqe qazandı. Bütün bunlar dünyada gedən proseslərin nəticəsi, Azərbaycan ziyalılarının və jurnalistlərinin xalqın inkişafı yolunda gördükləri işlərin real bəhrəsi idi.

Bunlardan sonra yaranmasına baxmayaraq, "Azərbaycan" qəzetlər bolluğunda öz yerini tutmağa, milli mətbuatımıza yeni nəfəs və istiqamət gətirməyə, jurnalistikamızı janr və tematika cəhətdən daha da zənginləşdirməyə nail oldu. Qəzet fərdi maraqlara, partiya mənafeyinə yox, bütövlükdə dövlətə, xalqa xidmət etməyə başladı. 

"Azərbaycan"ın ilk redaktoru Ceyhun bəy Hacıbəyli bu məqamı nəzərdə tutaraq yazırdı: "Azərbaycan" bir firqənin, bir sinfin və ya bir kastanın orqanı deyildi. "Azərbaycan" milli bir orqan idi və feilən rəsmi hökumət heyətinin rəy və mülahizəsini izah edəcəyinə öz yolunu sərbəstcəsinə cızıb, öz qənaətini bəyan edirdi".

Bütün bu dəyişikliklərin əsasında o vaxtadək olmayan hadisələrin baş verməsi, qəzetin qarşısında yeni vəzifələrin dayanması, ona yeni tələblər verilməsi dururdu.

Əvvəla, tarixdə ilk dəfə olaraq Azərbaycan xalqı özünə müstəqil dövlət qurmuş, parlament yaratmış və demokratik inkişaf yolunu tutmuşdu.

İkincisi, "Azərbaycan" heç bir fərdə, siyasi partiyaya, qrupa məxsus olmayan, müstəqil dövlətə və onun maraqlarına xidmət edən yeni tipli qəzet idi.

Ən nəhayət, həmin dövrdə ilk dəfə baş verən hadisələr və proseslər qəzetin mövzu və janr cəhətdən dəyişməsini, yeniləşməsini tələb edirdi.

***

Rəsmi dövlət qəzeti statusu ilə çıxan hər bir orqanın hər sözü dövlətin sözü sayılır. Odur ki, mövqeyi daim təmsil etdiyi dövlətin siyasəti ilə üst-üstə düşməlidir. 

Təbii ki, müstəqil dövlət ilk dəfə qurulduğundan "dövlət mövqeli qəzet" anlayışı da yeni idi.

"Azərbaycan"ın qarşısında duran birnömrəli vəzifə dövlətin gördüyü işləri xalqa çatdırmaq və izah etmək sayılırdı!

"Azərbaycan" bu vəzifənin öhdəsindən uğurla gəldi.

Azərbaycan Məclisi-Məbusanının fəaliyyətinə başlaması da dövr üçün təzə hal sayılırdı. 

Parlamentin işi, müzakirə olunan məsələlər, fikir çarpışmaları, parlament mədəniyyətinin formalaşması, qəbul edilən hüquqi aktlar və onların mahiyyəti - bütün bunlar da yeni mövzular və məsələlər idi. 

Bu mövzuların işıqlandırılmasında qəzetin redaktoru Üzeyir bəy Hacıbəylinin xüsusi xidmətləri olmuşdur. "Azərbaycan"da ayrı-ayrı iclasların stenoqrafik hesabatları ilə yanaşı, Üzeyir bəy tərəfindən peşəkarlıqla hazırlanan "Parlament hesabatları" da müntəzəm surətdə dərc edilirdi. 

Bu gün həmin hesabatları oxumaqla Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin fəaliyyəti barədə geniş bilgilərə malik olmaq mümkündür.

***

Hər bir qəzetin özü üçün müəyyən etdiyi hədəflər, qarşısında qoyduğu vəzifələr, habelə işıqlandırmalı olduğu mövzuların və məsələlərin "sanbal yükü" bir sıra parametrlərə təsir göstərir. 

"Azərbaycan" qəzeti də yaranışından bu günədək qarşısına qoyulan tələblərə cavab verməyə çalışıb və daim buna uyğun yaradıcı kollektivi formalaşıb.

Rəsmi dövlət qəzeti statusu daşıdığından "Azərbaycan"da səsləndirilən hər bir fikir, yanaşma, mövqe hökmən dövlətin siyasəti ilə üst-üstə düşməlidir. "Fikir azadlığı", "fikir plüralizmi", "sərbəst düşüncə" və s. kimi demokratik qayda və prinsiplərə hörmətlə yanaşsa da, "Azərbaycan" üçün iki və ya çoxmövqelilik tamamilə yaddır. 

Dövlətin qəbul etdiyi qərarlar, dövlət başçısının fərmanı, sərəncamı və tapşırıqları "Azərbaycan"da müzakirə edilmir, yalnız təbliğ olunur, oxucuya çatdırılır!

Yeri gəlmişkən, jurnalistikamız üçün "sirr kimi" görünən bir məqama da toxunmaq istərdik. 

"Azərbaycan" qəzetində faktların təqdimi, şərhi, məsələyə yanaşmada xüsusilik, habelə materialların tərtibi, hansı səhifədə, hətta səhifənin harasında yerləşdirilməsi, ardıcıllığı və dizaynı ilə bağlı çox ciddi qayda və prinsiplər mövcuddur. Bunları bir yerə toplayıb sistemə salsan və "ümumi qaydalar" formasında tərtib etsən, heç qəzetin bir nömrəsinə belə sığışmaz! Lakin həmin qayda və prinsiplər heç bir jurnalistika nəzəriyyəsində yazılmayıb, jurnalistikaya dair heç bir dərsliyə düşməyib.

Deməli, bu qayda və prinsiplər heç bir universitetin jurnalistika fakültəsi və şöbələrində tədris edilmir, öyrənilmir. 

Bunların böyük əksəriyyəti Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib, "yazılmamış qanun" səviyyəsinə yüksəlib! 

Ulu Öndər həm də biz jurnalistlərin yaxın dostu idi, mətbuatla daim təmas qururdu. Bütün görüşlərində, nitq, məruzə və çıxışlarında daim mətbuat işçilərini nəzərə alırdı.

***

 Cümhuriyyət dövründə "Azərbaycan" qəzetinin (Azərbaycan və rus dili variantlarının) dörd redaktoru olub. Nömrələr üzrə redaktorlar belə paylaşıb; 6-cı nömrədən "Azərbaycan", 5-ci nömrədən isə rus dilindəki "Azərbaycan"ın redaktorları Ceyhun bəy Hacıbəyli və Şəfi bəy Rüstəmbəyli, 50-ci nömrədə müdir göstərilmir, 51-ci nömrədən 1919-cu ilin 16 yanvarında çıxmış 89-cu nömrəyə qədər müdir və baş mühərrir Ceyhun bəy Hacıbəyli, 89-cu nömrədən 4 iyul 1919-cu il tarixli 216-cı nömrəyə qədər müvəqqəti müdir Üzeyir bəy Hacıbəyli, 4 iyul 216-cı nömrədən 1 sentyabr 265-ci nömrəyə qədər müvəqqəti müdir Xəlil İbrahim, 1 sentyabr 265-ci nömrədən 31 dekabr 1919-cu il tarixli 358-ci nömrəyə və 1 yanvardan 27 aprel 1920-ci il tarixli 85-ci nömrə də daxil olmaqla müdir Üzeyir bəy Hacıbəyli olmuşdur.

"Azərbaycan"ın ana dilində sonuncu nömrəsi 27 aprel 1920-ci ildə, rus dili variantının son nömrəsi isə 28 aprel 1920-ci ildə çıxdı. 

Nahaq qan tökülməsinə, günahsız insanların ölümünə yol verməmək üçün Milli Şura hakimiyyətin könüllü şəkildə XI Qızıl Orduya təhvil verilməsi barədə qərar qəbul etdi. 

Beləliklə, Azərbaycanın dövlət müstəqilliyi süquta uğradı, "Azərbaycan" qəzetinin nəşri dayandırıldı.

***

28 apreldən qapadılan "Azərbaycan" qəzeti arxivlərin ən qaranlıq və əlçatmaz küncünə atıldı, üzərinə "qadağa" qrifi qoyuldu, nəinki xalqdan, hətta alim və tədqiqatçılardan da gizlədildi. 72 il ərzində "Azərbaycan"dan danışmaq, yazmaq, oradakı məqalələri oxumaq qorxulu sayılırdı. Qəzetin 443 nömrəsi elə gizlədilib, təhlükəli elan edilib ki, indi də onun bütün nömrələrini tapmaq mümkün deyil.

Sovet dövründə təkcə qəzetin çapdan çıxmış nömrələri, redaktorları deyil, müəllifləri də təqiblərə, repressiyaya məruz qalmışdır. 

Əlbəttə, onlar təkcə vaxtilə "Azərbaycan"a yazdıqlarına görə cəzalandırılmırdılar. Əslində, həmin insanlar işıqlı zəka sahibləri, xalqımızın qaymaq ziyalıları idilər.

***

Uzun illər qadağa altında qalan "Azərbaycan" bu gün müstəqil dövlətimizin uğur və nailiyyətlərindən, demokratik dövlət quruculuğu, mətbuat və söz azadlığından, jurnalistlərə qayğıdan və xalqın rifahının yüksəldilməsindən, idman və mədəniyyət sahəsindəki könül oxşayan yeniliklərdən məhəbbət və yaradıcılıqla söhbət açır.

"Azərbaycan" qəzeti Ümummilli Lider Heydər Əliyevin şərəfli irsinin geniş oxucu kütləsinə çatdırılmasında fəal rol oynayır. Azərbaycan jurnalistikasının tarixi ənənələrini layiqincə davam etdirən qəzet bu gün respublikada əldə edilən iqtisadi-sosial yüksəlişin, uğurla yürüdülən siyasi və demokratik islahatların təbliğatçısı kimi çıxış edir, ölkədə baş verən ictimai-siyasi prosesləri, hüquqi-dünyəvi dövlət quruculuğunda qazanılan nailiyyətləri, gerçəkləşən beynəlxalq layihələri səhifələrində yüksək peşəkarlıqla, obyektiv işıqlandırır.

***

İkinci dəfə dövlət müstəqilliyi qazanıldıqdan sonra "Azərbaycan"ın əvvəlcə "Həyat" (440 nömrə), daha sonra isə öz adına və dövriyyə sayına sahib çıxmaqla indiyədək 10.000 (onun 443 nömrəsi 1918-1920-ci illər, 9557 nömrəsi 1992-ci ildən bu günədək) nömrəsi işıq üzü görmüşdür.

"Azərbaycan" həm də ən dəqiq, ən doğru, ən etibarlı və ən ədalətli arxivdir!

Birinci dövründə olduğu kimi, ikinci dövr fəaliyyətində də dövlətin gördüyü işlər, baş verən hadisələr, qəbul olunan bütün hüquqi aktlar onun səhifələrində saxlanılmaqdadır.

Bu mənada "Azərbaycan" həm də gələcək nəsillər üçün qiymətli bir salnamədir.

***

44 günlük Zəfər müharibəsi "Azərbaycan" qəzeti və "Azərbaycan"çılar üçün də bir sınaq oldu.

Qəzet nömrələrinin bir qisminin hazırlanması və səhifələnməsi bəzən səhər saat 4-ə, 5-ə və daha çox çəkirdi.

Ancaq bu, kimsəni yormurdu.

Çünki hamı bilirdi ki, hərbi əməliyyatlar barədə ən doğru, ən əhəmiyyətli, ən sevindirici və etibarlı xəbərləri oxucularımıza çatdırırıq.

Bunun özü də böyük bir sevinc və fərəhdir!

Həm 44 gündə baş verənlər "Azərbaycan"ın səhifələrində tarixi salnaməyə çevriləcək, həm də gələcək nəsillərə çatdırılacaqdır!

44 gün ərzində:

* Cəbhə bölgəsində hər gün baş verən hadisə və yeniliklər;

* Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa etdiyi müraciətlər;

* Dövlət başçısının dünyanın hər yerindən gəlmiş müxbir və jurnalistlərə verdiyi müsahibələr;

* Müdafiə Nazirliyinin informasiya və brifinqləri;

* Hərbi əməliyyatlarla bağlı bütün yeniliklər operativ qaydada dərc olunurdu.

İlk dəfə olaraq, həm də məhz müharibə ilə bağlı "Azərbaycan" qəzetinin xüsusi buraxılışları oldu.

Döyüşlərdə qəhrəmanlıqlar göstərərək fərqlənənlərin, dövlət mükafatlarına layiq görülənlərin adlı siyahısı qəzetimizin 30 dekabr 2020-ci il tarixli 40 səhifəlik nömrəsində dərc edildi.

Vətən müharibəsində şəhid olan əsgər və zabitlərimizin tam siyahısı  mətbuat tarixində ilk dəfə olaraq "Azərbaycan" qəzetinin 25 iyun 2021-ci il tarixli 94 səhifəlik xüsusi buraxılışında verildi!

Bütün Azərbaycan xalqı kimi, "Azərbaycan" qəzeti üçün də böyük sevinc və fərəhdir ki, 10.000-ci nömrəsini 30 illik işğala son qoyulduğu, ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyinin təmin olunduğu bir zamanda qeyd edir.

* Bu gün Azərbaycan qalib dövlətdir.

* Bu gün Azərbaycan Cənubi Qafqazda söz sahibidir.

* Bu gün Azərbaycan beynəlxalq transmilli layihələri uğurla reallaşdıran qüdrətli bir dövlətdir!

* Bu gün Azərbaycana dünyada böyük siyasi nüfuzu olan, dünya liderləri arasında sayılıb-seçilən İlham Əliyev kimi siyasət nəhəngi rəhbərlik edir!

"Azərbaycan" bütün bunlar barədə hər bir nömrəsində sevinc və fərəhlə, konkret faktlar əsasında rəngarəng materiallar dərc edir.

Şərəfli tariximizin səhifələrinə çevrilən "Azərbaycan"ın bütün nömrələri vətənə, dövlətə və xalqa xidmətin bir nümunəsidir! 



Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli Məclisin Sədri Sahibə Qafarova seçicilərin növbəti qəbulunu keçirib

08:05
05 Dekabr

Azərbaycanın “yaşıl enerji" gündəliyi

08:00
05 Dekabr

"AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

01:19
05 Dekabr

ABŞ-də nümayiş zamanı qırıcı təyyarə qəzaya uğrayıb  

22:35
04 Dekabr

Qazaxıstanla əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq müzakirə olunub  

22:34
04 Dekabr

Maka Boçorişvili: Vaşinqtonda imzalanmış saziş Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi üçün mühüm təməl daşıdır  

22:30
04 Dekabr

Keniya parlamenti britaniyalı hərbçiləri müxtəlif cinayətlərdə ittiham edir  

22:29
04 Dekabr

“Caviar” bu smartfonları zərgərlik əsərinə çevirir  

22:26
04 Dekabr

Ekstremal hadisələr daha dağıdıcı olacaq  

22:25
04 Dekabr

Cari ilin ən yaxşı “Google Chrome” yeniləmələri elan edilib  

22:24
04 Dekabr

Güzəştli mənzillərin seçimi ilə bağlı kiberhücum cəhdinin qarşısı uğurla alınıb – RƏSMİ AÇIQLAMA  

21:06
04 Dekabr

ABŞ-da bayraqlar yarıya qədər endirilib  

21:05
04 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsində təqsirləndirilən şəxslərin vəkillərinin müdafiə çıxışı yekunlaşıb  

21:03
04 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı

20:57
04 Dekabr

Elçin Şamilli: Süni intellekt rəssamın imkanlarını genişləndirir, amma yaradıcılığın təbiətini əvəz etmir  

20:56
04 Dekabr

QMİ sədri ABŞ Etnik Anlaşma Fondunun prezidenti və təsisçisi ilə görüşüb  

20:54
04 Dekabr

Rəşt-Astara dəmir yolu xətti istismara verilsə, iki qitə arasında nəqliyyat əlaqəsi təmin olunacaq 

20:53
04 Dekabr

Azərbaycan ilə Böyük Britaniya arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub

20:51
04 Dekabr

Rumın ekspert: Rusiyanın hibrid taktikası Qərbi çətin duruma yönəldir  

20:50
04 Dekabr

Ukrayna Baş Kəşfiyyat İdarəsi Krımda Rusiyaya məxsus MiQ-29 qırıcısını məhv edib VİDEO  

20:47
04 Dekabr

Azərbaycan və Şimali Kipr arasında ailə, qadın və uşaq məsələləri üzrə əməkdaşlıq müzakirə olunub  

18:51
04 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!